Modern.az

Pulu qazanmaqla bərabər, xərcləməyi də bacarmaq lazımdır

Pulu qazanmaqla bərabər, xərcləməyi də bacarmaq lazımdır

İqtisadiyyat

21 Noyabr 2017, 09:34

Azərbaycanda problemli kreditlərin həcmi durmadan artır. Son məlumatlara görə, hazırda ölkədə problemli kreditlərin həcmi 2 milyard manata yaxındır. Bir tərəfdən, vətəndaş 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra kredit götürməkdən imtina edir, digər tərəfdən əvvəllər dollarla götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir. Buna qədər isə insanlar az qala bütün ehtiyaclarını ödəmək üçün banklara üz tuturdular. Devalvasiyadan əvvəl hətta toya nəmər yazdırmaq, təhsil haqqı ödəmək üçün, sağlamlığı ilə bağlı kredit götürənlər indi bu addımı atarkən iki dəfə düşünürlər. Amma hələ də gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkən vətəndaşlar arasında həm də “qonşudan qalma dala” prinsipilə çıxış edərək, ödəyə bilməyəcəyi kredit borcunun altına girənlər var.. Bu, həm də Azərbaycanda istehlakçı mədəniyyətinin aşağı olması ilə əlaqələndirilir. Çünki Azərbaycan insanı qazandığı pulu xərcləməyi bacarmır. Əlinə pul düşən kimi onu saxlamağı yox, hara sərf edəcəyini düşünür...

 

“Azərbaycanda kreditləşmə dövrü başa çatıb”

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, Azərbaycanda kreditləşmə dövrü başa çatıb:

“Nə banklar, nə dollarla kredit verməkdə maraqlıdır, nə də əhali kredit götürməkdə. Çünki hazırda geri qayıtmayan kreditlərin həcmi durmadan artır. Devalvasiyadan sonra əhali daha çox ziyan gördü. Çünki heç bir günahı olmayan vətəndaşın valyutada götürdüyü kreditlər faizlərdən əlavə birdən-birə 2 dəfə bahalaşdı. Bu baxımdan banklar risk edib dollarla kredit vermir, vətəndaş da risk edib götürmür. Ötən illə müqayisədə manatla götürülən kreditlərin də həcmində ciddi azalmalar var. Yeganə davam edən kreditlərin böyük əksəriyyəti istehlak kreditləridir, yəni müəyyən əşyaları almaq üçün ödənilən kreditlər. Bildiyiniz kimi, Azərbaycan vətəndaşı müxtəlif məişət avadanlıqları, texnika, mebel, mobil telefon və s. almaq üçün kreditlərə müraciət edir. Həcmində azalma olsa da, hələ ki, istehlak kreditlərinə müraciət edənlər var.

Əsas iqtisadiyyata təsir göstərə biləcək kredit növü biznes kreditləridir. Biznes kreditlərində kəskin azalmalar var. Biznes kreditlərinin verilmə müddəti azalıb, eyni zamanda çox yüksək faizlə təklif edilir. Faizlər hətta 22-25 faizə qədərdir. İş adamlarına bu cür yüksək faizlərlə kredit götürüb iş qurmaq olduqca sərfəsizdir. Bu səbəblərdən də ölkədə iqtisadi aktivlik aşağı düşüb. Çünki mühit biznes üçün o qədər də sərfəli deyil. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, bankların kredit bazarında aktivlik xeyli azalıb. Bu aktivliyin azalması nəticəsində ölkədə yeni iş yerlərinin yaranmasında problemlər yaşanır. Keçən il ümumi daxili məhsul 3,8 faiz azalmışdısa, bu il iqtisadiyyatda 0,8 faizlik daralma müşahidə olunmaqdadır. Daralmanın da əsas səbəbi kreditləşmənin kəskin azalmasıdır”.

 


“İstehlakçılar davranış qaydalarını bilmirlər”

 

Ekspert bildirib ki, Azərbaycanda istehlakçıların davranış qaydalarında da problemlər var:

“Vətəndaşa istehlakçı qaydalarını öyrətmək lazımdır. Sosial fondlar, sosial çarxlar, televiziyalar vasitəsilə maarifləndirici məlumatların paylaşılmasına böyük ehtiyac var. Həqiqətən də bəzən çox qəribə hadisələrin şahidi oluruq. Vətəndaş zəruri olmadığı halda böyük kreditin altına girir, nəticədə isə onu ödəyə bilmir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrin vətəndaşlarının təcrübəsinə baxsaq, görərik ki, insanların böyük əksəriyyəti kreditlə yaşayır. Çox böyük kredit borcları olmasına baxmayaraq, həmin vətəndaşlar narahatlıq keçirmir. Çünki sabit və yüksək gəlirləri var. Azərbaycanda problem ondadır ki, son iki ildə vətəndaşın stabil gəlirlər anlayışına zərbə dəyib”.

 

“Ayda sadəcə 49 manata telefon” reklamları...

 

N.Cəfrli eyni zamanda qeyd edib ki, vətəndaşların sosial sığortası, işgötürənlə işçi arasındakı münasibətlərin tənzimlənməsinə ehtiyac var:

“Bütün bu məsələlərdə biz Avropa ölkələrindən geri qalırıq. Biz vətəndaşa davranış qaydalarını öyrətmədən ondan nələrisə tələb edirik. Bu da doğru yanaşma deyil. Həm də vətəndaşın sosial güvəni olmalıdır. Vətəndaş bilməlidir ki, gəlirləri sabitdir, sabah işlədiyi yerdə kimsə ona “qapı” göstərməyəcək. Məhz o zaman kredit borcunun çoxluğu onu narahat etməyəcək. Amma indiki vəziyyətdə kim qonşuda, qohumda bahalı telefon görürsə, onu almağa tələsir. İstehlakçı ilk baxışda reklamlara aldanır. Məsələn, çox bahalı telefonun “aylıq sadəcə 49 manata”, yaxud “aylıq sadəcə 79 manata” reklamına aldanırlar. İstehlakçı ilk baxışda bunu anlamır ki, 49 manatı təklif olunan aylara vuranda malın satışdakı qiymətindən azı 2 dəfə baha alacaq. Bu kimi məsələləri müzakirəyə çıxararaq, insanları maarifləndirməyə, istehlakçı mədəniyyəti formalaşdırmağa ehtiyac var”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?