Modern.az

“Müharibə bizim şəhərdə, bizim küçədə başlanmışdı” - Xankəndi 30 il əvvəl...

“Müharibə bizim şəhərdə, bizim küçədə başlanmışdı” - Xankəndi 30 il əvvəl...

12 Fevral 2018, 17:00

1988-ci il fevralın 13-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində seperatçı ermənilərinin ilk mitinqi keçirilib. Şəhərin Lenin meydanına toplaşan erməni millətçiləri xarici havadarlarından dəstək alaraq mənfur niyyətlərini,  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını açıq bəyan ediblər.


“1988-ci ilin fevral ayından başlanan nümayişlər gözlənilməz idi”

Xankəndi nümayişlərinin şahidi olan, tanınmış jurnalist İlham Cəmiloğlu Modern.az  saytına həmin vaxtlar baş verən hadisələr haqda danışıb:


“Xankəndi şəhəri həmişə kənardan çox sakit bir şəhər təəssüratı bağışlayıb. Əslində isə belə deyil. Məlum olduğu kimi, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. Az sonra şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılıb. Elə həmin gündən də son məlum hadisələrə qədər Xankəndidə gizli və ya aşkar şəkildə ermənilər gərginlik yaradıblar. Bütün cəhdlərlə ermənilər şəhərin əsl sahibləri olan azərbaycanlıları sıxışdırıblar. 1967-ci il hadisələrində 3 azərbaycanlı şəhərin mərkəzində diri-diri yandırılıb. Şəhərdəki yeganə Azərbaycan məktəbi olan Nizami Gəncəvi adına 4 nömrəli məktəbin fəaliyyətinə süni şəkildə əngəl törədilib. Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı müəllimləri və tələbələri həmişə təzyiqlərlə üzləşiblər. Bu kimi çox faktlar sadalamaq olar. Amma qeyd edim ki, araqızışdıran ermənilər azərbaycanlılar tərəfindən həmişə layiqli cavablarını da alıblar.

1988-ci ilin fevral ayından başlanan nümayişlər təbii ki, gözlənilməz idi. Çünki SSRİ-nin hələ mövcud olduğu bir dövrdə, sovet rejiminin asıb-kəsdiyi bir vaxtda milli məsələlərlə bağlı nümayişlərin keçirilməsi ağılasığmaz idi. Hər halda biz belə düşünürdük. Ermənilər isə öz işlərini Moskva ilə görürdülər. Heydər Əliyevin Kremldən uzaqlaşması ermənilərə yeni imkanlar açmışdı”.


Günorta saatlarında nümayiş iştirakçılarının sayı təxminən 500 nəfəri keçmişdi”

Jurnalist qeyd edib ki, həmin vaxt nümayişdə bütün çıxışlar və şüarlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı idi:


“Əsas isə vilayətin sosial-iqtisadi vəziyyəti göstərilirdi. Təbii ki, belə bir əsasın yersiz və mənasız olduğunu ermənilərin özləri də yaxşı bilirdi. Əgər təkcə son 15-20 ildə Ağdamdan dəmiryolu xətti Xankəndinə çəkilmişdisə, kondensator zavodu Xankəndidə tikilib istifadəyə verilmişdisə, Xakəndi elektrotexnika zavodunun, ipək kombinatının yeni filialları açılmışdısa, Xankəndi ayaqqabı fabrikində yeni qurğu və avadanlıqların qurulması nəticəsində istehsal gücü 12 dəfə artmışdısa, tibb texnikumu Xankəndində faaliyyətə başlamışdısa, yeni məktəblər inşa edilmişdisə, "stokvartirnı" adlanan yerdə böyük müasir yaşayış massivi tikilmişdisə, yol tikintisinə və abadlıq işlərinə ayrılan vəsaitin məbləği hər il artmışdısa, hansı sosial-iqtisadi gerilikdən söhbət gedə bilərdi. Bu təkcə vilayətin inkişafındakı görünən tərəflər idi. Əgər o illərin statistik göstəriçilərinə nəzər salsaq, şahidi olarıq ki, vilayərin inkişafı üçün Azərbaycanın büdcəsindən ayrılan vəsait digər regionlara ayrılan vəsaitlərdən nəzəçarpacaq dərəcədə çox olub.

Həmin gün artıq günorta saatlarında nümayiş iştirakçılarının sayı təxminən 500 nəfəri keçmişdi. Heç bir təhlükənin və cəzanın olmadığını görən, arxayınlaşan ermənilərin Dağlıq Qarbağın Ermənistana verilməsinin əsas səbəbini artıq başqa cür də əsaslandırırdılar. Belə ki Qarabağın əzəli erməni torpaqları olduğunu, ermənilərə məxsusluğunu  həyasızcasına dilə gətirirdilər. Manuçarovun, Xankəndi ipək kombinatının partiya təşkilatının katibi, Ermənistanın sabiq prezidenti Koçaryanın, Xankəndi aqrar sənaye kombinatının direktoru Poqosyanın, uşaq şairi Qurgen Qabrelyanın, Ermənistanda fəaliyyət göstərən “Qarabağ” təşkilatının fəallarının qızışdırıcı çıxışları nümayiş iştirakçılarına xüsusi “ilham” verirdi”.


“Ermənilərin mənəvi təzyiqləri fiziki təzyiqlərlə əvəzlənirdi”


Müsahibimiz deyib ki, şəhərin erməni əhalisinin bir qismi bu nümayişlərə könüllü qoşulsa da, digər qismi məcburən cəlb olunurdu:


“Meydan gecələr də boş qalmırdı. Azərbaycanın hesabına zənginləşən ermənilər nümayiş iştirakçılarını isti geyimlərdən tutmuş, ərzaq məhsullarına, siqaretə, spirtli içkilərə qədər hər şeylə təmin edirdilər. Hədə-qorxu gəlməklə onları meydanda saxlayırdılar. O ki, qaldı Xankəndinin azərbaycanlı sakinlərinə, biz bütün imkanlarımızdan istifadə edib həmrəylik nümayiş etdirirdik. Bir-birimizlə sıx əlaqə saxlayıb kiminsə təklənməsinə imkan vermirdik. Ümumiyyətlə, qeyd edim ki, Xankəndidə yaşayan azərbaycanlılar bir-birlərinə qarşı həmişə mehriban olublar. O ki, qaldı belə bir vəziyyətdə. Bəli, müharibə bizim şəhərdə, bizim küçədə başlanmışdı...

Bütövlükdə 1988-ci ilin fevral ayı ermənilərin xeyrinə işləyirdi. Azərbaycan rəhbərliyi öz mövqeyini nə Xankəndidə, nə də Moskvada - Kremldə sərgiləyə bilirdi. Bəlkə də buna cəhd olunur, amma nəticə vermirdi. Xankəndidə isə  vəziyyət günü-gündən gərginləşirdi. Ermənilərin mənəvi təzyiqləri fiziki təzyiqlərlə əvəzlənirdi”.


“Azğınlaşmış ermənilər cinayət əməllərininin miqyasını artırmağa başladılar


İlham Cəmiloğlunun sözlərinə görə, həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı:


“Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı.  2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları idi.

Azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərininin miqyasını günü-gündən artırmağa başladılar. 1988-ci ilin 18 sentyabrı isə tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazıldı.

Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər Daxili İşlər Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi.  18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırıldı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olundu”.


Jurnalist qeyd edib ki, azərbaycanlıların daha çox yaşadığı Sabir və Lesnoy küçəsində, Kərpiçxana adlanan məhlədə ermənilər ciddi müqavimətə rast gəliblər:


“Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar. Ermənilərin digər bir böyük silahlı qrupu isə Kərkicahana hücum etdilər. Ermənilərin həmişə qorxu yeri olan, çəkindikləri kərkicahanlılar quldurların cavabını layiqincə verdilər. Həmçinin, həmin gün ermənilərin Xocalıya hücumu da dəf olundu. Nəhayət, məcrasından çıxmış hadisələr haqqında Moskvada qərar qəbul olundu. Xankəndində komendant saatı tətbiq edildi. Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndidə yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar”.


“Əgər həmin günlərdə təşkilatçılar layiqli cəzalarını alsaydılar...”

İlham Cəmiloğlu bildirib ki, yerli hakimiyyət lazımi şərait yaratmasaydı,  Ermənistandan idarə olunan hadisələr baş tutmayacaqdı:


“Xankəndinin, o vaxtkı Stepanakert şəhər Partiya Komitəsinin 1-ci katibi Movsesyan, Dağlıq Qarabağ Muxtar Vilayəti Həmkarlar İttifaqının sədri Davidyan, İpək Kombinatının partiya təşkilatının katibi Koçaryan, Tikinti Materiallar Kombinatının direktoru Manuçaryan, Aqrar Sənaye Kombinatının direktoru Poqosyan, Xankəndi Avtokolonunun direktoru Mirzəyan və s. kimi cinayətkar daşnakların məlum hadisələrdə böyük rolu olub. Məhz bu millətçi cinayətkarların hesabına Xankəndi, bütövlükdə Dağlıq Qarabağ Muxtar Vilayəti o dövrdə Azərbaycana tabe olmayaraq öz planlarını həyata keçiriblər.

Həmin dövrdə Azərbaycan KP MK-nın 2-ci katibi Konovalov Xankəndi haqqında söylədiyi fikirlərdə də bunu təsdiqləyir: 

“Bu ərəfədə Xankəndinə gəlişimiz ermənilər üçün heç də arzuolunan deyildi. Keçirdiyimiz iclasda əvvəlcə çox böyük pafosla “xalqlar dostluğundan” söhbət gedirdi. Mən də çıxış etdim. Bu işin təşkilatçılarının kim olduğunu bildiyimi söylədim və dedim ki, onlar haqqında ciddi tədbirlər görüləcək, vilayətdən təcrid olunacaqlar. Bu arada kürsüyə Xankəndi avtikolonunun direktoru Mirzəyan çıxdı. O, olduqca aqresiv şəkildə Gevorkovu azərbaycanlıların tərəfdarı olmaqda günahlandırdı və bunu da vilayətdə aşkarlağın boğulması kimi qiymətləndirdi. İclas protokol qaydaları çərçivəsindən kənara çıxmışdı. Xankəndi Pedaqoji İnstitutunun partiya təşkilatının katibi Bəşir Fərəcovu fitə basmaqla çıxış etməyinə imkan vermədilər. Beləliklə, rəyasət heyətində olanlar akt zalını tərk etdilər, iclası davam etdirmək mümkün olmadı.

Həmin gün Əsgərən və Hadrut rayonlarında da eyni ssenari baş verdi. İclas zamanı məni telefona çağırdılar. Kamran Bağırov Əsədovla birlikdə təcili Xankəndini tərk etmək göstərişini verdi. İlk anda heç nə anlaya bilmədim və Xankəndidən Moskva ilə əlaqə qurmaq imkanım da yox idi. Nədən belə qərar verilmişdi, həmin anda bunu başa düşmək çətin idi. Axı biz vilayətdə vəziyyəti sabitləşdirmək üçün Xankəndinə gəlmişdik. Və əgər həmin günlərdə təşkilatçılar layiqli cəzalarını alsaydılar, məsələ bu qədər də böyüməzdi. Sonralar mənə məlum oldu ki, iclasda münaqişə yaradanları separatçı adlandıran Zaven Movsesyan Moskvaya zəng vurub və vəziyyəti elə qələmə verib ki, guya bizim Xankəndinə gəlişimiz hadisələri daha da gərginləşdirəcək. Bakıya döndük, qayıdan kimi mən öz kanalımla Kremlə Dağlıq Qarabağdakı hadisələrin real mənzərəsi haqqında məlumat verdim. Ancaq heç bir cavab gəlmədi...”.

Göründüyü kimi hadisələrdən hələ çox-çox əvvəl Xankəndi ermənilərinin Ermənistanla sıx əlaqələri olub və əvvəlcədən bu məsələ ilə ciddi məşğul olublar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir