Modern.az

Üzeyir bəyin ağrılı günləri - Bəstəkarın qardaşına yolladığı çörəkpulu, Səməd Vurğunun göz yaşları…  

Üzeyir bəyin ağrılı günləri - Bəstəkarın qardaşına yolladığı çörəkpulu, Səməd Vurğunun göz yaşları…   

18 Sentyabr 2017, 17:48

Bu gün dahi bəstəkar, ictimai xadim, publisist Üzeyir bəy Hacıbəylinin anadan olduğu gündür.

Modern.az saytı böyük publisist, maarifçi və bəstəkarın həyatının kövrək anlarını özündə əks etdirən iki epizodu təqdim edir. Qeyd edək ki, Üzeyir bəyin həyatında kövrək məqamlar heç də az olmayıb; ömrünün acı illəri, fərəhli illərinə hər zaman üstün gəlib.

Başlayaq, bəstəkarın ən böyük nisgili qardaşı Ceyhun Hacıbəylidən... Versal Sülh Müqaviləsi üçün Parisə yollanan və daha geri qayıda bilməyən jurnalist Ceyhun Hacıbəyli ömrü boyu ailəsinin həsrəti ilə yaşadı. Onlar ancaq məktub vasitəsilə görüşürdülər. Təsəvvür edin ki, Üzeyir bəy öz sosial təminatını ömədəklə yanaşı, Parisdə ağır durumda olan qardaşı üçün də pul yollayırdı. Məktublarının birində Üzeyir bəy qardaşı Ceyhuna belə yazır:

“Mən sənə 2  mart tarixli məktub və pul göndərdim. Alıb-almadığın barədə məlumat vermirsən. Yenə bu kağızla sənə pul yollayıram. Yetişdiyi barədə mənə xəbər verərsən.
Burada Maarif Komisarlığı tərəfindən “Maarif və mədəniyyət” adında yaxşı jurnal nəşr edilir ki, ayda bir kərə çıxır. Sən o jurnala hər ay bir məqalə yazıb göndər ki, məzmunu ədəbiyyata aid olsun. Xüsusən də fransız ədiblərinin türk ədəbiyyatı haqqındakı fikirlərini, qərəz, ədəbi şeyləri yazsan, 200-300 sətirlik məqalənin qonararı 20 manatdan çox edər. Alıb hər ay sənə yolladığım pulun üzərinə əlavə edərəm. Məqaləni mənim üstümə göndərərsən. Əlavə, buradakı türk qəzetlərindən biri  üçün  Paris həyatından mütəmadi məqalələr yazsan, o da mədaxili
artırar.  Bu xüsusda mənə yazıb bildirsən, mən vasitəçilik edərəm”.


Üzeyir bəy ilk dəfə qardaşına pul yollayan zaman məktubda bu sözləri yazıb:

 

“Biz bunu Zülfüqarla öz boynumuza götürdük və qərara gəldik ki, sənin etirazına baxmayaraq, hər ay uşaqlar üçün pul göndərək, bir şərtlə ki, həmin pul 50 manatdan az olmasın. Bu bizim üçün mümkündür, ağır deyildir. Çünki hər ikimizin gəlir yerimiz vardır.

Sabah və ya biri gün sizə teleqrafla pul göndərəcəyik. Bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyim pullar sizə bir aya çatmasa da, maddi pərişanlığınızı bir qədər intizama salar”.

 

Bu kimi faktlar bitdikcə, bitən deyil. Üzeyir bəy öldüyü gün də “Ceyhun” deyərək, dünyasını dəyişib. Bir gün qardaşı vətənə dönüb burada vəfat edərsə, onun öz məzarının yanında dəfn edilməsini vəsiyyət edib.

Sankt-Peterburqda oxuduğu zaman hər manatı ehtiyatla xərcləyən Üzeyir bəy yaxın dostu Müslüm Maqomayevdən (bu gün həm də onun da ad günüdür) borc pul istəməyə utanarmış. Bəyin ömrünün sonuna təsadüf edən daha bir kövrək xatirəni təqdim edək.
(Bu xatirə  “Elm və həyat” jurnalı, 1971-ci il buraxılışından götürülüb)

 

“Üzeyir bəyin ömrünün son günləri idi. Neçə gün idi ki, çarpayısında xəstəhal yatırdı. Səməd Vurğun ağır, asta addımlarla içəri keçdi. Yataq otağının qapısı açıq idi. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Qəmgin və tutqun idi. Səməd özünü tox göstərməyə çalışaraq, addımlarını bir az yeyinlətdi… Yatağına yaxınlaşdıqda Üzeyir bəy qalxıb ona əl vermək istədi, bacarmadı… Səməd həyəcanını boğmağa çalışaraq əyilib onun soyuq əllərindən öpdü. … – Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Gözlərini bir nöqtəyə dikərək asta-asta öz sualına cavab verdi:

- Köçmək gərək bu dari-fənadan yavaş-yavaş…

 Səmədin ürəyi hüznlə sızladı. Artıq özünü saxlaya bilməyib, dizi üstə yerə çökərək, onun taxtını qucaqladı və uşaq kimi ağlamağa başladı. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayıb dərindən köks ötürdü və bir az həzin və bir az sakit və aramla:

- Yox, yox, vaxtdır, – dedi, – köşmək gərək, köçmək bu dari-fənadan yavaş-yavaş!..”

 

N.Nihad

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir