Modern.az

Adı da Xoşbəxtdir, özü də...

Adı da Xoşbəxtdir, özü də...

5 Fevral 2018, 13:10

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

 
“Məşhur şəxsiyyətlərlə bağlı xatirələr” silsiləsindən daha bir tanınmış insan haqqında hafizəmdə həkk olunmuş unudulmaz hadisələri qələmə almışam. 


Deyirlər çox adamın adı ilə xəsiyyəti, davranışı, qabiliyyəti uyğun gəlmir. Adı Sədaqətdirsə özü sədaqətli olmur, adı Mərddirsə özü namərd kimi tanınır, Cəsur bəzən qorxaq olur və s. Haqqında söhbət açmaq istədiyim şəxsin adı da Xoşbəxtdir, göz dəyməsin, özü də xoşbəxtdir. Xoşbəxt Yusifzadə - xalqımıza milyonlar qazandıranlardan biri, neft yataqlarının bilicisi, adi mühəndislikdən SOCAR prezidentinin birinci müavini vəzifəsinə yüksələn, sadədən də sadə insan!


Təxminən 51 il bundan əvvəl payız fəslində  “Neft Daşları”ndan qəzet üçün (o vaxt “Bakı-Baku” qəzetləri redaksiyasında işləyirdim) hazırlamaq məqsədi ilə dəniz şəhərinə gedirdim. Təcrübəli kapitan Telman Cəfərovun idarə etdiyi “Babazadə” gəmisi ilə təzəcə sahildən aralanmışdıq ki, dalğalar gəmini atıb-tutmağa başladı. İlk dəfə idi ki, nəhəng gəmi ilə gedirdim. Başım gicəlləndi, ürəyim bulandı. Kapitan pultunda idim. Telman Cəfərov bunu dərhal hiss etdi.

-      Narahat olma, - dedi, - keçib gedəcək. Bəs biz necə dözürük – hər gün bu yolu gedib-gəlirik.


Günortaya yaxın əfsanəvi estakadalar şəhərinə yan aldıq. Hər şey mənə qəribə görünürdü. Fasilə zamanı qardaşımla (o, ali məktəbi bitirdikdən sonra “Neft Daşları”nda işləməyə başlamışdı, mühəndis idi, sonra neftin nəqli sexinin rəisi olmuşdu) yeməkxanaya getdik. Stol arxasında üçümüz oturmuşduq. Qardaşım Lətif onu təqdim etdi.

-      Yaxşı şahmat oynayır, amma mənə uduzur (gülüşdük), adı Xoşbəxtdir.


Xeyli söhbətdən sonra ona elə bağlandım ki, heç ayrılmaq istəmirdim. Zarafatçıl, çoxlu lətifə bilən, peşəsini sevən Xoşbəxt müəllim mənim “Deyəsən, qasırğa olacaq, eləmi”- sualıma təmkinlə yanaşdı.

-      Elə bir təhlükəsi yoxdur, qasırğa bu cəsurlara (yeməkxanadakıları, Lətifi və özünü göstərdi) neyləyəcək?!

Bir az arxayın olsam da, dalğaların səsi, estakada üzərində quraşdırılmış budkanın (qardaşımın iş və yataq yeri) silkələnməsi məni vahiməyə salmışdı. Nə isə ...

Həmi gecə, necə deyərlər, ilan çalan yatdı, mən yox!

Öz-özümə düşünürdüm: bu dənizçilər necə də qəhrəmandırlar! Xoşbəxt Yusifzadə də onların sırasındaydı.


İllər keçdi. Televiziyada “Xəbərlər”də işləyirdim. Nazirlər Kabinetində mətbuat xidmətinin rəhbəri, əsl jurnalist, istedadlı şair, qələminə heyran olduğum, çox bacarıqı dövlət qulluqçusu Akif Əli zəng vurdi ki, baş nazir Norveçə gedəcək, çəkiliş qrupu göndər. Şirkətdə məsləhət gördülər ki, mən gedim. Buna sevindim, Artur Rasizadə ilə səfərə çıxmaq çox adama nəsib olmur. 
Nazirlər Kabinetinin məsul işçilərinin daxil olduqları heyətdə Xoşbəxt Yusifzadə də var idi. Adi neftçi-mühəndis kimi tanıdığım Xoşbəxt Yusifzadə, sən demə, o, dərya imiş ...


... Norveçdəgörüşlərdən birində ölkənin neft-qaz istehsalı, neft emalı barədə mühazirə oxundu. Tribunadakı məsul şəxsin (ad-familiyasını yazmamışdım) çıxışı maraqla dinlənilirdi. Birdən:

-      Saxla, o dediyiniz rəqəmləri bir daha təkrar edin, - deyə Xoşbəxt Yusifzadə mühazirəçinin sözünü kəsdi.


Çaşmış vəziyyətdə qalan şəxs rəqəmləri bir daha təkrar etdi, tərcümə də dəfələrlə dəqiqləşdirildi. Etiraf etdilər ki, çox kobud səhvə yol verilib, istehsal edilən katalizatorun miqdarı səhvən on minlərlə, milyonlarla artıq göstərilib. Dedilər ki, bu rəqəmlər böyük bir komissiyanın imzaladığı və xeyli beynəlxalq təşkilatlara göndərildiyi hesabatdan götürülüb.

-      Əgər belə olsa sizin ölkə dünyada neft emalı sahəsində birinci yerdə gedərdi, - deyə Xoşbəxt müəllim təmkinə sözünü tamamladı.


Görün indi Xoşbəxt Yusifzadə bizim nümayəndə heyətinin gözündə necə ucaldı, qərib ölkədə biz necə qürur hissi keçirdik! Yaşa, Xoşbəxt müəllim, min yaşa,  həmişə beləcə cavan yaşa, qabiliyyətli yaşa, Xoşbəxt müəllim!

 

Fotoşəkil: Norveçdə vertolyotla dəniz terminalına səfər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?