Modern.az

“Qaynar xətt”ə zəng etsinlər – Deputatdan gömrükdə problemlə qarşılaşanlara ÇAĞIRIŞ  

“Qaynar xətt”ə zəng etsinlər – Deputatdan gömrükdə problemlə qarşılaşanlara ÇAĞIRIŞ   

14 Sentyabr 2017, 10:46

Azərbaycanın quru sərhədləri ilə bağlı zaman-zaman turistlərin və ölkə vətəndaşlarının şikayəti ilə qarşılaşırıq. Bu əsasən sərhəd-keçid məntəqələrində yaranan uzun növbələr, gətirilən bəzi məhsulların açılması ilə bağlı olur. Bütün bunlar sərhədi keçənlərin narazılığına səbəb olur. Belə maneələrin yaradılması  ölkəyə gələn turist axınına da mənfi təsir göstərir. Bəs görəsən bu məsələ necə həll olunmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə  deyib ki, sərhədi keçərkən müəyyən prosedurlar var.

 

“Azərbaycana gətirilməsi qadağan olunan və yaxud da məhdudlaşdırılan mallar var, onların müəyyən miqdardan sonra ölkəyə keçirilməsinə icazə verilmir.

 

Əgər hansısa vətəndaş quru sərhədlərdən keçərkən ona qarşı haqsızlıq olduğunu düşünürsə, Dövlət Sərhəd Xidmətinin “qaynar xətt”inə zəng edib problemin araşdırılmasını tələb edə bilər. Mən bilirəm ki, bu məsələlərə çox həssas yanaşılır. Azərbaycan bu gün viza rejiminin sadələşdirilməsi ilə bağlı çox islahatlar keçirib. Dünyada ən asan viza alınan 5 ölkədən biri sayılır. Sərhəd-keçid məntəqələrimiz müasirləşdirilib, orada işləyən sərhədçilərimizin peşəkarlıq səviyyəsinə yüksəlməsi üçün müəyyən işlər görülüb. Bütün bunlar Azərbaycana gələn turistlərə böyük qayğı göstərilməsinin nümunəsidir. Hesab edirəm ki, bununla bağlı hər hansı bir problem yaşanmır. Görülən bütün tədbirlər ölkənin təhlükəsizliyini qorumaq üçündür”.

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki,  turistlər müəyyən problem yaşaya bilər. Quru yolu ilə biletlər ucuz olduğu üçün insanlar daha çox oradan daxil olur. Bu da özü ilə birlikdə problemlərin də ortaya çıxmasına səbəb olur. Azərbaycan prezidenti bildirib ki, bütün bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir.

 

Turizmin inkişafı üçün müxtəlif nazirliklərin birgə işləməsi vacibdir. Əgər turistləri Azərbaycana cəlb etmək istəyiriksə, onların problem yaşadığı bütün sahələri düzəltməliyik. Əgər quru yol ilə bağlı problemlər ortaya çıxırsa, həmin problemlə bağlı təkliflər irəli sürülməlidir. Bu təkliflərin əsasında problemin həlli yolları araşdırılmalıdır. Misal üçün hava limanında Ərəb körfəzindən gələn turistlər üçün yaradılan şərait inkişafdan xəbər verir. 10 il bundan qabaq belə şəraitlər yox idi. Görünür ki, ölkəyə turistləri cəlb etmək üçün müəyyən addımlar atılır. Quru yolları vasitəsi ilə ölkəmizə daxil olanlar üçün gələcəkdə yaxşı şərait yaradılacaq. Bu məsələlərlə bağlı hamı öz sözünü dedikdən sonra aidiyyəti qurumlar həll yolları axtaracaqlar”. 

 

M.Ağakərimov deyib ki,  problemi yalnız Dövlət Sərhəd Xidmətində və Dövlət Gömrük Komitəsində görmək lazım deyil.

 

“Ölkəyə gələn turistlər və ölkə vətəndaşlarında da müəyyən problemlər var. Çünki onlar gələndə özləri ilə hansısa qadağan olunmuş əşya keçirmək istəyirlər. Bu da müəyyən problemlərin ortaya çıxmasına səbəb olur. Bunun üçün turistlər də sərhəddən nələrin keçirilməsi ilə bağlı məlumatlı olmalıdırlar”. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir