Modern.az

Mehman Kazımovu xatırlayarkən...

Mehman Kazımovu xatırlayarkən...

Media

5 Fevral 2018, 23:16

Hələ sovet dövründə, yaşımın çox gənc vaxtlarında mətbuata olan sonsuz marağıma görə Azərbaycanda oxuculara təqdim olunan barmaqsayı qəzetlərin imza sahiblərini əzbərdən tanıyırdım. “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “Ədəbiyyat və İncəsənət”, “İdman” qəzetlərinin müxbirlərinin yazılarını həvəslə oxuyurdum. Etiraf edim ki, Xankəndi şəhərində yaşadığım həmin illərdə arabir Bakıya gələndə, o vaxtlar əksər redaksiyaların yerləşdiyi “Kommunist” Nəşriyyatı adlı binanın qarşısından keçəndə bu məkanın nə qədər əlçatmaz olduğunu da düşünürdüm. Bilirdim ki, oxuduğum və sevdiyim imza sahibləri bu binada çalışırlar, fəaliyyət göstərirlər.  Dövrün, rejimin mətbuat təmsilçiləri məhz onlar idi. Mərkəzi mətbuatı (Moskva) çıxmaq şərti ilə seçimimiz yalnız bu imzalar idi. Və bu imzaların içərisində bir imza da var idi: Mehman Kazımov...

 

Zaman elə gətirdi ki, çox-çox sonralar 7 il ərzində Mehman Kazımovla bir redaksiyada çalışdıq və bu 7 ili bir otaqda oturduq.

 

Mehman müəllimin həm jurnalist, həm də bir insan kimi özünəməxsusluğu, özəllikləri var idi. Sözünə bütöv olduğu qədər, imzasına da məsuliyyətlə yanaşırdı. Yazdığının söz yükünü daşımağı bacarırdı. Hər sözünü, hər cümləsini istənilən auditoriyada müdafiə etmək iqtidarındaydı. Heç bir təmənna, heç bir kənar təsir Mehman müəllimin yazdığı yazının bir cümləsini belə dəyişə bilməzdi.

 

Mehman Kazımovun sadəliyi qibtəediləcək dərəcədə idi. Bu sadəlik uşaqla uşaq, böyüklə böyük kimi bir prinsiplə müşayiət olunurdu. Tez-tez ezamiyyətlərdə olurduq. Səfərlərimiz zamanı Mehman müəllim aramızdakı 20 yaş fərqini heç vaxt hiss etdirməzdi.

 

Aramızda səddi-sərhədi keçməyən güclümü deyim, qədərindən artıqmı deyim bir zarafat var idi. Bu zarafatın dostluq, manasibət qayçısına çevrilməməsi üçün ikilikdə bir müqaviləmiz də var idi. Mən ona “ağsaqqal”, o da mənə Qarabağ ləhcəsində “bajıoğlu” deyirdi və bu müraciətlərlə biz öz zarafatlarımızı kompensasiya edirdik.

 

Yaşadığı binanın qarşısında özünə kiçik bir bağ düzəltmişdi Mehman müəllim. Arabir bu kiçik bağa yığışardıq. Çayımız, nərdimiz öz yerində... Qonorarın yaxşı vaxtlarında isə süfrəmiz daha zəngin olardı. Təbii ki, bizim bir kollektiv olaraq başqa bir məkana da yığışmaq imkanımız var idi. Amma Mehman müəllimin bu kiçik bağdakı əl işləri, zəhməti, toprağa bağlılığı bizləri məhz bu bağda zövq almağa sövq edirdi.

 

Mehman müəllim ciddiliyi qədər də baməzə adam idi. İstənilən bir mövzu ətrafında maraqlı bir əhvalat danışmaq, ya bir gülməcə, lətifə söyləmək adi bir hal idi onun üçün.

 

Mehman Kazımovun sözün düzünü deməyi də fərqli idi. Ürəyə, qəlbə toxunmadan fikirlərini elə çatdırırdı ki, qarşısındakı insanın ruhu da incimirdi. Sözün yaxşı mənasında kiməsə “ilişəndə” də həmin kəsin xətrinə dəyməzdi.

 

Bir yerdə işlədiyimiz illərdə Mehman müəllimlə aramızda olan isti münasibətlərin müqabilində mən onun ürəyinə bələd idim. Dərdlərini də, sevinclərini də bilirdim. Çox vaxt özü bölüşürdü içindəkilərini, qəbul etdiklərini və etmədiklərini.

 

Mehman müəllim zamanında Qarabağda adlı-sanlı bir kişinin, o illərdə barmaqla göstərilən  “Əməkdar Müəllim”, əsl ziyalı İsmixan Kazımovun tərbiyəsini görmüş və onun adını həmişə ucaldan bir şəxs idi. Tez-tez atası ilə bağlı xatirələrini söyləyirdi. Ondan xəbərsiz İsmixan Kazımov haqqında yazdığım yazını Mehman müəllimə təqdim edəndə ilk dfə onun gözlərinin dolduğunun şahidi də olmuşam.

 

Mehman Kazımov səbrli insan idi, ən çətin məqamlarda belə təmkinini pozmazdı, zamanı qabaqlamazdı, tələsməzdi. Amma nədənsə Allahın dərgahına qovuşmağa tələsdi.

 

Onun dünyasını dəyişməyini  böyük hörmət bəslədiyim jurnalist Xalid Kazımlının “Mehman əminin dövranı” yazısından xəbər tutdum. Kövrək hisslərlə yazılan bu yazıdan mütəəssir oldum. Amma yazının başlığı ilə barışmadım. Dövran həmişə o kəslərin olub ki, onların əməli saleh, niyyəti təmiz, ürəkləri saf olub. Mehman Kazımov kimi. Yəqin ki, Xalid Kazımlı bu fikrimi irad kimi qəbul etməyəcək...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!