Modern.az

“Namaz qılanların əksəriyyəti oxuduqları ayələrin, duaların mənasını bilmirlər”  - Əhməd Qəşəmoğlu

“Namaz qılanların əksəriyyəti oxuduqları ayələrin, duaların mənasını bilmirlər”  -  Əhməd Qəşəmoğlu

27 Yanvar 2018, 00:30

Bu gün cəmiyyətimizdə geniş yayılan mənfi hallardan biri də insanların bəyənməzlik sindromuna uğramasıdır. Təəssüf ki, bir çox səbəblərdən yaranan və əsasını müxtəlif komplekslər təşkil edən bu sindrom özünü bir neçə variantda göstərir. Birincisi, hər hansı vətəndaş bir fərd olaraq başqa vətəndaşı, insanları bəyənmir. Onların hər hansı müsbət keyfiyyətlərini qabul etmir. İkincisi isə, ümumiyyətlə, cəmiyyəti bəyənmir, xarici ölkələri, yad cəmiyyətləri özünün yaşadığı cəmiyyətdən bir baş üstün tutur. Doğrudur, yad cəmiyyətlər, - əsasən də Avropa- müəyyən detallara görə, bizim bu gün yaşadığımız cəmiyyəti fərz edək ki, qabaqlaya bilərlər. Amma bu o demək deyil ki, biz cəmiyyətimizə qarşı tamamilə aqressiv mövqedə olub, ona komplekslər pəncərəsindən baxaq. Konkret desək, insanın yaşadığı cəmiyyətin vətəndaşına və cəmiyyətin özünə bir növ inamı azalıb. Həm bu azalmış inam, həm də fərdin uğradığı müəyyən komplekslər onu məcbur edir ki, daima nəyisə bəyənməzlikdən gəlsin.

Modern.az sosioloq alim, bu kimi məsələləri dərindən araşdıran mütəxəssis, professor Əhməd Qəşəmoğlu ilə bu məsələni müzakirə edib. Müsahibədə məsələnin, həm kökünə-yaranma, formalaşma tarixinə, həm də gələcəkdə vura biləcəyi mənfi təsirlərə toxunmağa çalışmışıq:

 

- Əhməd müəllim, təbii ki, hər bir insan seçim etməkdə azad, fikir bildirməkdə isə sərbəstdir. O səbəbdən, kimi və nəyi bəyənib-bəyənməməyi də fərdin öz işi və hüququdur. Lakin bu artıq kütləvi hal alıb. Biz cəmiyyət olaraq bir-birimizi, ümumiyyətlə, bəyənməməyə başlamışıq. Sizcə, bunun əsas səbəbləri nələrdir?

 

- Mövzü olduqca aktualdır. Biz indiki qloballaşma şəraitində bu məsələyə, kifayət qədər ciddi olan problemə diqqəti günü–gündən artırmasaq, gələcəkdə bir çox fəsadlar ortaya çıxa bilər. Qloballaşmanın sürətlə getdiyi zamanda hər kəs öz milli kimliyinə, öz potensialına, milli məsələlərə münasibətində daha diqqətli olmalıdır. Bunun baş verməsi - milli dəyərlərə münasibəti və cəmiyyətinə inam formulu qloballaşma prosesində bir immunitet yaradar və ölkənin gələcək tərəqqisi üçün mühüm rol oynayar.

 

- Niyə kütləvi yayılan natamamlıq kompleksimiz var? Niyə yaxşıları onda-bunda axtarıb,  özümüzdəki müsbətləri görmürük?

 

- Bu suala bəziləri, hərdən tələm-tələsik belə cavab verirlər: uzun müddət müstəqil dövlətimiz olmayıb, əsrlərlə başqalarının əsarətində, başqa dövlətlərin tərkibində olmuşuq. Bu səbəbdən də bir cəmiyyət olaraq, öz məziyyətlərimizə, potensialımıza çox da inamımız formalaşmayıb. Doğrudur, bu faktorun da böyük önəmi var, amma dərindən təhlil edəndə görürük ki, əsas məsələ bu deyil. Amma ondan daha mühüm faktorlar, məsələlər var.

 

- Amma bu da zəif faktor deyil...

 

- “Uzun illər müstəqil dövlətin olmaması”, “uzun müddət əsarət altında qalmağımız” kimi detallar  bu məsələdə əsas faktor olsaydı, bunu elə qonşumuz Gürcüstanın misalında da deyə bilərdik. Çünki onlar da bizimlə demək olar ki, eyni vaxtda müstəqilliyini itirib, 70 il sovetin tərkibində oldular və bizimlə eyni vaxtda da bu əsarətdən qurtuldular. Amma hər zaman görmüşük ki,  onlar özlərinin milli kimliyinə, potensialına daha diqqətlə yanaşıblar. Bəlkə də bu səbəbdən onlarda özünəinam hissi çox güclüdür. Etiraf etsək də, etməsək də deməliyik ki, onlarda özlərinə olan inam hissi, potensiallarını dəyərləndirmək bacarığı bizdən daha çoxdur.

 

- Bəs onda fikrinizcə, bu sindromu genişləndirən əsas səbəblər hansılardı?

 

- Əsas səbəbləri məncə, bizim mədəniyyət sistemimizin formalaşdığı bir dövrdə  axtarmaq lazımdı. Yəni, orta əsrlərdə.  Fikir verin, Azərbaycanın, Şərqin intibahı, mədəni və elmi inkişafının qızıl dövrü əsasən Orta əsrlər hesab ediir. Orta əsrlərdə XII əsrdən etibarən, Azərbaycan başda olmaqla, bütün Şərqdə  intibah yaşandı. Böyük Nizamidən başlayaraq, Sührəverdi, Miyanəçi, Nəsimi, Füzuli, onlarla bu kimi mütəfəkkirlərimiz yetişdi. Onların hamısı dünya elminə mədəniyyətinə boy verə biləcək böyük şəxsiyyətlər kimi formalaşdırlar. O dövr çox həlldedici bir dövr oldu. Amma o mədəniyyət sisteminin  görün nə qədər böyük probemləri oldu.

 

Təsəvvür edin, Azərbaycanda  uzun əsrlər boyu yetişən bu cür düşüncə dahilərinin olduğu bir zamanda, ideyaların dünyaya təsir etdiyi vaxtlarda, onlarla eyni torpağın üzərində yaşayan insanlar gündə beş dəfə  ibadət edir, bilmədikləri sözlərlə dualar oxuyurdular.  İbadət və dua oxumaq böyük mənəvi hadisədir və lazımdır. Amma onlar bilmədikləri dildə, mənalarını anlamadıqları cümlələrlə bu ritualı həyata keçirirdilər. Bu, da onların psixologiyasına az təsir etmədi.

 

Həmçinin, bu intibah mədəniyyətinin pöhrələndiyi və inkişaf etdiyi zamanda baş verən ağır feodal çəkişmələri, yadelli hücumları da insanların taleyinə mənfi təsir göstərmiş oldu. Xalq öz yaratdığı mədəniyyətdən, bütün Şərqi qüvvətləndirən ideoloji sistemlərdən heç özü belə  istifadə edə bilmədi. Həmin dövrdə formalaşan azərbaycanlı gözünü açıb gördü ki, onun nəhəng şairi, fərz edək ki, Nizami və ondan sonrakılar, daha çox fars dilində yazıb,  tarixi  ərəb dilində köçürülüb, dünyada gedən proseslər onun ölkəsində müxtəlif şəkildə yayılır və əks-səda verir, bütün bunlar onun şüur və psixologiyasına xeyli mənfi təsir etmiş oldu. Elə o dövrdən başlayaraq, bizdə  milli kimlik, türklük məsələsi başqa xalqlardakı kimi, məsələn anqlo-saksonlarda, gürcülərdə olduğu kimi qabarıq şəkildə inkişaf etmədi.

 

- Yuxarıda dini faktoru da sadaladınız. Doğrudanmı, din amili bizdə milli kimlik və milli inam məsələsinə ağır zərbə vurdu?

 

- Digər bir məsələ də din faktorudur. İslam dini mahiyyət etibarı ilə mükəmməl dindir. Bunu müzakirə və mübahisə etməyin indi heç yeri də deyil. Bu, gün kimi aydındı. Amma çox təəssüf ki, İslam dininin əvəzinə onun süni şəkildə yaradılan müxtəlif lazımsız variasiyaları Azərbaycanda elə yayıldı ki, insanlarımıza dinin müsbət tərəfləri ilə yanaşı, neqativ təsirləri də oldu.

 

- Həmin neqativ təsirlər nələr idi?

 

- Bilirsiniz, ki, İslam dininin bir səmavi kitabı var – “Qurani Kərim”. Həmin “Qurani-Kərim”in üzərində  İslam coğrafiyasının hər yerində, eləcə də Azərbaycanda görün nə qədər dini sistemlər yarandı. Yaranan hər dini  sistem də çalışdı  ki, öz doktrinasını daha çox təsdiq etsin. Məhz bunun nəticəsində İslamın yayıldığı coğrafiyalarda hər zaman mənəvi gərginliklər yaranıb və bu da öz növbəsində  mənəvi formalaşma prosesinə ciddi təsiri edib. Məni həmişə belə bir məsələ düşündürüb: axı necə olur ki, İslam dininin bu qədər mütərəqqi prinsipləri olduğu halda, onun yarandı coğrafiyada  bu qədər cəhalət olub?  Bunun müxtəlif səbəbləri var. Bir səbəbi haqqında bu gün ilk dəfə sizə danışacağam: fikir verin, neçə əsrlərdir ki, İslam aləmində  o cümlədən,  Azərbaycanda  gündə beş dəfə namaz qılan adamlar əyilib-qalxır, alının möhürə qoyur və müxtəlif dualar oxumaqla namaz qılırlar. Bu namaz qılan adamların bəlkə də 90 faizinin ibadət vaxtı  oxuduqları duaların mənasından, mahiyyətindən xəbərləri yoxdu. Şəxsən mən namaz qılanların özlərindən soruşmuşam, əksəriyyəti bilməyiblər ki, namaz vaxtı dedikləri ayələrin, mənası nədir.  Psixologiya elmində belə bir anlayış var: insan başa düşmədiyi işlə məşğul olanda onda  getdikcə kütləşmə baş verir. Mən hələ də  başa düşmürəm ki, həqiqi İslamı yaymaq istəyənlər niyə fətva verməyiblər ki, namaz qılanlar ilk əvvəl dediklərinin tərcüməsini öyrənməlidirlər.  

 

Bu haqda  çox uzun danışmaq istəmirəm. Konkret olaraq onu deyim ki, bizdə bütün bu proseslərin nəticəsi olaraq, öz yurdumuzun həqiqi zəka sahiblərinə, həqiqi  düşüncə liderlərinə etinasızlıq olub. Onlara millətin düşüncə lideri olaraq diqqət yetirilməyib. Bəlkə də hazırda tanımadığımız, adını belə bilmədiyimiz elə şəxslər olub ki, onlar millətin düşüncə etalonunun inkişafında böyük xidmətlər göstərib, amma müəyyən səbəblərdən ortada itib-batıblar. Adları tarixdə də qalmayıb.

 

Sosial psixologiya elmi göstərir ki, xalq düşüncə etibarı ilə  kimi özünə lider seçirsə, həmin o liderin xüsusiyyətləti, xarakteri xalqın formalaşmasına güclü təsir edir. Çox təəssüf ki, bizdə hələ də vətənpərvərlik sistemimizdə milli kimliyimizə, milli tariximizə lazımı qədər diqqət yetirilməyib. Bu çox evdə valideynlərin tərbiyə sistemində də belə olub. Bunu gizlətmək lazım deyil. Müstəqillik qazandığımız dövrə qədər insanların çoxu evdə uşaqlarının yanında “türk” kəlməsini  deməyə qorxurdular. Biz bu günə qədər millətimizin, xalqımızına adını dəqiq deyə bilmirik. Bu çox müsibətli bir haldır. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdı.

 

- Deməli, tariximizə, milli kökümüzə biganəlik meyarları bu gün cəmiyyətimizi bəyənməməyə gətirib çıxarıb?

 

- Bizdə tariximizə qarşı biganəlik var. Siz fikir verin, biz hələ tariximizi vahid və doğru sistem altında öyrənə bilməmişik. Siz gəlib bizim tarixçilər arasında soğru keçirsəniz, görəcəksiniz ki, onların 90-95 faizi ərəb-fars dilini bilmir. Əgər tariximizə aid dəyərli mənbələrin əksəriyyəti ərəb-fars dillərindədirsə və tarixçilərimiz də bu dilləri bilmirsə, onda oradakı mühüm məsələləri nə cür qabardıb ortaya qoyacaqlar?! Onlar bəzən kitablarında başqa tədqiqatçıya, səhhaya istinad edərək nəyisə deyirlər. Məsələn yazırlar ki, filan rus,  filan fransız tədqiqatçısının sözlərinə görə belə olub. Tariximizi onlara istinad etməklə yazırlar. Bəla buradan başlayır. Təsəvvür edin ki, Azərbaycan şairi olan Nizaminin bu günə qədər ən böyük və nüfuzlu tədqiqatçısı Yevgeni Bertels sayılır. Necə olur ki, başqa millətin nümayəndəsi olan Bertels ərəb-fars dillərini dərindən örənib mənim şairimi tədqqi edəcək amma bizim özümüzdə bu cür mütəxəssis yetişməyəcək.

 

- Əhməd müəllim, tarixə çox vardıq. Amma gələcəyi də düşünək. Bu gün bir cəmiyyət kimi özümüzü aşağılamağımız gələcək nəsillərə nə kimi ciddi zərbələr vuracaq?

 

- Biz bu gün niyə həyəcan təbili çalmalıyıq? Çünki qloballaşma prosesi sürətlə gedir, ölkələr, xalqlar bir birinə daha çox yaxınlaşır, qaynayıb qarışır. Belə olan halda gələcəkdə o xalqlar, o millətlər daha yaxşı nüfuz sahibi olacaqlar ki, onların özünəməxsusluğu, dəyərlərinə sayğıları fəaliyyətlərində öz əksini tapacaq.

 

Sistem nəzəriyyəsi bu məsələləri daha çox tədqiq etməyə imkan verir. Bu nəzəriyyədə belə bir anlayış var-sistem əmələ gətirən amillər. Deməli,  hər hansı bir sistemin yaranması, möhkəmlənməsi üçün sistem əmələ gətirən amilin böyük rolu var. Hər bir ölkənin sistem əmələ gətirən amillərindən biri və birincisi orada insanlar arasında bir qarşılıqlı əlaqlənin nə zaman güclü olmasıdır. Qarşılıqlı əlaqə də o zaman güclü olur ki, insanlar bir-biriləri haqqında müsbət fikirdə olur, gələcəyə daha müsbət ümidlə baxırlar.

 

Bütün tarixi proses onu göstərir k, əgər kimisə yamsılayırsansa, heç zaman ondan irəli keçə bilməyəcəksən. Həmişə ona yaxınlaşsan da yenə də onun kölgəsində qalacaqsan. O adamlar istənilən bir cəmiyyətdə daha ön mövqedə olurlar ki, onların daxili potensialını hərəkətə gətirən mövqeləri, özlərinə inamları olur. O zaman belə adamlar irəli gedirlər. Cəmiyyətimzdə insanlar gah, onu gah bunu yamsılamaq istəyir, nəticədə də yamsıladığı obyektlə müqayisə edərək, öz cəmiyyətini bəyənmir.  Biz bir müddət ərəbləri, farsları, sonra rusları yamsılamaq istəmişik.  İndi isə Avropanı,  onun dəyərləri və “dəyərləri”ni özümüzdən üstün sayırıqsa, bütün bunların hamısı bizim sistem əmələgətirmə işimizə birbaşa mənfi təsir edəcək.

 

Son olaraq gəldiyim qənaət budur: əgər bu günün öndə gedən ölkələr ilə bir sırada olmaq istəyiriksə, onda gərək özümüzün özümüzə məxsus üstünlüklərimizi üzə çıxarmaq mexanizmini qabardaq. Elə olmasa, yenə də onu-bunu yamsılayacağıq. Bu, çox böyük ideoloji,  strateji və mühüm bir məsələdir. Bununla bağlı hələ xeyli işlər görülməlidir.

 

E. Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu