Modern.az

“Heydər Əliyevlə eyni fikirdə olduğumu bildirirəm” – Prezidentlərin “ÜRƏK” dostu MAYKL DEBEYKİ

“Heydər Əliyevlə eyni fikirdə olduğumu bildirirəm” – Prezidentlərin “ÜRƏK” dostu MAYKL DEBEYKİ

2 Oktyabr 2017, 21:01

Günlərin birində dünya şöhrətli kardiocərrah Maykl Debeyki avtomobil mühərriki ustası ilə həmsöhbət olur. Usta cərraha söyləyir ki, bizim gördüyümüz iş demək olar ki, eynidir. Amma siz daha çox qazanırsınız. Biz isə qəpik-quruş sahibiyik. Debeyki düşünmədən cavab verir:

- Siz mühərriki təmir edəndə onu söndürərək dayandırırsınız. Biz isə ürəyi dayandırmadan onu təmir edirik. Aramızdakı fərq bundan ibarətdir.

Modern.az saytı amerikalı kardiocərrah, dünya şöhrətli Maykl Debeyki haqqında yazını təqdim edir.

Onu hələ sağlığında yüksək qiymətləndiriblər, ali mükafatlarla təltif ediblər, ən başlıcası isə ona dahi kimi baxıblar. Yaşadığı 100 ilin 75 ildən artıq bir hissəsini tibb elminə həsr edən Maykl Debeyki bu illər ərzində minlərlə ürək əməliyyatı həyata keçirib. Müasir ürək cərrahiyəsinin banisi sayılan Debeyki 1964-cü ildə dünyada ilk aortakoronar şuntlama əməliyyatının müəllifi olub.

Maykl Debeykini həmkarları və həm də dünya ictimaiyyəti tərəfindən dahiləşdirən onun ürək cərrahiyyəsi sahəsində etdiyi yeniliklər və kəşflər olub. Nəzərə alsaq ki, dünyada insan olümlərinin əsas səbəblərindən biri ürək xəstəlikləridir, onda amerikalı cərrahın kəşflərinin nə qədər dəyərli olduğunu dərk etmək bir o qədər də çətin olmaz. Məhz bu yeniliklərin sayəsində saysız-hesabsız insanlar öz ömürlərinə yeni ömür qatıblar.

Məşhur cərrahın ölümündən sonra Hyustondakı iş kabineti xatirə muzeyi kimi saxlanılır və bu geniş işıqlı otağın divarlarında boş yer yoxdur. Bu divarlarda Maykl Debeykinin diplomları, fəxri fərmanları, ali mükafatlarını əks etdirən sənədlər və bir də şəkillər sərgilənib. Şəkillərin arasında isə dünyanın bir çox məşhurları da yer alıb.

Öz ürəyini Debeykiyə etibar edənlərin arasında dünyanın məşhur simaları da azdeyil. O, qraf  Vindzorski, İran Şahı, İordaniya Kralı, Türkiyə prezidenti, amerika prezidentlərindən Kennedi, Conson, Hikson, Rusiya prezidenti Boris Yeltsin kimi məşhurların sağlamlıq durumu üçün öz bacarığını əsirgəməyib.

Maykl Debeyki 1973-cü ildə SSRİ Elmlər Akademiyasının prezidenti Mstislav Keldışın üzərində də ürək əməliyyatı aparıb. Əməliyyatın hazırlığına və gedişinə nəzarət edən akademik Yevgeni Çazov öz xatirələrində qeyd edib ki, uğurlu əməliyyatdan sonra amerikalı cərrah onun üçün nəzərdə tutulmuş mükafatlardan imtina edib.

Görkəmli cərrah, həmçinin, mərhum Heydər Əliyevin müalicəsində də iştirak edib. İlk tanışlıqdan sonra Maykl Debeyki ilə Heydər Əliyev arasında olan  həkim pasient münasibətləri sonradan yoldaşlıq müstəvisinə keçib. 1998-ci ildə Debeyki Azərbaycanda səfərdə olarkən o görkəmli dövlət xadimi Heydər Əliyev  və Azərbaycan haqqında səmimi fikirlərini bölüşüb:

“Cənab prezident Heydər Əliyev, Siz dünyada görkəmli şəxsiyyət, lider kimi tanınırsınız. Bir il öncə Hyüstonda məni ziyarət etməyinizdən şərəf duyduğumu bildirirəm. Mənim bu bölgədə baş verən hadisələrdən, Prezident Heydər Əliyevin Azərbaycanda və bütün regionda apardığı böyük işlərin bölgəyə sabitlik gətirməsindən məlumatım var. Ölkənizdəki qonaqpərvərliyi heç bir yerdə görmədiyimi vurğulayıram və məni Bakıya dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm...

... 907-ci maddə ilə bağlı Prezident Heydər Əliyevlə eyni fikirdə olduğumu, Ermənistanın işğalçı qüvvələri tərəfindən doğma yerlərindən zorla çıxarılmış qaçqınların ağır vəziyyətini öz gözlərimlə gördüyümü bildirirəm.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, biz ABŞ-a qayıtdıqdan sonra konqresmenlərimizlə bu barədə danışacağıq...”

Həyata özünəməxsus baxışları olan Debeyki vaxt məhdudluğuna baxmayaraq, jurnalistlərlə söhbət etməkdən zövq alıb, kütləvi informasiya vasitələrinin nümayəndələrinə böyük rəğbətlə yanaşıb. Cərraha ünvanlanan sualların cavabı isə çox maraqla qarşılanıb.

Ürəyin sağlam olması və normal fəaliyyəti ilə bağlı verilən çoxsaylı suallara Maykl Debeyki çox sadə cavab verib:

“Ürəyin sağlamlığını təmin etmək olduqca asan bir işdir. Bunun üçün həyat tərzinə və qidalanmaya diqqət yetirmək kifayətdir. Ürəyin ən çox sevdiyi qida məhsulları meyvə və tərəvəzdir. Ət məhsullarını da qida rasionuna daxil etmək olar. Amma onun yağlı hissələrini kəsib kənara atmaq şərtilə.

Çox yemək ürəyin birinci düşmənidir. Orqanizmin qidalanması az-az və tez-tez olmalıdır.

Ürəyin normal fəaliyyəti üçün əsas amillərdən biri siqaretdən uzaq olmaqdır. Elə düşünün ki, siqaret çəkən insan ürəyinə çəkdiyi siqaretlərin sayı qədər mismar vurur.

Daha çox piyada gəzmək və təmiz havada olmaq ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Elə bu səbəbdən də işin çoxluğundan, vaxtın məhdudiyyətindən asılı olmayaraq təmiz havada gəzintilərə vaxt tapmaq vacibdir.

Ürəyin daha bir ciddi düşməni stressdir. Stressdən qaçmaq lazımdır. İndi yəqin deyəcəksiniz ki, bu mümkün deyil. Tutaq ki, mən bununla razılaşıram. Amma razılaşmadığım digər bir məsələ var. Bir çox insanlar bir az çətinliyə düşən kimi, gərginlik yaşadığı anlarda ürəyinə rahatlıq vermək üçün konyak, yaxud viski içir. Bu tamamilə yanlışdır. Ürəyin sakitliyi və rahatlığı üçün konyak içmək çıxış yolu deyil. Bunun daha səmərəli və effekt verən yolları var. Məsələn, maraqlı bir kitab oxumaq, komediya janrında olan bir filmə baxmaq və ya təbiətin qoynuna çıxmaq. Zövqün istiqamətini məhz bu səmtə çəkmək lazımdır.

Tez-tez mətbuatda belə bir yanlış fikirlərlə də rastlaşıram ki, guya qırmızı şərab ürək üçün faydalıdır. Qırmızı şərab az miqdarda orqanizm üçün zərərli deyil, amma ürək üçün də heç bir faydası yoxdur. Əgər kimsə qırmızı şərab içmək istəyirsə, qədərində içsin. Amma onu içəndə heç də ürəyini bəhanə etməsin.

Ürəyinizin sağlam olmasını istəyirsinizsə yağda qızardılmış yeməklərdən istifadə etməyin. O cümlədən bitki yağlarında da. Xörək hazırlamağın başqa yolları da var. Yağdan imtina ürəyin 5-7 il cavan qalması deməkdir.

Gördüyünüz kimi mən qeyri-adi bir şey söyləmirəm və çoxlarımız da bunları bilirik. Amma təəssüflər olsun ki, bunları bilə-bilə öz ürəyimizə düşmən kəsilirik...”

Maykl Debeykinin həyatının ən ağır günlərindən biri 1972-ci ildə həyat yoldaşı Diana Kuperin ölüm günü olub. On minlərlə insanın ürəyinə şəfa verən kardiocərrahın həyat yoldaşı infarktdan dünyasını dəyişib. Bu nikahdan onların dörd oğlu olub. Üç ildən sonra Debeyki alman aktrisası Katrin Felxaberlə ailə həyatı qurub və onların bir qız övladı dünyaya gəlib.

97 yaşında Debeykinin özünün də ürək əməliyyatına ehtiyacı olub və o bunu böyük cəsarətlə elmi rəhbəri olduğu ürək cərrahlarından birinə həvalə edib. Uğurlu əməliyyatdan bir həftə sonra Debeyki öz əvvəlki gümrah durumu ilə fəaliyyətini davam etdirib. Bu əməliyyat yaşa görə keçirilən ən uğurlu əməliyyat kimi Ginnesin rekordlarına daxil edilib.

Yaşadığı bütün illər ərzində Maykl Debeyki iş otağının hansı mərtəbədə yerləşməsindən asılı olmayaraq liftdən istifadə etməyib və əksər hallarda işə piyada getməyə üstünlük verib.

Maykl Debeyki ömrünün son günlərinə qədər cərrah masasının arxasında dayanıb. O, 100 yaşına iki ay qalmış, 11 iyul 2008-ci ildə vəfat edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir