Modern.az

Azərbaycan “EXPO 2025” sərgisinə HAZIRDIR

Azərbaycan “EXPO 2025” sərgisinə HAZIRDIR

İqtisadiyyat

8 Fevral 2018, 14:36

Ötən il noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib. Tədbirdə çıxış edən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etməyin böyük şərəf olduğunu bildirib.

M.Əliyeva deyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq.

 

Azərbaycan "Expo 2025" Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" olacaq.

 

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "Expo 2025" Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

 

Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak edib.

Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a Azərbaycanın bu sərgiyə ev sahibliyi etmək şansnı dəyərləndirib. Deputat bildirib ki, hazırda bunun üçün böyük işlər həyata keçirilir:

 

“Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov mütəmadi olaraq prosesə hazırlıq işlərinə nəzarət edir. Səfirliklərimiz üzərlərinə düşənləri etməkdədirlər.

 

Hesab edirəm ki, Azərbaycanın şansı böyükdür. Çünki son illər Azərbaycanda ciddi tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ildə ölkəmizdə baş tutan tədbirlərə nəzər salmaq kifayətdir. Azərbaycan faktiki olaraq regionda ən diqqətçkən dövlətlərdən biridir. Ölkəmiz sabitlik, stabillik, təhlükəsizlik baxımından da digər dövlətləri üstələyir”.

V.Əhmədov bildirib ki, tədbirin ölkəmizdə keçirilməsi həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün böyük arena ola bilər:

 

“Xüsusilə Dağlıq Qarabağ probleminin gələn qonaqlar arasında təbliğinin aparılması, bu barədə onların məlumatlandırılması olduqca əhəmiyyətli olacaq. Əksər dünya ölkələri “2025 EXPO” sərgisinə ev sahibliyi etmək üçü çalışır. Amma mən deyərdim ki, bizim ölkəmizin şansları daha çox və genişdir. Əgər təbliğat və təşkilarçılıq bu səviyyədə davam edəcəksə, Azərbaycan mərkəz ola biləcək”.

 

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo 2015" Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Expo 2015"dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib.

 

Türkiyədə təşkil olunan "Antalya Expo 2016" Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo 2017" Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji" konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!