Modern.az

“Qarabağ” hakimdən UEFA-ya şikayət edə bilməz - MÖVQE

“Qarabağ” hakimdən UEFA-ya şikayət edə bilməz - MÖVQE

25 Noyabr 2017, 12:32

UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində keçirilən “ Qarabağ”-  “ Çelsi” qarşılaşmasında hakimin verdiyi mübahisəli qərarlar hələ də gündəmdədir. Hakimin verdiyi 2 penalti qərarı və Rəşad Sadıqova verilən qırmızı vərəqə ilə bağlı mübahisələr davam edir.

 

Futbol+ “ qəzetinin baş redaktoru Mahir Rüstəmov Modern.az-a açıqlamasında bildirdi ki, bu oyunla bağlı UEFA-ya heç bir şikayət verilə bilməz. Və hakimin ilk epizodda verdiyi qərar səhv qərar kimi qəbul edilə bilməz:

 

“Hakimin verdiyi penalti qərarları adətən müzakirə edilmir. Hakimlər oyun qaydaları ilə bağlı hansısa səhvə yol verərsə, yəni bu qaydaları bilməməkdən irəli gələn səhvə yol verirsə bu halda klub şikayət edə bilər və nəyəsə nail ola bilər”.

 

Mahir Rüstəmovun sözlərinə görə, penalti qərarı  hakimin mühakiməsindədir.

 

“Hakimin verdiyi qərar sadəcə müzakirə edilə bilər, qınana bilər. Amma  bu səbəbə görə, UEFA-ya şikayət edərək nəyəsə nail olmaq mümkün deyil. Oyunun təkrar keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Bunun heç bir əsası yoxdur. Təkrar olaraq qeyd edirəm ki, bu ancaq o halda ola bilər ki, hakim oyunun qaydalarını bilmədən hər hansı kobud səhv etsin”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Qarabağ” rəqibinə 0-4 hesabı ilə məğlub olub. 

 

Əbülfəz Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?