Dilim-dilim olan ana dilim

24.05.2016, 17:14 MÜƏLLİFLƏR
img

telejurnalist

Bu haqda çox deyilib, çox yazılıb, Azərbaycan dilinə xələl gətirən nöqsanların aradan qaldırılması barədə çox vədlər verilib. Təəssüf , çox təəssüflər olsun ki, bu sahədə elə bir dönüş yaranmır.

Biz ədəbi dilimizi qəzetlərdən, televiziya və radiolardan öyrənirik. Acı həqiqətdir ki, nəinki öyrənirik, əksinə orta və ali məktəblərdə aldığımız biliyi də itiririk.

Dilimizin orfoqrafik və qrammatik qaydaları var. Buna ciddi riayət olunmasına hamı cavabdehdir. Danışıq dilində bəzilərinin yol verdiyi nöqsanlara bir o qədər də irad tutmaq ədalətsiz olardı. Lakin bunu ədəbi dilin keşiyində durmalı olan kütləvi informasiya vasitələrinə bağışlamaq olmaz.

Söhbət özəl televiziya kanallarından gedir. Mətnlərdə və titrlərdə mübtəda-xəbər uzlaşması qaydaları kobud şəkildə pozulur. Halbuki bu qaydalar orta məktəbin 5-ci -6-cı siniflərində öyrədilir. Məgər bunu ali təhsilli jurnalistlər bilmirlər? Dilimizin saflığının qorunmasına xələl gətirən bu mövzunu çox xırdalamaq istəmirik. Mənim monitorinqimdə belə müşahidələr yüzlərlə, minlərlədir. Sadalamaq istəmirəm, ayıbdır. Titrlər savadsızlıq aynasına çevrilib. Əksəriyyət redaktorlar xüsusi və ümumi isimləri ayıra bilmədiklərinə görə böyük-kiçik hərflə yazılışlarda səhvə yol verirlər.

Bəzi ifadələri yersiz işlədən redaktorlardan birinə irad tutdum. Dedim ki, “nümayəndə heyəti” tək haldır. Ona görə də “nümayəndə heyəti məzarın önünə gül qoydular” demək düzgün deyil. Məndən vəzifəcə üstün olan həmkarım :

- Axı, nümayəndə heyətində  bir şəxs olmur, çoxlu adam olur.

- Dəxli yoxdur, istəyirsən lap 35 min adam olsun, - deyə izaha keçdim. – Xalq, camaat, əhali, heyət ... bu qəbildəndir. Əgər mübtəda bu sözlərdən biridirsə xəbər tək halda səslənməlidir.

Daha sonra misal çəkdim ki, ulu öndər Heydər Əliyev nitqlərində “xalq” sözünü işlədirdisə, cümləsi nə qədər uzun, mürəkkəb olsa belə, cümlənin feilini tək halda deyərdi.

Ulu öndər vaxtilə keçirdiyi müşavirələrdən birində  çıxış edən tanınmış bir ziyalıya irad tutdu ki, “hər vaxtınız xeyir!” nə deməkdir. Dilimizdə “sabahınız xeyir”, “axşamınız xeyir” ifadələri var, “hər vaxtınız xeyir” haradan çıxıb?

Bir müddət bu ifadə işlədilmədi.

İndi isə özəl televiziya aparıcıları bu ifadəni geninə-boluna işlədirlər.

Hava haqqında məlumatı səsləndirən aparıcılar “hava şəraiti” ifadəsini hər cümləbaşı səsləndirirlər. “Şərait” sözünə ehtiyac varmı? Dədə-babadan eşitmişik: hava küləkli olar, isti olar, soyuq olar, yağmurlu-yağmursuz olar, deyiblər. “Şəraiti” sözü  haradan çıxıb?

Son zamanlar türkcədən götürülmə “qatılmaq” sözü çox işlədilir. “Akademiklər iclasa qatıldılar” kimi və s. Dilimizdə “qatılmaq” məsdəri var: məsələn “dovğaya göyərti qatıldı”, “quma sement qatıldı” və s. deyimləri kimi. Akademiki, alimi iclasa qatmaq nə deməkdir?

Xəbərlər oxunan verilişlərdə heç yerinə düşməyən ifadələr işlədilir. Sammit, qurultay, iclas ... işinə başladı. “İşinə” nə deməkdir? “İclas başladı” deyəndə anlaşılmır bəyəm? Hətta bəzən ifadəni gücləndirmək məqsədi ilə “öz” sözünü də əlavə edirlər: “qurultay öz işinə başladı”. Sual olunur: qurultay öz işinə başlamayanda kimin işinə başlayır?

Və ya “yerdə qaldı” ifadəsi. Bunu “yıxılmaq” anlamında işlədirlər. Əgər “futbolçu yerdə qaldı” deyiriksə, onda gərək “göydə qaldı” da səsləndirək ...

Mübahisəli ifadələr var. “Milli” sözünü necə gəldi işlədirlər. Müstəqillik dövründə “Milli Elmlər Akademiyası” ifadəsinə çox adam etiraz etsə də, bu ifadə qəbul olundu. Elm elmdir, onun millisi, qeyri-millisi ola bilməz. “Milli onkologiya mərkəzi”. Onkologiya xəstəliyinin millisi də olur? “Onkologiya üzrə milli mərkəz” deyilsə daha anlaşıqlı olar.

Yeri gəlmişkən, deyək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir vaxtlar ciddi monitorinq keçirməyə başladı: restoran və mağazaların, şadlıq saraylarının adlarının fransız, ingilis sözlərindən təmizlənməsi məqsədi ilə. Ortada heç bir nəticə yoxdur. Yabançı adlar baş alıb gedir... Bu barədə  ... sağlıq olsun!

Hətta rəsmi məlumatlarda belə “telefonla zəng etdi” ifadəsi işlədilir. Bəyəm başqa cür də zəng olur? “Zəng etdi” deyəndə aydın olur ki, telefonla zəng olunub, qapı zəngi çalınmayıb.

Bir vaxtlar tanınmış televiziya aparıcılarından birinin dilindən “Belə deyək də... “ ifadəsi düşmürdü. Çoxları bunu yenilik kimi qəbul etsə də, bəzi iradlardan sonra bu ifadə efirdən yığışdırıldı. Bu yaxınlarda efirə müsahibə verən elmlər namizədi hər sətir başı, hətta bir cümlədə bir neçə dəfə “belə deyək də ...” ifadəsini işlətməklə ikrah doğururdu.

Efirlərdə tez-tez “abidənin önünə əklil qoyuldu” əvəzinə “məzarı üstünə” ifadəsi işlədilir. Bu ifadə “məzarı önünə” kimi işlədilməlidir. Abidənin üstünə gül düzməzlər, önünə gül- əklil qoyarlar. Gülü məzarın üstünə qoyarlar.

Nə isə ... belə faktlar çoxdur. Milli Televiziya və Radio Şurası müntəzəm monitorinqlər keçirir. Savadlı, peşəkar adamlar cəlb olunub bu işə. Bəs onlar belə qüsurlara necə dözürlər?

Bu kateqoriyadan olan yazılar