Ceyran Nəriman... vəfat edib

06.01.2019, 01:48 MÜƏLLİFLƏR
img

Firuz Mustafa

Çox zarafatcıl, nikbin, deyən-gülən bir xanım idi. Doğrusu, onunla bağlı mediada və sosial şəbəkələrdə oxuduğum ilk qeydlərdə bütün bu deyilənlərin nəsə bir qara zarafat olduğunu düşünürdüm. Amma deyəsən, yanılmışam. Ceyran Nəriman dünyasını dəyişib.

Vaxtilə mədəniyyətimizin təbliği ilə məşğul olan qəzetdə çalışarkən, iş otağımın qapısını döyüb hürkək bir təbəssüm və bir qədər də ərklə əlindəki yazını stolumun üstünə qoyub “müəllim, zəhmət olmasa mənim bu yazım barədə bir fikir söyləyin”- deyən o zərif qızı bir daha xatırladım. Əyləşməyini işarə edib elə həmin dəqiqə yazını nəzərdən keçirdim. Kiçik, amma mənalı-məzmunlu yazı idi. Bir-iki qeydimi söylədim. Hiss olunurdu ki, sənət aləminə, teatra, kinoya yaxından bələddir. Bundan sonra qəzetimizlə yaxından əməkdaşlıq etməyə başladı. 
Tezliklə öz maraqlı yazıları və xoş rəftarı ilə kollektivin sevimlisinə çevrildi Ceyran.

Sən demə, qarşıda onun bir sürprizi də varmış. Günlərin bir günü istedadlı rejissor Kəmalə Məcidovanın mənim pyesim əsasında hazırladığı “Ağıllı adam” tamaşasında baş rollardan birinin ifaçısı kimi Ceyranı gördüm və sözün yaxşı mənasında heyrətləndim. O, həm də gözəl bir aktrisa imiş. 


Hətta günlərin bir günü öz yaxın rəfiqələrinin birinin toyunda mən onu məclisin mahir aparıcısı kimi gördüm və yenə heyrətləndim. Onu da xatırlayıram ki, Ceyran o toyda yeni ailə quranlara xeyir-dua vermək üçün qəfildən mikrofonu mənə təqdim etdi. Dediyim kimi, o, çox zarafatcıl idi. 

Daha sonra, onun şaqraq səsi müxtəlif televiziya kanllarından gəlməyə başladı...

Ötən ilin yazında “Filarmonoya bağı”nda gəzişirdim. Kiminsə arxadan boynumu qucaqladığını duyub bir qədər pərt oldum. Axı mən heç kimlə bu “tərzdə” görüşmürəm. Zərif qız səsi eşitdim: “Salam, müəllim”. Geri döndüm. Ceyran idi. O, bəlkə də mənim bir qədər tutulduğumu hiss edib dedi: “Müəllim, mən sizi öz valideynlərim, öz doğmalarım kimi sevirəm. Mən yenə sizin əsərinizdə oynamaq istəyirəm”. Bir qədər söhbət etdik.

Ötən ilin o çiçəkli, təravətli yazında Ceyranın şaqraq səsində bir həyat eşqi çağlayırdı... 

Amma...

Amma sən demə qara əcəl o məsum Ceyranı nişan alıbmış...

 

Bu kateqoriyadan olan yazılar