Modern.az

Komitə sədri: “Vasif Talıbov məcbur etmir ki, bu kitabları oxu!”  

Komitə sədri: “Vasif Talıbov məcbur etmir ki, bu kitabları oxu!”    

29 Avqust 2017, 17:19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən "Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır. Siyahıya 30 kitab daxil edilib.

Vasif Talıbovun sərəncamı ictimaiyyət arasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta bu sərəncama görə onu qınayanlar da olub.

Milli Məclisin 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.

 Eldar İbrahimov deyib ki, kitab oxumaq insanların dünyagörüşünü, savadını və intellektini artırır.

“Mən məktəbdə təhsil alan zaman yerli yazarlarımızla bərabər dünya yazarlarının da kitablarını oxumuşam. Onlar hələ də mənim yadımdadır. Bunun nəyi pisdir ki? İndi hətta 700 bal toplayan abituriyentlərdən belə, bizim bir yazıçımız, şairimiz, ya da hansısa dünya yazıçısı haqda ətraflı məlumat istəsək, onları tanımayacaq. Gənc nəsil hərtərəfli böyüməlidir. Bu baxımdan da Vasif Talıbov həmin kitabları oxumağı tövsiyə edib. Hanısasa qərar verib, məcbur etmir ki, bunu oxu! Oxuyursan oxu, oxumursan oxuma. Amma oxumaq lazımdır. Hər bir insan elmlə məşğul olmalıdır. Bu gün kitab oxuyanların sayı çox azdır. Hamı televizora baxır. Bu reallıqdır. Kitab oxumaq isə mədəniyyət, elmdir”.
 

Komitə sədri bildirib ki, bu gün qələm götürüb yazı yazan yoxdur.

“Hamı yazını kompüterdə yazır. Mənim gözəl xəttim var. Universiteti bitirəndə tələbə yoldaşlarımın diplomlarını yazırdım. Gözəl xəttin olması yazı mədəniyyətidir. İndi kiməsə desən ki, bu sözü yaz, normal xətlə yaza bilməyəcək. Çünki kompüterdə yazmağa öyrəşib. Mən kompüterin olmasının əleyhinə deyiləm. Amma bununla bərabər, gəlin barmaqlarımızı da işlədək. Qələmlə bir şey yazaq. Görək yazı yazmağı bacarırıq, ya yox. Bu baxımdan Vasif Talıbovun etdiyi tövsiyələr çox vacib məsələdir.
Vasif Talıbov Naxçıvanda çox gözəl qayda-qanun yaradıb. Mənim deputat həmkarlarım Naxçıvana səfər etdikdən sonra deyirlər ki, “Eldar müəllim, Naxçıvanda nə gözəl adət-ənənələr var. Naxçıvanda böyük-kiçik yeri, ağsaqqala hörmət var”.
Mən əgər ədəbiyyatımı, tariximi bilmirəmsə, məndən necə azərbaycanlı olacaq? Öz tariximizi, ədəbiyyatımızı bilmək hamımızın borcudur. Həmçinin dünya ölkələrinin ədəbiyyatını və tarixini də bilməliyik. Çünki bizim intelektimiz yüksək olmalıdır, hərtərəfli insan kimi yetişməliyik. Mən hesab edirəm ki, Vasif Talıbovun bu tövsiyəsi insanlığa, xüsusilə bizim gənclərimizə yönəlib”.

 E.İbrahimov Naxçıvandakı qəbiristanlıqlardan da danışıb.
 

“Naxçıvanda  qəbir yerləri tamamilə pulsuz verilir. Orada heç kim yer seçmir. Hər kəs növbə ilə öz ölüsünü dəfn edir. Dəfn mərasimi də tamamilə pulsuzdur. Kimsə böyük qara mərmərdən başdaşı qoya bilməz. Naxçıvanda birmənalı və qəti şəkildə bütün qəbirlərin başdaşı eynidir. Ölü üçün fərq olmamalıdır. Onsuz da o biri dünyada hamı eynidir. Kiminsə vəzifəsi, stolu olmur. Allah hamıya xeyir işlər qismət etsin. Amma təbii ki, ölüm də həyatın reallığıdır, bundan qaça bilmərik. Bu baxımdan da Naxçıvan bütün Azərbaycan üçün nümunəvi yerdir. Bunlar da təbii ki, Muxtar Respublikaya rəhbərlik edən insanlardan asılıdır. Xüsusilə də Ali Məclisin sədri Vasif Talıbovun gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin nəticəsidir”.

 

Qeyd edək ki, Vasif Talıbovun sərəncamı ilə siyahıya aşağıdakı 30 kitab daxil edilib:

 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

 2. "Kitabi-Dədə Qorqud” dastanı

 3. "Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

 4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi”. Poema

 5. "Nizaminin hikmət və nəsihətləri”

 6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri”

 7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri”

 8. Hüseyn Cavid. "Azər”. Poema

 9. Cəlil Məmmədquluzadə. "Hekayələr”

10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm”. Roman

 11. Qurban Səid. "Əli və Nino”. Roman

 12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam”.Poema

 13. "Təmsillər” (uşaq ədəbiyyatı)

 14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

 15. Faruk Sumer. "Oğuzlar”

 16. Rəşidəddin Fəzlullah. "Oğuznamə”

 17. Yusif Balasaqunlu. "Qutatqu bilik”

 18. Teodor Drayzer. "Dahi”. Roman

 19. Cek London. "Həyat eşqi”. Hekayə

 20. Ernest Heminquey. "Qoca və dəniz”. Povest

 21. Nikolo Makiavelli. "Hökmdar”

 22. Gi de Mopassan. "Gombul”

 23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə”

 24. Nikolay Ostrovski. "Polad necə bərkidi”. Bioqrafik roman

 25. Moris Meterlink. "Arıların həyatı” və "Göy Quş” əsərləri

 26. "Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

 27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri”. (Təmsillər)

 28. "İslamda müdrik kəlamlar”

 29. Sədi Şirazi. "Gülüstan”

 30. Eynəli bəy Sultanov. "Məqalələr

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir