Modern.az

Ad gününü qeyd edən şair: “Sevdiyim qızın “hə” deməsindən qorxurdum” - MÜSAHİBƏ  

Ad gününü qeyd edən şair: “Sevdiyim qızın “hə” deməsindən qorxurdum” - MÜSAHİBƏ   

8 Sentyabr 2017, 14:34

Gənc şair Emin Pirinin doğum günüdür. Modern.az saytı onunla həmsöhbət olub.

- Emin bəy, doğum gününüzü necə keçirirsiniz?

- Doğum günümdə məni ilk anam təbrik etdi. Həmişə təbrik edən vaxt yuxudan durmamış  üzümdən öpür. Daha sonra şəhərə çıxıram. Amma doğum günü ilə əlaqədar xüsusi planlarım olmur.

- Bu, hər il belə olur?

- Son iki-üç ildir, belədir. Amma bundan qabaqkı ad günlərimdə heç vaxt evdə olmamışam. Ya səngərdə, ya da ucqar kənddə olurdum. Magistaturada oxuduğum vaxtlarda mühafizəçi işləyirdim. Onda da ad günlərim gecə növbəsinə düşmüşdü. Əslində  ad günlərimdə evdə olmamağa öyrəşmişəm.

- Adətən yaşla əlaqəli insanlarda komplekslər yaranır. Sizdə necədir?

- 31 yaşım olur. Adətən xanımlardan yaş soruşmazlar. Amma məndən kimsə yaşımı soruşanda kriz keçirirəm. Mənim yeganə kompleksim yaşımla bağlıdır. Qocalmaqdan qorxuram.

Hazırda Azərbaycanda kifayət qədər gənc şair var. Hətta qeyri-peşədən olanlar da şeir yazmaqla məşğuldur. Bunların içərisində Emin Piri imzasını fərqləndirən nədir?

-Xüsusi bir özəlliyim olduğunu  deməzdim. Bunu ancaq şeirimi oxuyanlar deyə bilər. Amma hər nə qədər Emin Piri kütləyə oynayır deyilsə də, hədəflədiyim konkret elitar kəsm var. Onların sənətimi dəyərləndirməyi, bəyənmələri daha önəmlidir. Elitar kəsm deyəndə təbii ki, sırf madiyyatı nəzərdə tutmuram.  Əsas özəlliyim bəlkə də özüm olmağımdır. Hər zaman öz dava-dalaşlarımla, öz küsəyənliyimlə, öz səmiyyətimlə çıxış edirəm. Qalmaqal belə olsa, başqalarından  fərqli olaraq özüm kimi oluram.

- Maraqlıdır, hədəflədiyiniz kütlədən istədiyiniz  rəyi ala bilirsinizmi?

- Əvvəllər, həmin kütlənin məni görməməsi pis təsir edirdi. Amma son bir ildir, həmin kütlədən çox razıyam və istədiyim müsbət rəyləri ala bilirəm. Bu baxımdan özümü xoşbəxt hiss edirəm. Artıq istədiyim kütlə məni qəbul edir.

- Bayaq siz də qeyd etdiniz ki, sizin üçün kütləyə oynayır deyilir. Son zamanlar da sosial şəbəkə hesabınızda  səsləndirdiyiniz fikirlərə görə sizi qınayanlar çox oldu. Bununla yanaşı,  haqqınızda danışanlar da artdı. Bu, planlaşdırılmış bir şey idi?

- Hər kəs düşünür ki, mən qalmaqal yaratmaq istəyirəm. Amma müəyyən dərəcədə cəmiyyətin öz üzünü açmaq istədim.  Biz gender bərabərliyi, cəmiyyət olaraq eyni addımlamağı istəyirik, amma qızımızı, bacımızı mənşəyi bəlli olmayan, maddi gəlirinə görə  onu yaşı çox olan birinə ərə veririk. İnsan hisləri satılmazdır. Məhz bu cür düşünənlərə görə belə etmək lazımdır ki, cəmiyyət təmizlənsin. Amma məni yanlış anladılar. Bir tərəfdən də razıyam ki, müəyyən statuslar reaksiya doğurmaq üçün planlaşdırılmışdı. Bunun şeirlərimə də xeyri oldu. Məsələn, iki-üç səhifədə paylaşılan müharibə şeirlərimə 20 mindən çox baxış gəldi. Deməli, cəmiyyəti ədəbiyyata cəlb etmək üçün bəzən nəyisə qurban verməli olursan.

- Siz şairliklə yanaşı, həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Yəqin, qəbul edərsiniz ki, hər iki peşə də bizim ölkəmizdə insanı maddi baxımdan tam təmin etmir. Görünür, sizin üçün mənəvi zövq daha önəmlidir.

- Subay adamam, madiyyat baxımından müəyyən dərəcədə özümü təmin edə bilirəm. Bundan əvvəl tam fərqli sahədə-səngərdə hərbçi kimi işləyirdim. Amma hər iki sahə-həm zabitlik, həm də müəllimlik- şeirlərim üçün qida kimidir. Çünki bir müddət şeir yaza bilmirdim. Daha doğrusu, əvvəlki kimi deyildi. Ucqar kənddə bir il müəllim kimi fəaliyyət göstərəndə öz kitabımın yarısını yazdım. Qocalıqla yanaşı, ətalətdən çox qorxuram. Bu genetikdir, yaxud fərqli səbəbləri var,  bilmirəm. Amma oturaq həyat tərzi məni psixoloji və mənəvi olaraq geri aparır. Bundan sonra da yəqin ki, müxtəlif işlərdə işləyəcəm, amma eyni yerdə yox.


- Ətalət, oturaq həyat tərzi... Bunlar evlənməyinizə mane olan amillər ola bilərmi?

- Təvazökarlıqdan uzaq da olsa,  uşaqlıqda həddindən artıq  gözəl olduğum üçün bəzən qızlar özləri mənə yaxınlaşırdı. Təbii ki, mən də utancaq idim. Amma sevdiyim qız da olub. Bilirdim ki, o da məni sevir. Buna baxmayaraq, onun “hə” deməsindən qorxurdum ki, birdən razı olub görüşə çağırar. Hardasa oturub çay içməyə pul yox idi.  Uşaqlığımı və gəncliyimi indiki dövrdə yaşamağa başladım. Təbii ki, müəyyən yaş dövründə evlənmək istəmirsən. İndi isə maddi problem deyil, daha çox axtardığımı tapmadığım üçün evlənmirəm.

- Yəni axtarışdasınız..

-Məni axtarıb tapsınlar. Necə deyərlər, evimin qapısı açıqdır. Bəyənsəm, “hə” deyərəm. Əvvəllər bu istiqamətdə fərqli fikirlərim var idi.  Amma qızın sevdiyi halda ilk addımı atmasına normal baxıram. Hətta elə qızların cəsarətini alqışlayıram.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir