Modern.az

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ  

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ   

18 Noyabr 2017, 10:48

Respublika Gözdən Əlillər kitabxanası 1981-ci ildə o vaxtki “Korlar Cəmiyyəti”nin nəzdində açılıb. 1994-ci ildən Mədəniyyət Nazirliyinin balansına verilib və respublikada gözdən əlillər üçün fəaliyyət göstərən yeganə kitabxanadır. Gözdən əlillər bu kitabxanadan tam səmərəli istifadə edə bilirlər. Minlərlə üzvü olan kitabxananın hətta bölgələrdən də oxucuları az deyil. Mövcud kitabların nüsxəsini artırmaqla bu kitabxanadan Gözdən Əlillər Cəmiyyətinin regionlardakı şöbələrinə və ya kitabxanalara göndərilir ki, orada olan oxucular da bu kitablardan yararlana bilsinlər.

Respublika Gözdən Əlillər Kitabxanasının direktor müavini Tofiq Balayev Modern.az-a müsahibəsində bildirib ki, kitabxanada gözdən əlillər üçün hər bir şərait yaradılıb.

“Sistem belədir ki, öncə gözdən əlillər kitabxanaya üzv olurlar, kitabxananın fondunda olan audiodisklər, kasetlər və brayl əlifbası ilə yazılmış kitabları götürüb, sonra 1 aydan gec olmamaq şərtilə kitabxananın fonduna təhvil verirlər. Kitabxanadan istifadə tam pulsuz və təmənnasızdır. Bura artıq 36 ildir ki fəaliyyət gösdərdiyinə görə, respublikadakı gözdən əlillərin əksəriyyəti kitabxananı sərbəst tapa bilirlər”.

Respublika Gözdən Əlillər kitabxanası “Nərimanov rayonu, Sülh döngəsi, 2”  ünvanında, "Gənclik" metrostansiyası yaxınlığındakı doqquzmərtəbəli binanın zirzəmisində yerləşir.

Qeyd edək ki, kitabxana üzvlərinin  sayı 1000 nəfərdən çoxdur. Kitabxananın Fondunda 10 min civarında kitab var. Kitablar Azərbaycan, rus və ingilis dillərindədir.  Kitabxanada 19 işçi çalışır. Bu işçilərin əksəriyyəti gözdən əlil olan şəxslərdir. Burada audio kitabların hazırlanması üçün xüsusi işçi diktor yoxdur.

Tofiq Balayev bildirir ki, diktorun olmağı yaxşı olardı, amma bu da maliyyəyə bağlı məsələdir.

“Bununla bağlı heç bir yerə müraciət etməmişik. Kitabların hazırlanması ilə Mədəniyyət və Turizm Nazirliyi özü məşğul olur. Biz audio kitab hazırlanmasında yalnız könüllüləri işə cəlb etməklə məşğuluq. Bu da daimi olmur. Çünki noyabr - dekabr aylarında tələbələrin dərs yükləri çoxalır və gəlib kitab oxumaq üçün vaxt tapa bilmirlər. Ay ərzində nazirlikdən ortalama 3-10 kitab fondumuza yerləşdirilir ki, bununla da yavaş - yavaş baza formalaşır”.

Respublika Gözdən Əlillər kitabxanasında mütəmadi olaraq, gözdən əlil şair və yazıçıların kitablarının təqdimat mərasimləri keçirilir.Onlar müəyyən dövlət bayramlarını, Müstəqillik Günü, dini bayramları və s. bu kimi əlamətdar günləri  qeyd edir və tədbirlərdə gözdən əlil insanları kitabxanaya toplayaraq, fonda yeni daxil olan kitablar barədə məlumat ötürürlər. Bununla da gözdən əlillər həmin kitablardan istifadə edib yararlanırlar.
Bununla bağlı müsahibiz bildirir ki, kitab oxumağa həvəsli olan oxucular var ki tez-tez kitabxana ilə əlaqə saxlayaraq, fonda yeni gətirilmiş kitablarla özləri maraqlanırlar.

T.Balayevin sözlərinə görə, keçirilən toplantılarda oxucuların rəylərini, hansı kitabları oxumaq istədikləri sorğulanır. İstəklər müxtəlif olur. Beləliklə, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun rəyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzərə alınır. Qeyd edək ki, bütün şərtlər qorunmaqla təkçə gözdən əlillər üçün deyil, həm də normal görə bilən şəxslər üçün də audio kitablar verilir.


“Audio kitablara tələbat brayl əlifbasına nisbətən daha çoxdur, çünki disk yeni format olduğuna görə, ondan istifadə daha rahatdır. Oxucular mp3 formatında olan kitabları telefonlarına və ya kompyüterlərinə yükləyib istədikləri vaxt yararlana bilərlər.  Bizə bütün yaş qruplarında olan şəxslər müraciət edir. Əsasən isə gənclər və ortayaşlılar təşkil edir. Amma oxucular arasında gözdən əlil olan məktəbli uşaqlar da var ki, bizim onlar üçün nağıllar, hekayələr yüklənmiş audio kitablarımız var. Hətta elə oxucularımız var ki, onlar özləri kitabxanaya gələ bilmirlər. Belə olan halda biz özümüz kitabları onların evlərinə göndəririk. Bizim kitab fondumuzda həm elmi, həm bədii, detektiv və digər janrlarda olan kitablar mövcuddur. Ali məktəb dərsliklərini tam əhatə edə bilməsək də, bir neçə kitablarını səsləndirmişik. Bundan başqa, Dövlət İmtahan Mərkəzi  və digər tanınmış kursların dərs vəsaitlərindən də kitab fondumuzda tapmaq mümkündür”.


Maraqlı müsahibədən sonra Tofiq müəllim bizi əvvəlcə kitabxananın səsyazma studiyası və montaj otagı ilə tanış etdi. Burada könüllü gənclərin kitab səsləndirməsi üçün kiyafət qədər şərait var idi.

Müsahibimiz gənclərin könüllülük fəaliyyəti ilə bağlı qeyd edir ki, müraciət edənlərin fəaliyyəti adətən yarımçıq qalır.

“Ümumiyyətlə, proses bele olur ki, əvvəlcə səsləri yoxlanılır, bəyənilərsə, könüllü gənc bizim bazamızda mövcud olmayan, istədiyi bir kitabı seçir və bir neçə dəfə gəlməklə səsyazma studiyamızda həmin kitabı səsləndirir. Biz də montaj edərək, onu xüsusi disklərə yerləşdirib fondumuza əlavə edirik. Onlar eşidəndə ki belı bir layihə var, gəlib kitab seçib razılığa gəlirlər. Sonra isə ya kitab yarımçıq qalır, ya da ümumən çıxıb gedirlər.  Bizdə əksər gənclərin oxuması texniki olaraq zəifdir, diksiyaları yaxşı deyil. Mən onlara, adətən, məsləhət görürəm ki, kitabı ucadan oxuyun ki, özünüz də öz səhvlərinizi hiss edə biləsiniz. Könüllülərdən bir deyil, bir neçə kitabı axıra qədər oxuyub yekunlaşdıran gənclərimiz də var. Biz həmin gənclərə diqqət və qayğıyla yanaşır, bir daha öz təşəkkürümüzü bildiririk. Həm də hesab edirəm ki, onların səsi tarixə düşmüş olur. Bizdə 80-ci, 90-cı illərdə yazılmış səslər var ki, indi də gənclər onu dinləyirlər. O vaxtki tanınmış diktorlardan Eldost Bayram, Zərifə Ağahüseynqızı və bir sıra diktorları misal göstərə bilərəm”.

Kitabxanada oxu zalı, kitabların saxlandığı fond mövcuddur ki, bura Fonoteka, Brayl əlifbası və Ənənəvi kitabların yerləşdiyi 3 şöbədən ibarətdir. Fondda kitablar 3 dildə - Azərbaycan, rus, ingilis dillərində, audio ( CD, mp3, kaset ) və brayl əlifbası formatlarında saxlanılır. 80-ci illərdən qalma, köhnə audio formatda olan səsyazıları yenilənərək fonda əlavə olunur.

Kitabxanada 7 cilddə, brayl əlifbası ilə hazırlanmış “Quran-i-Kərim” kitabını da gördük. Kitabxananın direktoru Şəhla xanım qeyd etdi ki, bu müqəddəs kitabı gözdən əlil olan daimi oxuculardan bəzilərinə hədiyyə də ediblər.



Tofiq Balayev deyir ki,  təkcə gözdən əlillər deyil, ümumən normal görən şəxslər də Gözdən Əlillər kitabxanasının iş prinsipi barədə məlumatlandırılmalıdır.

“Çünki bəzən biləndə ki, kitabxanada işləyirəm və ya belə bir kitabxana var, qəribə reaksiya verirlər ki, “gözləri görmürsə, necə oxuyurlar?”.  Yəni insanlar maariflənməli və bilməlidir ki, gözdən əlillər də kitab oxuya, universitetə qəbul ola bilirlər. Daha çox oxucu cəlb etmək və belə bir kitabxananın olduğunu əhaliyə çatdırmaq üçün KİV-də gözdən əlillər üçün kitabxananın olması barədə mütəmadi olaraq məlumatlar, elanlar getsə, sevindirici hal olar”.


Bu kitabxanada üzv olanların görmə səviyyəsi və bu kimi digər amillər nəzərə alınır. Sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir. Hətta sonradan əlil olan oxuculara Brayl əlifbası öyrədilir, “Caus” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Hazırda gözdən əlillər kompüter və telefonlarda proqram vasitəsilə bütün sosial şəbəkələrdən yararlana bilirlər. Bu proqram həm ios, həm də android plotformalı telefonlar tərəfindən dəstəklənir. Oxucular arasında ali məktəblərdə təhsil alan, bir sıra yüksək qurumlarda çalışanlar da az deyil.  

Müsahibimizin sözlərinə görə, cəmiyyətdə gözdən əlillərə münasibət 15-20 il bundan əvvələ nəzər saldıqda, indi daha yaxşıdır.


“Zaman - zaman bu öz həlli yolunu tapır. 20 il əvvəl bu kitabxananın təmiri heç xoşagələn halda olmayıb. 2002-2005-ci illər ərzində o vaxtki mədəniyyət nazirimiz Polad Bülbüloğlunun təşəbbüsü, şəxsən gəlib kitabxanaya baş çəkməsindən sonra kitabxanamız normal vəziyyətə gətirildi. Əvvəl məlumatsızlıqdan gözdən əlillərə yazıq , kənarda qalan bir şəxs kimi yanaşırdılarsa, indi azdan-çoxdan məlumatlı olduqlarından hörmətlə yanaşırlar. Xəbər çatırdı ki, əvvəllər normal bir gözdən əlil görəndə də pul uzadırdılar. Belə bir anlayış var idi ki, əlil varsa, ona mütləq pul verilməlidir. İndi isə əhali bilir ki, gözdən əlillər də təhsil ala və işləyə bilərlər. Hazırda Azərbaycanda 100-dən çox gözdən əlil işləyir. Son 10 il ərzində gözdən əlillərin digər müəssisələrə də işə qəbulu təmin olunur. Bizim gözdən əlil olan müəllimlərimiz var ki, Təhsil Nazirliyinin işə qəbul imtahanlarında iştirak edib və hazırda orta məktəblərdə dərs keçirlər”.


Nəzrin Cavid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir