Modern.az

Qarabağ probleminin 30 ili tamam olur - Deputat: “Moskva ermənilərin arxasında dayandı”  

Qarabağ probleminin 30 ili tamam olur - Deputat: “Moskva ermənilərin arxasında dayandı”   

7 Fevral 2018, 12:16

1988-ci il fevralın 13-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində seperatçı ermənilərinin ilk mitinqi keçirilib. Şəhərin Lenin meydanına toplaşan erməni millətçiləri xarici havadarlarından dəstək alaraq mənfur niyyətlərini, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını açıq bəyan ediblər. Bu, həm də ermənilərin növbəti dəfə etnik təmizləmə siyasətinin başlanğıc mərhələsi idi. Məhz həmin ərəfədə fevralın 20-də Qarabağda vəzifə tutan ermənilər Azərbaycan rəhbərliyinə vilayətin Ermənistanın tabeliyinə verilməsi ilə bağlı müraciət ünvanladı. Ermənilərin bu özbaşınalığına istər keçmiş SSRİ, istərsə də Azərbaycan rəhbərliyi tərəfindən kəskin reaksiya olmadığından yaranan münaqişə öz axarını dəyişərək, mitinqlər müstəvisindən silahlı basqınlar müstəvisinə keçdi.

Milli Məclisdə Xankəndini təmsil edən deputat Flora Qasımova Modern.az saytına ilə həmin vaxtlar baş verən hadisələr haqda danışıb:

“Xankəndində mitinqlər baş verən zaman mən Bakıda idim. Ermənilər əsrlər boyu Azərbaycan torpaqlarına qarşı iddialarla çıxış ediblər. Dağlıq Qarabağın heç Ermənistanla sərhəddi də yox idi. 21-ci əsrdə yenidən bu məsələnin qaldırılması əbəs yerə deyildi. Bundan əvvəl 20-ci əsrdə bu məsələ üç dəfə qaldırılmışdı. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan vaxt,  1922-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılan ərəfədə onlar Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. 1945-ci ildə İkinci Dünya Müharibəsindən sonra Mircəfər Bağırovun vaxtında, 1967-ci ildə bir də cəhd olundu. Nəhayət 1988-ci ildə artıq SSRİ-nin çöküşü ərəfəsində eyni məsələni qaldırdılar.

Bu, ermənilərin çoxdankı “arzusu” idi. Amma maraqlıdır ki, ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini tələb edəndə onların heç Ermənistanla sərhəddi yox idi. Yəni arada Azərbaycan torpaqları - Laçın, Zəngilan, Kəlbəcər rayonları var idi. Onlar “arzuları”nın təkcə Dağlıq Qarabağla məhdudlaşmayacağını bilirdilər. “Böyük Ermənistan” iddiasında olan ermənilərin ətraf rayonları işğal etməkdə məqsədləri yavaş-yavaş ərazilərini genişləndirmək idi. Bu proses həmişə gizli surətdə Dağlıq Qarabağ erməniləri ilə aparılıb. SSRİ-nin dağılması ərəfəsində fürsət yarandı.

By il fevralın 13-də həmin hadisələrin 30 il tamam olacaq. Ermənistandan göndərilmiş nümayəndələrin təşkilatçılığı ilə bu məsələ qaldırıldı. Sonrakı  proseslər də  hamıya məlumdur”.


Deputat qeyd edib ki, o vaxt mitinqlərdən sonra Xankəndidən dəstə-dəstə insanlar Mərkəzi Komitəyə müraciət ediblər:

“Yəni onlara təzyiq edildiyini, məktəblərə, iş yerlərinə buraxılmadıqlarını bildirirdilər. Yadımdadır ki, bura gəlirdilər, hərəsinin cibinə 50 rubl pul qoyulur və deyilirdi ki “erməni qələt edir, onlar kimdir ki, bizdən torpaq alsınlar” və geri qaytarırdılar. O vaxt rəhmətlik atam da olmaqla  Moskvaya Dağlıq Qarabağdan 20 nəfərlik nümayəndə heyəti getmişdi. Moskvada Mərkəzi Komitədə hansı qapını döyürdülərsə, azərbaycanlıların yandırılmış ev şəkillərini qarşılarına qoyub “bunları siz etmisiniz, ermənilərin evini yandırmısınız” deyirdilər. Halbuki, o vaxt azərbaycanlılar orda azlıq təşkil edirdi, qaldı ki, ermənilərin evini yandırmaq... İndi də Moskva onların arxasında durur deyə, torpaqlarımız işğal altında qalır”.

F.Qasımova deyib ki, ermənilər 200 ildən çoxdur, dünyaya yalan püskürürlər:

“Həmçinin, bu məsələ təkcə erməni məsələsi deyil. Ermənilərdən istifadə edib Azərbaycana, Türkiyəyə təzyiq etmək istəyirlər. Ermənilər də bundan yararlanıb Böyük Ermənistan yaratmaq fikrinə düşüblər. Onlar  Qarabağı işğalın 30 illiyini  qeyd etməklə dünyanı aldadırlar, aydın məsələdir ki, dünya da onlardan istifadə edir. Onlar sadəcə oyuncaqdır və günah da özlərindədir. Ermənilər böyük dövlətlərin maraqlarının qurbanıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi