Modern.az

Onun şeirləri həqiqətən doğulur

Onun şeirləri həqiqətən doğulur

6 Sentyabr 2017, 17:18

Buludxan Xəlilov,   
filologiya üzrə elmlər doktoru, professor


Xeyli vaxtdır ki, Zakir Şəhriyazın imzası ilə tanışam. Daha doğrusu, onun yazdığı şeirləri mətbuatdan oxuyuram. Hər dəfə hiss edirəm ki, o, qeyri-adi düşünür və qeyri-adi yazır. Onu da hiss edirəm ki, heç kimə bənzəməyən bir səviyyədə yazır. O yazdığı vərəqi də, qələmi də mənasız yerə yükləmir. Onun ürəyi ilə beyninin vəhdətində bişmiş poetik fikirlər təmiz bulaq suyu kimi çağlayır, axıb gəlir. Nəticədə qələmi hərəkətə çağırır və yazmağa məcbur edir.   
                               
Zakir Şəhriyazın yazmaq təbi də başqalarından fərqlidir. O, bəzən uzun müddət yazmaya bilir, yəni yazmaq təbi olmur.  Birdən isə elə çağlayır ki, heç bir qüvvə onun yazmasının qarşısını ala bilmir.  Belə olanda yazmaq onun üçün ağır bir yükdən azad olmaq kimi olur. O, belə bir yükdən azad olmasa, bəlkə də ürəyi partlayar, bəlkə də dəli-divanə olub çöllərə düşər.     
     
                 
Zakir Şəhriyazın şeirləri onun özü bilmədən bətnində bişir, yetişir, tamamlanır və nəhayət, doğulur. Ona görə də onun şeirlərində, misralarında bir dənə çiy söz, ifadə, məna tapmaq mümkün deyildir. Sözlər, ifadələr və onların mənaları bir-birinə o qədər dürüst bağlanır ki, oxucu yalnız onun şeirlərinə aludə olmaqdan başqa bir şey tapa bilmir. O, oxucuya imkan vermir ki, oxucu düşüncəsi onun istedadını üstələsin, yaxud da hansısa şeirdə, misrada qüsur axtarsın. Əsl şairlik də elə budur. Əsl şair öz istedadı ilə oxucunu da, tənqidçini də arxasınca aparmağı bacarmalıdır. Məhz Zakir Şəhriyaz bu qəbildən olan qələm əhlidir, söz sərrafıdır, xalqın özündən qidalanan el şairidir. Onun şeirləri oxucuya daha güclü təsir edir, oxucunu ovsunlayır, ələ alır. Bunun səbəbi Zakir Şəhriyazın xalqın özündən qidalanması ilə bağlıdır. O, xalqın özündən öyrəndiklərini xalqın özünə qaytarmağı bacaran istedad sahibidir. Bu da hər qələm əhlinə nəsib olan keyfiyyət deyildir. Ancaq Zakir Şəhriyaza  məxsus keyfiyyətdir. Ona görə də onun şeirləri duzlu və dadlıdır, ruhlu və qanadlıdır, diri və ötkəmdir, yaxşı mənada havalı və  havacatlıdır.       
  

Zakir Şəhriyazın çox yazması, az yazması maraqlı deyil. Ancaq onun yazması maraqlıdır. Maraqlı tərəfi odur ki, onun misralarında oxucu öz istəyini tapa bilir. Həm də Zakir Şəhriyaz və bu tipli şairlər geniş oxucu kütləsinin maraq dairəsində ola bilir, sənətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir kəsin marağını ödəyə bilir. O, xalqın, el-obanın özündən qaynaqlandığına görə onun yaradıcılığı hər bir kəsin tələbatı kimi qəbul olunur, belə demək olarsa, mənimsənilir, həzm olunur, bəyənilir, şeirlərindən alınan ləzzətin dadı oxucu damağından getmir. 


Zakir Şəhriyazın “Dərələyəz deyə-deyə” ( Bakı, 2003), “El başına dolanardım bir vədə” (Bakı, 2009), “Söz gəlsə tutardım lələ dağları” (Bakı, 2016) kitabları aralarında fasilə illəri olmaqla çap olunan kitablardır. Bunu çox təbii qəbul etmək lazımdır. Ona görə ki, Zakir Şəhriyazın şeirləri dəmə qoyularaq dəmlənən şeirlərdir. Məhz dəmə qoyulmaq və dəmlənmək vaxt aparır, zaman tələb edir. Ancaq bu vaxt, zaman içərisində misralar, misralardakı sözlər, sözlərdəki mənalar öz yerini tutur, öz dəmini alır, nəticədə oxucunu feyzyab edir. İnsaf naminə onu da deməliyəm ki, Zakir Şəhriyazın adları yuxarıda qeyd olunan kitablarındakı şeirləri və mətbuatda çap olunan hər bir şeiri oxucunu feyzyab etməyə bilmir.


Zakir Şəhriyaz Tanrının ona verdiyi imkandan artıq heç nə istəməyən və heç nə ummayan insandır. Tanrı isə onda iki imkanı daha üstün yaradıbdır: fiziki sağlamlıq və yazmaq (məhz şeir yazmaq). Tanrı hər iki imkanı ona elə uyuşdurubdur ki, onları Zakir Şəhriyazdan ayırmaq mümkün deyildir. O, bütün çətinliklərə sinə gərməyi bacarır və bunu fiziki sağlamlığı hesabına edir. Sonra isə yorğunlunu çıxarmaq üçün dincəlməyin yolunu şeir yazmaqla tapır. Yaza-yaza xalqa, el-obaya bağlılığı artır, şeirlərinin janrı xalq ədəbiyyatının ənənələrini qoruyub saxlayır. Onu da qeyd etmək ədalətli olar ki, Zakir Şəhriyaz şifahi xalq ədəbiyyatı ənənələrini qoruyub saxlayanlar arasında birincilərdən biridir. Bunu onun şeirlərinin, yaradıcılığının janrlar  üzrə təsnifatını aparmaqla da aydın görmək olur. Onun yaradıcılığında təsniflər, təəssüfnamələr, cinaslı bayatılar, gəraylılar, ustadnamələr, qoşmalar, təcnislər, divanilər, müxəmməslər zəngin olmaqla yanaşı, həm də xalq ədəbiyyatı ənənələrini qoruyub saxlayan nümunələrdir.      
 

Zakir Şəhriyazın yaradıcılığında təsniflər (“Sənin sözündən”, “Bizə yaraşmaz”, “Hələ ki, qalıb”, “Dostu itirən”, “Danışıb, gülsən”, “Bizim eşqimiz”) bir-birindən təsirli və mənalıdır:

Yaman utandım,
Sənin sözündən.
Alışdım, yandım,
Sənin sözündən.


Dilin yamandı,
Dinmə amandı.
Ürək bulandı,
Sənin sözündən.


Yaxud:


Yersiz danışmaq,     
Bizə yaraşmaz.           
Həddini aşmaq, 
Bizə yaraşmaz.


Nə çoxdur axmaq, 
Başında toxmaq. 
Dosta kəm baxmaq, 
Bizə yaraşmaz.

     
Zakir Şəhriyaz təsniflərinin hər birində şair kimi, insan kimi kimliyini təqdim edə bilir. Aydın, sadə, səmimi və inadırıcı bir yolla oxucunun ürəyinə yol tapır. Həyat həqiqətlərini tapır (bunu başqa cür adlandırmaq olmur) və təsnifləri vasitəsilə səsləndirir. Məsələn:   
                                                                          

Şəhriyaz yandı,    
Düz oldu andı.        
Quruca candı,
Dostu itirən.


Yaxud:


Zakir Şəhriyaz, 
Yaradar az-az. 
Səndən ayrılmaz,
Danışıb, gülsən.
         

Əslində Zakir Şəhriyaz təsniflər yazmaqla təsniflərin özünü ədəbiyyata qaytarır. Təsnif nümunələrini ədəbi-bədii nümunələr kimi yaşadır, bununla da xalq ədəbiyyatının imkanlarına və ənənlərinə rəğbətlə yanaşır.            
                                                                                  

Zakir Şəhriyaz az qala unudulmuş bir şeir şəklini–təəssüfnaməni də öz yaradıcılığında yaşadır, bununla da xalq yaradıcılığının diqqətdən yayınmış, bəlkə də arxaikləşmiş şəkillərini bu günə gətirir. Hətta təəssüfnamə adlı şeir şəklinin olduğunu yada salır, onun qoşmadan fərqli olduğunu unutmur. Yaradıcılığı vasitəsilə başqaları tərəfindən unudulmasına da imkan vermir. Bu mənada onun “Ayıbdı”, “Məni”, “Görmürsən”, “Olar”, “Qovulmuşam”, “Dönə-dönə”, “Nəyə lazım”, “Düz duyasan”, “Qədər”, “Öz-özünə”, “Yerinə” təəssüfnamələri real həyat lövhələrinin insan ruhuna qida verdiyi nümunələrdir. Onlardan təkcə birini örnək kimi gətirmək kifayət edər:   


Bir qələt eylədin qoy burda qalsın,
Özgə yerdə demə, eldən ayıbdı. 
Eşidən olarsa üzünə baxmaz,          
Dilini tərpətmə, dildən ayıbdı.      


Bu dünyanı gəzsən sən diyar-diyar,     
Tamahı itilər varını sayar.          
Hayıfdı, nəfəsin gülü korlayar,   
Gül yanından keçmə, güldən ayıbdı.    


Şəhriyaz yanına gündə gələrdi,          
Danışardı, dinləyərdi, gülərdi.     
Başın boş olsaydı az-çox bilərdi,   
Bədəndən ayıbdı, əldən ayıbdı.       

     
Zakir Şəhriyaz yaradıcılığında cinaslı bayatılar xüsusi yer tutur. Onun cinaslı bayatlarını oxuyanda ürəkdən deməli olursan ki, nə qədər saz bayatılardır. O, birə min, gül dona, can cana, çiləli, düşərsən, hörmədi, çürünər, dəliyə, yaz gülə, yasdığa, yaşardı, o daşı, daşdanar,  oyandı, adalar, azardı və s. ifadələrlə elə cinaslı bayatılar yaradır ki, onların hər biri sözdən qurulan  heykəllər olmaqla oxucunu özünə cəlb edir, özünə çəkir, müəllifi oxucuya sevdirir.  Diqqət yetirək: 


Birə min,                                                    
Öl sözünə bir əmin.                 
Dara düşsən arxadı,            
Bir dayınla, bir əmin.          

***                                

Çilədi,                
Yar gülə su çilədi.  
Ömürdən, gündən keçən,    
Böyük, kiçik çilədi.                

***       

O daşı,       
Götür gətir o daşı
Ocağı çox qalama,  
Yandıracaq od aşı.

     
Zakir Şəhriyaz cinaslı bayatılarını yazarkən cinas yaratmaq üçün elə ifadələr seçir ki, onlar cinas yaratdığı misralarda fikrin, mənanın ayaq açıb yeriməsinə imkan yaradır. Bununla da fikir, məna cinaslı bayatını təsirli edir. Fikir verin:          


Daşdanar,       
Pendir daşda daşdanar.      
Sarsaqlara qoşulan,        
El içində daşdanar.         

***          

Oyandı,     
Yar yuxudan oyandı.
Oğul ona deyərəm,        
Düşmən gözün oyandı.

     
Zakir Şəhriyazın cinaslı bayatılarının sənətkarlığı, dil və üslub xüsusiyyətləri yüksək səviyyədədir. Bunun bir çox səbəbləri vardır. Həmin səbəblərdən biri də onun dili duyması, sözlərin və ifadələrin bildirdiyi incə məqamları düzgün, dəqiq müəyyənləşdirməsi ilə bağlıdır. Ədalət naminə deməliyəm ki, Zakir Şəhriyaz xalqın dilini, xəlqi dili, loru sözləri və onların mənalarını yüksək səviyyədə bilir, həm də bildiklərini duyur, hiss edir. Yanılmaram, desəm ki, duyduqlarını və hiss etdiklərini yaşayır.
                                                                                    
Zakir Şəhriyazın yaradıcılığında gəraylılar üstünlük təşkil edir. Onun gəraylılarını oxuyanda hiss edirsən ki, o, bu şeir növündə özünü daha rahat hiss edir. Özünü başqalarına daha rahat təqdim  edir. Özü deyəndə onun gəraylı yaradıcılığını nəzərdə tuturam. Onun gəraylılarının hər biri təsdiq edir ki, o, müasir dövrün ən yaxşı gəraylı yazanlarından biridir. Onun gəraylılarını oxuyanda fikirləşirsən ki, bundan üstün, bundan artıq, bundan güclü daha nə demək olar?! Belə bir məqamda onun hər bir gəraylısını nümunə gətirmək olur. Ancaq birini vermək yeinə düşər:      


Çıxma, çölə çıxan gözəl,        
Qayıt, yel incidər səni.            
Aldanma hər şirin dilə,             
Gözlə, dil incidər səni.


Ölməmişəm qəm çəkəsən, 
Gözlərindən yaş tökəsən.     
Qoymaram ki, gül əkəsən,   
Əldə bel incidər səni.


Şəhriyazı görən gündən,  
Dolanırsan niyə gendən?     
Günahkaram, küsmə məndən,     
Getmə, yol incidər səni.
              

Zakir Şəhriyazın gəraylıları içərisində mürvəti gəraylı, təcnis gəraylı, zəncirləmə gəraylı, ayaqlı gəraylı xüsusi yer tutur. Gəraylının bu növlərində yazmaq hər qələm əhlinin işi deyil. Ancaq Zakir Şəhriyaz hər qələm əhlindən fərqlənir və gəraylının qeyd olunan növlərində yazır.  Həm də təsirli və tutarlı yazır. Eyni zamanda onun gəraylı növlərinə müraciəti folklorşünasları da bir məsələ barədə yazmağa məcbur edir. Həmin məsələ məhz gəraylıların növləridir. Folkorşünaslar gəraylıların növlərindən indi dah çox yazmalıdırlar. Ona görə ki, bunlardan yazılmasa, gəraylı növləri unudula bilər, yaddan çıxar. Bu mənada Zakir Şəhriyaz yaddaşımızı bərpa edir, unudulmaqda olanları unutmağa qoymur.       

Zakir Şəhriyaz aşıq yaradıcılığına qəlbən, ruhən bağlı olan el şairidir. Odur ki, o, yenə də çoxlarındn fərqlənir. O mənada fərqlənir ki, bir-birindən gözəl, mənalı ustadnamələr yazır. “Nə var ki...” ustadnaməsini misal gətirərək onun bu istiqamətdəki yaradıcılığı barədə təsəvvürümüzü dəqiqləşdirə  bilərik.

                                                    
Oğul gərək sözü düz üzə deyə,
Daldalarda danışmağa nə var ki.    
Hörmət ola aralıqda hər zaman,      
Gündə küsüb, barışmağa nə var ki.


Ağır olub, öz yerini biləsən,   
Qananlara canı qurban verəsən.  
İş görəndə həvəs ilə görəsən     
Yalan yerə çalışmağa nə var ki.


Şəhriyaz ömrünü eyləmə hədər,    
Nadan necə gəlib elə də gedər.   
Məhəbbətdən xəbərsizlər deyirlər:  
"Kərəm kimi alışmağa nə var ki”.

     
Zakir Şəhriyazın ustadnamə yazmaq cəsarəti onun istedadından güc alır. İş elə gətirib ki, Tanrı ona bu istedadı da veribdir. Beləliklə, onun istedadı ona yol açır. O, aşıq şeirinin  bir növündə qalmır, aşıq şeirinin müxtəlif şəkillərində yaradıcılığını davam etdirir və qoşma janrına da üz tutur. Zəngin və mənalı qoşmaları ilə yenə də oxucunun sevimlisi olur. Onun qoşma yaradıcılığı da başqalarından fərqlənir. Birinci fərq odur ki, o, sadəcə olaraq qoşma yazmır. Qoşmanın müxtəlif növlərinə müraciət edir. Bunun üçün aşıq yaradıcılığını dərindən bilmək lazım gəlir. Aşıq yaradıcılığını dərindən bilmədən, eləcə də qoşma və onun növlərini öyrənmədən, bu işə bələd olmadan seçilən qoşmalar, qoşmaların növlərində nümunə yaratmaq mümkün ola bilməz. Zakir Şəhriyaz bu cəhətdən də naxışı gətirmiş qələm əhlidir. Onun yaradıcılığında cığalı qoşmalar, dodaqdəyməz cığalı qoşmalar, zəncirvari cığalı qoşmalar, əvvəl axır qoşmalar, qoşa qafiyəli qoşmalar, güllü qafiyələr, müstəzad qoşmalar, təngənəfəs qoşmalar, ithafnamələr, üç qafiyəli qoşmalar, ayaqlı qoşmalar xüsusi yer tutur. Bu cür qoşma növlərində yazmaq böyük bir hünərdir. Zakir Şəhriyaz bu qoşma növlərində yazmaqla folklorşünasların yadına bir şeyi də salır. Tarixən qoşmanın bu növlərində yazan ustadları öyrənmək, tədqiq etmək lazımdır. Eyni zamanda ustadların ənənələrini hal-hazırda yaşadanları üzə çıxarmaq gərəkdir. Bunların hamısı aşıq yaradıcılığının dünəninə və bu gününə qiymətdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Zakir Şəhriyazın qoşmaları, gəraylıları, ustadnamələri çox az təbliğ olunmuşdur. Əgər təbliğ olunsaydı, onda onların hər biri aşıqların dillər əzbəri olardı. Görünür ki, Zakir Şəhriyazın yaradıcılığının yayılma imkanı obyektiv və subyektiv səbəblərlə bağlı olaraq məhduddur.  Halbuki onun yaradıcılığı saz üstündə köklənib, belə demək olarsa, saz üçün doğulubdur. Qoşmalarına gəlincə onu da qeyd edək ki, onun qoşmalarının ruhu ata-baba kəlmələrindən yoğrulub. O, sanki ata-babalarımızın müdrik fikirlərinə qol-qanad verir. Məsələn:


Bu dərd də əl çəkmir gündə yaxamdan
Qapıdan qovuram bacadan gəlir.                                                                                                           

*** 

Özünün gözündə olanı görmür 
Özgənin gözündə tiri axtarır. 


***            


Atalar sözüdür yaxşı deyillər:
"Sərxoşu görəndə dəli yol verər” .

***       

Şəhriyaz özünə umac ovammır    
Gəlib sənə necə əriştə kəssin.    

***            

Kiminin əvvəli, kiminin sonu     
Dədələr deyənlər haxmış, ay Kərəm.    
 

Zakir Şəhriyazın qoşmalarında bədii tapıntılar kifayət qədərdir. Onun bədii tapıntıları oxucunu özünə çəkir, dinləməyə və eşitməyə vadar edir. Məsələn:  


Qarğalar meydana çıxandan bəri    
Qartal zirvəsindən enib bir yolluq.    


Yaxud:                         


Bu dünyanı yesə, yenə də doymaz  
Acgözün könlünə var düşər-düşər.           


Digər nümunə:              


Anası ölməsin doğru deyənin   
Yazıq düz deyəndə düz əyri çıxar.   


Başqa misal:                         


Harınlamış bilməz pulun qiymətin  
Qızıl qiymətinə axsaq at alar.        


Digər bir misal:           


Mənim nəyim varsa, göz önündədir     
Əyri olub düz danışan utansın.        


Zakir Şəhriyazın qoşmalarında ədəb-ərkana, düz və doğru yola çağırış var. Məhz onun qoşmalarındakı bu cəhət imkan verir ki, oxucular tərəfindən qoşmalara istinad olunsun, lazım gələn məqamlarda fikrin tutarlı olması üçün həmin qoşmalar nümunəyə çevrilsin. Bu mənada Zakir Şəhriyazın qoşmaları məna, fikir zənginliyi baxımından bənzərsizdir. O, klassik aşıqların yolunu ustalıqla davam etdirir. Zakir Şəhriyaz yazır:                                                          

                                          
Sinəmdə yurd salan sağalmaz qəmdi  
Didəmin yaşını yanağım əmdi.     
Şəhriyazam ağlım yerində cəmdi        
Səsimi qaldırıb zilə çıxmaram.           


Yaxud:                              


Şeir-sənət qarpız deyil bazarda    
Qiymətin danışıb ucuz alasan.     
Müştərini aldadasan çəkidə        
Başını piyləyib yola salasan. 


Başqa misal:                


Hicranın buxovu dərdin zənciri   
Bu yandan o yana sürüyür məni.       
Sevincin günəşi gedir əlimdən       
Qəmlərin buludu bürüyür məni.

     
Zakir Şəhriyazın yaradıcılığında qoşmalı təcnislər təsirlidir, həm də düşündürücüdür. Təsirli olan və düşündürən nə varsa, o, həmişə yaşayır. O ki qaldı, şeir və ədəbi-bədii nümunələrə, bunların ömrü daha uzun olur. Onlar söz tükənənə qədər yaşayırlar. Bu mənada Zakir Şəhriyazın qoşmalı təcnislərində söz ömrünü görməmək olmur. O yazır:

                                          
Dərdin vəkiliyəm, qəmin hakimi
Kim neyləyər gözlərimdə görsə nəm.                                                      

Yaxud:   

Qonşuya gülənin başına gələr
Allah göstərməsin yanana dağı.   


Digər misal:              


Dərd səni tərpədib qəm silkələsə, 
Könlün gəzər ya aranı, ya dağı.

     
Zakir Şəhriyazın yaradıcılığında təcnislər də xüsusilə seçilir. O, dodaqdəyməz təcnislər, cığalı təcnislər, zəncirləmə təcnislər yazmaqla el şairi kimi bir daha istedad sahibi olduğunu təsdiq edir. Zakir Şəhriyazın  “Ay belə qala”, “Ayağa sarı”, “Yaxana”, “Qaralar”, “Az aya”, “A yağı mindi”, “Məni”, “Atana”, “A sarı telə”, “Düz keçir”, “Ay ağa bağlar”, “Hayana”, “İlməni” təcnisləri çağdaş aşıq ədəbiyyatının ən gözəl nümunələri hesab olana bilər. Aşıqlarımız öz repertuarlarını bu nümunələrlə maraqlı və dinləyici zövqünü oxşayan edə bilərlər. Adları qeyd olunan təcnislərdən bir neçəsini nümunə gətirməklə dediklərimiz öz təsdiqini tapa bilər. 


Nə lazımdır artıq-əksik danışam,           
Sözüm dəyə ya sultana, ya xana.        
Çarpaz düymə gör necə də gözəldir,     
Gətirmişəm al düz bir-bir yaxana.                     

     
Zakir Şəhriyaz yazdığı təcnislərdə sözü oynatmağı bacarır, sözün diri olduğunu anladır, oxucunu sözün gücünə məftun edir. Hiss edirsən ki, belə məqamlarda dili bilmək, dili duymaq azdır, dilin imkanlarını üzə çıxarmaq lazımdır. O bunu bacarır. Onun bacarığını hər bir təcnisində müşahidə etmək olur. Təkcə, “Hayana” təcnisinin timsalında sözdən yaranan tablonu, sözdən çəkilən rəsmi görməmək mümkün deyil.

                                          
Axtardığın ləli tapa bilməzsən,   
Dərviş kimi sən getsən də hayana.
Gətirməsə bəxtin gəlsən qəzaya,    
Harayına hay verəcək, hay ana.    

                                                                                                                                                                                                  Sənətin yolları olmayır kəsə,      
Kim istəyər qatil bir də baş kəsə.   
İstədiyin dönüb baxmaz bir kəsə,       
Sən üzünü döndərsən də hayana.       


Dam üstünə döşənibdir qır ağa,   
Deməmişəm məni sındır qır ağa.        
Dar günündə çəkilməyə qırağa,          
Canan gərək hay deyəndə hay ana.   


Şəhriyazın düzü olub dik sinə,  
Namərd elə yekə başdı, dik sinə.     
Qıl körpüdən keçən zaman diksinə,
Cəhənnəmin atəşinə ha yana.

     
Zakir Şəriyazın divanələri, müxəmməsləri, qəzəlləri–bunların hər biri ayrıca təhlil tələb edir. Onun bu baxımdan da (divanələr, müxəmməslər, qəzəllər yazmaq baxımından) yaradıcılığı zəngindir. İnsaf naminə onu da qeyd edək ki, Zakir Şəhriyazın yazdıqlarının hər birini götürüb dil, üslub, məna, məzmun və sənətkarlıq baxımından təhlil etmək olur. Bu da onun yaradıcılığının yüksək səviyyədə olmasından irəli gəlir.                                                                              

Zakir Şəhriyazın yaradıcılığını aşıq və el şairlərinin müasir  dövrdəki uğuru kimi qəbul edirik. Bir sözlə, onun hər bir şeirindən yazmaq, bəhs etmək lazımdır. Haqq naminə onu da deyək ki, indiyə qədər onun yaradıcılığından nə yazılıbsa, azdır. Heç olmasa, indən belə onun yaradıcılığını təhlil etmək lazımdır.     

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi