Modern.az

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ  

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ   

Parlament

20 Noyabr 2017, 10:13

Son 26 ildə BMT-nin Cenevrədəki kitabxanasına ilk azərbaycanlı alimin kitabı qəbul olunub


Bir neçə gün öncə İtaliyanın paytaxtı Romada Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilmiş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatda tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.


Tədbirdə Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademik V.Q.Timinski, BMT-nin İctimai Mükafatlar üzrə Şurasının İsveçrədəki nümayəndəsi Mehmet Şükrü Gözəl, Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis, tanınmış alim Məsud Əfəndiyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Romadakı filialının rəhbəri Sandro Teti çıxış edərək professor Eldar Quliyevin elmi fəaliyyəti və təqdim olunan kitabın əhəmiyyəti haqqında danışıblar. Kitabda ərzaq təhlükəsizliyi ilə bağlı ən vacib məqamlara toxunulduğu və bu sahədə mövcud olan problemlərə yeni yanaşma tətbiq etmək baxımından nəşrin əhəmiyyətli olduğu vurğulanıb.

Tədbir zamanı BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görüldüyünü elan edib. O, Eldar Quliyevə “İlin kitabı” beynəlxalq mükafatını təqdim edib.

Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis Eldar Quliyevin bu akademiyanın həqiqi üzvü (akademik) diplomu ilə təltif olunduğunu bildirərək, ona müvafiq diplomu təqdim edib.

Professor Eldar Quliyev təqdimat mərasimində çıxış edərək “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı əsas məqamlar haqqında ətraflı məlumat verib.

Təqdimatdan sonra Eldar Quliyev Romada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.


Modern.az saytının əməkdaşı professor Eldar Quliyevlə görüşərək, Romadakı təqdimatdan hansı təəssüratla qayıtdığını xəbər alıb, onunla “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı barədə əhatəli söhbət edib.


Millət vəkili ilə müsahibəni təqdim edirik:
 

- Eldar müəllim, çağdaş dövrümüzdə bəşəriyyəti narahat edən əsas məsələlərdən biri məhz ərzaq təhlükəsizliyilə bağlıdır. Hər il müxtəlif ölkələrdə vaxtaşırı keçirilən tədbirlər, BMT-nin bu məsələyə xüsusi diqqətlə yanaşması müharibələrlə yanaşı, ərzaq təhlükəsizliyinin də dünyanın ən aktual problemlərindən olduğunu göstərir. Bu baxımdan sözügedən problemdən bəhs edən kitabınıza diqqət barədə fikirləriniz nədir?

- Doğru qeyd etdiniz. Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən əsas məsələlərdən biridir. Yer kürəsində 822 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığının qlobal problem olduğunu görərik. Hazırda dünyada cərəyan edən proseslər bütün ölkələrdə daxili ərzaq bazarının gücləndirilməsinə, qida ehtiyatlarının yaradılmasına, yeyinti məhsullarının hər bir insan üçün əlçatan olmasına, torpaqdan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalına daha diqqətli və kompleks yanaşma tələb edir. Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib.

Bu baxımdan, mənim “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı araşdırmalarım, ərzaq təhlükəsizliyinə dair tədqiqatlarım, problemə elmi yanaşmam, fikir və mülahizələrim beynəlxaql müstəvidə diqqəti cəlb etdi.

Mən kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yollarını elmi əsaslarla göstərmişəm. Kitabın bu ilin aprel ayında Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada ingilis dilində nəşr edilməsi də bu diqqətin nəticəsi idi. Kitaba tanınmış alimlər Herman Vari, Vladimir Timinski və Hayrettin İvginin rəy verməsi də buna bariz nümunədir. 
Kitab mənim bir neçə illik, o cümlədən ABŞ, Meksika, Kuba, Koreya Respublikası, Yaponiya, Almaniya, Qətər və digər ölkələrə səfərlərim zamanı apardığı araşdırmaların nəticəsi olaraq ərsəyə gəlib. 

Təsadüfi deyil ki, kitabda qoyulan məsələlər BMT-nin diqqətini cəlb edib.

Ona görə dünyanın ən böyük kitabxanalarından olan BMT-nin Cenevrədəki kitabxanasının ekspertlər şurası tərəfindən kitabın bu kitabxanaya qəbul olunması barədə qərar qəbul olunub.

Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Azərbaycanın 26 illik müstəqillik tarixində məhz ilk azərbaycanlı olaraq mənim kitabım BMT-nin kitabxanasına qəbul olunub. Vatikanda Akademiyanın üzvü olmaq da asan məsələ deyil və alimlərimiz bu akademiyanı yüksək səviyyəli hesab edirlər.

Yeri gəlmişkən, BMT-nin Nyu Yorkdakı kitabxanası da artıq mənim “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabım üçün müraciət edib.

Kitabın Romadakı təqdimatına gəlincə, çox yüksək səviyyəli təşkil olunmuşdu. Bir sıra tanınmış alimlər kitabla əlaqəli fikirlərini söylədilər. Və bu kitabın günün tələblərinə cavab verdiyini, oxucular üçün vacib olduğunu vurğuladılar. Qoyulan problemlərin qarşısını almaq üçün kitabda tövsiyələrin olduğunu qeyd etdilər.



- “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabındakı əsas məqamlar bizim üçün də maraqlıdır. Mümkünsə, oxucularımıza ümumiləşdirib deyərdiniz, ərzaq təhlükəsizliyi məsələsinə hansı aspektlərdən yanaşmısınız?

- Kitab 357 səhifədən, 5 fəsildən ibarətdir. Birinci fəsildə elmi cəhətdən əsaslandırılır ki, ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun və işsizliyin azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması, ərzaq əlçatarlığı, o cümlədən qənaətliliklə bağlıdır. 

İkinci fəsildə ərzaq təhlükəsizliyi bir tədqiqat obyekti kimi qəbul edilərək iqtisadi siyasətin müxtəlif istiqamətləri baxımından təhlil olunur. Daxili bazarın qorunması bir tərəfdən yerli istehsalçıların maraqlarına xidmət etdiyi halda, digər tərəfdən resursların optimal bölgüsünü əngəlləyir və qiymətləri yüksəldərək ərzağa əlçatarlıq problemini kəskinləşdirir. Bu mənada iqtisadi siyasət və ərzaq təhlükəsizliyi arasında qızıl ortanın tapılmasının zəruriliyi ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıda duran əsas hədəflərdən biri kimi kitabda elmi baxımdan izah olunur. 

Kitabda göstərilir ki, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə fiskal və monetar siyasət qida sənayesində kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsinə xidmət etməlidir. Xüsusən, sağlam rəqabət qida sənayesində qiymətlərin ucuzlaşmasına və keyfiyyətin yaxşılaşdırılmasına gətirib çıxarır, digər tərəfdən isə kənd təsərrüfatı istehsalını stimullaşdırır. Çünki dəyər zəncirində kənd təsərrüfatı məhsulları sonrakı pillədə qida sənayesində emal edilir. Bəzən kənd təsərrüfatı istehsalçılarının emal müəssisələrinin tədarük qiymətlərindən şikayətlənməsi təsadüfi deyil. Kənd təsərrüfatı istehsalçıları seçim imkanı olmayanda istehsal etdikləri məhsulu geniş təkrar istehsalı təmin etməyən qiymətə satmağa razı olurlar ki, nəticədə ərzaq təklifi azalır və proses ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

Üçüncü fəsildə ərzaq təhlükəsizliyi Minilliyin İnkişaf Məqsədləri (MİM) konsepsiyasından izah edilir. Kitabın bu fəslində Azərbaycanın MİM-dən Davamlı İqtisadi Siyasətə keçiddəki rolu da xüsusi vurğulanır.

Orta təbəqə üçün ərzaq təhlükəsizliyinin önəmi isə kitabın dördüncü fəslində tədqiq olunur. Orta təbəqənin formalaşmasında ərzaq təhlükəsizliyinin əhəmiyyəti ondadır ki, ərzağa əlçatarlığın yaxşılaşması insanları yoxsulluq girdabından xilas edir. Yoxsul insan artıq ərzaq təminatını həll etdikdən sonra təhsil, səhiyyə və digər xidmətlərə çıxışını yaxşılaşdırır, beləliklə, bir çox hallarda orta təbəqəyə daxil olur. 

Beşinci fəsildə aqrar sektorda istehsal amillərinin son məhsula təsirini analiz edərkən yeni bir yanaşma - əlavə-dəyərli kənd təsərrüfatı paradiqmasının nəzərə alınması məqsədəuyğun hesab edilib. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalında yeni əlavə dəyərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Məsələn, modernləşdirmə hətta ənənəvi bitkilərin qeyri-qida məhsullarına çevrilməsinə, məsələn, qarğıdalıdan etanol və soya kökündən biodizel yanacağının alınmasına qədər genişləndirilə bilər.



- “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının başqa dillərə, o cümlədən azərbaycancaya tərcüməsi də gözlənilirmi və gələcəkdə ondan dərslik kimi də istifadə oluna bilərmi?


- Kitabın Azərbaycan dilinə tərcüməsi gələn il yanvarın 15-20-sinə hazır olacaq. Dərslik kimi istifadə olunmasına gəldikdə isə qeyd edə bilərəm ki, bu monoqrafiyadır. Amma heç bir tələbəyə, dissertanta deyə bilməzsən ki, bundan istifadə etmə, adətən biz özümüz də hansısa alimin monoqrafiyalarından istifadə edirik. Mənim kitabımın digər monoqrafilardan fərqi ondadır ki, hər fəsilin sonunda hansı alimin ədəbiyyatından yararlanmışamsa, qeyd etmişəm ki, qarışıq düşməsin.

Müqaviləyə əsasən, kitabdan 1000 nüsxə hazırlanıb ki, onun 100 ədədi mənə çatıb. Kitabın təqdimatı 3 sərgidə baş tutacaq. Birinci sərgi Almaniyanın Frankfurt şəhərində keçirilib. Növbəti sərgilərdən biri Avstriyanin Vyana şəhərində, digəri Almaniyanın Leypsiq şəhərində baş tutacaq...

Dünyanın iqtisadi mərkəzlərinə isə bu kitabın çatdırılıması  BMT-nin Cenevrədəki kitabxanası tərəfindən həyata keçiriləcək. Məsələn Nyu-Yorkdan kitab üçün müraciət etmişdilər. Vatikan da öz kitabxanası üçün bizdən 6-7 kitab istəmişdi. Kitabın qiyməti 52 avro-dur. Və bu gəlirin yalnız 20%-i mənə qalacaq.
Qeyd edim ki, kitabın 50 nüsxəsini mənə pulsuz veriblər, 50 kitabı isə pulla almışam.
Kitabın çapına gedən xərci özümüz qarşılamışıq, amma pul mənə geri ödəniləcək. Bütün bunlar müqavilə əsasında tənzimlənir.

- Monoqrafiyanızın yaxşı qarşılanması sizdə yeni kitab yazmaq üçün hansı ideyaları formalaşdırdı?

- BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl çıxış edərək dedi ki, “bizim bu günlərdə ikinci kitabın ərsəyə gəlməsi ilə əlaqədar Eldar Quliyevlə söhbətimiz oldu. Biz çox istəyərdik ki, bir qədər səmti dəyişdirməklə belə bir kitabın davamı olsun”.

Ümumiyyətlə isə ekologiyanın qorunması və insan hüquqları ilə bağlı bir kitab yazmaq fikrim var. Mən istəyirəm ki, bu iki mövzunu birləşdirim, çünki bu gün insan sağlamlığı ciddi problemlərlə üz-üzədir. İnsan çirkli hava udursa, müharibələrdə onu qovurlarsa, müəssisələr dənizi çirkləndirirsə, deməli, birbaşa hüquqları pozulur. Bu məslədə Azərbaycanla kifayətlənmək doğru olmazdı, bunu qlobal problem kimi işləmək lazımdır.

İnsandan asılı olmayan iqlim şəraiti başqa məsələdir, amma bəzən problemi özümüz ətraf mühiti çirklədirməklə yaradırıq. İnsanın birinci hüququ onun sağlam yaşamasıdır. İnsan il ərzində onun orqanizmi üçün lazım olan kalorini qəbul etməlidir. Bununla bağlı normativlər mövcuddur. Məsələn, ildə 42 kq ət yeməlidir. Bunlar olmayanda insan saglamlığımı itirir.

Mən oradakı çıxışımda da qeyd etdim ki, indi ən çox əziyyət çəkənlər müharibədən və terrordan qaçqın düşən insanlardır. Onlar evsiz-eşiksiz, torpaqsız, hətta bəzən vətənsiz qalmağa məcburdurlar.



- Kənd təsərrüfatı məhsulları qida sənayesi üçün əsas xammal mənbəyidir. Amma bu gün dünyada ərzaq istehsalı ilə məşğul olmayan ölkələr də mövcuddur…

- Dünyada 200-dən artıq dövlətin heç də hamısı qida məhsulları istehsal edə bilmir. Az sayda ölkə var ki, tam olaraq daxili istehsal hesabına vətəndaşlarını yeyinti məhsulları ilə təmin edir. Bəziləri bir qisim ərzaq məhsullarını idxal edir. Qətər dövləti isə bütünlüklə ərzaq məhsullarını xaricdən idxal edir. Hər bir dövlətin isə təxminən 3 aylıq ərzaq ehtiyatı olur. 2008-ci ildə 40 dövlət bir müddət ərzaq ixracını dayandırmışdı. Bunun nəticəsində o dövrdə ərzaq məhsullarının qiymətləri yüksəldi. Bu faktın özü hələ o zaman ərzaq təhlükəsizliyini qlobal problemlərdən biri kimi ortaya çıxardı.

Bəzən insandan asılı olmayan obyektiv səbəblərdən - qlobal istiləşmədən, subasmalardan və ya suvarma suyunun azalması, ekoloji çirklənmə səbəbindən kənd təsərrüfatı istehsalında geriləmə yarana bilər ki, bu da ərzaq çatışmazlığına yol açar. Bu problemlər bəzi ölkələrdə daha kəskin olmaqla bütün dünyada özünü göstərməkdədir.
Ona görə mənim kitabımda təklif olunur ki, istifadə edilən şirin su təkrar emal olunaraq yenidən istehsalata qaytarıla bilər ki, bu da xüsusən kənd təsərrüfatında su çatışmazlığını əhəmiyyətli dərəcədə aradan qaldırar. Həmçinin qlobal istiləşmə ilə əlaqədar daha istiyə dözümlü məhsullar yetişdirmək olar. Subasma ilə əlaqədar su sevən bitkilərin yetişdirilməsinə üstünlük verilə bilər.

- Eldar müəllim, yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilərmi?

- Kənd təsərrüfatı bəzi sahələr kimi çox yüksək gəlir götürməyə imkan vermir. Amma bu, tək-tük fəaliyyət sahələrindən biridir ki, həmişə iş də var, qazanc da. Nəzərə alınmalıdır ki, mənfəət az olsa da, kənd təsərrüfatı daimi fəaliyyət sahəsidir və onun məhsulu əhalinin bütün təbəqələri üçün əvəzolunmazdır.

Ərzaq təhlükəsizliyində məhsuldarlıq olduqca vacibdir. Bu gün dünyada adambaşına ən çox yeyinti məhsulları istehsalına görə ilk yeri ABŞ tutur. Avropada isə Almaniyadır. ABŞ-da taxıl zəmilərində hər hektardan orta hesabla 100, Avropada 80 sentner məhsul yığılır. ABŞ-da bir inəkdən ildə 30 min litr, Almaniyada isə 12 min litr süd alınır. 

2050-ci ilədək dünya əhalisinin 9 milyarda çatması gözlənilir. Lakin bu gün dünyada torpaqların cəmi 25 faizi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Bu, ondan xəbər verir ki, yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər. Hazırda əkin sahələri cəmi 5 faiz artsa, ərzaq istehsalı da əhəmiyyətli dərəcədə çoxalar. Hesab edirəm ki, G-8, G-20 formatlarında müxtəlif qlobal məsələləri müzakirə edən dövlətlər bu problemə də xüsusi diqqət yetirməlidirlər. Bu məsələ kitabımda da problem olaraq ortaya qoyulub və vəziyyətdən çıxmaq üçün təkliflər irəli sürülüb.

Qida məhsulları ancaq təbii yolla əldə edilməlidir, onları başqa heç bir yolla artırmaq olmur. Yaradılan süni düyü və bu kimi qidalar insan sağlamlığına ziyandır. Normal, ekoloji təmiz məhsullar yetişdirilməlidir ki, insanların gələcəyi, sağlamlığı təmin olunsun.

- Sözsüz ki, dünyanın bir parçası olan Azərbaycan üçün də ərzaq təhlükəsizliyi prioritet məsələlərdən biridir…

- Bəli, hələ ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Prezident İlham Əliyev də ərzaq təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib.
Dövlət başçısının təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” məhz bu məqsədə xidmət edir.
Eyni zamanda, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Respublikası indi çalışır ki, ərzaq təhlükəsizliyi məsələsində, əhalinin keyfiyyətli qida məhsulları ilə təminatında xaricdən asılı olmasın. Bu baxımdan son illər aqrar sahəyə diqqət daha da artırılıb, kənd təsərrüfatı sənayesinin inkişafı üçün mühüm addımlar atılıb və bu istiqamətdə işlər davam etdirlir.

Hazırda mövcud şərait, dünyada cərəyan edən proseslər daxili ərzaq bazarının gücləndirilməsi və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Hətta Azərbaycanda bu sahədə görülən işlər region və inkişaf etməkdə olan ölkələr üçün əsl nümunədir. 



- İtaliyaya budəfəki səfərinizdən hansı ümumi təəssüratla qayıtdınız?

- Vaxtilə güclü dövlət olmuş Roma İmperiyasının varisi müasir İtaliya indi də tarixi ənənələrini qoruyub saxlayan böyük dövlətdir. 7 il bundan qabaq mən  Romadakı Sosial və İqtisadi Akademiyanın üzvü seçildim, eyni zamanda Romanın fəxri alimi adı ilə təltif olundum. İtaliyanlarla millət olaraq aramızdakı oxşarlığı elə həmin vaxtlarda hiss etmişdim.
Mən İtaliyada təxminən 20-25 dəfə olmuşam və İtaliyanın az qala hər qarışını gəzmişəm. Onlar da bizim kimi ailəyə - qohum-qardaşa dəyər verirlər, olduqca ailəcanlıdırlar. Bu cəhətdən mən kitab təqdimatı zamanı çıxışımda da qeyd etdim ki, sizin millətlə bizim millət arasında oxşarlıqlar çoxdur.
Bizim İtaliya ilə tarixi əlaqələrimiz və iqlim cəhətdən oxşarlığımız da var. Hələ eramızdan əvvəl Roma İmperiyasının mövcudluğu vaxtı imperatorun XII legionu Azərbaycana gəlib. Bakıda Ramana qəsəbəsi və oradakı qala da məhz romalıların adı ilə bağlıdır.
İtaliyanlarla oxşar ənənələrimiz olsa da, təbii ki, onlar Avropaya daha çox inteqrasiya ediblər. İtaliyanlar xristian dininə etiqad edirlər, katolikdirlər, biz isə müsəlmanıq..

Azərbaycanın İtaliya kimi çox qədim tarixi var. Məsələn, Bakının Maştağa kəndində “Hunhar” məhəlləsi var ki, bunun kökü qədim türksoylu hunlardan gəlir. Hunlar Atillanın dövründə gəlib və bir hissəsi məhz həmin məhəllədə məskunlaşıb.
Mən onu demək istəyirəm ki, ermənilər özlərindən tarix yaradırlar, amma biz öz tariximizi dərindən bilmirik. Biz bunları tarixi sənədlərə, faktlara əsasən deyiriksə, ermənilərin heç bir tarixi əsasları yoxdur. Heç bir sübut gətirmədən əllərində bayraq tutublar ki, “biz qədim dövlətik”.

Romadakı Kolizeydə böyük xəritənin bir hissəsində Roma İmperiyası göstərilib və sonra isə “Armeniya” yazılıb. Məsələ budur ki, heç bir tarixi əsası olmadan ermənilər Kolizeyin divarına öz adlarını həkk elətdiriblər.
Biz tələbə olanda - hələ 70-ci illərin ortalarında - ermənilərin Azərbaycana gəlişinin 150 illiyi bayram şəklində qeyd edilirdi. Ağdərənin kəndində bir daş var idi, orda 3 dildə (Azərbaycan, rus, erməni) “ermənilərin Qarabağa gəlişinin 150 illiyi” deyə qeyd olunmuşdu.
İrəvanda isə bunlar erməni dilində daş qazıyıb çıxarıblar ki, güya, 2500 il bundan qabaq orada ermənilər yaşayıb. Bunlar hamısı əsassız faktlar və əfsanələrdir. Qarabağda heç bir erməni olmayıb.

- Romada təhsil alan azərbaycanlı tələbələrlə də görüşdünüz. Onlarla ünsiyyət sizdə hansı assosiasiya doğurdu?

- Təəssüf ki, bizim tələbələrlə görüşümüz cəmi 2 saat davam etdi. Qeyd edim ki, oradakı azərbaycanlı tələbələrin bir qismi bakalavr və magistr təhsili alırsa, artıq işlə təmin olunanları da var. Amma belə nəticəyə gəldim ki, tələbələrimizin əksəriyyəti Azərbaycana qayıtmaq istəyir. Mən kənd təsərüffatından, aqrar sənayedən danışanda bir qrup tələbə sual ünvanladı ki, “iqtisadçı olduğumuz nəzərə alınarsa, olarmı biz də gəlib gələcəkdə elmi işimizi kənd təsərrüfatına və aqrar sahəyə həsr edək?”. Təbii ki, dedim ki, kənd təsərüffatının, aqrar sənayenin iqtisadi həyatına gələ bilərlər. Hər bir sahənin iqtisadiyyatı olduğu kimi, aqrar sənayenin də iqtisadiyyatı var. Mən özüm də iqtisadçıyam, amma aqrar sahə üzrə ixtisaslaşmışam.
Mən onlarla ünsiyyətdən xoş təəssüratlarla qayıtdım. Qeyd edim ki, onlar vətənpərvərdirlər, vətənlərinə çox bağlıdırlar. Romaya Azərbaycandan gedən ziyalılarla görüşməyi çox arzulayırlar.



- Bəzi xarici ölkələrdə səfirlik - tələbə əlaqələri arzu olunan şəkildə deyil. Belə başa düşdük ki, İtaliyada bu sahədə hər şey qaydasındadır.

- Mən hesab edirəm ki, İtaliyada bu məsələ daha yaxşı tənzimlənir, nəinki başqa ölkələrdə. Mən Fransada da çox olmuşam, amma azərbaycanlı tələbələrin belə aktivliyinə şahidlik etməmişəm, ümumi hesabla isə orda tələbə daha çoxdur.
Mən İtaliyada ancaq Romadakı tələbələrlə görüşə bildim. İtaliyanın Neapol, Venesiya və bu kimi böyük şəhərlərdə də tələbələrimiz təhsil alırlar.

- Bəzən belə fikirlər səslənir ki, xaricə gedən azərbaycanlı gənclər oxumaqdan başqa hər işlə məşğuldurlar. İtaliyadakı tələbələrin savadı, dünyagörüşü, elmi yanaşması sizi qane etdimi?

- Boloniya İtalya şəhəridir. Bildiyimiz kimi, müasir təhsil sistemi də o şəhərin adından götürülüb. Hazırda da İtaliyada “Boloniya sistemi” olduğunu təsdiqlədilər. Onların yanaşması isə bizimkindən daha müasirdir.
Azərbaycanlı tələbələrin bilik səviyyəsi haqqında isə onu deyə bilərəm ki, bu səviyyəni yüksək və müsbət gördüm.



- Bu il təhsil məqsədilə viza almaq üçün İtaliyanın Bakıdakı səfirliyinə 200-dən çox azərbaycanlı gənc müraciət edib. İtaliyaya kütləvi tələbə axınını nə ilə əlaqələndirirsiniz?

- Azərbaycana olan münasibət İtaliyada çox yaxşıdır. Doğrudur, orda da erməni diasporu güclüdür, amma İtaliyada Fransadakı kimi azərbaycanlılara məhdudiyyət qoymurlar. İtaliya demokratik ölkədir. Azərbaycanın iqlim şəraiti ilə də uyğunluğu tələbələrimizi cəlb edir. Universitetlərdə yaradılan şərait də yaxşıdır, tələbələrin əksəriyyəti universitetlərin yataxnanasında qalırlar. Kirayə qalan çox az tələbə ilə rastlaşdım. İtaliya universitetlərində təhsil haqqları da çox yüksək deyil.
Sonda da əgər tələbə yaxşı oxuyarsa, universitet, ölkə onların getməsini istəmir. Onlar yaxşı işlə, maaşla təmin oluna billirlər.

- Sizi elmi rəhbər seçən gənclərə bu sahədə nə qədər köməklik edirsiz?

- Mənim hazırda elmi rəhbəri olduğum 6 nəfər dissertant var. Hətta birinin işi hazırdır, mən onu detallı oxuyub öz iradlarımı və tövsiyələrimi bildirəcəm. Təbii ki, gələcək üçün gənc alimlərimiz hazırlanır. Alim olmaq üçün bu günlə yaşamaq olmaz, gələcəyə baxmaq lazımdır. Belə bir prinsip var: dünəni yaddan çıxarma, bu günü davam etdir, gələcəyə də böyük ümidlə bax.
Alim elmi iş hazırlayarkən onu 20-30 il sonraya əsasən araşdırıb yazmalıdır ki, bu iş yaxın gələcəkdə öz aktuallığını itirməsin. Dünyanı araşdıraraq dinamik inkişafa, məhsuldarlığa baxmaq lazımdır. Mən kitabımda Amerika, Kanada, Braziliya, Cənubi kimi ölkələrdəki inkişaf dinamikasını qeyd etmişəm.
Amerika hazırda adambaşına düşən məhsula görə birinci yerdədir. Almaniya isə Avropada birinci yeri tutur. Biz də çalışmalıyıq ki yaxşıdan ibrət götürüb yaxşıya çataq. Bunun üçün də əziyyət çəkmək lazımdır.
Elmi kitab o demək deyil ki, stolun üstündə qalmalı, oxunmamalıdır. Ondan səmərəli istifadə edilməlidir. Mənim monoqrafiyam 2050-ci il üçün olan hesabata aid edilir, amma biz bilmirik ki, 2070-ci illərdə dünyada nə kimi dəyişikliklər baş verəcək.
Hər halda, bütün hallarda planeti qorumaq lazımdır. Söhbət insanlıqdan, bəşəriyyətdən gedirsə, hər bir insan təbiəti mühafizə etməlidir. Torpaq da, bitkilər də, quşlar da, heyvanlar da, balıqlar da canlıdır. Bütün canlıları qorumaq və artırmaq lazımdır. Ən əsası isə insanları – bəşəriyyəti qorumaq lazımdır!


Nəzrin Cavid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu