Modern.az

Anasının sözünə baxmayan, xərçəngi təslim edən İosif Kobzon - 80 İLİN AKKORDLARI

Anasının sözünə baxmayan, xərçəngi təslim edən İosif Kobzon - 80 İLİN AKKORDLARI

Mədəni̇yyət

11 Sentyabr 2017, 22:18

Sentyabrın 11-də İosif Kobzonun 80 yaşı tamam olur. Yaş üçün bu rəqəm o qədər də az deyil. Amma o, rəqəmlərin fərqinə çox da varmır. Elə 20-30 il öncə necə vardısa, eləcə də həyat ritmini saxlamağı bacarır. Ölkəsinin ictimai həyatında, siyasi fəaliyyətində, ən başlıcası isə yaradıcılığında əvvəlki illərdən də artıq fəaldır. Öz təbirincə desək, təqaüdçü ovqatında deyil. Heç vaxtını saatlarla nəvələri ilə keçirmək haqqında da düşünmür. Ümumiyyətlə, o evdə oturmağı sevmir. Dünyanın ən gözəl, ən dəbdəbəli mənzili belə onu darıxdıra bilər. Çünki o, hərəkəti, dinamikanı sevir...

Modern.az saytı SSRİ-nin və Rusiyanın xalq artisti İosif Kobzon haqqında yazını təqdim edir.

İosif Kobzonun uşaqlıq illəri ən ağır bir dövrə, Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Özünün söylədiyi kimi  həmin illər, Donetskdə 8 ailənin yaşadığı kommunal mənzildə onun yaddaşında ancaq dəfn mərasimləri qalıb:

“Əvvəl səs-küy düşürdü, ağlaşma səsləri eşidilirdi və biz artıq bilirdik ki, bir azdan kimisə dəfn edəcəklər. Atam 1943-cü ildə cəbhədən kontuziya ilə qayıtmışdı, iki dayım isə müharibədə həlak olmuşdular. Sonra atam müalicə üçün Moskavaya getdi, orada başqa bir qadını sevdi, evləndilər və bir daha o evimizə qayıtmadı. Anamın üçü heç vaxt gülməzdi. İlk dəfə onun üzündə təbəssümü Qələbə günü görmüşəm. Səhər tezdən məhəllədə yenə də səs-küy idi. Yuxulu-yuxulu yenə də filirləşirdim ki, bir azdan kimisə dəfn edəcəklər. Anam otağa girdi, gözü yaşlı idi, ancaq üzü gülürdü, başımı sığalladı və pıçıltılı səslə dedi: “QƏLƏBƏ”. Mən və həmyaşıdlarım bu sözün böyük mənasını tam başa düşməsək də öz uşaq düşüncəmizlə bayram etdik. Həyat tərzi çox ağır idi. Məktəbdə bəzən yazmağa kağız-qələm tapılmırdı. Kitab əldə etmək isə, bu artıq böyük bir hadisə sayılırdı. Yaşadığımız evin yaxınlığında kitab dükanı var idi. Tez-tez ora gedirdik, kitabların qoxusu bizə ləzzət edirdi. Ancaq almağa pulumuz olmurdu. Elə bəlkə də kitabın böyük hədiyyə sayılması o illərdən qalıb...”

Bütün çətinliklərə baxmayaraq, balaca İosif məktəbdə əla qiymətlərlə oxuyur. 8-ci sinifi bitirdikdən sonra Dnepropetrovskidə Dağ-mədən texnikumuna qəbul olunur. O, bu təhsil ocağını gələcək həyatının peşə yönümünü müəyyənlədirmək üçün yox, təqaüd almaq seçir. Anasının maddi yükünü azaltmaq üçün bu texnikumda təhsil almağa qərar verir.

Hələ məktəb illərindən rayon, vilayət tədbirlərində diqqəti cəlb edən ifaları ilə Kobzon öz istedadını nümayiş etdirməyi bacarır. Məktəblilərin Ümumittifaq Musiqi festivalının qalibi olan Kobzon 1946-cı ildə Kremldə Stalinin qarşısında çıxış edir. İki il sonra 1948-ci ildə yenidən ona rəhbərin qarşısında çıxış etmək qismət olur. Və beləliklə, İosif Kobzon hələ uşaqlıq və yeniyetməlik illərindən kiçik bir əyalətdən böyük Kremlə doğru inamla addımlağa başlayır.

Hərbi xidmət illərində də Kobzonun səsi yüksəkçinli komandirləri tərəfindən onu hörmət sahibi edir. Kobzon Zaqafqaziya Hərbi dairəsi ansamblının solisti olur. Və elə əsgərlik illərində o xəyallarında gələcək həyatını müəyyənləşdirir – hökmən musiqi təhsili almalı, istedadını batırmamalıdır.

Hərbi xidmətdən qayıtdıqdan sonra Kobzon öz doğmalarına Moskavada təhsil almaq arzusunu bildirir. Anasından başqa hamı Kobzonun bu arzusuna gülür: “Yeməyə çörək tapmırıq, sən Moskvada ozumaq xəyalına düşmüsən, bu alınan iş deyil...”

İosif Kobzon qərarında qəti olur. Bir-neçə ay Dnepropetrovskda Kimya institutunnda laborant kimi çalışır, Moskvaya getmək üçün yolpulu yığır...

Bu yol Kobzon üçün uğur yolu olur. O Moskvada Dövlət Musiqi-pedaqoji institutuna qəbul olunur.

Məqsədinə doğru inamla irəliləməyi bacaran, açıq fikirli, əziyyətdən qorxmayan Kobzon qısa bir müddətdən sonra populyar müğənnilərin sırasında yer alır. Qastrollar, ezamiyyətlər, səfərlər uğurlarla maşayiət olunur. Bir-birinin ardınca fəxri adlar, mükafatlar Kobzonu yolundan azdırmır. O nə qədər mükəmməl bir sənətkar olsa da, özündən böyüklərdən öyrənməyə çalışır. Amma özünü heç kimə oxşatmaq, bənzətmək istəmir və beləliklə də musiqi sənətində yeni iz, yeni cığırlar salır.

 

 

İosif Kobzonun şəxsi həyatı yaradıcılıq karyerası kimi uğurlu alınmır. 1965-ci ildə İosif Kobzon populyar estrada müğənnisi Veronika Kruqlova ilə ailə həyatı qurur. Hər iki məşhurun ayrı-ayrılıqda qastrolları, məşqləri, çəkilişləri özlərinə, qarşılıqlı münasibətlərə vaxt ayırmağa imkan vermir. Nikahda olduqları iki il ərzində çütlük demək olar ki, bir yerdə yaşamır. Və 1967-ci ildə iki populyar müğənni ayrılmaq məcburiyyəti qarşısında qalırlar. Əvvəldən də Kobzonun anası bu nikaha razı olmur, məşhur estrada ulduzunun ailə xanımına çevrilməyəcəyini oğluna anladır.

Elə həmin il İosif Kobzon yenə də anasının sözünə baxmır, onun narazı olmasına baxmayaraq, tanınmış aktrisa Lyudmila Qurçenko ilə ailə həyatı qurur. Bu nikah da Kobzona xoşbəxtlik gətirmir. Sonradan Qurçenko qeyd edir ki, Kobzonla ailə qurması həyatının ən böyük səhvi olub. Aralarında baş verən mübahisələr, dava-dalaş, ittihamlar, iddialar bu nikahı da pozur. Ayrıldıqdan sonra 40 il müddətində Kobzonla Qurçenko bir-birlərini danışdırmayıblar, həttə eyni tədbirdə üz-üzə gəlməmək üçün elə vaxtlar olub hər hansı biri tədbirə dəvətdən imtina edib.

Nəhayət, İosif Kobzon 1970-ci ildə arzuladığı xanımla rastlaşır. Bu yəhudi ailəsində tərbiyə almış Ninel Drizina (Kobzon ona Nelli deyə müraciət edir) idi. Ən əsası isə Ninel Drizinanın mümkün imkanlarına baxmayaraq, şou-biznesə qatılmaq həvəsində olmaması idi. Bu xanım Kobzonun anasının da ürəyincə olur.

Həyat yoldaşından 13 yaş balaca olan Nelli Kobzon ailəyə iki böyük sevinc bəxş edir, onların əvvəlcə oğul övladı Andrey, sonra isə Natalya dünyaya gəlir.

Xoşbəxt ailəni isə qarşıda daha bir sınaq gözləyir. 2002-ci ildə İosif Kobzonda xərçəng xəstəliyi aşkar olunur. Xəstəliyin aşkar olunması Kobzonu çox da sarsıtmır. Sadəcə onu sarsıdan xəstəliyi haqqında həyat yoldaşına necə xəbər verəcəyi olur. Həmin anları Kobzon belə xatırlayır:

“Xəstəlik aşkar olundu. Müayinələrin nəticələrinə görə məndə xərçəng xəstəliyi var idi. Mən bu haqda Nelliyə necə xəbər verəcəyimi düşünürdüm. Görüşdük. Hər şeyin qaydasında olduğunu dedim. O, ikinci dəfə də səhhətimlə bağlı təkidlə sual təkrar etdi. Mən həqiqəti dedim. Nelli isə çox soyuqqanlılıqla bir cümlə dedi: Demək ciddi müalicə olunacağıq...”

Beləliklə, ciddi müalicələr başlanır, bir neçə dəfə isə çərrahi əməliyyatlar olur. Cütlük zaman-zaman xərçəngi özlərinə təslim edirlər. Nelli Kobzon milyonların sevimlisini qoruyur. Hətta İosif Kobzon yatağında 15-20 dəqiqə artıq uzananda Nelli onu yataqdan “qovur”. Kobzon yenidən səhnələrdə saatlarla konsert verir, siyasi fəaliyyətini davam etdirir, Dumanın deputatı kimi yenə də öz işinin başında olur.

İosif Kobzon titullarına görə rəsmi olaraq Ginnesin rekordlar kitabına düşüb. Onun 150-dən artıq titulu var. Daha bir rekord göstərici isə Kobzonun Kremldəki 10 saat davam edən konsertidir.

80 illik yubileyini yaxın ətrafı ilə birlikdə keçirən İosif Kobzon sentyabrın 20-də yubiley münasibətilə Kremldə böyük konsert proqramına hazırlaşır.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif  Davıdoviç Kobzonu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir