Arzusuz uşaqlar...

11.01.2019, 15:18 MÜƏLLİFLƏR
img

Firuz Mustafa

Uşaq ağlayıb atasından oyuncaq maşın istəyir. Ata uşağın əlindən tutub öz şəxsi maşın salonundakı avtoları göstərib deyir ki, bu maşınların hamısı sənindir.
Uşaq oyuncaq qayıq istəyir. Ata bağ evinin qarşısındakı bütün ərazini hasara alıb-dənizin bir hissəsi də həmin hasarın içindədir. O “dənizdə” bir neçə qayıq, yaxta, hətta gəmi var. İmkanlı ata deyir ki, bax bu gəmi də, bu qayıqlar da, bu yaxta da sənindir.

Uşaq təyyarəyə minmək istəyir. Ata deyir ki, bax o təyyarə pilot qarışıq sənindir.

Uşaq kinoya baxmaq istəyir. İmkanlı ata məşhur kino və teatr aktyorlarını yığıb oğluna təqdim edir. Deyir ki, bu aktyorlar sənin qulluğunda hazırdır.

Uşaq zooparka getmək istəyir. Ata uşağa öz şəxsi heyvanxanasını göstərib deyir ki, bu heyvanların hamısı sənindir...

Xülasə, uşaq nə arzulayırsa, ata onun arzularını virtual yox, vizual qaydada yerinə yetirir.

Uşağın bu dünyada heç bir arzusu qalmır.

Uşaq heç nə istəmir.

Əslində uşağın bütün arzuları ata tərəfindən məhv edilir.

Arzusuz uşaq böyüyür.

Bundan böyük nə faciə?

Amma bu uşağın yaşıdı olan başqa bir uşaqsa başqa bir ailədə böyüyür. Həmin uşaq da atasından xahiş edir ki, ona oyuncaq maşın, oyuncaq qayıq alsın, onu kinoya, zooparka aparsın. Bu pulsuz, kasıb ata övladın arzusunu yerinə yetirə bilmir. 

Bundan böyük nə faciə ola bilər?

P.S. Mən vaxtilə bir hekayə yazmışdım. Adı da elə bu cür idi: “Arzusuz uşaqlar”. Həmin hekayə kompüterim “yanarkən” sıradan çıxdı. Amma məzmunu indi yazdığım kimi idi.
Doğrudan da indi bizdə arzusu məhv edilən uşaqların sayı –hesabı yoxdur. Özü də hərəsi bir cür.
Hekayənin qəhrəmanı olan hər iki uşağın valideyni oyuncaq almır. Daha doğrusu, birinin bunu almağa imkanı yoxdur, digərininsə həvəsi. 
Sonucda hər iki uşaq arzusuz böyüyür... Biri elə, biri də belə arzusuz...

 

Bu kateqoriyadan olan yazılar