Modern.az

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məktəblərin sanitar vəziyyətini yoxlamağa hazırlaşır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məktəblərin sanitar vəziyyətini yoxlamağa hazırlaşır

14 Sentyabr 2009, 11:25

Sabahdan yeni tədris ili başlayır. Həmişə olduğu kimi  valideynləri təkcə orta məktəbə yollayacağı övladlarına geyim, dərs ləvazimatları almaq məsələsi qayğılandırmır, onlar orta məktəblərdəki sanitar vəziyyətlə də bağlı narahatdırlar. Axı heç də bütün məktəblərdə sanitar vəziyyət qənaətbəxş deyil. 

Yada salaq ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) ötən tədris ilində ümumtəhsil məktəblərində sanitar vəziyyətə dair bir neçə dəfə apardığı yoxlamaların nəticələri ürəkaçan olmamışdı. Məktəb bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyətinin aşağı olması, fasiləsiz axar su təminatının yoxluğu, təhsil ocaqlarındakı sanitar qovşaqların (ayaqyollarının) yaxşı işləməməsi RGEM-in aşkarladığı nöqsanlar sırasında idi. Ötən dərs ili müddətində respublikadakı bir sıra orta məktəblərdə qida zəhərlənmələrinin baş verməsini də yaddan çıxarmamalıyıq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakıdakı orta məktəblərdə apardığı yoxlamalar zamanı aşkarlanan digər yolverilməz hal sinif otaqları və dəhlizlərin döşəmələrinin neftlə slinməsi olmuşdu. Mütəxəssislərinin sözlərinə görə, məktəblərdə döşəmələrin neftlə silinməsi şagirdlərdə allergik xəstəliklərin baş qaldırmasına şərait yaratdığından belə hala yol vermək olmaz. Mövcud tələblərə görə, hər bir məktəbin direktoru ərazidə fəaliyyət göstərən dezinfeksiya şöbələri ilə müqavilə bağlamalı və vaxtaşarı təhsil müəssisələrindəki otaqların, kabinetlərin döşəmələri, qapıların cəftələri, pilləkənlər, onların məhəccərləri dezinfeksiya edilməlidir. Ötən dərs ili müddətində aparılan yoxlamalar məktəb rəhbərlərinin bu məsələyə biganə yanaşdığını üzə çıxarmışdı.

Bəs bu il necə, sabahdan ümumtəhsil müəssisələrinin qapısını açacaq şagirdlər ötən ilki problemlərlə yenidən qarşılaşmayacaqlar ki?

Modern.az bu və digər suallara cavab tapmaq üçün Respublika Gigiyena və Epidemologiya Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov saytımıza bildirib ki, onlar orta məktəb və uşaq bağçalarının sanitar vəziyyətilə bağlı yoxlamalara hələ başlamayıblar. Z.Kazımov deyib ki, məktəb və bağçalarda sanitar vəziyyətə dair yoxlamalara sentyabrın 15-dən sonra start verəcəklər: “Bu, bizim mərkəzin illik planlaşdırmasında da nəzərdə tutulub. Hər il orta məktəb və bağçalarda sanitar-gigiyenik vəziyyətə dair yoxlamalar aparırıq. Yay tətili ilə əlaqədar olaraq biz hələ işə başlamamışıq. Dərslər açılandan sonra yoxlamalar da başlayacaq”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu dəfəki yoxlamalar zamanı da təkcə sinif otaqları, sanitar qovşaqların vəziyyətini araşdırmayacaq, bufetlərdə təklif olunan qida məhsullarının keyfiyyətini də yoxlayacaq.

 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi