Modern.az

\"525\"in 25-i - Akif Aşırlı yazır

\

15 Noyabr 2017, 21:56

İllər nə tez gəlib keçir. Gözümüzün qarşısında "doğum şəhadətnaməsi" alan "525-ci qəzet"in 25 yaşının tamamı əsrimizin surət əsri olduğunu deyilənlərə əyani sübutdur. "Azərbaycan" nəşriyyatının yaradıcılıq havasının bol olduğu dönəmlər Rəşad Məcidin ətrafına gənc jurnalistləri cəm edib, yeni bir qəzet nəşr edəcəyi xəbəri həmin vaxt adi qarşılanmışdı. Səbəbi də bu idi ki, cəmiyyət də, cəmiyyətin bir parçası olan mətbuat da demokratiya bolluğundan az qala boğulurdu. İki-üç qəzetdə təzə-təzə imzası görünənlər səhər köşklərə yeni bir qəzet göndərir, yaradıcılıq istedadının sərhədlərini açıq-aydın göstərirdilər. "525" belə qəzetlərdən olmadı və ola da bilməzdi. İlk sayı azadlığa susamış xalqın "Azadlıq" meydanında xalqa çatdırılanda bu qəzet yeni bir dövlət qurulduğunu, gedəcəyimiz yolun nə qədər çətin, şərəfli olduğunu xəbər verir, demokratiya və anarxiyanın fərqini oxuculara anlatmağa çalışırdı.

 

 

Bəzi yeni nəşrlərdən "525"i fərqləndirən cəhətlərdən önəmlisi xəbərə elə xəbər kimi yanaşması oldu, klassik jurnalistikanın dəyərlərini yıxıb-sökməyə meyl etmədi, köhnə fundamentin üzərində mətbuata maraqlı dizayn verə bildi. "525"in ilk sayına qədər qəzetlərdə palaz boyda müsahibələr dərc olunur, "quru, ütülü" obyektlərin "dedim-dedi" üslubunda mükaliməsi bu nəşrlərin simasına çevrilirdi. "525" isə müsahibə sözdən qənaətlə istifadə etməyi, yığcamlılığı, mətləbə birbaşa keçidi təlqin etdi. Rəsmilərdən qeyri-rəsmi üslubda götürülən müsahibələr indi nə qəzet səhifələrində görünür, nə də adına yeni media deyilən saytlarda, portallarda buna rast gəlinir. Ancaq özlərini jurnalistikanın peşəkarları adını qoyanlar 20-25 il əvvəlki "525"i varaqlasalar praktik baxımdan çox şey öyrənə bilər, yeni yaradıcılıq yollarında bu məhsullardan bəhrələnərdilər.

 

Müstəqil Azərbaycanın ilk mətbu nişanələrindən olan bu qəzet 25 ildə bir neçə dəfə özünün yeni inkişaf mərhələsini yaşadı, enişi və yoxuşu keçdi. Tək dəyişən formatı oldu, klassik jurnalistika ənənələrinə münasibətdə heç bir sapıntıya yol vermədi, sözün dəyərini qorudu. Sayının bəlkə də çox hissəsi kiçik "A3" formatında nəşr olunan "525"in son on illik nəşrində mətbuat tariximizdə intellektual jurnalistikanın ən yaxşı örnəyi olan "Kaspi"nin formatını seçməyi də təsadüfi deyil. Bu format seçimi "525"in ideya-siyasi istiqaməti, dövlətçiliyə münasibəti, tarixə və mətbu irsə münasibətinin göstəricisidir. Rəsmi xəbərə münasibət, müstəqil Azərbaycan dövlətinin apardığı siyasətin rəsmi dövlət qəzetlərindən fərqli təqdimatı gələcək tədqiqatçıların ən çox diqqətini çəkəcəyi mövzu olacağına şübhə yoxdur.

 

Jurnalistika tariximizə öz möhürünü vuran "525-ci qəzet" yaradıcılıq və peşə fəaliyyətinin stimullaşdırılması baxımdan bu illər ərzində bir neçə örnəklə yadda qalıb. Bu örnəklərdən ən əsası isə sayı o qədər də çox olmayan mobil yaradıcı heyətlə peşəkarlıq nümunəsi olan, səviyyəsini hər sayında qoruyan qəzet nəşr etməyin mümkünlüyüdür. Bəzən 16, bəzən 32 səhifədə işıq üzü görən "525" barədə heç kəs "yaradıcılıq enerjisi tükənib" ifadəsi işlətməyib. Bir ara hətta 64 səhifədə çap olunan "525"in çoxalan səhifələrində Rəşad Məcid mobil bir heyətlə böyük yaradıcılıq nümunəsi ortaya qoymağı çoxdan sübut edib.

 

Azərbaycan mətbuat tarixində Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, C.Məmmədquluzadənin, N.Nərimanovun, M.Ə.Rəsulzadənin yaratdığı jurnalistika məktəbləri sırasında müstəqil Azərbaycan dövründə R.Məcidin yaratdığı məktəb də gələcək tədqiqatçıların araşdıracağı mövzu olacaq.

"525-ci qəzet" təkcə cəmiyyətimizə, milli jurnalistikamıza, ictimai düşüncə sisteminə, mədəniyyətə, ələlxüsusda ədəbiyyatın inkişafına böyük töhfələr verən qəzet deyil, ictimai fikir mərkəzidir. Qəzetin üzərinə götürdüyü və şərəflə yerinə yetirdiyi bu fəaliyyət istiqamətlərinin hər biri barədə məqalə yox, bəlkə də kitab yazmaq olar.

 

Sadəcə, ümumi baxışı ortaya qoymaqla "525-ci qəzet"in keçib-gəldiyi yola nəzər yetirmək istədim. Həm də bu yazı bir-iki ay öncə yazılmalıydı. Başımızın "çörək ağacı"na qarışdığı vaxtda bu kiçik qeydlərlə kifayətlənir, gələcəyə boylanıram. İnşallah, hələ irəlidə çox yubileylər var. "525"in səhifələrində qocalan Rəşad Məcidi, Yusifi, Seyfəddini, Aydını, Pərvini və özünü "525-çi"lər adlandıran hər bir kəsi təbrik edir, "nə yaxşı ki, varsınız" deyirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir