Modern.az

Azərbaycanlı tələbələr təhsil almaq üçün ən çox bu ÖLKƏLƏRƏ gedirlər  

Azərbaycanlı tələbələr təhsil almaq üçün ən çox bu ÖLKƏLƏRƏ gedirlər  

26 Sentyabr 2017, 11:02

Hər il kifayət qədər azərbaycanlı gənc müxtəlif məqsədlərlə xarici ölkələrə üz tutur. Onların arasında təhsil almaq üçün gedənlər də az deyil. Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları görürük.


Maraqlıdır, azərbaycanlılar təhsil üçün  daha çox hansı xarici ölkələrə üstünlük verirlər?

Azərbaycanlı tələbələr əsasən təqaüd proqramları ilə maraqlanırlar

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev Modern.az-a deyib ki, bu istiqamətdə ötən illərlə müqayisədə xeyli fərq var:

“Bu il xaricdə təhsil almaq istəyən azərbaycanlılar daha çox İtaliyaya üstünlük verirlər. Səbəb isə həmin ölkə üçün nəzərdə tutulan təqaüd proqramlarıdır. Buna baxmayaraq, səfirlik bir çox tələbəyə viza üçün rədd cavabı verir.  Hazırda 2000-dən çox tələbə bu problemdən əziyyət çəkir. Eyni zamanda, hər il olduğu kimi, bu il də 200 tələbə təhsil almaq üçün Macarıstana üz tutdu. Lakin müraciət edənlər minlərlə idi. Hazırda azərbaycanlı tələbələr əsasən təqaüd proqramları ilə maraqlanırlar.

Əvvəlki illərə nisbətən xarici üz tutmaq istəyən azərbaycanlılar arasında böyük fərqlər var. Belə ki, devalvasiyadan öncə insanlar çox rahat şəkildə övladlarını xaricdə oxuda bilirdilər. Məsələn, bir valideyn övladına rahatlıqla 300 dollar göndərə bilirdi. Lakin getdikcə bu proses çətinləşdi”.

Almaniya, Ukrayna, İngiltərə....

Ekspertin sözlərinə görə, çətinliklərə baxmayaraq, xarici ölkələrdə təhsil almaq üçün müraciət edənlərin sayı azalmayıb:

“Azərbaycanlıların ən çox üz tutduğu ölkələri  ardıcıllıqla sadalamalı olsaq, ilk yeri Almaniya tutar. Çünki burada təhsil pulsuzdur. Daha sonra qeyd etdiyim kimi, təqaüd proqramlarına görə İtaliya, xərclər az olduğu üçün Türkiyə, yaxınlıq baxımından Ukrayna, Gürcüstan, yenə təqaüd səbəbindən Macarıstan, İngiltərə, Amerika, Kanada kimi ölkələri sıralamaq mümkündür. Eyni zamanda, Rusiya da bu siyahıya daxildir. Əlbəttə ki, azərbaycanlı tələbələr əsasən burada akademiyalara, məsələn, fövqəladə hallar, polis, ədliyyə akademiyalarına üstünlük verirlər.

Əvvəlki illərə nisbətən xarici ölkələrdə təhsil almaq üçün müraciət edənlərin sayı azalmayıb. Lakin real olan tələbələr azdır. Məsələn, heç bir nəticəsi olmadan İngiltərədə, yaxud Amerika, ya da Kanadada təqaüd istəyənlər var”.

Tələbələr 700 manata yaxın xərc çəkib sənəd yığır, lakin səfirlik...

F.Hacıyev xarici ölkədə təhsil üçün nəzərdə tutulan təqaüd proqramlarının üstünlüklərindən də söz açıb:

“Digər tərəfdən xaricdə oxumağa gedənlərlə bağlı təbii ki, müəyyən problemlər yaranır. Məsələn, elə qeyd etdiyim kimi İtaliya  səfirliyinin bir çox tələbələrə mənfi cavab verməsi buna nümunədir. Yaxud Ukraynada diplom alıb gələnlərin çoxu ölkədə sənədlərini tanıda bilmirlər.

Təqaüd proqramlarının üstünlükləri çoxdur. Məsələn, Türkiyə bursları tələbəyə kifayət qədər şərait yaradır.  Verilən təqaüd tələbələrin xərclərini qarşılaya bilir. Bu proqramların ümumilikdə təhsil haqlarını, yaşam üçün minimum xərcləri  ödəmək öhdəliyi var. Bu səbəbdən hazırda tələbələr daha çox təqaüd proqramlarına müraciət edir.  Lakin İtaliya təqaüdündə maraqlı bir nüans var. Tələbələr 700 manata yaxın xərc çəkib sənəd yığır. Lakin sonra səfirlik onlara viza verməkdən imtina etdiyi üçün həmin sənədlərə ehtiyac da qalmır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi