Modern.az

Milli Məclis sahibkarların xeyrinə olan dəyişikliyə “HƏ” dedi  

Milli Məclis sahibkarların xeyrinə olan dəyişikliyə “HƏ” dedi    

31 Oktyabr 2017, 14:23

Milli Məclisin bu gün keçirilən iclasında “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayında başa çatır.

Dəyişiklikdə isə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi qəbul olunub. Qanun sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır və 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır