Modern.az

Ramiz Abutalıbov: “Heydər Əliyev Fondunun Moskva filialı çox böyük işlər görür”

Ramiz Abutalıbov: “Heydər Əliyev Fondunun  Moskva filialı çox böyük işlər görür”

5 Sentyabr 2009, 12:29

Ramiz Abutalıbovun təqdimata ehtiyacı yoxdu. Uzun illər YUNESKO-nun rəhbərliyində çalışan bu soydaşımız indi  təqaüddədir və Moskvada yaşayır. Vaxt tapan kimi qısa müddətdə Azərbaycana gəlır. Bu dəfəki gəlişində  o, Modern.az-ın qonağı oldu. Fürsətdən istifadə edib tanınmış ictimai xadimə bir neçə sualla müraciət etdik.

-        Uzun illərdir Moskvada yaşayırsınız. Oradakı Azərbaycan diasporunun fəaliyyəti sizi qane edirmi və diaspor təşkilatları ilə necə işləyirsiniz?

-        Son 5 ildə Moskvada Azərbaycanla bağlı 40-a yaxın kitab çap olunub və onların 12-də təşəbbüskar, iştirakçı olmuşam. Bu kitablara misal olaraq, Aydın Balayevin “Fevral inqilabı və əyalətlər. 1918-ci il mart hadisələri”, Çingiz Hüseynovun “Bitməmiş məktub”, İlqar Məmmədovla Tofiq Musayevin “Erməni -Azərbaycan münaqişəsi: tarix, hüquq, vasitəçilik”i göstərə bilərəm. Əlavə olaraq qeyd edim ki, mənim Parisdə “İllər və görüşlər” , “Özgələr yanında doğma, doğmalar yanında özgə” adlı məqalələrim dərc olunub. Qeyd edim ki, Moskvada Azərbaycanla bağlı kitabların çap edilməsində Heydər Əliyev Fondunun  Moskva filialı çox böyük işlər görür. Eləcə də Moskvadakı iş adamları olan soydaşlarımız bu işdə kömək edirlər. Bilirsiniz, Avropa və Amerikaya baxanda Moskvada təbliğat daha güclüdür. Çünki uzun illər bu şəhər bizim də tərkibində olduğumuz keçmiş SSRİ-nin paytaxtı olub, dil yaxınlığımız var, əlaqələrimiz genişdir. Moskvaya Bakıdan gedib-gəlmək də çox rahatdır. Bunların hamısı diasporun fəaliyyəti üçün əsas amillərdir. Moskvada “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti var və mən də onun işlərində daha yaxından iştirak edirəm. Əsas fəaliyyətimiz Azərbaycan tarixi ilə bağlı yerli əhalini və həmyerlilərimizi müxtəlif  istiqamətlərdə maarifləndirməkdir.  Sonda bir şeyi də qeyd edim ki,  Rusiyada ən güclü diaspor Azərbaycan diasporudur.

-        Azərbaycanın dünya səviyyəsində təbliği sizi qane edirmi, bununla bağlı hansı təklifləriniz var?

-        Bu gün Azərbaycan daha çox dünyaya öz kitabları və mədəniyyəti ilə çıxa bilir. Əvəllər hər hansı bir azərbaycanlı müğənnin  Avropada yaşayan həmvətənlisinə konsert verməsi mümkün deyildi. İndi bu sahədə heç bir problem yoxdu. Nə təklif edə bilərəm, fəaliyyətimizi daha da genişləndirməliyik və bu sahəyə maddiyatı gücləndirmək lazımdır. Çünki bu gün, məsələn, bir çox kitabın çap olunub dünyada yayılması üçün maliyyə çox vacibdir.

-        Ramiz müəllim, bu günkü gənclərin səviyyəsini necə qiymətləndirirsiniz va onlara nəyi tövsiyyə edərdiniz?

-        Adını unutduğum bir müdrik deyir ki, “insan ömrünün birinci yarısında yaşlıları tənqid edir, ikinci yarısında isə gəncləri”. Azərbaycan gəncliyi öz tarixini və tarixi şəxsiyyətlərini tanımalıdır. Gənclik bilməlidir ki, ümumbəşəri dəyərlər digər ölkələrdən daha çox bizə əzizdir. Bizim tarixi Azərbaycan Demokratik Cümhuriyyətini hər zaman təbliğ etmək lazımdır. Məsələn, mən yaxın zamanlarda bilmişəm ki, 1918-ci ildə ADR elan olunmamışdan əvvəl Şaumyanın dəstəsi ilə ADR-çilər arasında Göyçay yaxınlığında döyüş olub. Döyüşü biz qazanandan sonra Tiflisə xəbər gödərilib ki, artıq ADR-i elan edə bilərik. Amma bir şeyi də deyim, gənclərə bunların zorla öyrədilməsini istəmirəm. Rəsulzadəni hər kəs özü tapmalıdır. Bir də bizim gəncliyin formalaşmasında müxtəlif amillər var ki, bunları qeyd etmək istərdim. Məsələn, “Elin dərdinə qalan kor olar” fikri. Burdan belə çıxır ki, heç kəs elinin dərdinə qalmasın. Mən bu atalar sözünün əleyhinəyəm. Uşaq vaxtı anam deyirdi ki, erməni və yəhudiləri döyməyin, çünki onların şahları olmayıb. Amma bizim Şah Abbasımız olub. Tarix boyu İran kimi bir ölkə ilə daim sərhəddə yaşamaq və onların əsarətində olmaq bu gün özünü büruzə verir. Bundan əlavə, Azərbaycanda kitablar çox bahadır və  kitaba marağın azalmasının bir səbəbi də budur. İstərdim ki, gənclərə kitab oxuma mədəniyyəti hər zaman təbliğ edilsin.

-        Təqaüdə çıxanda demisiniz ki, ADR-lə bağlı sizdə olan araşdırma arxivini milli arxivə verəcəksiniz. Bunu etdinizmi və hələ də heç kəsə vermədiyiniz materiallar qalıbmı?

-        Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər Topçubaşovla, Ceyhun bəy Hacıbəylinin oğlu Timurçinlə, Ümmülbanu xanımla, Əli bəy Hüseynzadənin oğlu Səlim Turanla və başqaları ilə Parisdə görüşərək onlardan arxivləri əldə etdim. Bundan başqa Fransanın Xarici İşlər Nazirliyində olan ADR-lə bağlı arxivi əldə etmişəm. Bu zəngin arxiv sənədlərini Bakıdakı Ədəbiyyat və İncəsənət Arxivinə təhvil vermişəm. Arxivə verdiyim Məmməd Əmin Rəsulzadənin Ceyhun bəy Hacıbəyliyə yazdığı 55 məktubu heç kəs araşdırmır və heç kəsin marağında deyil. Bu, biganəlikdir.

 

Rövşən Nəcəfov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir