Modern.az

Zeynal  Nağdəliyevdən referendum AÇIQLAMASI: “Təxribatlar ola bilər”

Zeynal  Nağdəliyevdən referendum AÇIQLAMASI: “Təxribatlar ola bilər”

18 Avqust 2016, 12:02

“Heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, referendumlara irad tuta bilmir”

“10 il əvvəl ilə müqayisə edilsə, Azərbaycanda seçki proseslərinin təşkili çox yüksək, müqayisə edilməyəcək səviyyədədir. Çünki çox yüksək səviyyədə dairə seçki komissiyalarının sədrləri, məntəqə seçki komissiyalarının sədrləri yetişib. Heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, referendumlara irad tuta bilmir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən  Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev söyləyib.

 

Z. Nağdəliyev deyib ki, qarşıdan gələn referendum da yüksək səviyyədə keçiriləcək: “Seçki Məcəlləsinin heç müddəası pozulmamalıdır. Heç bir seçki məntəqəsində belə hala yol verilməməlidir. Maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq”.

 

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, seçkilərdə partiyalar, namizədlər tərəfindən namizədlərin təbliğatları aparılırsa, referendumda hər bir seçici Konstitusiyaya dəyişikliyin mahiyyəti barədə məlumatlandırılmalıdır: “Azərbaycanda sabitlik, prezident İlham Əliyevin yüksək nüfuzu var. Belə ab-havaya söykənərək Konstitusiyaya dəyişiklik təklif edilib. Hər birimizin borcu odur ki, fəaliyyətimizlə bu ab-havaya kömək edək, xələl yetirməyək. Prezident hər birimizə tapşırıb ki, seçkilər qanunun hər bir müddəasına riayət edilməklə, keçirilməlidir. Əsas məsələlərdən biri də seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə hər şey yüksək səviyyədədir. Bu gün artıq seçicilər üçün daha yaxşı şəraitin yaradılması, səsvermə otaqlarının daha da genişləndirilməsinə diqqət yetirməliyik ”.

 

Z. Nağdəliyev qeyd edib ki, seçici siyahılarının son günə qədər dəqiqləşdirilməsi prosesi gedəcək: “Hazırda qarşımızda dayanın məsələlərdən biri odur ki, sentyabrın 3-dən başlayacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyən edək. Artıq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyən edilib, onlar mətbuatda dərc ediləcək. Şəffaflıqla əlaqədar seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb, seçki məntəqələrinin 20 faizi veb-kameralarla təmin edilib. İnternet üzərindən veb-kameralarla seçki prosesini izləmək, hətta səslərin sayılmasına baxmaq olar. Veb-kameralar bütün şübhələri ortadan qaldırdı. Gürcüstanda cəmi 25 veb-kamera quraşdırılmışdı. Hətta əvvəllər 500 veb-kamera quraşdırdığımız üçün bizə irad tuturdular ki, niyə veb-kameralar quraşdırmısınız. Bizə irad o idi ki, veb-kameralar seçicilərə təzyiq yaradır. Ancaq biz seçkilərin şəffaflığı üçün bu addımı atdıq, veb-kameraların sayını 1000 ədədə çatdırdıq”.

 

PA rəhbərinin müavini vurğulayıb ki, səslərin sayılması prosesi daha qısa vaxtda, tez, sürətli təşkil edilməlidir: “Bu sahədə təkmilləşmə üçün veb-kameralardakı görüntülərin təşkili vacibdir. Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda daha çevik idarəetmənin təmin edilməsi üçün təşəbbüslər irəli sürülüb. Artıq seçici nə baş verdiyini görür, oxuyur, müqayisəli təhlil də var. Əsas odur ki, seçicinin hüquqlarının həyata keçirilməsində hər hansı maneə olmasın. Bizim işimiz təşkil etməkdir. Əminəm ki, bu referendum əvvəlkilərdən daha yüksək səviyyədə keçiriləcək”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir