Modern.az

Moskva və Tehran Yerevana arxa ÇEVİRİR – Ermənistan SƏKSƏKƏDƏ

Moskva və Tehran Yerevana arxa ÇEVİRİR – Ermənistan SƏKSƏKƏDƏ

12 Fevral 2018, 16:10

Fevralın 8-də Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarət olub.

 

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara adıçəkilən beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

 

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara - Astara dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Bu layihə ilə faktiki şəkildə Azərbaycan, Rusiya və İranın dəmir yolları sistemləri inteqrasiya olunur.

İranın İRNA informasiya agentliyi bunu diqqətəlayiq layihə kimi dəyərləndirib.

 

Bildirilib ki, Bakı, Moskva və Tehran hazırda Azərbaycan Astarası-Moskva marşrutu üzrə sərnişin qatarlarının işə salınması üçün aktiv danışıqlar aparmaqdadır.

 

İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib ki, regionun bütün dövlətləri bu üçtərəfli dəmir yolu proqramı haqqında məlumatlandırılıb.

 

Onun sözlərinə görə, Avropa ölkələri Astara-Astara dəmir yolu dəhlizinə böyük maraq göstərir. Səbəb isə budur ki, onların malları Fars körfəzinə və Hindistana aparıla bilər.

 

Beləliklə, Azərbaycanın, İranın, Rusiyanın iştirakı ilə regionda əməkdaşlığın yeni  platforması formalaşdırılır və bu əməkdaşlıq, üç ölkə prezidentlərinin sammitləri vasitəsi ilə daha da dərinləşdirilir.

Regionun digər dövləti Ermənistan isə getdikcə məngənəyə sıxılır, beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmək şanslarını əldən verir.

Bunu isə Ermənistanın özündə də etiraf edirlər. Ermənistan mətbuatı yazır ki, bu layihənin episentrində Azərbaycan dayanır və rəsmi Bakı öz siyasəti ilə Ermənistanı iqtisadi-siyasi cəhətdən təcrid edir.

 

Ermənistanın regionda əsas müttəfiqlərindən biri olan İranı da tədricən itirməsi Yerevan üçün əsl fiaskodur.

 

Bakı, Moskva və Tehran Avropa bazarlarına çıxış üçün alternativ axtarırlar və bu iqtisadi maraqlar kontekstində Rusiya və İranın Ermənistana olan tələbatı daha da azalır.

 

Halbuki son illərə qədər İranda işarə edirdilər ki, onların qlobal layihələrində ən etibarlı partnyoru Ermənistandır.

 

Ermənistan KİV-ləri yazır ki, rəsmi Yerevanın reaksiyası qeyri-adekvatdır və buna görə də Tehran sonsuza qədər səbir edə bilməz.

 

Rusiya və İran hər nə qədər Ermənistanın müttəfiqi olsa da, iqtisadi maraqlar bu ölkələri Azərbaycana daha çox yaxınlaşdırır. Azərbaycanın siyasəti sayəsində Ermənistan regional inteqrasiya layihələrindən pay almaq arzusundan məhrum edilir.

Ermənistan mediası yeni iqtisadi platforma fonunda Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkir.

 

Məsələn, 1in.am nəşri bəyan edir ki, Yerevan üçün bu çıxılmaz vəziyyət Ermənistanın Qarabağ siyasətinin iflasa uğradığının təzahürüdür.

 

Etiraf edilir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu saxlamaq cəhdləri rasional deyil.

 

Üstəgəl, Azərbaycan hərbi gücünə, iqtisadi inkişaf göstəricilərinə, demoqrafik statistikasına görə Ermənistanı qat-qat üstələyir.

Həmçinin Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanın Rusiyadan asılılığını artırır, ölkə iqtisadiyyatı can verir.

 

Belə bir məqamda isə Azərbaycan faktiki olaraq bütün beynəlxalq və regional layihələrdə əsas oyunçu kimi rıçaqları əlində saxlayır, bu isə Ermənistanın zərərinə işləyir.

 

Azərbaycanın milyard dollarlıq layihələrdə dominant olması iqtisadi laxlayan və demoqrafik partlayış ərəfəsində olan Ermənistan üçün təhdiddir – Ermənistanın 1in.am analitik portalı belə yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir