Modern.az

70 minədək azərbaycanlı ABŞ-da yaşamaq üçün “Greencard” almaq istəyir - MÜSAHİBƏ  

70 minədək azərbaycanlı ABŞ-da yaşamaq üçün “Greencard” almaq istəyir - MÜSAHİBƏ   

1 Noyabr 2017, 09:34

“Greencard” ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə insanlar (Azərbaycan vətəndaşlığını itirmədən) Amerikada istədiyi qədər qanuni şəkildə yaşaya və işləyə bilər. Son zamanlar bu proqrama müraciət edənlərin sayında artım müşahidə edilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, 2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb və 22 noyabrda bitəcək.

Bu baxımdan mövzu ilə bağlı  Modern.az  saytı “Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərovla həmsöhbət olub.

- “Greencard” əldə etmək istəyənlər nə etməlidir?

- “Greencard” əldə etmək üçün ABŞ dövlətinin ildə bir dəfə keçirdiyi “Greencard” proqramına müraciət etmək lazımdır. Müraciət etmək çox sadədir və təxminən 5 dəqiqə çəkir. Müraciətçi özü haqda məlumatları və şəklini təqdim etməlidir.

- Artıq 2019-cu il üçün də “Greencard”a qeydiyyat başlayıb.

- Lotoreya əslində oktyabrın 3-ü başlamışdı və noyabrın 7-nə qədər davam etməli idi. Sadəcə həmin ərəfədə dövlət saytında müəyyən problemlər oldu. Oktyabrın 10-na kimi qeydiyyatdan keçənlərin müraciəti silindi. Amma greencard.az vasitəsilə qeydiyyatdan keçənlərə bu problemin heç bir təsiri olmayıb. Çünki biz müraciətləri yenidən göndərmişik və o insanların problemdən xəbərləri yoxdur. ABŞ Dövlət Departamenti texniki problemlərə görə oktyabrın10-da qeydiyyat sistemini bağladı və 18-i yenidən açdı. Qeydiyyat noyabrın 22-nə kimi davam edəcək. Nəticələr isə 2018-ci ilin mayın 15-də açıqlanacaq. Qalib gələnlər  2018-ci ilin oktyabrından başlayaraq 2019-cu ilin sentyabr ayına kimi növbə ilə ABŞ-a gedəcəklər.

- Maraqlıdır, “Greencard”ın ABŞ-ın Azərbaycandakı səfirliyi ilə bağlantısı nədir? Vizanı bizim səfirlik təqdim edir?

- “Greencard”la bağlı vizanın regional mərkəzi Tiflis şəhərindədir. Qalib gələn bütün şəxslər forma doldururlar, bundan sonra ABŞ-ın Tiflisdəki səfirliyindən görüşün tarixi ilə bağlı cavab gəlir. Demək olar ki, qalib olduqdan bir il ərzində bütün qaliblər sənədləşmə işlərini bitirib ABŞ-a yola düşürlər. Bu müddətdə qalib gələnlər müəyyən sənədləri toplamalı, ABŞ-ın Azərbaycanda xüsusi təyin etdiyi xəstəxanada yoxlamadan keçməlidirlər və.s. Əgər sənədlərdə yanlışlıq, cinayət keçmişləri, yoluxucu xəstəlikləri yoxdursa, ABŞ səfirliyində vizalarını alırlar və  daha sonra ABŞ-a yola düşə bilirlər. Həmin şəxslər ABŞ-da “Greencard”larını əldə edirlər.

- Bəs kimlər “Greencard” üçün müraciət edə bilməzlər?


- Orta məktəbi bitirməyən şəxslər müraciət edə bilməzlər. Lakin qalan hamı müraciət edə bilər. Kimsə orta məktəbi bitirməyibsə, gərək rəsmi olaraq son 5 ildə 2-3 illik  xüsusi peşələrdə iş təcrübəsi olsun.

- Hər il “Greencard” proqramına nə qədər adam müraciət edir?

- İnsanlar “Greencard” haqda hər il daha məlumatlı olurlar və ya kimsə qalib gəlirsə, onun yaxınları da məlumatlanır və onların da Amerikada yaşamaq istəkləri yaranır. Hər il müraciət edənlərin sayı sürətlə artır desək, düzgün olardı. 3-4 il bundan əvvəl greencard-a müraciət edən azərbaycanlıların sayı 15-20 min nəfər idisə, keçən il bu say təxminən 40-50 min nəfər olub. Builki müraciətlərin sayının təxminən 60-70 min nəfər olması gözlənilir.

-Qalib olma ehtimalı necədir?

- Bu gün Azərbaycanda hər 100 nəfərdən biri qalib gəlir. Amma bu, hazırda  Azərbaycanda belədir. Elə ölkələr var ki, onlarda 100 nəfərdən biri yox 200, 500 nəfərdən birinin qalib olma ehtimalları olur. Azərbaycanda qalib gələn şəxslərin sayı kvotadan az olduğu üçün qalib gəlmə nisbəti yüzdə birdir. Məsələn, ölkəmizdən müraciət edənlər yarım milyon, bir milyon olsa, o zaman ehtimal azalar.

 - Ümumiyyətlə hər hansı kvota tətbiq olunurmu?

- Birbaşa Azərbaycandan olan müraciətlərdən danışsaq, kvota, müraciətlərin sayından asılı olur. Yəni nə qədər çox müraciət olarsa, qaliblərin sayı da bir o qədər də çox olur. Demək olar ki, hər 100 nəfərdən biri qalib olur. Ümumi kvota qaydası belədir ki, hər ölkədən bir ildə 3500 nəfər greencard qazana bilər. Lakin, azərbaycanlı qaliblərin bu saya çatmaları üçün gərək hələ bir neçə yüz min azərbaycanlı proqrama müraciət etsin.

-Maraqlıdır, qalib gəldikdən sonrakı mərhələ necə olur? Yəni ABŞ Dövlət Departamenti bununla bağlı nəsə edirmi?

- “Greencard” qazanmış şəxslər qalib olduqdan sonra viza üçün sənədlərin toplanması, istər səfirlikdə, istərsə də ABŞ-a yola düşərkən olan bütün xərclərdən özləri məsuliyyət daşıyırlar. Çox adamda belə bir fikir var ki, “Greencard” qazandıqdan sonra ABŞ dövləti onları Amerikada evlə, işlə təmin edər və ya başqa formada dəstək göstərir. Lakin təsdiqləmək istərdik, ABŞ dövləti bu məsələrdə heç bir greencard qalibinə köməklik göstərmir. Bizim şirkət bununla əlaqədar  vətəndaşlara müəyyən xidmət rüsumları qarşılığında köməklik edir. Biz qalib gələn şəxsləri ABŞ-da qarşılayır, onlara kirayə evin, işin tapılmasında, ABŞ həyatına adaptasiyada, pulsuz dil kurslarının təminində yardım edirik. Bu, bizim şirkət vasitəsilə qeydiyyatdan keçənlərə aiddir. Şirkətin xidmətləri haqda daha ətraflı məlumatı bu linkdən əldə etmək olar. //greencard.az/services-and-prices


- “Greencard”la bağlı ölkələr üçün ayrılan yerlər necədir?

-Ayrılan yerlər ölkələr  üzrə eynidir. Sadəcə, elə ölkələr var ki, “Greencard” lotoreyasında onların iştirakına icazə verilmir. İngiltərə, Braziliya, Pakistan, Hindistan kimi ölkələrdən ABŞ-a miqrasiya çox olduğu üçün  onların iştirak hüququ yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər