Modern.az

Məzahir Süleymanzadə ilə FOTOSÖHBƏT

Məzahir Süleymanzadə ilə FOTOSÖHBƏT

Fotosöhbət

13 Dekabr 2016, 14:14

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İdman" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.


Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - "Səhər"in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", "Araz" və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.


Hazırda Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi fəaliyyətini davam etdirir.

Bu, mənəm - balaca Məzahir. Anam Umleyla Nəcəfqulu qızının qucağında özümü çox rahat hiss edirəm. (Bakı, 1953).

Çəmənlikdə qolu üstə dirsəklənib uzanan balaca Məzahirin uşaqlığı bax, Şamaxıdakı bu həyətdə keçib. (Şamaxı, 1957).

Anamın samovarı həmişə qaynar olardı, çay içə-içə qəzet oxuyardım. Yeri gəlmişkən, anam yazıb-oxumağı mənə hələ 3 yaşım olanda öyrətmişdi... (Şamaxı, 1968).

Hələ orta məktəbdə oxuyarkən, demək olar ki, hər gün ölkə və respublika qəzetlərində imzam görünərdi. (Şamaxı, 1969).

M.Ə.Sabir adına Mərkəzi Rayon Kitabxanasında buraxılan "Şəlalə" adlı gündəlik (!) divar qəzetinin redaktoru idim. (Şamaxı, 1970).

Əsgərlik illərimi də hərbi müxbir kimi keçirdim. Üstəlik, Tbilisidəki Ali Jurnalistika Məktəbini də bitirdim. (İrəvan, 1972)

Qəzet vitrinində öz məqaləni oxumağın da ayrı ləzzəti var idi...(Bakı, 1974).

Unudulmaz müəllimlərim Nəriman Zeynalov, Əliş Nəbili, tələbə yoldaşlarım Gövhər Rzayeva, Ağalar Mirzə və mən. (Bakı, 1974).

Tale məni ağır sınaqlara çəkdi. Tez tapdığım məhəbbətimi tez də itirdim...(Bakı, 1980)

 

Ailəm. Gülnarə xanım həkimdir. Samir isə İtaliyada ali təhsil aldı. (Bakı,1985)

Növbəti mükafatın sevinci. (Bakı, 1987).

Mən, Şahmar Əkbərzadə və Fikrət Qoca. (Bakı, 1988).

Unudulmaz Cəmil Əlibəyovla. (Bakı, 1989).

 

Dünya şöhrətli rəssam Tahir Salahov və mən.(Bakı, 1990).

20 Yanvar qırğını məni həm jurnalist, həm də vətəndaş kimi sınaqdan çıxardı.(25 yanvar,1990).

Ömrümün ən unudulmaz anlarından biri. Ümummili liderimiz Heydər Əliyevlə Naxçıvanda, lampa işığında dörd saatlıq söhbət. (Naxçıvan, oktyabr, 1992).

Süleyman Dəmirəllə unudulmaz görüş. Bəxtiyar Qaraca, Əmir Mustafayev və mən. (Türkiyə, Ankara, 1993).

Tofiq Rüstəmov, Hacı Hacıyev, Hidayət Elvüsal və mən unudulmaz Osman Mirzəyevin anım mərasimində.(Bakı, 1993).

Unudulmaz Əzizə Cəfərzadə, Hidayət Elvüsal (solda), cənublu qonağımız Əlirza Miyanalı və mən.(Bakı, 1993).

 

Ümummilli lider Heydər Əliyev əlimi sıxıb dedi: "Sağ olun, siz xalqımız üçün ağır günlərdə əsl jurnalistika qəhrəmanlığı göstərmisiniz!" (Bakı, Respublika sarayı, 19 yanvar, 2000).

Mən tələbələrimi unutmuram, onlar da məni. Müəllim üçün bundan böyük fərəh ola bilməz. (Bakı, 2002).

Jurnalist taleyimdən narazı deyiləm, çox ölkələr gəzmiş, çox ellər dolaşmışam. (Trinidad və Tobaqo. Port of Speyn. 2005).

Həyatım, fəaliyyətim həm də futbolla bağlı olub. AFFA-da, "Neftçi"də işləmişəm, milli komandamızın qələbəsinə sevinib, məğlubiyyətinə üzülmüşəm. (İngiltərə, Nyukasl. 2005).

Əsgər atası olmaq qəlbimdə xüsusi duyğular yaratmışdı. Samirin andiçmə mərasiminə əmisi, Qarabağ müharibəsi veteranı Mahir Süleymanov da gəlmişdi. (2006).

Mən, Əməkdar jurnalist Yusif Kərimov və Azərbaycan Pespublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, pofessor Əli Həsənov. (Bakı, 2014).

Tələbə yoldaşlarımla hər görüş unudulmaz xatirəyə çevrilir. (Bakı, 2015).

 Türk dünyasının böyük oğlu şair Oljas Süleymenovla. (Bakı, 2016).

Gözlərimin işığı, ömrümün yaraşığı nəvələrim Məryəm və Mədinə ilə. (Şamaxı, 2016).

Bu yaşa gəlib çatsam da Ustad dərsinə həmişə ehtiyac duyuram. (Bakı, 2016).

İndi həm yaradıcılıqla məşğul olur, həm də Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi veteran mətbuat işçilərinə baş çəkirəm. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəhbərliyi ilə 20-dən artıq jurnalist ailəsinin qapısını döymüş, onları sevindirmişik. (Bakı, 2016).

 

Gənclik dostum Musa Yaqub və tələbə yoldaşım Baba Vəziroğlu ilə. (Bakı, 2016).

 

Düz 55 il əvvəl mənə "Ana", "Azərbaycan" yazmağı öyrətmiş ilk müəllimim Ceyran Poladova ilə görüş qəlbimdə unudulmaz təəssürat yaratdı. (Şamaxı, 2016).

Həmkarlarım Yusif Kərimov və Aida Eyvazlı ilə. (Bakı, 2016).

 

 

Pərvin Arzuqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi