Modern.az

Qalmaqallı dərsliyin müəllifi DANIŞDI: “Xəritədə göstərilən Armeniya indiki Ermənistan deyil”  

Qalmaqallı dərsliyin müəllifi DANIŞDI: “Xəritədə göstərilən Armeniya indiki Ermənistan deyil”   

Təhsil

7 Oktyabr 2017, 15:47

Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Dərsliyin müəlliflərindən biri – təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Modern.az saytına danışıb:

“Təəssüf ki, bizim uğurlu işimizə kölgə salmaq istəyən şəxslər əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub. Bu artıq  göstərir ki, bəzi insanlarda erməni xofu var və  baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər. Həmin xəritə 10-cu sinif rus bölmələri üçün  “Ümumi tarix” kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir. Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb.

Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir. Xəritə qədim dövr Roma sərhədlərini göstərir. Bənövşəyi xətlə göstərilən ərazilər Romanın işğal etdiyi yerlərdir. Orada Roma imperiyasına daxil olan bütün ərazilər Assuriya, Mesopotamiya da göstərilib. Əgər belədirsə, Ərəb Xilafəti xəritəsində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir

Məsələ nədən qaynaqlanır?

Təəssüf ki, Azərbaycan dilində xəritələrlə bağlı ciddi resurs problemimiz var. Biz bu dövrlə bağlı xəritəni Roma arxivlərindən əldə etmişik. Orada göstərilir ki, eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər  romalıların əhatə etdiyi ərazi budur.  Birincisi, orada göstərilən Armeniya ərazisi indiki Ermənistan deyil. Tarixdən anlayışı olmayan, özünü vətənsevər kimi göstərənlər bilsinlər ki, eramızdan əvvəl 66 və 65-ci ildə Pompeyin yürüşündən sonra Albaniya  ərazisi Romaya tabe edildi. Eramızdan əvvəl 20-ci ildə  Atropatenada hökmdar Romanın vasitəsilə hakimiyyətə gəlmişdi. Bu o deməkdir ki, eramızdan əvvəl 1-ci əsrdə qeyd olunan  ərazilər Romaya tabe idi. Orada  bənövşəyi rəngdə göstərilən sərhədlər  Roma imperiyasının sərhədləridir.  Dəfələrlə tarixdən anlayışı olmayanlara demişəm ki, gəlin sizə tarix öyrədim. 359-cu ildə Amid döyüşündə, 371-ci ildə  Dzirav döyüşündə romalılarla sasanilər toqquşanda  romalıların müttəfiqi ermənilər, sasanilərin müttəfiqi isə Albaniya  idi. Həmin vaxt Albaniya müəyyən ərazilər itirmişdi. Bu o demək deyil ki, qeyd olunan yer erməni dövləti idi. Sadəcə  ermənilər bu ərazini tabe etmişdilər və oranı vilayət kimi  idarə edirdilər. Burada heç bir Ermənistan xəritəsindən söz gedə bilməz”.


K.Əsədov qeyd edib ki, səsləndirilən fikirlər savadsız yanaşmadır:

“Burada Assuriya, Mesopotomiya da göstərilib. Konkret Ermənistan ərazisi göstərilməyib. Orada  Romanın sərhədləri əks olunub. Bu cür yanaşma Azərbaycan alimini elmdən, təhsildən uzaqlaşdırır. Bu qədər savadsız yanaşma olmaz.  Biz bu kitabı 4-5 dildə dərc etdirmişik. Mən kitabın Azərbaycan dilinə də baxmışam, orada bu, yoxdur, silmişik. Bunu faciə çevirmək lazım deyil. Bu, texniki qüsurdur.

 Əgər siz Roma imperiyasını erməni ərazisi kimi görürsünüzsə, bu artıq sizin gözünüzdə də qüsur olduğunu göstərir. Bunlara xidmət etmək olmur və gənc insanın uğurunu qəbul edə bilmirlər. Bunlar ermənidən də betərdirlər. Kitabda qüsur yoxdur. Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir