Modern.az

“Kitab yandırmağı kim tələb edib, heç bunu bilən yoxdur” - Onlar da bu təşəbbüsü PİSLƏDİLƏR

“Kitab yandırmağı kim tələb edib, heç bunu bilən yoxdur” - Onlar da bu təşəbbüsü PİSLƏDİLƏR

20 Fevral 2018, 13:37

Xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi.  Bunun ardınca bir qrup müxalifətçi sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış edib.

Yazıçı Anar isə üzünü müxalifət cəbəhsindəki bəzi liderlərə tutaraq, onları qınayıb: “Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?!” deyib.


Yazıçı Çingiz Abdullayev də öz “Feysbuk” səhifəsində qəzəbli müraciətlə çıxış edərək “Amma məni İsa Qəmbərin sükutu təəccübləndirir, hansı ki, həbsxanadan Anar öz zəmanəti ilə çıxarıb. Və hansı ki, mən həmişə özümün ən sadiq oxucularımdan biri hesab etmişəm! Bəs Mehman Əliyev, ən böyük müxalif informasiya agentliyinin rəhbəri, hansı ki, həbs olunduğu birinci gün Anar, Fərhad Bədəlbəyli və bu sətirlərin müəllifi onun müdafiəsinə qalxmışdı, niyə susur?! Yəqin belə lazımdır. Bizim ənənələrimiz belədir!”-,deyə bildirib.


Maraqlıdır, yazıçıların adlarını çəkdikləri şəxslər nə düşünür?

 

Azərbaycan Xalq Partiyasının lideri, eks-baş nazir Pənah Hüseyn Modern.az-a açıqlamasında bildirib ki, kitab yandırmaq ancaq səviyyəsizlikdir:


“Güman etmirəm ki, mənim və ya cəmiyyətin tanıdığı hansısa şəxs indiki dövrdə belə bir fikirlə çıxış etsin. Açığı, məsələnin şişirdildiyini düşünürəm. Diqqət etdinizsə, bununla bağlı yalnız yazıçılarımız açıqlama verdikdən sonra ajiotaj yarandı. Kitabları yandırmaqla bağlı kimin çıxış etdiyini heç kim bilmir. Bunu kim tələb edib, kim bu cür fikir səsləndirib? Bu, çox naməlumdur. Həmçinin məsələ süni xarakter daşıyır. Hər halda kitab yandırmaq barbarlıqdan xəbər verir”.

P.Hüseyn qeyd edib ki, belə məsələlər istənilən halda bəyənilən deyil:

“Kokret hadisənin adını çəkmək istəmirəm. Bir neçə il bundan qabaq  Azərbaycanın başqa bir yazıçısının da kitablarını yandırmaq “tamaşalar”ı göstərilmişdi və bunun qətiyyən siyasi müxalifətə  aidiyyatı yox idi. İnsanların siyasi mövqeyini qəbul edib-etməməyimizdən asılı olmayaraq tolerant yanaşmaq lazımdır.  Əlbəttə, bizim böyük ziyalılarımızdan gözləntilərimiz olur. Bəzən bu gözləntiləri görməyəndə bəziləri məyusluq hiss keçirir, bəziləri isə bundan istifadə edərək özlərinin bu şəkildə reaksiyalarını göstərirlər.

Ümumiyyətlə, qeyd edilən məsələ çox qarışıqdır. Mənim dünən bu barədə eşitdim. Dediyim kimi, konkret olaraq heç kimin adı çəkilmir. Havaya atılmış informasiya barədə bu cür təsəvvür yaratmağa da ehtiyac yoxdur”.

 

"Turan" agentliyinin direktoru Mehman Əliyev deyib ki, ilk növbədə Çingiz Abdullayevin qeyd etdiyi “ən böyük müxalif informasiya agentliyi” fikri düz deyil:

““Turan” müxalif agentliyi deyil. Bu, yazıçının şəxsi mövqeyidir, özü bilər. Bilmirəm hansı səbəbə görə informasiya agentliyini müxalif elan edib, amma mənim hüquqi statusum müstəqildir və bütün dünya bəyan edib ki, “Turan”  Azərbaycanda yeganə müstəqil qaladır. Necə olur ki, dünya məni müstəqil kimi tanıdığı halda, Çingiz Abdullayev məni müxalif kimi tanıyır.

O ki qaldı, kitab yandırmağa. Bundan xəbərim yoxdur. Açığı, indi sizdən eşitdim. Əgər belədirsə, mən bunu pisləyirəm. Hər bir insanın fikri, mövqeyi ola bilər. Bu mənada kitab yandıraraq boykot etmək yolverilməzdir. Tənqid etmək, fikir bildirmək, polemika aparmaq olar. Biz heç vaxt kitab yandırmağın tərəfdarı olmamışıq”.

M.Əliyev bildirib ki,  Çingiz Abdullayev heç zaman öz mövqeyini gizlətməyib:

“O, hər zaman İlham Əliyevi dəstəkləyib. Bu, yeni bir şey deyil. Buna da hörmətlə yanaşmaq lazımdır. Bu vaxta qədər İsa Qəmbəri ya da başqasını dəstəkləməyib ki?  Bir ziyalı kimi vaxtilə mənim müdafiəmə qalxıb, sağ olsun. Dediyim kimi, hər fikrə hörmətlə yanaşmaq lazımdır. Mən mövqelərini dəyişən insanları sevmirəm. Belə adamlar təəssüflər olsun ki, çoxdur. Amma Çingiz Abdullayevin mövqeyi konkret olub. O vaxt Heydər Əliyevi, sonra İlham Əliyevi dəstəkləyib. Bilmirəm, bu məsələ niyə hamını təəccübləndirir? Həmçinin Azərbaycan Yazıçılar Birliyinin fikirləri də hər zaman eyni olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir