Birlikdə yol getmək üçün qaydalara əməl etməliyik!

11.09.2017, 15:38 MÜƏLLİFLƏR
img

Mansur Piriyev


Son illərdə ictimai nəqliyyatda sərnişin-sürücü və ya sərnişinlərin bir-biri ilə yaşadıqları insidentlər diqət çəkir. Bu cür xoşagəlməz hadisələr zamanı “qəhraman”lar tərəfindən nümayiş olunan qəzəb, aqressiya o qədər pik həddə çatır ki, nəinki həmin şəxs öz həyatını hətta ətrafafdakı insanların, sərnişinlərin də  həyatını təhlükə altına atmaqdan çəkinmir. Məsələnin narahatedici digər tərəfi isə bəzi insanlar tərəfindən bu cür hadisələrə göstərilən münasibətlə bağlıdır. Təəssüf ki, həmin münaqişələrlə bağlı videogörüntülər ictimailəşəşdikdən sonra hadisələrə bəzi vətəndaşların  münasibətlərinin birmənalı olmadığını müşahidə edirik. Yəni açıq-aydın şəkildə qaydaları pozan, vəzifə başında olan və sərnişinlərin həyatı üçün məsuliyyət daşıyan sürücünün təhqir olunmasına və ya fiziki zorakılq hərəkətlərinə məruz qalmasına adi hal kimi yanaşan, hətta qaydaları pozan şəxsi haqlı çıxarmağa çalışan insanlara da rast gəlmək olur. Bunu sosial şəbəkələrdə paylaşılan həmin videogörüntülərin altındakı şərhlərdən də görmək olur.

Nədir qaydalara zidd və ictimai marağa zərbə vuran bu cür münasibətlərin səbəbi?

İlk növbədə nəzərə almalıyıq ki, son illər dünyada insanlar arasında stress və onun nəticəsi olaraq aqressivlik halların artması beynəlxalq səviyyədə ictimai münasibətlərin idarə olunması sahəsində  ciddi problem kimi qarşıya çıxmaqdadır. Eyni zamanda  insanlar arasında  bir-birinə qarşı nifrət, qəzəb hisslərinin artması ictimai münasibətlərin idarə olunmasında ciddi fəsadlar törətməkdədir. Ancaq  konkret olaraq biz gündəlik həyatımızda, küçədə, ictimai nəqliyyatda ümumiyyətlə ictimai yerlərdə baş vermiş insidentləri araşdırsaq görərik ki, baş verən münaqişələrin içərisində xüsusi bir hissə var ki, burada problemin kökündə insanların ictimai marağı nəzərə almaması və qəbul olunmuş qaydalara əməl etməmələri ilə bağlıdır.

Nədir ictimai maraq?

Ən sadə dildə desək, fərd üçün ictimai maraq -  birgə yaşamağı təmin etmək üçün hər kəsin mənafeyinə uyğun ortaya qoyulan münasibətdir.

Yəni ictimai formada tələb olunan qaydalar, münasibətlər  fərdi və ya ictimai vəhdətin prinsiplərinə əsaslanır. Çünki  insan cəmiyyətinin mövcudluğu üçün bu prinsiplər zəruri əhəmiyyətə malikdir. İctimai marağa xidmət edən normalar, ümumi qaydalar  olmasaydı heç bir cəmiyyət formalaşa və inkişaf edə bilməzdi. Bu qaydalar insanların birgə yaşaması üçün bir-birinin koməyinə, yardımına olan ehtiyacı üzündən qurulmuşdur.

Bəzən biz, “Qaydalar insanların azadlığını pozur” və ya  “ Qaydalar normal yaşamağa maneə yaradır” “Bütün qaydalar kooparativ maraqlara xidmət edir” kimi fikirlərlə də rastlaşırıq. Elə ictimai yerlərdə məsul şəxslərə etiraz edərək nümayişkara formada qaydaları pozan şəxslərin də bu fikirdə olduqlarını görürük. Hətta küçədə avtoxüliqanlıq edən, yol hərəkəti qaydalarını pozmaqla onlarla insanın həyatını təhlükəyə atan avtoxuliqanları alqışlayanları, onlara pərəstiş edənləri də görürük.

Əlbəttə insanların ictimai yerlərdə, ictimai nəqliyyatda özlərini aparmaları həm də onların dünyagörüşü ilə bağlıdır. Eyni zamanda hər bir insanın cəmiyyətdəki davranışını, özünü necə göstərməsini, təqdim etməsini şəxsin subyektiv reallığı kimi də başa düşmək olar. Bəzən insanların yaratmış olduqları subyektiv rallıqları onların həyat tərzində və davranışlarında  müxtəlif formalarda onun özü üçün obyektiv reallığa, yaxud gerçəkliyə çevrilir.

Ancaq bu, heç də o demək deyil ki, insanlar üçün hansısa ümumi, hamı üçün eyni olan normalar, prinsiplər, qaydalar, qanunauyğunluqlar yoxdur. Yuxarıda qeyd etdiyim kimi, ictimai maraq -  birgə yaşamaq üçün zəruri olan  münasibətlər üzərində qurulur və gələcək üçün hər bir fərdin maraqlarına hesablanır.
 

İctimai nəqliyyatda baş verən xoşagəlməz hadisələrin əsas hissəsinin fərdi maraqlar uğrunda baş verməsi isə məsələni başqa bir acınacaqlı və narahatedici tərəfidir. Bunu, adndan da göründüyü kimi İctimai nəqliyyata illərdən bəri fərdi maraqlar prizmasından baxmağa öyrənmiş kiçik bir zümrənin, aparılan islahatlara, dəyişiliklərə ayaq uydura bilməməsi və ya yeni standartlara qarşı son mübarizələri kimi də başa düşmək olar. Çünki bu sahədə inkişafın qarşıya məqsəd kimimi qoyulması və yeni qaydaların tətbiqi fərdi maraqlara yox ictimai maraqlara söykənir. Təbii ki, effektiv nəticə üçün tələb olunan vaxtı bu xidmət sahəsinin tərəflərinin ortaya qoyduğu münasibətlər müəyyən edəcək.

Hesab edirəm ki, nəinki ictimai nəqliyyat sahəsində ümumiyyətlə cəmiyyətimizin bütün sahələrində ictimai marağa hörmət etməyən, hamı üçün tələb olunan qaydalara fərdi maraqlar konteksindən yanaşan “fərd”lərə qarşı ictimai tənbeh və münasibət formalaşdırılmağın vaxtı çoxdan çatıb.
 

Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin mədəni səviyyəsi həm də onun öz problemlərinə olan münasibəti ilə ölçülür. Odur ki, ictimai maraq üçün tələb olunan münasibəti göstərməkdən çəkinməməliyik.

Bu kateqoriyadan olan yazılar