Modern.az

Cavablı və cavabsız suallar

Cavablı və cavabsız suallar

10 Fevral 2018, 16:22

Azad Müzəffərli

(hekayə)

 

Yetimxanadaydı. Qisməti tərsinə gəlmişdi. Suallar dəryasında qəvvaslıq eləmək məcburiyyətindəydi. Nisbi rahatlığını tənhalıqda tapardı. Selləmə suallar yağışında yuyunmaqdan yoruldum demək bilməzdi. Bu il orta məktəbi bitirəcəkdi. Fəhmi ilə anlayırdı ki, internatdan sonra saysız-hesabsız suallar onu daha möhkəm-möhkəm döyəcələyəcək. Özü də indikindən də müşkül-müşkül suallar. Nə yaxşı ki, heç olmasa, başını soxmağa damı vardı. Ailəsindən qalan yeganə yadigar.

 

Atasının aldığı yeni avtomobildə ailəvi yol qəzasına düşəndə təzəcə dördüncü sinfə gedirdi. Hər iki valideynini, böyük qardaşı və bacısını da birdəfəlik itirmişdi. Sağ qalan təkcə o olmuşdu. Maşında arxa oturacaqda doğmalarının əhatəsində əyləşdiyindən ona az xətər dəymişdi. Həkimlərin səyi hesabına ölümdən qurtulmuşdu. Bu hadisə nəticəsində yalnız tən ortadan qırılan biləyini tam bərpa etmək mümkün olmamışdı. Sol biləyi əyri bitmişdi. Buna da şükür edirdi. Birdən o vəziyyətə sağ biləyi düşəydi, onda işi lap müşkül olardı. Sağlam biləyi çox karına gəlirdi. Ən əsası bu əli ilə qələm-dəftər tuta bilirdi. Oxumağın xəstəsiydi. Anlayırdı ki, xilası bundadı. Yaxın qohumları maddi durumları ucbatından onu internatda yerləşdirmək məcburiyyətində qalmışdılar. Kimsədən zərrəcə incikliyi yoxdu. Elə bir yaşı olmasa da, hamısının vəziyyətindən haliydi. Yaxınları arada-bir onu qonaq aparardılar. Buna da çox sevinərdi. Doğmaların əhatəsində olmağın qədər-qiyməti yoxdu.

 

Ümidsizliyin şahə qalxan dalğaları onu qərq eləməsin deyə gün ərzində dəfələrlə körpəlik illərini gözləri önündə canlandırardı. Valideynləri, qardaşı və bacısı onun üstə dartma, yaxam cırıldıdaydılar. Onu əzizləmək, oxşamaq üstə əməlli-başlı qırğın olardı. Pis dolanmırdılar. Özlərinə görə hər şeyləri vardı. Oyuncaqları da birər-birər yadındaydı. Onu özlərinə tərəf çəkməkdən ötrü əzizləri baş sındırmaqdan yoruldum demək bilməzdilər. Ağlı güclə kəssə də, o da kimsəni qırmazdı. Nəvaziş içərisində ləngər vurardı. Ona ümman istəkdən qaynaqlanan yuxuları şipşirin olardı. Mışıl-mışıl yatışı da doğmalarının özgə bir qazancıydı, tamaşa eləməkdən olmazın həzz alardılar. Xoşbəxt illərdi.

 

Nədənsə, bu gün içində inqilabi bir ruh vardı. Səhər tezdən beləydi. Adətən, lal-dinməzdi. Müəllimləri, tərbiyəçilər də onu daim nümunə göstərərdilər. Bu günkü halından özü də axıra qədər baş aça bilmirdi. Təhər-tövründəki, daxilindəki cığallıq buzunu sındırmaqdan ötrü yenə də körpəlik illərinə sarı yan aldı. Ömrün həmin iilərinə dönmək istəyi keçdi qəflətən içindən. Əlacsızdı. Yanıb-yaxıldı. Qovruldu. Hayqırmaq istədi. İlk dəfəydi özünü saxlaya bilmədi. Nəriltisindən özü də diksindi... Ey Uca Varlıq, axı, nəydi mənim günahım?

 

Yaşı az olsa da, Tanrıya bağlıydı. Ötən illərdə yaşadıqları saya gəlməz üzüntülərə baxmayaraq asi olmaq bircəcik dəfə də olsun  nə ağlının ucundan, nə də içindən keçməmişdi. Bu dəfə isə özünə yiyə dura bilmədi. Sual dolu gözlərini yuxarılara dirəmişdi, israrlı şəkildə cavab gözləyirdi.

 

Azca ötmüş gözləri önündə məktəb illəri canlandı. Səhərlər əl-üzünü yumaq üçün həyətlərinə düşəndə onu ilkin olaraq sərçələr salamlayardı. O vaxtlar bütün həyətlərdə sərçələr meydan sulayardı. Onların civitisi həzin nəğməni andırardı. Artıq onların erkək və dişilərini də ayırd edə bilirdi. Üst tərəfi qəhvəyi, sinə tərəfi isə boz rəngdə olanlar erkək sərçələrdi. Dişi sərçələrin rəngi isə nisbətən solğun sarı və qəhvəyi rəngdəydi. Bir də erkəklərin tüklərinin rəngi daha canlı olması ilə seçilirdi. Bunları ona böyük qardaşı başa salmışdı. Sakinlərin ev və ya dam sərçəsi adlandırdıqları bu canlılar soxulcan, tırtıl, böcək və digər həşaratların qənimiydi. Gün ərzində dənlənməkdən yoruldum demək bilməzdilər, əllərinə nə düşdü həzmi-rabedən keçirərdilər. Bəzən də boyunlarını qısıb bir küncdə sakitcə qərar tutardılar, əl ağacına dirsəklənən təqaüdçülər kimi.  Sərçələr yay aylarında bala çıxarardılar. Dimdiklərinin yanı sarı olanlar körpə sərçələrdi. Bu onların xam-xam hərəkətlərindən də bəlliydi. Bu mənzərələri seyr etməkdən yorulmazdı. Ağlı elə bir şey kəsməsə də.

 

O vaxtlar məktəb yoldaşları arasında tələ ilə sərçə tutmaq dəbə minmişdi. Əməlli-başlı yarışdı. Tənəffüslərdə özlərini öyməkdən yoruldum demək bilməzdilər. Tərlan da bu işdə kimsədən geri qalan deyildi. Günə ən azı 3-4 sərçə ovlayardı. Valideynləri işdən gələnə qədər qardaşı və bacısının da gözündən yayınaraq elə həyətlərindəcə bir küncdə tələsini qurardı. Həyətlərindəki xudmani bağda sərçə bol olardı. Ələlxüsus da, çovğunlu günlərdə. Bu səbəbdən ovu həmişə qanlı alınardı. Tələyə saldığı sərçələrin başını anındaca üzüb, yolub-yolpalayaraq duzlayar və qalın teldən qayırdığı şişə keçirərdi. Sərçə ətinin özgə ləzzəti vardı. Ən dadlıları yenicə qanad çalmağa başlayanlardı. İlk günlərdə balaları əllərindən gedən  ana-ata sərçələrin haray-həşiri onu bir qədər narahat eləsə də, sonralar bu onun üçün adiləşdi. Düzdü, indinin özündə də bir cüt ata və ana sərçənin  özlərini balaları kabab edilən ocağa necə çırpdıqları indiki kimi yadındaydı. Balaca olanda buna o qədər də əhəmiyyət verməmişdi. O vaxtlar, ən əsası, məktəb yoldaşlarının yanında başını dik tutaraq özünü dartmaq, sinə dolusu sərçə ovu əhvalatlarını sıralamaqdı.

 

Bədahətən var gücü ilə silkindi. Sanki, onu ildırım vurdu. Elə o andaca qiyabi olaraq bir vedrə bumbuz suyu təpəsinə endirdi. Təbii bir sual onu çulğaladı. Görəsən, bu sərçə əhvalatı gözləmədiyi halda nədən yadına düşdü? Beyninə güc gəldi. Yoxsa, bu, sualına cavab olaraq Tanrının ona işarəsiydi? Deyəsən, eləydi. Ovqatı təlx oldu. Sanki, içindəki bədbinlik tonqalını bir qədər də körüklədin. Yenə də özünə sahib çıxa bilmədi. Ulu Yaradana sualı sual dalınca yağdırmağa başladı... Əgər, bu günahdısa, nəyə görə insanlara tələ icad eləmək imkanı yaratmısan? Sərçələri və başqa canlıları ovlamağı onlara mən təlqin eləmişəm, yoxsa, Sən?  Yox, canlılara qıymaq günahdırsa, nədən, adamlara gödən, qürrə bəxş  eləmisən? Onları bu yolla mədələrini otarmağa, özünü qənd torbası kimi  çəkərək dağ başına qoymağa yönəldən Sənsən, yoxsa, mən? Bu fani dünyada hamını və hər şeyi bir-birinin yemi edən Sən deyilsənmi? Nə olar, yalvarıram, cavab ver də, cavab ver?!. İnsafa gəl, heç olmasa, bircə sualımı cavablandır?!.

 

Arada nəfəsini dərib, qulaqlarını şəkləyərək gözlərini göylərə tuşlasa da, o tərəflərdən heç bir cavab gəlmədi ki, gəlmədi. Azca ötmüş səmada bulud topaları cövlan eləməyə başladı. Qısa müddətdə göy üzü qaramtıl rəngə boyandı. Bir yağış başladı ki, gəl görəsən. Yerə vedrə-vedrə su ələnirdi. Sanki, həddini aşdığına görə Tanrı su şırnağı ilə onu şapalaqlayaraq cəzalandırırdı. O isə susmaq fikrində deyildi. İllərlə köksündə qalaqnan suallarına azadlıq vermişdi. Vəziyyət o həddə çatmışdı ki, hətta, zəhmi yer oynadan ildırımlar da onu susmağa vadar edə bilmədi. Bircəcik sualına belə göylərdən cavab gəlməsə də, o da inadından əl çəkmirdi ki, çəkmirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir