Çörək, yoxsa silah?

25.05.2016, 17:56 MÜƏLLİFLƏR
img

Əməkdar jurnalist

Heç nəyə laqeyd qala bilmirəm. Bu xüsusiyyətin yaxşı və ya pis olduğu barədə açığı heç düşünməmişəm. Amma onu bilirəm ki, ta uşaqlıqdan indiyədək bu xüsusiyyət daxilən rahatlığıma təsir edib. Bu gün də belədir. Elə hisslər, duyğularla əhatə olunmuşam ki, nəinki narahatlıq hətta bəzən mənəvi gərginlik və iztirablarla üz-üzə qalıram. Bilmirəm özümdənmi küsüm, bu cür tərbiyə aldığım üçün valideynlərimimi qınayım, yoxsa Tanrımamı üz tutum? Hər halda bu mənim həyat tərzim və tale yazımdı. Ona görə də heç bir günahkar axtarmadan Tanrıma və onun yazdığı yazıya şükür edib öz həyatımı yaşamaqdan həzz alıram.

Yazı yazan yazısını düz yazar,
Bu yazının düz yazanı tapılsa.
Özgəsinə quyu qazan dərin qazar, gen qazar,
“Quyu qazan özü düşər” həqiqətin anlasa.

Bu qənaətə kim inanar və ya inanmaz özü bilər. Amma mən deyilənlərin həqiqət olduğunu sübut etməyə həmişə hazıram.

Beləliklə, gəlirəm mətləb üstünə. Mətbuat orqanlarımızdan birini səhifələyərkən rast gəldiyim bir yazının başlığı məni özünə cəlb etdi. Açığını deyim ki, həm də çox pərişan oldum. Həcmcə çox da böyük olmayan yazıya belə bir başlıq qoyulmuşdu: “Çörək silah qədər vacibdir”. Açığı bu başlıq mənə o qədər təsir elədi ki, yazının özünü oxumağa hövsələm çatmadı. Başlıq yazının məna və məzmunu barədə təsəvvür yaradırdı. Belə başa düşülürdü ki, bu gün dünyamız üçün silah hər şeydən vacib və gərəklidir. Çörək də silahla bərabər tutulur. Mənə təsir edən də məhz çörəyin silahla eyniləşdirilməsi oldu. Əslində Azərbaycan dilini az da olsa bilənlər yazılan fikirdə silahın daha vacib, birinci hesab edildiyini açıq-aşkar görə bilir. Çörək isə burada ikinci plandadır. “Çörək də silah qədər vacibdir”. Bu məni çox düşündürdü. Niyə bu gün dünyamızda silah hər şeydən öndə dayanır? Daha doğrusu, silah hər şeydən üstün tutulur. Nədən silah bu qədər “qiymətə minib”, müqəddəs nə varsa hamısından önə keçib, daha “müqəddəs” olub? Suallar çoxdur. Amma çox düşünəndən sonra belə bir qənaətə gəldim ki, bu fikir günümüzün reallığını özündə əks etdirən məqamlardan biridir. Çox təəssüf. Çörək insanın sağlamlığı, qidası və yaşaması üçün ən vacib elementlərdən biridir. Silah isə od püskürür, ölüm saçır. Bir sözlə biri yaşadır, o biri isə öldürür, məhv edir. Amma öldürən, ölüm saçan bu gün daha vacib hesab olunur.

Uşaqlıq və yeniyetməlik çağlarımızda eşitdiyimiz sözlərdən biri də bu idi ki, “filankəs çörək qazanmağa gedib”, “filankəs çörək dalınca gedib” və sairə. O vaxtlar doğrudan da elə zənn edirdik, daha doğrusu elə qanırdıq ki, filankəs həqiqətən də haraya gedibsə oradan evinə, ailəsinə çoxlu sayda çörək gətirəcək. Yəni qazanc yalnız çörəklə ölçülürdü. Qazanılan şeyin pul və ya digər nəsə olduğu uşaq ağlımıza qətiyyən gəlmirdi. Ataların səhər tezdən işə getməsini hamımız “çörək dalınca gedib” kimi başa düşürdük. Bir ailənin kişisi bir neçə günlük harasa gedirdisə, ağsaqqal və ağbirçəklər belə deyirdilər: “Filankəs balalarına çörək gətirməyə gedib”. Hətta ailəsi böyük olan insanlar var idi ki, bu ailəni maddi cəhətdən təmin etmək doğrudan da çətin idi. Bu missiya ailənin böyüyünün, yəni kişisinin üzərinə düşürdü. Ailə başçısı isə gecə-gündüz çalışırdı, əziyyət çəkirdi. Təki öz ailəsini dolandırsın. Heç kimə möhtac olmasın. Halal zəhməti ilə öz ailəsini dolandıran insanlar el-oba, cəmiyyət arasında çox yüksək qiymətləndirilirdi, onlara böyük hörmət və ehtiram olunurdu. Belə insanlar haqqında başqa bir deyim səsləndirirdilər: “Filankəs bir tikə çörəyin zəlilidir”. Düzdür, bunu başqa cür də yozmaq olar. Amma əzab-əziyyətlə “bir tikə” çörək qazanan adamlara söylənilən bu fikir qəlb yanğısı ilə, xoş məramla söylənilirdi. Bunun digər bir tərəfi də var. Çörəyə xor baxanlar sonda öz əməllərinin bəhrəsini “yeyiblər”. Ona görə də biz həmişə çörəyə müqəddəs bir şey kimi baxmışıq. Çörəyə and içmək Qurana, peyğəmbərə və Tanrıya and içmək kimi qiymətləndirilib.

“Çörək haqqı” deyib and içən insanın andına inanmamaq bu haqqı tanımamaq kimi bir şey idi. Lakin bir vaxtlar insanın dilindən eşidilən bu anda heç vaxt şübhə ilə yanaşılmazdı. Əgər insan ən ağır vəziyyətdə belə bu andı içsəydi, onun fikirlərinə inamla yanaşılardı. Bu, təbii idi. Çünki bu and onu səsləndirən sahibinə birmənalı olaraq inam yaradırdı. Heç kim inanmazdı ki, kimsə çörəyə yalandan and içə. Ümumiyyətlə, belə fikirləşmək özü günah hesab olunardı.

Bəli çörək müqəddəs nemətdir. Onun müqəddəsliyinə heç kəs şübhə ilə yanaşa bilməz. Ta qədim zamanlardan çörəyə münasibət birmənalı olub. Bütün xalqların çörəklə bağlı özünəməxsus fikirləri və deyimləri var. Hamımızın dilinin əzbəri olan bir kəlamı yada salmaq istəyirəm: “Çörək bol olarsa, basılmaz vətən”. Baxın burada çörək elə təqdim olunur ki, onun bolluğu bütün çətinlikləri aşmağa güc-qüvvə verir. Ölkədə əgər çörək boldursa,  ən güclü düşmən belə həmin ölkənin qarşısında gücsüzdür, acizdir. Deməli çörək doğrudan da müqəddəsdir, güc, qüdrət və həyat mənbəyidir. Ailələr də belədir. Hansı ailə halal çörək sahibidirsə, halal zəhməti müqabilində öz həyatını yaşayırsa, onda xoşbəxtlik özü-öz ayağı ilə həmin ailəyə daxil olur. O ailə ki, halal çörək yeyir onu Tanrı öz “qanadları” altında saxlayır və bütün bəlalardan hifz edir.

Nənə-babalarımızdan həmişə çörəklə bağlı müxtəlif fikirlər, ifadələr eşidərdik. Onlardan eşitdiklərimiz bizdə çörəyə qarşı hörmət, məhəbbət yaradırdı, tərbiyə edirdi. Çörəyin bir tikə qırıntısını belə yerə düşməyə imkan verməzdik. Təsadüfən görsək dərhal onu yerdən qaldıraraq, öpüb gözümüzün üstünə qoyar və yerə düşən çörək qırıntısını ən təmiz və uca bir yerə qoyardıq ki, quşlara yem olsun.

“Çörək Qurandan irəlidir”. Daim nənəmdən eşitdiyim bu sözlər bu gün də qulaqlarımda səslənir. O vaxt bu ifadənin mənasını başa düşməsək də, çörəyin müqəddəs olduğunu anlayırdıq. Başa düşdüyümüz o idi ki, çörək əgər Qurandan irəlidirsə, deməli, hər şeydən öndə durur. Burada bir məntiq də var ki, insan yaranışdan ruzi axtarıb, tapıb və qidalanıb. Bütün kitablar yaranmazdan qabaq Allahın bərəkəti daha vacib olub. Ruzinin özü yaranışda da, indi də müqəddəs hesab olunur. Gələcəkdə də belə olmasını arzu edərdik. Əgər gələcək gələcəksə. Ruzi-bərəkət, çörək insan üçün daha önəmli olacaqsa, insan naz-nemət üçün silahın deyil, ağlın gücündən istifadə edəcəksə gələcəyin gəlməsi labüddür və o, qapımızı özü-öz əliylə açıb xoşbəxtliyi paylayacaq. Yox əgər var-dövlətimizi, sərvətimizi artırmaq, iddialarımızı həyata keçirmək üçün silaha əl atacağıqsa, onda güman edirəm ki, gələcək bizdən üz döndərə bilər.

Çörək öz müqəddəsliyi ilə bütün nemətlərin başında durur. İnsanları bir-birinə çörək qədər bağlayan ikinci  tel yoxdur. Nə vaxtsa çörək kəsən insanlar uzun illər keçsə də onu unutmur. Biri digərinin qapısına canına belə getsə digəri əsirgəməz. Biz belə görmüşük. Çörək bütün davaların, mübahisələrin, qan-qadaların qarşısını alıb. “Mən filankəslə çörək kəsmişəm, ona xəyanət edə bilmərəm”. Çörəyin gücü-qüdrəti budur. Birinin evinə qonaq gedəndə dost da olsa, düşmən də olsa duz-çörəklə qarşılayarlar. Ortalığa çörək gəldisə, deməli orada dostluq mühitindən özgə nəsə düşünməyə dəyməz. Bu hətta dünyanın bir çox ölkələrində artıq ənənəyə çevrilib. Hətta dövlət səviyyəsində qarşılanan qonaqlara həmin ölkənin torpağına ayaq basan kimi duz-çörək təqdim olunur. Bu çörək insanlarla bərabər dövlətləri də yaxınlaşdırır, doğmalaşdırır. Bir-birinə qarşı olan umu-küsüləri, iddiaları aradan qaldırır. Yaxınlıq, doğmalıq isə gələcəkdə müharibələrin qarşısını alır. Əslində belə olmalıdır. Amma təəssüf ki çox vaxt belə olmur. Bəli, çox təəssüf.  Ona görə bu gün silah çörəkdən daha vacib olub.

Bəlkə silahla çörəyimizi qoruyuruq. Yox, qətiyyən bu fikirlə razılaşmaq olmaz. Çünki halal çörək Tanrı payıdır. Tanrının verdiyini isə onun özündən başqa heç kim ala bilməz. Onda bəlkə silah özgəsinin çörəyini əlindən alıb ona sahib çıxmaq üçün vacibdir. Bu, düzgün və halal yol deyil. Bu, haram buyrulur. Bu, qan-qadaya, dağıntıya, ölümə-itimə səbəb olur. Bu dəhşətdir. Buna yol vermək olmaz. Özgəsinin haqqına göz dikməzlər. Özgəsinin bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin ömrü az olar. Bir də ki, qan üstündə qurulan səltənət gec-tez dağılmağa məhkumdur. Bu, tarixdə çox sübut olunub. Bir tikə halal çörək milyonlarla haram tikələrdən daha bərəkətlidir. Bəzən insan üzləşdiyi faciə və fəsadlardan sağ-salamat qurtaranda belə deyirlər: “Nə vaxtsa verdiyin halal tikən ovsanaya düşüb”. Çörək qurmaq, yaratmaq və yaşamaq üçün güc mənbəyidir. Müqəddəsdir, and yeridir. Silah isə yandıran, dağıdan, öldürəndir. Gəlin yaşadanı yaşadaq. Gəlin qoymayaq ki, silah meydanlarda “at oynadıb” dünyamızı qana boyasın. Gəlin silahla ümidləri, arzuları, istəkləri yarıda kəsməyək. Gəlin çörək kəsək. Halal çörək kəsək. Arzular gül açsın. Dünyamıza silah gərək olmasın. Dünyamız barlı-bərəkətli, çörəkli olsun.

Bu kateqoriyadan olan yazılar