Modern.az

Hər əlinə saz götürən Aşıqlar Birliyinə qəbul edilmir - MÜSAHİBƏ  

Hər əlinə saz götürən Aşıqlar Birliyinə qəbul edilmir - MÜSAHİBƏ   

Mədəni̇yyət

23 Noyabr 2017, 14:54

Aşıq sənəti əsrlərcə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsirlər kеçdikcə, nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü оxşayır, dövrün ictimai-siyasi həyatını və ruhi dünyasını özündə əks еtdirir.

Azərbaycanda aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş ictimai təşkilat - Aşıqlar Birliyi fəaliyyət göstərir. Maraqlıdır, Aşıqlar Birliyinə üzv olmaq üçün il ərzində nə qədər adam müraciət edir? Kimlər birliyin üzvü ola bilər?


Bununla bağlı  Modern.az saytı Aşıqlar Birliyinin təşkilat işləri üzrə katibi Altay Məmmədovla həmsöhbət olub.

- Altay müəllim,  Aşıqlar Birliyinə üzv olmaq istəyənlər hansı şərtlərə cavab verməlidir?

- Bizim 70-dən çox klassik havalamız var. Bu havalardan təxminən yarısına qədərini mükəmməl çalıb-oxuyanlar, dastanlar barədə məlumatlı olanlar, aşıq şeir şəkillərini mükəmməl bilənlər Aşıqlar Birliyinə üzv ola bilərlər.

- Maraqlıdır, birliyə başqa sənətdən olan şəxslər  üzv ola bilərmi?

-Məsələn, balaban sənəti də bizim milli sənətimizdir. Balaban çalanlar əsrlər boyu aşıqların yanında olub. Bu baxımdan onlar da Aşıqlar Birliyinin üzvü ola bilərlər. Bunun da öz şərtləri var. Yəni aşıq havalarını müşayiət edə biləcək balabançılar üzv olmaq üçün müraciət edə bilərlər.

- Aşıqlar Birliyinin üzvləri hansı hallarda üzvlükdən uzaqlaşdırıla bilər?

- Aşıqlar Birliyinin  nizamnaməsində hər şey açıq şəkildə göstərilir. Əgər birliyin üzvü aşıq sənətinə uyğun olmayan, ustad aşıqlarımızın yaradıcılığını təhrif etmiş şəkildə , ümumiyyətlə aşıq mədəniyyətinə ləkə gətirəcək, efirdə xoşagəlməyən, sənətin adına layiq olmayan  hərəkətlər edərsə, həmin şəxs dərhal uzaqlaşdırılmasa da, sadəcə olaraq idarə heyətinin müvaqif qərarı çıxarılır.  Yalnız müzakirələr və qərardan sonra  şəxsin aşıq sənətində qalıb-qalmayacağı  müəyyən edilir.


- Uzaqlaşdırılanların ikinci dəfə birliyə üzv olma şansı varmı?

- Təbii, bu,  şəxsin etdiyi hərəkətdən asılıdır. Adam hər hansı bir səhv edir, il ərzində həmin səhv təkrar etmirsə, yenidən müraciət  edir. Şəxsin Aşıqlar Birliyinə üzv olması üçün komissiya təşkil olunur. Məsələ komissiya üzvləri tərəfindən müzakirə edilir və yenidən onun Aşıqlar Birliyinə üzv olunub-olmaması müəyyən edilir. Həmçinin, hər kəs Aşıqlar Birliyinə üzv olanda ona zəmanət duran bir neçə şəxs olur. Bunlar ustad aşıqlar və ya digərləri də ola bilər.

- Bir müddət bundan əvvəl Goranboydakı biznesmenin itlərinin toyunda çalan balabançı Haqverdi  Əliyevin birliyə üzv olmaq üçün yenidən müraciət etdiyi bildirilir. Qəbul ediləcəkmi?

- Adı çəkilən şəxsin rəsmi müraciəti hələ bizə  daxil olmayıb.

- Bu il ərzində birliyə nə qədər üzv qəbul edilib, həmçinin çıxarılıb?

- Demək olar ki, çıxarılma olmur. Aşıqlar Birliyinə kimsə məcburi olaraq çağırılıb çıxarılmır. Sadəcə olaraq qeyd etdiyim kimi, cəmiyyətimizdə Azərbaycan xalqının böyük sənəti olan ozan aşıq sənətinə ləkə gətirəcək hər hansı bir şəxs varsa, həmin dəqiqə uzaqlaşdırılmır.  Son qərarı idarə heyətinin üzvləri verir. Bu baxımdan  təxminən bir-iki nəfər Aşıqlar Birliyinin üzvlüyündən xaric olunub. Onlardan biri də bayaq adını çəkdiyiniz şəxsdir. Digərinin kim olduğunu xatırlamıram.

- Bəs qəbul edilənlər necə?

- Hər il Aşıqlar Birliyinə  üzv olmaq üçün kifayət qədər müraciət daxil olur.  Hər bir təşkilatda olduğu kimi, bizim də öz daxili qayda-qanunlarımız var. Biz ildə iki dəfə üzvlüyün qəbul olunması ilə bağlı qərara gəlmişik. Bu da komissiya tərəfindən reallaşdırılır. Müraciət edənlərin tərcümeyi-halına baxılır, onların sənəti dinlənilir və həmin komissiya tərəfindən onların üzv olunub-olmayacağı qərarlaşdırılır. Kim aşıq sənətini bilirsə, sazını-sözünü götürüb Aşıqlar Birliyinə gəlib müraciət edə bilər. Bizim birliyimiz aşıq sənətinə, xalqın mədəniyyətinə xidmət edən ictimai təşkilatdır. Biz də istəyirik ki, üzvlərimiz çox olsun, gənclərə üstünlük verək və ustadlardan nəsə öyrənə bilsinlər.

- Hazırda Aşıqlar Birliyinin nə qədər üzvü var?

- Aşıqlar Birliyinin üzvləri hardasa 300 nəfərdən çoxdur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir