Modern.az

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR

14 Noyabr 2017, 15:05

Prezident İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət Dil Komissiyasının yeni üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov  Modern.az-a  açıqlamasında komissiyanın  görəcəyi işlərdən danışıb:

“Dövlət Dil Komissiyasının yeni tərkibdə təsdiqi onu göstərir ki, dil dövlətin həmişə diqqət mərkəzində  saxladığı məsələlərdən biridir. Bu gün dünyada dillər arasında güclü rəqabət gedir və zaman-zaman müəyyən dillər buna dözə bilməyərək sıradan çıxır. Rəqabətə dözümlülük yaratmaq üçün  həmin dildə kitab çap etdirmək, mətbuatın fəaliyyəti, hətta dilin dövlət dili statusu da kifayət etmir. Müasir dünyada dili qorumaq üçün onun tətbiqi imkanlarını genişləndirmək lazımdır. Bu mənada dilin tətbiqi imkanlarından biri Kütləvi İnformasiya Vasitələridir. Etiraf etmək lazımdır ki, bu gün Kütləvi İnformasiya Vasitələrinin bir qisminin dilində qüsur var. Sözlər düzgün yazılmır, aparıcılar istədikləri kimi danışır, Azərbaycan dilinin lüğət tərkibində olan sözlər kənarda qalır, qrammatik quruluş pozulur və.s. Bütün bunlar dilin potensialını, nüfuzunu aşağılayır. Bu səbəbdən Dil Komissiyasının fəaliyyəti mütləqdir. Bu baxımdan komissiya Kütləvi İnformasiya Vasitələrinin dilinə   nəzarətlə bağlı tədbirlər planı hazırlayacaq”.

B.Xəlilov qeyd edib ki, reklamların, filmlərin, kitabların dilində ciddi qüsurlar var:

“Eyni zamanda hazırda kitab çapına ciddi nəzarət lazımdır. Kitablarda sözlərin orfoqrafiyasının düzgün yazılmadığı, korrektə işlərinin peşəkar olmadığı müşahidə edilir. Açığı, nəşriyyatların bir çoxunun peşəkar  redaktor və korrektorları yoxdur. Müəlliflər az qala bütün funksiyaları öz üzərinə götürür və bu da dillə bağlı müəyyən qüsurların yaranması ilə nəticələnir. Düşünürəm ki, komissiya yeni planlarında bu məsələlərə xüsusi önəm verəcək. Həmçinin, bu gün tərcümələr arzu olunan səviyyədə deyil. Əcnəbi dillərdən tərcümə olunan filmlərin, kitabların keyfiyyətini qaldırmaq lazımdır. Yeni çəkilən filmlərin, reklamların bir qismində dil normalarının pozulduğunu görürük.  Dilimizin başına min cür oyunlar açırlar. Yaxud elə küçələr var ki, onlar köhnə adlarda qalıb. Bütün bunlar qaydaya salınmalıdır”.

Müsahibimizin sözlərinə görə, bu gün əsas problem dilimizdən istifadə edənlərlə bağlıdır:  

“Bəzən Azərbaycan dilində danışa bilməyən, fikrini ifadə edə bilməyən insanların hansısa kanalda çıxış etdiyini görürsən.  Ona görə də yeni tərkibdə yaranan Dövlət Dil Komissiyası dili sevdirməyin  yolları araşdırmalı və təqdim etməlidir.  İnsanların bir qismi həm yazı mədəniyyətinə, həm də şifahi nitq mədəniyyətinə yiyələnə bilmirlər. Yəni dilin şifahi və yazılı qolunun tətbiqində müəyyən qüsurlar var.

Digər tərəfdən bilirsiniz, indi  texnologiya, informasiya dövrüdür. Bu baxımdan məsələn, bizim elektron orfoqrafiya lüğətimiz, izahlı lüğətimiz  olmalı  və insanlar bundan asanlıqla istifadə edə bilməlidir. Hazırda dil təkcə yazı üzərində deyil, həm də elektron resurslar üzərində qurulub. Bu günkü dünya ilə ayaqlaşmaq üçün elektron resurslardan da düzgün istifadə etmək vacibdir. Yəni görüləcək işlər  çoxdur. Buna görə də dilimizin qorunması istiqamətində komissiya vasitəsilə müəyyən işlər görülməlidir”.

 

Dövlət Dil Komissiyasının yeni üzvlərindən biri, xalq yazıçısı Mövlud Süleymanlı bildirib ki, hazırda  insanların dilimizə yanaşma tərzi əsas problemlərdəndir:

“Məndən başlayaraq sizə qədər-problem hər kəsdədir. Biz əyəndə də düz əyirik, düzəldəndə də düz düzəldirik. Bu məsələyə qayğı, diqqət lazımdır ki, dili qoruya biləsən. Necə ki, özünə görə ağac əkirsən, ev tikirsən, eləcə də, dilə belə yanaşmalıyıq. Dili ayaqlar altına almamalı, hörmətsizlik etməməlisən. Qışqırtının içində də dil var.

Məsələn, mən Tiflisdə işləyən zaman bir gürcü dostum var idi. O, küçəyə çıxanda səsini, danışığını dəyişirdi. Ondan səbəbini soruşanda dedi ki, “mənmn danışdığımı  ətrafdan da eşidirlər, buna görə də dilim  gözəl səslənməlidir”. Amma biz dilimizlə bağlı bu məsələlərə diqqət yetirmirik. Komissiya bu  istiqamətdə işlər görməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir