Modern.az

Babadağda bir dəli, Dağ kəli qalıb...

Babadağda bir dəli, Dağ kəli qalıb...

11 Noyabr 2017, 21:43

 Musa Yaqub


     Lülədən sovuşub,

     Güllədən qaçıb

     Bir dəli dağkəli Baba dağında,

     Yaman havalanıb daş ovlağında;

     Yoxdu gözlərində qorxu əsəri,

     Bütün oylaqlari gəzir sərsəri.

     Dəyirman daşına dönüb fırlanır,

     Dağların başına dönüb fırlanır.

     İskəndər quşları baş alıb gedir...

     Qədim qoşqusunu salır yadına

     Babanın gözünü yaş alıb gedir...

     Əvvəl qoruğçular zəli deyildi,

     Əvvəl dağkəlilər dəli deyildi,

     Bu yollar heç kəsə bəlli deyildi.

     Onda dağkəlilər ona ram idi

     Gecəli-gündüzlü gün aram idi,

     Əkinli, biçinli vaxt davam idi...

     İndi bu işlərdə əlləri yoxdu,

     Daha xırman üstə vəlləri yoxdu,

     Buğdası qum oldu, daş oldu getdi...

     Babanın gözləri yaş oldu getdi...

 

     Qeybdən səs gəldi qulaqlarına:

        - Can ay Baba məni qoş!

        - Yox ay Baba məni qoş!

        - Boyunduruq mənimdir...

        - Yox, indidə məni qoş!

 

      ...Yastı-yastı belləri,

                       ho!..ho!

       Qıvrım-qıvrım telləri,

                       ho!..ho!

       Ala-ala gözləri,

       Qançır olub dizləri

                      ho!..ho!

      Baba əkib bitirsin,

      Yeyib yatsın özləri

                     ho!..ho!

 

    Dəlinin yadına daş salan kimi,

    Kəlin də beynində yaddaş oyandı

    O elə bildi ki xırman vaxtıdı,

    Ona qoşulubdur, vəl dalıncadı -

    Kəl bir şimşək olub düşdü aşağa -

    Bir qara buludun girib qoluna,

    Bilmirəm hardasa döndü işığa.

    Keçdi Qurbangahdan Baba yoluna,

    Bütün dağ-dərəni qoydu geridə

    Gördü tay-tuşları yoxdu bu yerdə...

    Gördü tənha qalmaq burda çətindir

    Eh,bir gün ovçusu kəməndə düşər,

    Düşəndə görər ki, qarmaq çətindir,

 

      Dağ kəli olasan,

      Dəli olasan! -

  Vəhşi qayaların yeli olasan -

  Bir də çırpılasan, bir də çırpasan

  Bir də şimşək olub kiprik qırpasan,

  Ayağın oynasın qaya daşında,

  Bütün ömrün üçün bir nişan bilib,

  Gedib dayanasan bulaq başında.

  Qəzəb daşıyasan, günah çəkəsən,

  Baxıb oylaqlara bir ah çəkəsən.

  "Daş dələr ahın oxu" daş parçalana,

  Boynunu burasan yetim halında

  Gedib də itəsən dağlar dalında

  Gedəsən, gedəsən qayıtmayasan...

 

  Bir də ayılasan, bir də çapasan,

  Qayadan ayrılıb, yerdən qopasan

  Bir də buynuzunla qayanı ovub,

  Salıb qabağına yolları qovub,

  Yerdə qaynayasan, çayda daşasan,

  Göyün şimşəyilə ayaqlaşasan...

  Necə ki oldu...

  Nəfəsində yana qum səpələndi,

  Bir anın içində qalxdı zirvəyə,

  Elə bil başına odlar ələndi...

  "Yoxdu!.. yoxdu! burda da yoxdu..."

  Göz alacalandı, can havalandı,

  Atıldı qayadan intihar üçün

  Nə bilim taleyin tərs işi kimi  

 İlişib bir qaya daşında qaldı

 Axtarış sevdası başında qaldı...

"Bəlkə başqa yeri hədəf seçiblər"

Bəlkə Dağıstana keçib gediblər

İngilis ovlayıb, çexlər qovlayıb,

Hansı daş divarda bəzəkdi durub,

Bəlkə Mazğalları uçub, dardadı,

Bəlkə bir ərəbin villasındadır,

Nə deyim,Vallah..

Hardadı o qədər dağ kəli ALLAH?...

 

Aman, vuran ölkə!

Vurduran ölkə...

Dünya qıran ölkə

Qırdıran ölkə

 

Dünyada o qədər kef adamı var

Deyək pul adamı, seyf adamı var,

Tamah adamına sərf adamı var -

Bu çaylar doldurmaz ağızlarını...

Dağın vüqarını güllələməyin,

Saxlayın icazə kağızlarını

Saxlayın baş-buynuz alverlərini

Dağ kəli dağların ilk sabahıdır

Üfüqə göz vurub, qaş verib gedər

Yer var quyruğunu heç ələ verməz

Bir ölkə nə qədər baş verib gedər?!

Hədiyyə buynuzlar, hədiyyə başlar

Vallah zaman bizi çətin bağışlar...

 

Dünya vuran ölkə

Vurduran ölkə

Hanı dağımızın Həzrət babası?

Gəlib dağ kəlilər ona ram ola,

Əkinli-biçinli gün davam ola

İnsan xislətinə ehtiram ola

Gərək ki, bu yerlər səcdəgah olsun,

Ana təbiətdə bir ehram ola

Hanı bu dünyanın qoruqçuları

Olub təbiətin oğruçuları.

Hanı bu dünyanın baş deyənləri

İndi də olublar xaş yeyənləri.

Olmaz ayaq halal, baş haram ola

Özü çəkən olsun, həm də çəkdirən

Hanı bu dünyanın düz tərəzisi

Şeytanın pərsəngi onu əyməsin.

Günahı varsa da bir qram ola.

 

 

Aman, aman ölkə

                    aldanan ölkə,

Yenə bir əcnəbi şirin danışdı

Yenə oğurladı saqqızlarını,

Şirin qabağında,

                        şir qabağında

Kim yumar bəs tövbə ağızlarını,

Saxlayın icazə kağızlarını.

 

Bu münaqişələr, yanan meşələr,

Bu batan çeşmələr,

                            yerdəyişmələr,

Daşqınlar, tufanlar,

                           bu sürüşmələr,

Bu havapozmalar, bu subasmalar

Bizə təbiətin qarğışlarıdır,

İskəndər quşunun göz yaşlarıdır.

Aləmin bizimlə savaşmağıdır.

 

Ay aman, itirən,

                        ötürən Vətən,

Buna təbiətin əli neyləsin.

Qırx qıfıl altından qızılı gedən

Bu açıq dağlarda kəli neyləsin?

Olmasın Dağkəli dəli, neyləsin?!

Daha yetər, yetər,

                     daha lap yetər...

Ölkə var heç quyruq ələ verməyir,

Ölkə var nə qədər baş verib gedər?!

 

Bəsdi, kəli getdi, kəlçəsi getdi

Mədəndən qıpqızıl külçəsi getdi,

Eldən Kəlbəcəri, Göyçəsi getdi

Dərbəndi Dağkəli belində getdi,

Bağdadı "durnanın teli"ndə getdi,

Qarabağ erməni felində getdi

Getdilər, getdilər, qayıtmadılar.

Bizi bu uyğudan ayıltmadılar.

 

O qədər yanğılı dərdlərimiz var,

Ürək alovlanıb, sinə dağ olub

Bəlkə Dəlidağ da Babadağ imiş

Əliyi qırılıb dəli dağ olub.

 

Havaxan doğrudan havada xandı,

Əsəd qayası da ona baxandı.

Birinin başında bulud tayası,

Birinin başında ayın ziyası.

Mən dedim yəqin ki, bayıldı getdi

Sən demə təzədən ayıldı getdi

Ayın ziyasından çıxdı dəli kəl,

Baxdı tay-tuşundan əsər də yoxdu,

Dağkəli sürüsü Əsəddə yoxdu -

Bir az da, bir az da qalxdı yuxarı

Cüt gölə baxırdı dağın axarı

Əksini görəndə atıldı suya,

Göldə dostlarını görürdü guya.

Özü çırpınırdı...

                     yoxdu özündə

Buynuzu üzürdü suyun üzündə

Üzürdü, batırdı, çıxırdı qəfil.

Sularda ildırım çaxdı elə bil

Elə cür səs salıb haray qopardı,

Deyəsən səsini özü apardı.

Özünü qayadan atdı yenidən

Qaldı ürəyində yenə də əhdi

Yenə ayaq üstə düşdü, ölmədi

Keçdi Ağcabərə yaylaqlarından,

Orda Baltaqaya, o yanı zindan,

Bura Qızılqaya - dağdan, dərədən,

Fırlanıb dikəldi Toğludərədən

Elə bil qol-qanad açır dünyadan

Alıb buynuzunu qaçır dünyadan.

Qaçır Babadağın dəli-dolusu,

Gedir arxasınca eli-ulusu,

Qaytarın geriyə öz dənimizi

Qoyun əl üstünə öz əlimizi,

Baxın, bu qayanın daşı da gedir,

Müqəddəs İskəndər quşu da gedir,

Təzə yol salmağa imkanımız yox,

Onlar bu məkanı imkan bilirlər,

Qaytarın geriyə imkanımızı.

 

Qoymayın daşları düşüb dalınca,

İskəndər quşları düşüb dalınca

Həmişə qar altda çürüməz qalan

Dağkəli otları düşüb dalınca.

Daşda daşqapanlar sürüşüb gedir,

O çaydaçapanlar uçuşub gedir.

 

 

Vaxt vardı yazmışdım:

- Şah dağı şahımdı kürsüsü uca

Babadağ babamdı müdrik bir qoca

Birində əzəmət, birində hikmət,

Biri fərman verir, biri nəsihət

Qalmışam mən iki dağ arasında.

Deyəsən özüm də dəliyəm vallah,

Qalmışam sol ilə sağ arasında.

Nə sollar, nə də ki sağlar qurtarmır,

Çaylar ha daşıyır, dağlar qurtarmır...

Şahın adamları şah oylağında,

Tülkü dərəsində, kəl yaylağında

Hədələr qurtarmır, hədlər qurtarmır

Marala güllədən cəhdlər qurtarmır.

Durmuşam Şeytanadaşatılanda

Qalmışam şeytanla daş arasında

Şeytanlar qurtarmır, daşlar qurtarmır

Böyük savaşlara marşlar qurtarmır.

Yer var ki, quyruğun heç verməz ələ,

Biz elə veririk başlar, qurtarmır.

Di qoyun əl üstə öz əlimizi

Qaytarın geriyə öz dəlimizi.

Doxsan doqquz ilə girov saxlanan

Elin meşəsini qaytarın geri.

Hasarla cığırda yolu bağlanan

Yaz bənövşəsini qaytarın geri.

Dağkəli belində durna telində

Gedən guşələri qaytarın geri,

Yenotun əlilə qovulanları -

O gözəl yolları, qırqovulları,

Saqqız ağacını, quşarmudunu

O nadir ovları qaytarın geri.

Əvvəl qoruqçular zəli deyildi,

Onda dağkəli də dəli deyildi

Bu dağlar çoxuna bəlli deyildi

Buna təbiətin əli neyləsin,

Qırılan neyləsin, bitən neyləsin,

Olmasın Dağkəli dəli, neyləsin?!

 

Var olsun ölkəmiz, ölkədaşımız

Görün insanların əli neylədi?

Sağ olsun doğrumuz, doğrudaşımız

Dağda kəlimizi dəli elədi.

                      oktyabr 2017,

                              Babadağ - Buynuz - Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir