Modern.az

Cəfər Cabbarlı yaradıcılığında erməni məsələsi - Erməni qızları türk oğlanlarını niyə sevirdilər...

Cəfər Cabbarlı yaradıcılığında erməni məsələsi - Erməni qızları türk oğlanlarını niyə sevirdilər...

Ədəbi̇yyat

15 Fevral 2018, 12:14

Ermənilər öz millətlərinin yolunda pullarından keçirlər, erməni qızları isə türk oğlanlarını sevirlər...


Ağamyan Eyvazı ələ almaq üçün ona “Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola bilər?” deyir. Əslində Eyvaz erməni olsa da, millət vuruşunun, milli ədavətin, milli davanın əleyhinədir. O, Ağamyan kimi provokatorların əleyhinədir. Bununla da o, sağlam mövqe nümayiş etdirir. Ermənilər öz içərilərində olan belə sağlam mövqeli insanlara, gənclərə həmişə qənim kəsiliblər. Axı Ağamyan və ağamyanlar Eyvaz kimi gəncləri qəbul edə bilməzlər. Axı Eyvazın düşüncəsi Ağamyanın düşüncəsindən qat-qat fərqlidir. Bunu Eyvazın Ağamyana dediklərindən də görmək olur:


“Ağamyan! Sözlərinizə diqqət edin, cənab Ağamyan! Milli namus! Sizin milli namusunuz puldur, mənsəbdir. Onlar bizim nə düşmənimizdir. Onlar da bizim kimi yük daşıyır, çəkic vurur, torpaq qazıyır, qan tökür, bir parça quru çörək qazanırlar. Onlarla bizim nə düşmənçiliyimiz vardır? Lakin siz iki doğma qardaşı boğuşdurur, hər ikisinin qanını sorursunuz. Bizim düşmənimiz onlar deyil, bizim düşmənimiz sizsiniz: siz ağamyanlar, siz salamovlar və sizin qabağınızda gedən imperator jandarmaları. Bizim vuruşumuz millət vuruşu deyil, sinif vuruşudur”.


Ağamyan və ağamyanlar sinfi vuruşu millət vuruşuna çevirməklə çoxlu qazanc əldə ediblər. Onlara qazanc əldə etmək üçün milli vuruş həmişə lazım olubdur. İndi də milli vuruşdan qazanc kimi istifadə edən Ağamyan və ağamyanlar vardır. Belələri həmişə olduğu kimi, indi də erməni azərbaycanlı münasibətlərindəki gərginliyi milli dava çərçivəsində təqdim edir, xarici ölkələri çaşdırırlar. Halbuki ermənilər Azərbaycan torpağında – Dağlıq Qarabağda erməni dövləti qurmaq istəyir. Onlar Dağlıq Qarabağda erməni dövlətini qurmaq istədikdlərini arxa plana keçirir, ancaq bu ərazidə milli davanın olduğunu şişirdir və dünyaya təqdim edirlər. Belə olanda da dünya çaşır. Dünya elə bilir ki, Dağlıq Qarabağdakı milli dava erməni millətinə qarşı yönəlibdir. Halbuki erməni millətini bu milli davaya qoşan Ağamyan və Ağamyanlar öz işlərini ustalıqla görürlər. Milli dava bayrağı altında Dağlıq Qarabağda erməni dövləti qurmaq istəyirlər. Və bu istəyin yolunda pullar xərcləyir, ideoloji işlər aparır, təbliğat kampaniyasını işə salır, gecə-gündüz dəridən-qabıqdan çıxırlar. Belə yanaşma “1905-ci ildə” əsərində də aydın nəzərə çarpır. Ağamyan Eyvaza deyir: “Mən pulu sizin üçün yığmışam, mənim varım millətin varıdır, mən millət yolunda çalışıram, səni irəli çəkmək istəyirəm, çünki sən... özümüzünküsən”. Yenə də Ağamyanla Eyvaz arasındakı dialoqdan bəzi məqamlar:


“Ağamyan. Əsriyan (Eyvaz Əsriyan – B.X.), ehtiyatlı olun, mənim səbrim tükənməz deyildir. Mən erməni millətinin namusuna ləkə toxunmağa yol vermərəm. Bu, Türkiyədən başlayıb gələn tarixi bir vuruşdur, onun qabağını kəsib bu vuruşda erməni millətini basdırmaq istəyənləri tarix və yaşamaq istəyən erməni milləti qarışqa kimi əzəcəkdir.

Eyvaz. O vuruş bizim deyil, o vuruş sizindir. O, mədən vuruşudur, siz onu millət vuruşuna çevirmişsiniz. Siz provokatorsunuz!

Ağamyan. Xain.

Eyvaz. Ağamyan! ... Tarix öz gününü aslanlar döyüşünə yetirmişdir. Siz isə, ancaq bir tülküsünüz, həm də qorxaq bir tülkü”.


Bunların hamısı öz yerində. Maraq doğuran bir məsələ də erməni qızlarının türk oğlanlarını sevməsidir. “1905-ci ildə” əsərində Sonanın Baxşıya olan məhəbbəti bunu təsdiq edir. Hətta Sonanın Baxşıya olan məhəbbətinə qardaşı Eyvaz nə bir söz deyir, nə də qısqanır. Əskinə, o, Ağamyanın üzünə qarşı belə deyir: “... mənim bacım sənin oğluna getməz”. Ağamyan “... nə üçün getməz?” deyəndə o, cavab verir: “Çünki o özgəsini sevir”. Bu zaman Ağamyan: “... kimdir o özgəsi?” deyir. Eyvaz cavab verir: “Onun sevdiyi bir türkdür”. Ağamyanın “Sən öz bacını türkə verməyə razı olursan?” sualına Eyvaz cavab verir: “Nə olar?” Türk kişisinin qüruru, ailəcənablılığı, sədaqəti, həmişə qadına kömək, arxa olması və digər müsbət keyfiyyətlər erməni qızının məhəbbətini qazanmağa səbəb olur.


Muğam, tar və kamança YUNESKO-nun siyahısına daxil edilir. Bu gün bu bizim ən mühüm nailiyyətlərimizdən biridir. Muğam, tar və kamançanın YUNESKO-nun siyahısına daxil edilməsini qeyd etməyimiz təsadüfi deyildir. Belə ki, erməni qızı Sona Baxşı ilə yanaşı, onun tarda çaldığı havanı da sevir. Əsərdə Suxumda kiçik bir otaqda Sona uzanmış bir vəziyyətdədir və ürəyi çox darıxır. O anasına deyir: “Ana! Allahın altında bir adam olaydı, o Baxşının çaldığı havanı bir çala idi, qulaq asa idim. Ey günlər, günlər! Ana, qonşumuzda bir kor var, o da deyəsən, o gün bu havanı çalırdı. Sən allah, bir dur gör, gəlsə çağır, o havanı bir də çalsın, eşidim”. Sonanın anası Nabat soruşur ki, “Usta Minası?” deyirsən. Sona deyir: “Adını heç bilmirəm nədir. Amma, yox, ana, getmə. O havanı heç kəs çala bilməz. Onsuz mənə tar ləzzət verməz”. Bəli, o havanı da, tarı da nə Usta Sumbat, nə Usta Minas, nə də ermənilərin usta hesab etdikləri çala bilməz. Tar kimindirsə, kimə mənsubdursa, o çala bilər, hətta erməni qızını məftun edər. O da əsərdən çıxış ediriksə, Baxşıdır. O Baxşı ki, o, əsərdəki üçüncü şəkildə, yəni türklərlə ermənilərin bir yerdə çalıb-oynadığı toyda, Baxşıgilin kəndində, Qarabağda oynamaq istəməyən Sonanın oynaması ondan asılı olur. Sonanın “Onda qoyun elə Baxşı çalsın də, o bu havanı yaxşı bilir” istəyinin müqabilində Baxşı tarda çalır, oxuyan aşağıdakı mahnını oxuyur, Sona isə oynayır.


Azad bir quşdum,

Yuxamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Hələ onu da deyək ki, Allahverdi qızı Sonanı Qarabağdan Bakıya gətirərkən, Sona Baxşıdan ayrı düşərkən Baxşının tarını özü ilə aparır. Əsərdən bəzi məqamlar:

“Sona. Baxşı, onda mən sənin tarını özümlə apararam.

Baxşı. Baxşı, Sona, apar (Tarı Sonaya verir).

Sona. Sonra sən yenə ayrısını alarsan.

Baxşı. Mən daha sənsiz tar çalmaram.

Allahverdi. Qız, o tarı haraya aparırsan?

Sona. Onu, onu şəhərdə ustaya verəcəyəm. Baxşı gələndə aparacaq.

Allahverdi. Yaxşı, ver yumşaq yerə qoyum ki, sınmasın.

Sona. Eybi yoxdur, əlimdə tutaram”.


Burada Allahverdinin “Qız, o tarı haraya aparırsan?” sualı adamı tutur. Doğrudan da, ermənilər tarı da, kamanı da haralara aparmaq istəmirlər?! Məqsədləri isə odur ki, bu musiqi alətlərini öz adlarına çıxsınlar. Bunların hamısı təqliddən başqa bir şey deyildir. Azərbaycan xalqının tarı, kamanı erməniləri o qədər ovsunlayıbdır ki, onlar təqlid etməklə təsəlli tapır, yamsılamaq yolu ilə rahatlanırlar. Özləri də yaxşı bilirlər ki, təqlid edirlər, yamsılayırlar. Ancaq boyunlarına düşdüyündən bu yoldan çəkinmirlər.


Sinif vuruşunu millət vuruşuna çevirənlər...


Qubernator Armyanski küçəsində öldürülmüş türkün cənazəsi qoyulmuş məscidə gəlir. Ona polismeyster məlumat verir ki, türkü öldürən bir neçə nəfərmiş, onlardan biri tutulub, tutulan Eyvaz Əsriyandır. Beləliklə, bu qanı Eyvaz Əsriyanın boynuna qoyurlar. Ağamyan, Karapet, keşiş Eyvaz Əsriyanı millət qəhrəmanı kimi təqdim etmək istəyirlər. Ancaq Eyvaz Əsriyan deyir: “Bu gün erməni kübarları məni millət qəhrəmanı tacı ilə bəzəyirlər. Qızlar, gəlinlər mənim başıma çiçək səpirlər. Lakin bu çiçəklər hamısı qana boyanmışdır. Bu qan qardaş qanıdır, bu qan tarixi qandır. Bu qanı mən boynuma götürmürəm. Mən qatil deyiləm, bu qandan mənim xəbərim yoxdur. Mən millət qəhrəmanı deyiləm”. O öz çıxışında türklərin ermənilərin düşməni olmadığını söyləyir. Ancaq nə olsun? Erməni kübarları həmişə öz məqsədlərinə çatmaq üçün milli ədavətə əl atıblar. Onlar 1988-ci il hadisələrində də, ondan əvvəlki və sonrakı dövrlərdə də əsas məqsədlərindən diqqəti yayındırmaq üçün milli mübarizəni qabartmış, milli mübarizənin kölgəsində əsas məqsədlərini gizlətmişlər. Əsas məqsəd nədir? Əsas məqsəd Böyük Ermənistan xülyası, əsas məqsəd Dağlıq Qarabağda erməni dövləti qurmaq istəyi və s.


“1905-ci ildə” əsərində sinfi mübarizəni milli mübarizəyə çevirən qubernatorlar, ağamayanlar, haykazlar və digərləri İmamverdini, Allahverdini (bir-birinə doğma olan iki qonşunu) üz-üzə qoyurlar. Bəli, küçədə iki “düşmən” üz-üzə dayanır. Axırda məlum olur ki, küçədə, səngərdə üz-üzə dayananlar içərisində İmamverdi və Allahverdi də var. Bir-birini tanıdıqdan sonra hər ikisi qucaqlaşırlar. Hətta məlum olur ki, İmamverdinin heç patronu da yoxdur. O, xahiş edir ki, Allahverdi ona patron versin. Allahverdi İmamverdiyə dörd dənə patron verir və deyir ki, atanda üzü bəri tutmasın. Bu aralıqda bir şey də məlum olur: “Atan kazaklardır”.

“1905-ci ildə” əsərindəki bir çox bədii detallar sübut edir ki, sinfi mübarizəni milli mübarizəyə çevirənlərin iç üzü açılır. Əsərə müraciət edək:


“Volodin. Biz xahiş etmirik, tələb edirik: bu qardaş qırğınını dayandırın!

Qubernator. Siz nə istəyirsiniz? İstəyirsiniz bu iki vəhşi milləti birləşdirək ki, sizin iradəniz altında bizi, Rusiyanın doğma oğullarını qırsınlar? Mən ağalıq sürmək istəyən böyük bir imperiyanın bir əsgəriyəm. İmperiyanın siyasəti öz bayrağını bir yandan Bəndərbuşirə, bir yandan da Bosfor sahilinə sancmışdır. Bu yollara kimsə mənim üçün odekolon səpməyəcəkdir. Bu yol süngü ilə açılmalıdır ki, onun da məhsulu sümükdür və qan... Onların ancaq bir Allahı var: pulemyot. Siyasətdə mərhəmət olmaz. Mən onu öldürməsəm, o məni öldürəcəkdir. Onlar birləşəcəkdilər. Mən patron altında doğma oğlanlarımın başını qoymalı idim. İndi isə, özləri bilərlər? Çayın daşı, çölün quşu”. Qubernatorun fikrindəki bu cümlələri az-çox siyasəti bilən, dünyagörüşü və həyat təcrübəsi olan hər bir adam başa düşür: “İstəyirsiniz bu iki vəhşi milləti birləşdirək ki, ...”, “Mən ağalıq sürmək istəyən böyük bir imperiyanın bir əsgəriyəm”, “İmperiyanın siyasəti öz bayrağını... sancmışdır”, “Siyasətdə mərhəmət olmaz”, “İndi isə, özləri bilərlər? Çayın daşı, çölün quşu” və s.

“1905-ci ildə” əsərində bir çox məqamlardan biri də belədir:

“Volodin. Siz sinif vuruşunu millət vuruşuna çevirməklə ancaq vaxtı uzada bilərsiniz. ...

Qubernator. Aha, demək, millət vuruşu olmasaydı, vətəndaş vuruşu olmalı idi. Şah və mat! ... İmperiya döyüşkən bir qartaldır. O, qartallar ilə döyüşür, siz isə qanadı qırıq sərçələr kimi əl-ayağa dolaşırsınız”.

Tarix özü hər bir şeyi yerbəyer edir. Düzdür, xeyli vaxt gedir, xeyli əsəb gedir, xeyli sayda itkilər olur. Ancaq imperiyalar da, qan tökənlər də “1905-ci ildə” əsərindəki Eyvaz obrazının bu sözlərindən nəticə çıxarmalıdır: “Mən düşmənəm, mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmranlığınıza! Mən düşmənəm sizin ikiüzlü qanlı məhkəmələrinizə! Bu gün bir məni asmaqla siz özünüzü tarixin amansız səhifəsindən poza bilməyəcəksiniz. Mən əzdiyiniz milyonlardan biriyəm. Bu gün deyilsə, sabah o milyonlar torpaqdan baş qaldıracaq və sizin qanlı təxtü-tacınızı başınıza çevirəcəkdir. Mən buna öz varlığım kimi inanıram”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu