Modern.az

Lahıcda Rəsulzadəni satıb qoşalülə alan satqının öldürülməsi

Lahıcda Rəsulzadəni satıb qoşalülə alan satqının öldürülməsi

17 May 2018, 14:51

Bu il Cümhuriyyətinin liderlərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür. 

Modern.az bu münasibətlə Rəsulzadəyə həsr etdiyi yazını - həyatının ən çətin məqamlarından biri olan Lahıc dövrü haqqında bir neçə məlumatı oxuculara təqdim edir:

 

Lahıca səfər

 

1920-ci ilin 28 aprelində hökuməti təhvil verdikdən sonra Rəsulzadə Novxanıdakı bağ evinə köçür. Müsavatçılardan Nəsib bəy Yusifzadə vaxtaşırı onun yanına gedib-gəlir, Abbasqulu Kazımzadə isə şəhərdə baş verən xəbərləri aparıb-gətirirdi. Sonuncu dəfə Rəsulzadənin yanına gələndə o, dostuna dedi:

-Məhəmməd Əmin bəy, siz daha burada da qala bilməyəcəksiniz! Əliheydər Qarayev sizin həbs edilməniz haqqında qərar çıxarıb. Bəylər qərara gəliblər ki, sizi Lahıca aparaq. Çünki şəhərlə Novxanının arasında elə böyük məsafə yoxdur. Bakıdan Şamaxıya, oradan Qaraməryamadək bütün yollara bolşeviklər nəzarət edirlər. Odur ki, təcili yığışın!

Bakını tərk etmək vaxtı çatmışdı. Qərara alındı ki, Sarı Ələkbərə müraciət edilsin. Sarı Ələkbər çoban olsa da, zirək adam idi. O, Rəsulzadəni Müsavatın güclü özəyi olduğu Şubanı dağlarının arasıyla Lahıca aparmağı məsləhət gördü.

 

Etibarlı dostlar

 

O, Lahıca çox böyük çətinliklə gedib. Çünki hər yerdə təqib olunurdu. Adicə faytona minəndə də ehtiyat etdiyi deyilir. Bu şübhələrində haqlı idi. Çünki ətrafda Rəsulzadəni satmaq üçün növbədə dayanan insanlar çox idi. Bu səbəbdən də faytonuna minmək istədiyi qoca faytonçunun ona baxışından şübhələnir. Lakin qorxulu heç nə yox idi. Sonradan hadisənin nə yerdə olduğunu biləndə dünyagörmüş faytonçu etiraf edəcəkdi: “Mən ömrümdə ilk dəfə idi ki, elə işıqlı, nurlu sifəti olan adam görürdüm. Necə ağıllı baxışı, mədəni davranışı vardı! Hiss olunurdu ki, çox da səliqəli adamdır”.

 

Abbasqulu Kazımzadə Rəsulzadəni bu ağır səfərə tək buraxmamışdı. Atlar yəhərləndi. Dağların arasıyla Gimçi kəndinə gəldilər. Orada Seyid Zəki adlı hörmətli bir şəxsin evində yığışıb sonrakı addımlarını müzakirə etməyə başladılar. Gəmçidən Lahıca gedən Seyid Zəki oğlunu Rəsulzadəgilə qoşdu. Lahıca sağ-salamat çatıb dostunun evinə düşsələr də, burada uzun müddət ləngiməyib, tez-tez qaldıqları yeri dəyişirdilər.

 

Fitnələrin oyunu

 

Rəsulzadənin tədbirli tərpənib Bakını tərk etdiyini eşidən Əliheydər Qarayev də hər yana adam salıb, onu axtartdırırdı. Nəhayət, Rəsulzadəni Lahıcda yaxalaya bilib Bakıya gətirdilər.  

Başqa bir araşdırmaçı alim Ədalət Tahirzadə araşdırmalarının birində Rəsulzadənin Lahıcda necə həbs olunması barəsində maraqlı məqamlara toxunub:

“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. 

 

Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.    

 

Qaytarılan borc

 

Rəsulzadənin ömrünün bu ağır illərində-ölümün pəncəsindəki olduğu dönəmdə onun necə çətin yollarla xilas olması haqqında çox danışılıb. Əsasən də Stalinin adı çəkilib. Doğrudur, tarixdə belə fakt olub: Stalin Rəsulzadəni güllələnməkdən xilas edib, daha doğrusu, ona borcunu qaytarıb.

 

Rəsulzadənin Lahıc səfəri  barəsində bir başqa versiya

 

Başqa bir versiyaya əsasən, Rəsulzadə əvvəlcə Xızının Təzəkənd kəndinə gəlir. Burada onu Xızı və Qarabulaq camaatı qarşılayır. Onların arasında gənc Cəfər Cabbarlı da olub. Az müddətdən sonra Rəsulzadənin Təzəkənddə də qalması təhlükəli olur. Çünki cəsuslar artıq onun gizləndiyi yeri bilmiş və tezliklə hərəkətə keçmişdilər. Bu səbəbdən, onu Gimçi kəndinə - Hacı Seyid Zəki ağanın yanına göndərirlər.

 

Seyid Zəki ağanın nəvəsi Mirhəsənin sözlərinə görə, Seyid Zəki ağa Məhəmməd Əmin Rəsulzadənin uzaq qohumlarından olub. Ona görə də Rəsulzadənin özü də qohumunun yanında qalmağa, orada bolşeviklərdən qorunmağa maraqlı olub. Çünki Seyid Zəki ağa bütün ətraf kəndlərdə, qəsəbələrdə hamının xüsusi hörmət bəslədiyi insan idi. Odur ki, cəsusluq edən kəslər başqalarından fərqli olaraq, onun evini pusa bilməz, hətta bundan xəbərləri olsa da belə ağaya nəsə etməzdilər. Hər halda, Rəsulzadə bu cür düşünürdü. Amma təəssüf ki, onu seyidin evinə gətirən hər iki səbəb sonradan puç olur. Təzəkənddə yeri öyrənilən Rəsulzadənin Gimçidə də izinə düşürlər. Seyid Zəki ağanın şəxsi nüfuzu səbəbindən bir neçə kənd sakini gecə ikən gizlincə onun evinə gəlir və qonağı başqa yerə aparmağı, kənddən çıxarmağı məsləhət görürlər. 

Seyid Zəki ağa vaxtı fövtə verməyib, qonağın yerini dəyişdirmək qərarına gəlir. Rəsulzadəni gizli yollarla Lahıca göndərir. O, Lahıcda  Seyid Zəki ağanın dostları və qohumlarının yanında qalır”.

 

Amma yenə də…

 

Həbs olunandan sonra Rəsulzadə Pankratov kimi cəlladla üz-üzə qalmalı, onun tənəli suallarına və sərt rəftarına davam gətirməli olub. Rəsulzadəni  bir müddət çox şəraitsiz yerdə saxlayıblar. Lakin bir gün Bakıya Stalinin gəlişi hər şeyi dəyişdirir.

 

Nəsiman Yaqublunun araşdırmalarına görə Məhəmməd Əmin Rəsulzadə həbs olunanda “gizli müsavat”ın tapşırığı ilə Ağabala Qasımov Vladiqafqaza gedib Stalinə məlumat çatdırır. Və Stalin də keçmiş mübarizə dostunu - onu neçə dəfə ölümdən qurtarmış Məhəmməd Əmini xilas etməyə gəlir:

“Stalinin göstərişi ilə Pankratov çölə çıxır. Köhnə mübarizə dostları tək qalır. Və aralarında açıq, yalnız həqiqət faktlarını üzə çıxaran söhbət gedir. Stalin Məhəmməd Əmin Rəsulzadəyə bildirir ki, vəziyyətiniz çox ağırdır. 
“Azərbaycanlı kommunistlərin bir qismi güllələnməyinizi, digəri isə ömürlük həbsxanada qalmağınızı məsləhət görürlər. Amma mən bunların heç birini rəva bilmirəm və məqsədim sizi xilas etməkdir”.

 

Stalin Rəsulzadəyə məsləhət görür ki, onunla birlikdə Moskvaya getsin, çünki azərbaycanlı kommunistlər onu sakit buraxmayacaqlar. 


Məhəmməd Əmin Rəsulzadə Stalinlə söhbətində çox məsələlərdən danışdı. Stalinə sübut etdi ki, “siz haqqımızı, istiqlalımızı tapdayıb buraya gəlmisiniz. Böyük millətlərdən kömək gözləməyin də faydası yoxdur. Çünki onlar Türkiyə ilə düşmən vəziyyətindədir. Siz isə «Türkiyəyə kömək» şüarını irəli sürüb xalqımızı əsarətə aldınız”. 


Məhəmməd Əmin Rəsulzadə Stalinə çox həqiqətləri söylədi o görüşdə. Bir saata kimi aralarında danışıq getdi. Həmin o danışıqda Stalin Məhəmməd Əmin Rəsulzadəyə bir söz də dedi: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”...



Məhəmməd Əmin Rəsulzadə “dörd divar arasından” çıxmağa razı olub Stalinin təklifini qəbul edir. Stalin isə Pankratovu içəri çağırıb deyir: “Bura bax, bu adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin”.

 

Pankratov Stalinin göstərişini yerinə yetirir. Rəsulzadəni balkonlu, münasib bir otağa köçürürlər. Bir neçə gündən sonra Stalinlə birlikdə Moskvaya yola düşürlər. Yola düşməzdən qabaq ailəsi ilə görüşmək imkanı verilir…

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı