Modern.az

Ermənistanın məhvi Naxçıvandan başlaya bilər - düşmən TƏLAŞDA

Ermənistanın məhvi Naxçıvandan başlaya bilər - düşmən TƏLAŞDA

25 Avqust 2017, 12:01

Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə razılığa gəlməsi Ermənistanda əməlli-başlı qorxu yaradıb.

 

Birincisi ona görə ki, Türkiyənin alacaqları S-400-lərin Naxçıvanda da yerləşdirilə bilmək ehtimalı elə Ermənistanın özündə səslənib.

 

Bir müddət öncə erməni analitik Stepan Safaryan bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini alsa, bunlardan birini Azərbaycana verə bilər.

 

“Bu mümkündür. Türkiyə Azərbaycana başqa ərazilərdə keçirilən hərbi əməliyyatlarda kömək edə bilməyəcəksə, Naxçıvanda bunu edə bilər. Və hava hücumundan müdafiə sistemlərini Naxçıvanda yerləşdirə bilər. Naxçıvan Azərbaycanın “Axilles dabanı”dır. Türkiyə tərəfindən bu sistemlər Naxçıvana yerləşdirilsə, bu, Yerevana təhdid olacaq”- Stepan Safaryan belə demişdi.

 

İkincisi isə, ümumiyyətlə Ankara ilə Moskvanın hərbi sferada dərin əməkdaşlığa başlaması Ermənistanın maraqlarına cavab vermir. S-400 kimi super silahların Türkiyəyə satılması Ankara ilə Moskva arasında əməkdaşlığın daha da dərin mərhələsidir və bu, Kremlin regional strategiyasının Ermənistanın xeyrinə olmadığı qənaətini irəli sürmək üçün arqumentlər verir.

 

Ermənistanın analitik portalları yazır ki, belə əməkdaşlıqdan sonra Rusiya Türkiyəyə əsas təhlükə kimi baxmayacaq və Ankaranı özünün əsas rəqibləri sırasında görməyəcək.

S-400-lərin alqı-satqısı ilə bağlı müqavilə yalnız hərbi-texniki komponentə malik deyil, bu, həm də özündə siyasi məzmunu əks etdirir.

 

Türkiyənin geosiyasi prioritetləri sırasında Qarabağ münaqişəsinin həlli, ikinci plandadır desək, yanılmarıq. Lakin bu, heç də o demək deyil ki, Türkiyə Qarabağ münaqişəsinin həllini Azərbaycanın xeyrinə istəmir – belə düşünmək də sadəlövhlük olardı.

 

Bu kontekstdə Rusiya-Türkiyə hərbi əməkdaşlığının spektrini genişləndirməsi şübhəsiz ki, Cənubi Qafqaz regionunda da iki ölkənin birgə addımlar atacağına işarədir. Bundan isə ən çox narahat olan Ermənistandır – ona görə ki, Moskva-Ankara əməkdaşlığı Qarabağ probleminin həllində də mühüm rol oynaya bilər.

 

Ermənistanda həm də 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva və Qars müqavilələrinin doğuracağı nəticələr də gündəmə gəlib.

 

“Bu sənədlər Ermənistanın maraqlarına ciddi zərbədir. İndi isə bu müqavilələrin təhlükəsi daha böyükdür. Ona görə ki, Moskva ilə Ankara arasındakı dərinləşən münasibətlər Qarabağ məsələsində də yeni çağırışlar doğura bilər” – bunu Ermənistanın 1in.am analitik saytı yazıb.

 

Xatırladaq ki, bu sənədlərə görə Naxçıvanın təhlükəsizliyi Türkiyə tərəfindən qorunur.

 

Ermənistan mətbuatı Yerevanı qorxuya sala biləcək daha bir iddia irəli sürüb – məsələn, ATƏT-in Minsk qrupunun həmsədrlərini nizama salma prosesində sıxışdırmaqla Rusiya və Türkiyə razılığa gələ bilər.

 

Ermənistan isə təbii ki, açıq şəkildə Moskvaya qarşı gediş edə bilmir, çünki onun Rusiyadan dərin asılılığı var. İndi isə Rusiya-Türkiyə əlaqələrinin genişlənməsi fonunda Ermənistan diplomatiyası növbəti uğursuzluğunu yaşayır deyə bilərik. Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsi isə Ermənistanın daha böyük uçuruma düşməsi prosesinə sürətləndirir.

 

Qeyd edək ki, Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra S-400-lərin satışı ilə bağlı qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq.

 

2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

 

Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.

 

Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir