Zimbala Tacbala

29.10.2018, 12:01 MÜƏLLİFLƏR
img

Mülatif Adurov,
telejurnalist


Əsil adı Tacəddin idi. Qonşuluqda hamı onu “Tacbala” adı ilə çağırırdı. Məhəllə cavanları ilə həyətdə nərd-domino, loto oynayardı.


Günlərin birində eşitdik ki, Tacbala ali təhsil alıb, tibb işçisi olub. Təcili yardım stansiyasında (o vaxtlar belə adlanırdı) feldşer işləyir, çağırışa gedən həkimlərin çemodanını daşıyır.


Bu da uzun sürmədi. Xəbər gəldi ki, Tacbalanı tibbi yardım stansiyasına müdir qoyublar. Buna inanmadıq. Sən demə, doğru imiş. Bir neçə gün pay-piyada işə gedib-gələn Tacbala tezliklə köhnə bir “Zim” təcili yardım maşınında oturdu. Onun vəzifəsinə xidməti maşın düşmürdü. Həmin maşını öz hesabına təmir etdirmişdi, cibindən maaş verib özünə sürücü də tutmuşdu. Belə təsəvvür yaratmışdı ki, stansiya rəisidir, xidməti maşını və sürücüsü var...


Beləcə, hər gün səhər saat doqquzun yarısında “Zim” gəlib qapıda dayanırdı, Tacbala arvad-uşağı ilə balkonda dayanıb maşınına baxardı. Haradasa saat 10-11 radələrində düşüb “Zimə” minərdi.


Axşamlar evə qayıdanda  da “Zim” həyətdə dayanar-dayanmaz yaşlı sürücü (bəlkə də atası yaşında) maşından düşüb sağ tərəfdən arxa qapını açar, “xozeyninin” qolundan tutaraq düşürərdi. Tacbala səkinin üstündə xeyli dayanıb binaya baxardı – görsün onu görən var ya yox. Bəzən isə yalandan kiməsə əl eləyib salam verərdi. Nərd-domino dostları ilə heç salamlaşmazdı. Tacbala bloka girəndən sonra sürücüsü onun əl boyda dəri qovluğunu, hərdən bir isə kağız torbada təndir çörəyini 3-cü mərtəbəyə qaldırardı.


Tacbalanın (daha onu Tacbala yox Zimbala deyə çağırardılar) bu ədası məhəllə cavanlarını (məni də) hiddətə gətirmişdi.


Amma mən bunun bədəlini çıxdım.


Evə gəlib təzəcə şam yeməyinə başlamışdım ki, Zimbalagildən qışqırıq qalxdı. Tez aşağı mərtəbəyə düşdüm. Qızları qabağıma qaçıb “Atamız anamızı aynabənddən yerə atmaq istəyir” dedilər.

Mənə də bu məqam lazım idi. Fürsəti əldən verməyib dalaşan ər-arvadı aralamaq bəhanəsi ilə Zimbalanın üstünə düşdüm. Nə yemisən, turşulu aş – yumruğa keçdim, çənəsinə, qarnına yumruqlar döşədim, Zimbalanın əl-üzü qana bulaşdı. O birdən ayıldı.

-        Neyləyirsən, məni niyə döyürsən?

Mən də səhvimi başa düşüb: - Zimbala, ayıbdır, qonşular baxır, özünü yığışdır, arvadını atıb öldürsən həyat yoldaşın olmayacaq.

-        Arvad qəhət deyil.

-        Səni həbsxanaya salacaqlar.

-        Mənə heç kim heç nə edə bilməz, müdir adamam. 

-        Qızların qalacaq yetim.

-        Qızlarım öz başlarını dolandıracaqlar.

Dərhal başqa taktikaya keçdim:

-        Şan-şöhrət, vəzifə sahibisən, işdən qovacaqlar ...

Axırıncı cümlə onu yamanca tutdu. “İşdən qovacaqlar” sözlərinə, elə bil, ayıldı. Əlimi sıxıb mənzilə keçdi.

Mənzillərindən sakitlik duyulsa da qulağım səsdə idi – yenə mərəkə qopacaq. Ancaq bunlar olmadı. Ər-arvad da, qızları da “Biz mehriban ailəyik” mahnısını oxuyurdular. Qapı-pəncərəni də açıq qoymuşdular ki, qonşular eşitsinlər.

Bəli, vəzifə qudurğanlığının fəsadlarını vəzifə hərisliyi tərgitdirir ...

Bu kateqoriyadan olan yazılar