Modern.az

Qubadlı işğaldan ƏVVƏL: “Qızlar ermənilərə qarşı vuruşurdu” – Keçmiş döyüşçü DANIŞIR

Qubadlı işğaldan ƏVVƏL: “Qızlar ermənilərə qarşı vuruşurdu” – Keçmiş döyüşçü DANIŞIR

Qarabağ

28 Avqust 2017, 14:50

Avqustun 31-i Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 24-cü ili tamam olacaq. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 30 mindən cox əhalisi yurd-yuvasından didərgin düşüb. Rayon 1933-cü ildə yaradılıb. 1963- cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat metr, əhalisi işğaladək dövrdə 30 mindən cox idi. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

 

Modern.az saytı “1993-cü ilin o günü” layihəsini davam etdirir. Müsahibimiz o zaman və halhazırda Qubadlı rayon Çardaqlı kənd orta məktəbinin direktoru Çingiz Salmanovdur. O, 1993-cü ilin 31 avqustunu ürək ağrısı ilə xatırlayır...

 

“Könüllülər”dən ibarət ordu yaradılmışdır...

 

“Avqustun 28-də Qubadlıda vəziyyət gərgin idi. İnsanlar təşviş içində idi. Çünki artıq 23iyul 1993-cü il 2 rayon Fizuli və Cəbrayıl işğal taleyini yaşamışdı. Bu cür dəhşətli hadisələrə biz də şahidlik edirdik. Ona görə də təhlükə hiss edirdik. Digər tərəfdən isə insanlar döyüşmək əzmində idilər. Çünki heç kəs torpağını, evini, yurdunu atıb getmək barədə düşünmürdü. Həm də Qubadlıya ermənilərin bir istiqamətdən hücumları olmurdu. Qubadlı ermənistanın Qafan və Gorus rayonları ilə sərhəd idi. Ermənilər bir neçə yerdən hücum edirdilər. Həmçinin, Qubadlının işğalına qədər ermənilər Cəbrayıl və Füzuli rayonlarını ələ keçirdikləri üçün o istiqamətdəndə hücum təşkil etmişdilər. Bununla da hücumlar çoxalmağa başladı”

 

“Ruslar ermənilərə dəstək verirdilər”

 

Çingiz müəllim deyir ki, bu hallar Qubadlının işğalını sürətləndirdi.

 

“Qubadlının işğalı ayın 30-31-də tam başa çatmışdı. Amma Qubadlıya erməni hücumları tez-tez olurdu. Günahsız insanlar qətlə yetirilirdi. Erməniləri ruslar müdafiə etdiyindən hərbi sahədə də dəstəyini əsirgəmirdi. Azərbaycan tərəfinin isə silah-sursatı yox idi. Olsa da əlimizə gəlib çatmırdı. Düzdür, lap əvvəllərdə silah yox idi. Lakin Qubadlının işğalı ərəfəsində eşidirdik ki, ordu hərbi texnika ilə təchiz olunub. Sadəcə, ordu daxilində müəyyən təxribatların baş qaldırması, digər məsələlərin ara qızışdırmaq həddinə çatması Qubadlının işğal olunması prosesini sürətləndirdi”.

 

“Bir az dözün, ordu göndəriləcək”

 

Məcburi köçkün olan müsahibimiz onlara verilən vədlərin yalan olduğunu bildirib.

 

“Qubadlı rayonunun o vaxtkı icra hakimiyyəti, Ağsaqqallar Şurası elə etmişdi ki, özünümüdafiə batalyonları müqavimət göstərməklə məşğul idi. Daima insanlarla, könüllü dəstələrlə əlaqə saxlayırdılar. Həmin ərəfədə artıq Qubadlıda elektrik xətti kəsilmişdi. İnsanlar 15 gün olardı ki, işıqsız idilər. Təbii ki, Qubadlı ictimaiyyəti Bakını baş verən məsələlərdən xəbərdar etməyə çalışırdı. Onlar da “bir az dözün, ordu göndəriləcək, qoşun gələcək” deyirdilər. Amma heç nə gəlmirdi. Həmin vaxtlarda ölkənin daxilində də çaxnaşma vardı.

 

Çingiz Salmanovun sözlərinə görə, artıq avqustun 30-da erməni silahlı qüvvələri Laçın rayonu istiqamətindən Yazı düzü deyilən yerdən tanklarla hərəkət edirdilər. Artıq bir neçə kənd yandırılmışdı. Xanlıq kəndi Qubadlının ən böyük kəndlərindən biri idi. Ordu kəndi müdafiə etməyə çalışsa da heç cür alınmadı. Ermənilər Xanlığın içinə daxil oldu. Həmin gün Qubadlı 802 kvadrat metr ərazisini itirdi, 30 mindən çox insan rayonu tərk etdi”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir