Modern.az

Dilimiz və qidamız…

Dilimiz və qidamız…

14 Noyabr 2017, 13:11

Nicat Nəsirli

Qalın-qalın kitablarda elmi hipotezlər irəli sürən fikir adamları deyirlər ki, dil toplumun və fərdin mənəvi-psixoloji mövcudluğunun ifadə vasitəsidir, qida isə fiziki-mənəvi dünyasının təmizliyini, davamlılığını  təmin edir. Təsadüfi deyil ki, həm dini əmrlərdə, həm də milli adətlərimizdə qəlbi və dili təmiz saxlamaq, düz danışmaq, halal qidalardan  istehlak etmək hökm kimi irəli sürülür. Demək ki, hər ikisi insanlığın tərəqqisi baxımından son dərəcə vacibdir.

Etiraf edək ki, uzun illərdir hər iki istiqamət üzrə ciddi geriləmələr var. Millətin mövcudluğunun təsdiqi olan dilimiz hər gün “qan itirir”. KİV-lərdə ədəbi dil normaları kobud şəkildə pozulur, dövlət bürokratik yazışmaları məntiq və məna səhvləri ilə doludur, ictimai yerlərdəki  dialoqları eşidəndə adamın ürəyi bulanır. Küçələrdə baş alıb gedən əcnəbi reklamlar,  ana dilində intellektual danışa bilməyən bəzi rejissorların çəkdikləri “həvəskar, kommersiya” xarakterli seriallar ANA DİLİMİZƏ sağalmaz yaralar vurur.

Qida sektorunda da  vəziyyət yaxşı deyil.  İşbazların yaxın və uzaq xarici ölkələrdən idxal etdikləri ərzaq məhsullarının mənşəyi qaranlıqdır, qablaşdırmalar  üzərindəki yazıların doğruluğu şübhə yaradır, aidiyyatı dövlət qurumu tərəfindən istehlak bazarına tam nəzarət olunması mümkün deyil. Yerli məhsullarımızın da çatışmayan tərəfləri çoxdur. Tərkibi, istifadə olunan əlavələr, qida dəyəri və başqa göstəricilər alıcı üçün açıqlanmır. Hamı təmiz qida axtarışındadır, maddi imkanı olanlar birbaşa kəndlərlə əlaqələr quraraq tanıdıqları adamlardan ərzaq alırlar, olmayanlar isə Allaha pənah aparırlar. Tez-tez  cəmiyyətdə kərə yağı, quş əti, yumurta, meyvələr haqda şayələr dolaşır. Rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də inkar edilən bu şayələr insanlar üzərində psixoloji narahatlıq sindiromuna çevrilib. Amma cəmiyyətin aşağı təbəqəsinin seçim imkanı yoxdur, cibinin gücü çatan ucuz qidaları almağa məcburdur. Xəstəxalar onkoloji xəstəlik daşıyıcıları ilə dolub daşır, hamı bunun qidalardan olduğunu deyir. Amma hansı qurum bunu təsdiq edir? Vətəndaşlar qidalarla bağlı şübhələrinə elmi cavab tapa bilmirlər, böyük şəhərlərimizin heç birində qida laboratoriyası yoxdur ki, vətəndaş istədiyi vaxt aldığı qidanın analizini aparıb məlumat əldə etsin.   

Dünən ölkə prezidentinin imzaladığı iki mühüm sənəd yuxarıda qeyd etdiyimiz problemlərin həllinə işıq salacaq. Prezident Dövlət Dil Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqda qərar verdi. Birbaşa dövlət başçısı tərəfindən idarə olunacaq komissiyaya ölkənin tanınmış ziyalı və dövlət adamlarının daxil edilməsi cəmiyyətə verilən həyəcan siqnalına bənzəyir. Yəni, vəziyyət ağırdı və hamı bu işə səfərbər olmalıdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi isə ölkənin ərzaq bazarında əməlli-başlı səliqə-səhman yaratmalı olacaq. İlk növbədə, qida məhsullarının təhlükəsizliyinə dair normativləri- sanitariya norma və qaydalarını hazırlamalı, qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını həyata keçirməlidir. İstehlakçılarda şübhə doğuran məsələlərdən biridə budur: tez xarab olan ərzaq məhsullarının qablaşdırmalarının tərkibi nədən ibarətdir, kimyəvi məhsullardan hazırlanmış qablarda ərzaq saxlamaq düzgündürmü?

İnkişaf etmiş ölkələrə yerli məhsulları ixrac etmək istəyən sahibkarlarımız həmişə mühüm tələblərlə üzləşirlər. Öz sağlamlığına yüksək qiymət verən əcnəbilər ilk növbədə bizim sahibkarlardan  qida təhlükəsizliyi sertifikatını tələb edirlər. Onları qida haqqında bütün məlumatlar maraqlandırır:  baytarlıq xidmətləri, bitki mühafizəsi və karant tədbirləri, qida məhsullarının istehsal texnologiyası, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və s. Xarici bazarlarda itirdiyimiz mövqelər bu amillərdən birbaşa asılıdır.

Hər birimizi maraqlandıran bir suala da yeni agentlik cavab tapmalı olacaq: kiçik və böyük satış şəbəkələrində birbaşa ərzaqla təmasda olan işçi heyətinin sağlamlıq göstəriciləri necədir, buna necə nəzarət olunur? Axı elmi surətdə təsdiq olunub ki, xəstəliklər insanlardan qidalara  və ya əkisinə keçərək kütləvi fəlakət yarada bilər.

Bu gün qida böyük dövlətlərin əlində güclü bir silahdır. O silahdan hər an atəş açılmayacağını kim bilir? Böyük dövlətlər məhsullar üzərində apardıqları genetik modifikasiya əməliyyatlarını, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış qida məhsullarının “sınağını” bizim kimi kiçik xalq üzərində aparmağa çox maraqlıdır. Agentlik bu istiqamətdə milli müdafiə sistemi qurmalıdır, Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının təhlükəsizliyi sahəsində real elmi-praktiki araşdırmalar aparmaqla bu sistemi gücləndirməlidir.

Hazırda vəziyyətimiz Elon Muskun dediyi kimidir:” Nəyi bilmədiyiniz haqqında heç bir fikrimiz yoxdur”. Amma artıq ölkə prezidenti iradəsini ortaya qoydu, çox qısa zaman kəsiyində həm dilimiz həm də qidamız haqqında çox nəsnələri bilməli olacağıq….

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir