Modern.az

Sabiq nazirlərin arzuları ürəyində qalıb 

Sabiq nazirlərin arzuları ürəyində qalıb 

4 Fevral 2018, 10:22

Son 5 ilə qədər ölkədə nazir postundan gedənlər mətbuat səhifələrində “ədəb-ərkanla” yola salınırdı.

 

Həmçinin, vəzifədən uzaqlaşdırılan nazirlərin sonradan digər sahələrdə müxtəlif postlara təyin olunması da baş verirdi.

 

Sabiq nazirlər Əvəz Ələkbərov, Misir Mərdanov, Əli Abbasov tutduqları postlardan uzaqlaşdırılsalar da, təhsil sahəsində müəyyən vəzifəyə təyinat ala biliblər.

Amma bu cür təyinatı eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla, sabiq nəqliyyat naziri Ziya Məmmədovla və eks-vergilər naziri Fazil Məmmədovla bağlı görmədik. Səbəblər isə ortadadır. Görünür talançılıq və rüşvətxorluq əməllərinin mövcudluğu barədə iddialar etibar məsələsini sıfıra endirib.

 

Digər bir məqam isə son illərdə nazir postundan gedənləri səfir postunda görə bilməməyimizlə bağlıdır. Halbuki, bir vaxta qədər nazir kreslosu geri alınanlar qısa zaman kəsiyində hansısa ölkəyə səfir göndərilirdi. Məsələn, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, eks-xarici işlər naziri Vilayət Quliyevə səfir postu həvalə olunub. Sonuncu hazırda Macarıstanda səfir işləyir.

Bütün bunları nəzərə alaraq ortaya belə suallar çıxır.

 

Vəzifədən gedənlər niyə zamanında tənqid oluna bilmir?

 

10 ya da 15 il bir postda qərarlaşan şəxslər vəzifəni itirəndən sonra yenidən “ştata” alınmalıdırmı?

 

Sabiq nazirlərin səfir olma şansı niyə yoxdur?

 

“Vəzifədə olanda hamı susur”

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında deyib ki, bu məsələlərdə bəzi məqamlar var.


“Uzun müddət bir məmurun eyni işdə çalışması və yüksək idarəçilik qabiliyyətinin olması heç də bütün hallarda yüksək keyfiyyət demək deyil. Bir qayda olaraq məmur nə qədər ki vəzifədədir, heç kəs cəsarət edib hansısa sahədə yol verdiyi nöqsanlar barədə fikir bildirmək istəmir. Əksi baş verəndə isə tənqidçi şəxslər məmur tərəfindən ya cəzalandırılır, ya da müxtəlif formada şirnikləndirici vasitələrlə ələ alınır. Bəzi hallarda isə bəzi məmurlar bilərəkdən və qərəzli olaraq məlumatlar yaymaqda maraqlıdırlar.

Zamanında haqlı olaraq işdən çıxardığı və ya düşmənçilik etdiyi insanlar həmin məmur vəzifədən çıxarılandan sonra haqqında həbs xəbəri yazmağa, ya da yazdırmağa başlayırlar. Hesab edirəm ki, bu, bütövlükdə idarəetmə sisteminə qarşı haldır”.

 

Qüsursuz məmur varmı?!

Hüquqşünas deyir ki, ancaq qüsurlardan danışmaq da doğru deyil.

“Əgər bu şəxs uzun müddət çalışıbsa, deməli onun bir faydası mütləq olub. Məmur işdən çıxarılandan sonra onun prinsipial mövqeyinə görə da əks mövqelər olur. Məmur işdən çıxandan sonra onun fəaliyyəti heç də ancaq qüsurlarla bağlı müzakirəyə çıxarılmamalıdır. Sadəcə, cəmiyyətdə belə fikir formalaşıb ki, bir məmur uzunmüddətli vəzifədə qalmalıdır. Əks halda, vəzifədən uzaqlaşdırılarkən dərhal işində qüsurların olduğu aşkarlanmalıdır. Demirəm ki, işində qüsur olmayan məmur ola bilməz. Bu da ola bilər. Heç də bütün hallarda bu cür qiymətləndirmə doğru deyil.

Bir insanın uzun müddət hansısa vəzifədə qalmasının nəticəsi olaraq tükənmə, yorulma baş verə bilər. Bu zaman bəzilərinin fəaliyyətinə obyektiv yanaşma olmur. Ona görə də bir çox xarici ölkələrdə bir şəxsin özəl sektordan dövlət sektoruna gəlişi, ya da əksi baş verir. Bu yerdəyişmələr həm də yeni imkanlar, yeni bilik və bacarıqlar yaradır. Bütləşmənin qarşısını alır”.

 

Əgər məmur vəzifədən gedibsə, deməli....

Ə. Nuriyevin sözlərinə görə, işdən çıxarılan məmur barəsində ancaq neqativə köklənilir.

“Təəssüf ki, Azərbaycanda ancaq neqativ fikirlər səslənir. Əgər bir şəxs işdən azad olunubsa, deməli həmin məmura etimad yoxdur, korrupsionerdir, cinayət törətmiş şəxsdir. Hesab edirəm ki, bu cür yanaşmalar doğru deyil. Düşünürəm ki, idarəetmədə yeni yanaşmalar tətbiq olunmalıdır.

Müxtəlif sahələrdə dəyişmələr gedir. Bu dəyişmələrə hazır olmaq lazımdır. Bu dəyişmələrlə bağlı dövlət institutlarının, məmurların yanında hansısa müşavirələr keçirilməli, köməkçilik sisteminə diqqət yetirilməlidir. Bir çox hallarda hər birimiz hansısa sahədən çox böyük təcrübə ilə ayrılırıq. Eyni zamanda, dövlətə də daha çox fayda vermək olar”.

 

Gənc nazirlər, yoxsa itirilən varislik?!

Bütün nazirliklərin gəncləşməsinə gəlincə, hüquqşünas bunu heç də doğru hesab etmədiyini bildirib.

“Bəzi hallarda məmurlarla bağlı danışanda gəncləşmənin aparılmasını qeyd edirlər. Hər bir sistemin gəncləşməsini alqışlayıram. Amma kütləvi gəncləşmə baş verəndə nəsillər və idarəetmə arasında varislik itir. Bu varisliyi qoruyub saxlamaq çox vacib məsələdir. Ölkəmiz yeni müstəqillik qazanıb. Bu dövlətdə ənənələrin yaranması vacib faktordur. Təəssüf ki, biz ənənə yarada bilmirik. Dövlətçilik ənənələrini yaratmaq üçün böyük təcrübəyə malik olan məmurların yaxşı mənada təcrübəsindən istifadə etmək lazımdır. O məmurlar ki, korrupsiyaya bulaşıb və onların yenilik tətbiq etmək imkanı yoxdur, onları bu işlərə cəlb etməyə dəyməz. Amma böyük təcrübəyə malik olan yaxşı insanları sistemdən uzaqlaşdırmaq olmaz. Çünki ənənələrin itməsi nəticəsində cəmiyyət böyük fəlakət yaşaya bilər. İdarəetmədə bizim çox yaxşı kadrlarımız olub. Ona görə də hər işdən çıxarılanı aşırı dərəcədə ləkələməklə heç kimə fayda gəlməz”.

 

Səfir ola bilməyən Ziya Məmmədov, Əli Abbasov....

“Vəzifədən gedənləri səfir kimi niyə görə bilmirik” sualına Əlməmməd Nuriyev belə cavab verib.

“Vəzifədən çıxarılan nazir səfir kimi də çalışa bilər. Son illərdə nazir postundan gedənləri səfir kimi görmürük. Görünür, onların işlərində yol verdiyi nöqsanların olması bu işdə rol oynayır. İşdən çıxarılan məmurların bəziləri haqqında qərəzli yazılar yazılır. Bəziləri isə həqiqətən də işində nöqsanlara yol verib. Amma işdən çıxarılanların adlarını kütləvi şəkildə hansısa mənfi işlərdə hallandırmaq doğru deyil. Yaxşı və təcrübəli işçilərin əməyindən yararlanmaq lazımdır. Həmçinin, bir şəxsin uzun müddət vəzifədə qalması da doğru deyil. Yorulur, əldən düşür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir