Modern.az

Zemfira Məhərrəmli: “Ombudsman Aparatından gedəndə məni xeyli qınayan oldu” - MÜSAHİBƏ

Zemfira Məhərrəmli: “Ombudsman Aparatından gedəndə məni xeyli qınayan oldu” - MÜSAHİBƏ

26 Oktyabr 2017, 11:40

Tanınmış jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli Modern.az saytının qonağı olub. Onunla müsahibəni təqdim edirik:

- Zemfira xanım, jurnalist fəaliyyətinizə nəzər saldıqca, Qarabağ müharibəsi dövründə daha çox cəbhə bölgələrindən yazdığınız materiallar diqqəti çəkir. Necə xatırlayırsız o illəri?

- Olduqca həssas bir dövrə toxunursuz. Həmin anları ürək ağrısı ilə yaşamışıq. Gəlişigözəl sözlər olmasın, amma yaşantılarımın hamısı yazılarımda və xatirimdədir. Elə bir dövr gəldi ki, nankor qonşularımızın-erməni millətçilərinin torpaq iddiaları ilə üzləşdik. Qarabağ müharibəsi alovlandı.  Cəbhə bölgələrinə getməyə çox can atırdım. Təbii ki, qadın jurnalist üçün ekstremal şəraitə düşmək, cəbhəyə getmək, reportajlar hazırlamaq, hər hansı döyüş əməliyyatı haqqında yazmaq, komandirlərdən açıqlamalar almaq elə də asan deyildi. Həmişə içimdə bir həyəcan hissi də olub. 1991-ci ilin yanvarında cəsur həmkarımız Salatın Əsgərova şəhid olmuş, beş yaşlı oğlu Ceyhun anasız qalmışdı. Ona görə də ailəm, uşaqlarımla bağlı düşüncələrimdə bir narahatlıq vardı və bu, təbii idi. Amma qərarlı idim. Atəşkəs əldə olunana qədər ön xəttə -Ağdam,Tərtər, Ağdərə, Cəbrayıl və digər döyüş bölgələrinə jurnalist qrupları, cəbhəyə yardım aparan qadın təşkilatları ilə birgə səfərlər etmişdim. Cəbhə reportajlarım çalışdığım "Bakı" və "Baku" qəzetlərində dərc olunurdu. O vaxt  qızlarım Aytən və Şəhla balaca idi, onlara  anam baxırdı. Dövr çətin olduğundan anamın bizdən bir ricası vardı. Deyirdi: “Ay bala, Qulu (həyat yoldaşı, tanınmış jurnalist Qulu Məhərrəmli-red.) gedəndə sən getmə. Biriniz gedəndə, o biriniz evdə qalsın”. 

- Qulu müəllim artıq o vaxt tanınmış telejurnalist idi.  O da cəbhə bölgəsindən silsilə yazılar hazırlayırdı?

- Əlbəttə, Qulu müəllim AzTV-də “Xəbərlər” proqramında çalışırdı, həm reportyorluq edir, həm də xəbər buraxılışlarını aparırdı. O zaman tez-tez də olmasa, cəbhə bölgələrindən reportajları gedirdi, siyasi şərhlərlə çıxış edirdi. Onun 1991-ci ilin dekabrında çəkiliş qrupu ilə birgə Xocalıda təxminən on gün mühasirədə qalması, geri dönərkən vertolyotlarının atəşə tutulması acı xatirə kimi yaddaşımdadır. Özü də o, Xocalıya gedəndə biz narahat olmayaq deyə, Ağdamda çəkiliş edib qayıdacaqlarını bildirmişdi. Təsəvvür edin: 1991-ci ilin Yeni il gecəsi evdə Qulu müəllimsiz oturmuşuq. Birdən ev telefonuna zəng gəldi ki, Xocalıya cavab verin. Xəttin o başından Qulunun gümrah səsi gəldi, uşaqların Yeni ilini təbrik etdi, sonra da dedi ki, “narahat olma, yəqin vəziyyətdən xəbərin var. Vertolyot olmadığından gələ bilmirik”. Nə isə... Qulu müəllim təxminən on gündən sonra Xocalıdan evə gəlib çıxa bildi.

- Həm ailəli idiniz, həm də azyaşlı uşaqlarınız vardı. Bir tərəfdən vəziyyət gərgin idi, digər tərəfdən isə ailəni, uşaqları qoyub qaynar bölgələrə səfərlər edirdiniz. Qulu müəllimin reaksiyası maraqlıdır. “Getmə” kəlməsini dilinə gətirirdi?

- Bir-iki dəfə eşitdirmişdi...  Özü döyüş bölgələrində olduğundan, hər an ölüm-itimi gördüyündən, təbii ki, içində narahatlığı vardı. Xüsusən Xocalı səfərindən sonra o deyirdi ki, atılan güllələr jurnalist-filan tanımır. Həqiqətən də təhlükələr adamın lap yaxınlığında olurdu. Mən bəzən kazarmalarda qadın döyüşçülərlə bir yerdə qalmışam, yaralıların axın-axın gətirildiyi anları görmüşəm. Müharibənin dəhşətləri bir deyil, iki deyıl... Danışdıqca qurtarmaz. İnanın, bəzən şəhid olanlarla yaralıları eyni maşında gətirirdilər, yaralılar inildəyirdi. Hərbi-səhra hospitallarında nələr görməmişəm!

Bir də ev-ailə qayğıları vardı axı. Mənə təsir edən bir məqamı danışacam. 1993-cü il oktyabrın sonları idi. Ağdərə və Tərtərə səfər zamanı evə zəng edərkən birinci sinifdə oxuyan kiçik qızım telefonda ağlaya-ağlaya soruşdu  ki, “mama, sən gəlmirsən?! Məktəb formamın yaxalığındakı və qollarındakı çirklənən ağları  bəs  kim yusun?”... Belə həssas məqamlar çox olurdu.

- Bəs Qulu müəllimlə ailə münasibətləriniz necə formalaşdı?

- Onunla tələbə yoldaşı olmuşuq. 1973-78-ci illərdə Jurnalistika fakültəsində birgə oxumuşuq. 1979-cu ildə  ailə qurduq. Görünür, xarakterimiz uyğunuydu, həyata, dünyaya baxışımız üst-üstə düşürdü. Görünür, torpağımız bir yerdən götürülmüşdü.  

Ümumiyyətlə, yaradıcı  adamlar, o cümlədən jurnalist xanımlar üçün məişət qayğıları çətin olur. O qadın jurnalistlərin bəxti gətirib ki, həyat yoldaşları ilə eyni peşənin sahibidirlər, bu baxımdan  həmkarları onları daha yaxşı başa düşür. Bizimlə eyni qrupda oxuyan qızlardan cəmi bir neçəsi ali məktəbi bitirdikdən sonra  jurnalistikaya gəldi. Tələbə yoldaşımız, rəfiqəm Rəhilə Qasımovanın (indi Rəhilə Gülgün imzası ilə tanınan istedadlı xanım jurnalist) adını çəkə bilərəm. Rəfiqəmin bəxti həm də onda gətirib ki, o, tələbə yoldaşımız, gözəl şair, publisist Vaqif Bəhmənlinin ömür-gün yoldaşıdır.

Həyatda ən böyük dayağım Qulu müəllim olub. Hərdən soruşurlar ki, niyə “Qulu müəllim”  deyirsiz, elə Qulu deyin də. Necə deyim axı, bu adam mənim böyük həmkarımdır, həm də həqiqətən müəllimdir, özü də adı böyük hərflərlə yazılan müəllim. Mənim də Jurnalistika fakültəsində dərs demək arzum vardı. Bununla bağlı dəvətlər olsa da, işlərimin çoxluğu imkan verməyib.


- Amma Qulu Məhərrəmli həm Jurnalistika sahəsində nüfuzlu alim, həm də daha çox telejurnalist olaraq tanındı. Maraqlıdır, siz niyə telejurnalist olmadınız?


- Əslində, mənim də ixtisasım televiziya jurnalistidir. Hər ikimizin təyinatını Azərbaycan Televiziyasına vermişdilər. Amma taleyimə qəzetçilik düşdü. Bir neçə nəslin, o cümlədən mənim mənsub olduğum jurnalistlər nəslinin ustadı, hələ sağlığında mətbuatımızın klassiklərindən biri olan Nəsir İmanquliyevin yaratdığı, fasiləsiz 30 il rəhbərlik etdiyi “Bakı" və "Baku” qəzetləri mənim də doğma qəzetlərim oldu. Hələ universitet illərimdə bu sevilən qəzetlərə yazılar  yazırdım.            

 Sonuncu kursda oxuyurdum. Qrup nümayəndəsi olduğumdan dekanlığa jurnal götürməyə getmişdim. Nəsir müəllim mənimlə qarşılaşıb əhvalımı, dərslərimi soruşdu. Hər şeyin yaxşı olduğunu söylədim.  Təyinatımın televiziyaya verildiyini biləndə Nəsir müəllim “bu necə ola bilər? Sən gül kimi qəzetçisən" dedi. Halbuki, televiziya ixtisasını da öyrənmişdim. Nəsir müəllim mənimlə birgə dekanın kabinetinə getdi,  mənim TV-yə təyinatıma etiraz edib, onu dəyişdirməyə nail oldu. Beləliklə, mənə tələbnamə veriləndən sonra  “Bakı" və "Baku” qəzetlərində müxbir kimi çalışmağa başladım.

- Qulu müəllim çox populyar insan idi. Bir-birindən maraqlı proqramlarla tamaşaçı qarşısına çıxırdı. Belə olan təqdirdə içinizdə həyat yoldaşınıza qarşı bir qısqanclıq yaranırdımı? Heç düşünürdünüz ki, kaş  mən də telejurnalist olaydım...

- Əslində, ömür-gün yoldaşıma qibtə hissim həmişə olub. Çox dinamik, yaradıcı, təşəbbüskar, bütün məsələlərdə vəziyyətdən tez çıxış yolu tapa bilən adamdır. Xaraktercə mülayim və xeyirxahdır, amma yaradıcılıq işlərində, bir də prinsipial məslələrdə sərtdir, kimsəyə güzəştə getməz. Onun uğurları ilə daim qürrələnmişəm.

Bir məqamı da deyəcəm. İndi bəzi televiziya adamları, istedadına və yaradıcı qabiliyyətinə görə deyil, sadəcə efirdən görünən sifətinə görə tanınırlar. Görün, qəzetlərimizdə nə qədər istedadlı qələm sahibləri, o cümlədən bacarıqlı jurnalist qızlarımız çalışır, amma onları çoxları tanımır, onlar çox vaxt populyar ola bilmir, sanki kadr arxasında qalırlar. Halbuki, TV-də ikicə şou verilişi aparan, heç də böyük istedad sahibi olmayan aparıcıları elə tez tanıyırlar ki... 

- Siz bir ara AzTV-də veriliş aparmısınız.  Necə bir proqram idi?

-  Televiziyaya həmişə meylli olmuşam. Elə oldu ki, AzTV-də 1991-1992-ci illərdə qadınlar üçün “Ana sözü” adlı ictimai-siyasi proqram açıldı. O proqramın aparıcısı və müəllifi mən oldum. O zaman televiziyanın rəhbəri Qeysər Xəlilov idi.

Çətin dövr olduğundan verilişdə də bir az ağrılı mövzular daha çox yer alırdı... Nə olur olsun, qəzetçilik  məni həmişə ahənrüba tək özünə çəkib.

- İndiki dövrdə qəzetlərin reytinqi sıfıra düşüb. Sizin çalışdığınız dövrün oxucuları ünvanı  dəyişib.  Qəzet oxumaq vərdişi, sanki unudulub.  Məsələn, qəzetlərdan daha çox saytlar oxunur.

- Razıyam sizinlə. Qəzetlərin sayı çoxdur, amma oxucu az. Sadəcə, qəzetlərin milli problemləri lazımınca əks etdirə bilməməsi, bəzən də qütblərə ayrılması narahatliq doğurur. Azərbaycan mediasının ən böyük problemi də budur. Unutmayaq ki, bir Azərbaycan qayəsi var... Harada çalışmışıqsa, bizim  üçün birinci yerdə dövlətçilik olub. Dövlətçilik və xalqımızın rifahı naminə yazmaq! Əqidəmiz bu olub.

- Arxiv şəkillərinizə baxanda İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilə birgə fotolarınızı  gördüm. On dörd ilə yaxın bir müddətdə bu təsisatın mediaya çıxışını yönləndirmisiniz. Tanınan mətbuat katiblərindən biri kimi ictimaiyyətə açıq olmanızla fərqlənmisiniz...

- Kimya elmləri doktoru, professor Elmira xanım Süleymanovanı qadın hərəkatından tanıyıram. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri kimi çalışırdı. O, geniş elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan Qadın və İnkişaf Mərkəzini yaratmış, yurdcanlı, çalışqan qadınları bir araya gətirmışdi. Tez-tez cəbhə xəttində olur, əsgərlərlə görüşür, mübariz ruhlu çıxışları ilə onların döyüş əzmini artırır, yurd müdafıəçiləri üçün yardımlar təşkil edirdi. Qaynar bölgələrə dəfələrlə birgə səfərlərimiz olub. 

   
2002-ci ildə Ombudsman təsisatı yaradılanda “Bakı” və "Baku” qəzetlərində Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri idim. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın dəvəti ilə tezliklə bu yeni qurumdaİnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq fəaliyyətə başladım.Mətbuat katibi kimi təsisatın imicini formalaşdırmaq, mediaya açıqlığını təmin etmək üçün səylərimi əsirgəmədim.Mətbuat xidməti institutu, ictimaiyyətlə əlaqələr, habelə yeni media mövzularında  keçirilən beynəlxalq konfranslarda ölkəmizi və təsisatımızı təmsil etdim.

- Bəs  niyə illər keçəndən sonra mətbuat katibliyindən getmək qərarını verdiniz? Daha məmur olmaq istəmədiniz?

- Həyatda heç nə daimi deyil. Düşündüm ki, bu qədər kifayətdir. Hətta buna görə məni qınayanlar  da oldu. Halbuki, Elmira xanım getmək fikrimi eşidəndə ciddi etiraz etmişdi. Əslində, yaradıcı mühit üçün darıxmışdım. Yaradıcılığa qayıtmaq, müstəqil jurnalist kimi çalışmaq, yarımçıq qalan bədii  əsərlərimi tamamlamaq istəyirdim.

Amma qeyd edim ki, Ombudsman Aparatında çalışdığım illəri həyatımın önəmli bir mərhələsi kimi dəyərləndirirəm. Mənə doğma olan kollektivlə əməkdaşlığım bugün də davam edir.


- Jurnalistikadan mətbuat katibi postuna qədər gəlib çıxdınız. Uzun müddət də Ombudsman təsisatında vəzifə tutdunuz. Bəs içinizdən Milli Məclisdə qadın hüquqlarını müdafiə etmək,  deputat olmaq istəyi keçdimi?

- Deputatlıqla bağlı bir iddiam olmayıb. Amma hansısa keyfiyyətlərimə görə məni seçsəydilər, xalqın layiqli elçisi olmağa çalışardım.


- Siz "Döyüşə qızlar gedir”, "Qarabağda savaş var", “Qirx qız dastanı” və digər kitablarınızda zorla cəlb olunduğumuz müharibənin dəhşətlərini, cəbhə həqiqətlərini oxuculara təqdim edə bildiniz. 2016-cı ilin aprel döyüşlərini və düşmənə qarşı ölüm-dirim savaşına qalxan  oğullarımızın şücaətini də işıqlandırmaq istərdiniz?

- Aprel döyüşləri zamanı  çox üzüntü ilə ön cəbhədə baş verənləri izləyirdim. Təəssüf ki, üzləşdiyimiz qanli müharibə hələ də davam edir.

Qələm dostumuz Aida Eyvazova aprel şəhidləri ilə bağlı dəyərli bir kitab ərsəyə gətirib. Düşünürəm  ki, belə qəhrəmanlıq kitabları hələ çox yazılmalıdır və qələmə sarılmağa dəyər.

- Zemfira xanım, siz həm də uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Bədii-publisistik əsərləriniz ingilis, rus və türk dillərinə tərcümə olunub. Yeni yaradıcılıq uğurlarınız da oxucularınız üçün maraqlı olardı...

- Jurnalistin yol qeydləri kimi qələmə aldığım "Ömür bitər, yol bitməz" kitabımdan sonra povest, hekayələr, mənsur şeirlər və esselərimdən seçmələrin toplandığı "Oyuncaq" adlı kitab çap etdirmişəm. Bu nəsr nümunələrində həyatın burulğanlarına, ağrılı movzulara baş vurmaqla, gerçək dünyamızın əzəli-əbədi dəyərlərindən, insan talelərindən söz açılır.   

Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinə (İLESAM) üzv seçilmişəm. Bu yaradıcılıq qurumunun Azərbaycan təmsilçiliyi ilə birgə layihəsi çərçivəsində "Sonbaharın Ilgımları" adlı kitabım türk dilində nəşr olunub. Kitabda Qarabağ hekayətləri də yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi