Modern.az

Şvartseneggerin kubok verdiyi AZƏRBAYCANLI: “Mənim kimi insanlar qeyri-normaldır” - MÜSAHİBƏ + VİDEO

Şvartseneggerin kubok verdiyi AZƏRBAYCANLI: “Mənim kimi insanlar qeyri-normaldır” - MÜSAHİBƏ + VİDEO

13 Aprel 2018, 09:45

Vüqar Verdiyev: “Hər bir qadın yanında cüssəli kişi olmasını istəyir”

 

“Həkimlərin 90 faizi ilə yola getmirəm”


Son dövrlər gənclər arasında ən çox müraciət olunan idman növlərindən biri bodibildinqdir. Azərbaycanı bu sahə üzrə digər ölkələrdə təmsil edən idmançılar barmaqla sayılacaq qədərdir. Onlardan biri də Azərbaycan, Zaqafqaziya, Avropa  və dünya çempionu Vüqar Verdiyevdir.

 

Modern.az saytı onunla  müsahibəni təqdim edir.

 

-  Öncə özünüz haqqında qısa məlumat verə bilərsinizmi?

- Mən Vüqar Mürvət oğlu Verdiyev 1975-ci ildə Şirvan şəhərində doğulmuşam. Orta məktəbi orda bitirsəm də, sonradan Bakıya gəldim. 1992-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Universitetin həm bakalavr, həm də magistr pilləsini bitirmişəm. Fakültəm ağır atletika olsa da, bodibildinqdən elmi iş yazmışam. 26 ildir bu idmanla məşğulam.

 

- Kifayət qədər idman növləri var və siz də ağır atletika üzrə təhsil almısınız. Nə üçün bodibildinqi seçdiniz?

- Əvvəllər mən boksla məşğul olmuşam. Bunun səbəbkarı da atam olub.Yəni  atam məni həmin idman növünə yazdırmışdı. Bu idman növü ilə 3 il məşğul olandan sonra həvəsim olmadığını anladım və boksu atdım. 1988-ci illərdə “Sovetskiy sport” qəzetində idmançılar haqqında yazılar yayımlanırdı. Orada bodibildinqlərin şəkillərini yerləşdirirdilər. İnsan vücudunun dəyişməsi  məni cəlb elədi. Həmin dövrdə Arnold Şvartseneggerin, Jan-Klod Van Dammın filmlərinə baxırdım və onların bədən quruluşunu görəndən sonra  bodibildinqə maraq və sevgi  yarandı.

 

- Sovet dövründə bodibildinqlə məşğul olmaq qadağan idi. Hətta bu idman növünü əxlaq normalarına zidd kimi dəyərləndirirdilər.

- Həmin vaxtda iki idman növünə qadağa qoyulmuşdu. Biri karate, biri də bodibildinq idi.  Bunu da müxtəlif səbəblərlə izah edirdilər. Bilirsiniz, o vaxt insanlar qapalı şəraitdə, çərçivə daxilində yaşayıb. Bu baxımdan məşq sistemini yalnız xarici jurnallardakı məlumatlardan öyrənə bilirdik. Sovet dövründə nəinki məşq proqramı, ümumiyyətlə idman avadanlıqları da mövcud deyildi. İndiyə kimi yadımdadır, Şirvan şəhərində 3-ün 2-yə bir balkonumuz var  idi və ora mənim şəxsi zalım idi. Həmin yeri özüm təmizləyirdim və müxtəlif avadanlıqlar  qoymuşdum. Amma avadanlıqlar zavod məhsulları deyildi. Onların əksəriyyətini öz əllərimlə düzəltmişdim. O vaxt trenajorları yalnız filmlərdə görə bilirdik. Şükürlər olsun ki, o dövrdən bu dövrə bizim bodibildiqimiz çox inkişaf edib.

 

- Bodibildinq üzrə elmi iş yazdığınızı dediniz. Bu, Azərbaycan üçün ilk idi, yoxsa sizdən öncə də elmi iş yazan olub?

- Məndən əvvəl heç kim bu idman növü üzrə elmi iş yazmayıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olanda hətta bu idman növü yox idi. İlk dəfə mən məşğul olmağa başladım və bodibildinq üzrə diplom işi hazırladım. Diplom işini müdafiə edəndən sonra o zaman ilk magistratura pilləsi yaradılmışdı. Mən də magistratura pilləsinə qəbul olundum və Azərbaycan dilində ilk dəfə elmi iş yazdım.

 

- Bu istiqamətdə pedaqoq kimi işləmək fikriniz var? Ümumiyyətlə təklif gəlibmi?

- Açığı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından hər hansı təklif gəlməyib. Həm də akademiyada bodibildinq üzrə ayrıca fakültə fəaliyyət göstərmir və ağır atletikanın tərkibinə daxildir.

 

- Yəqin, siz də müşahidə edərsiniz ki, idmançıların təhsili ilə bağlı birmənalı fikirlər var. Hətta deyirlər ki,  idmançı  beynini deyil, yalnız bədənini istifadə edə bilir. Sizin düşüncəniz necədir?

- Bu barədə bir dəfə mübahisəm yaranmışdı. Bir məclisdə idim və bilmirdim ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrini, məzunlarını konkret adla çağırırlar. Yəni “savadsızlar”  deyirlərmiş. Düzdür, orada bu sözün daha kobud versiyası səslənmişdi. Həmin vaxt mübahisə yarandı. Onu deyən adamlar indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər universitetlərin tələbələri  idi. Mübahisə  vaxtı onlara “Siz elə bilməyin ki, biz daş qaldırırıq. Mən özümə cavabdehəm və sizinlə bütün fənlərdə oturub danışmağa hazıram”-, dedim. Onlarla mübahisəm çox uzun çəkmədi, sadəcə olaraq öz sözümü  dedim. Bu baxımdan  bütün idmançıların savadsız olduğunu düşünmək, hər kəsi eyni tərəziyə qoymaq olmaz. Akademiyanı qurtardıqdan sonra Şirvan şəhərində Pedaqoji kollecdə müəllim kimi fəaliyyət göstərdim. Hər kəs düşünür ki, məktəblərdə idman dərsini ancaq 6-cı dərsə salmaq lazımdır. Qızlar evə gedər, oğlanların qabağına top atarsan oynayarlar, vəssalam, bitdi. Öncə deməliyəm ki, “bədən tərbiyəsi” sözü yoxdur. İnsan anadan olanda tərbiyəli doğulur. Üzr istəyirəm, bu zoopark heyvanı deyil ki,  “bir mayallaq at” deyib, ağzına konfet verəsən.  Bədən tərbiyəsi deyil, fiziki mədəniyyət, fiziki tərbiyə anlayışı var.  Bədən onsuz da tərbiyəli yaranıb. Sadəcə olaraq idmanla fiziki mədəniyyətini artırırsan. Kollecdə  bir riyaziyyat müəllimi var idi, bədən tərbiyəsi dərsinin uşaqlara lazım olmadığını deyirdi. Ola bilsin ki, bu, qızlara lazım deyil. (halbuki onlara idmanı düzgün aşılamayıblar deyə, əksəriyyəti indi piylənmədən əziyyət çəkir) Tutalım, bizim ancaq fizikaya, riyaziyyat, kimyaya ehtiyacımız var. Bəs sabah torpağı qoruyanda uşağın fiziki inkişafı lazımdı, ya lazım deyil? O çiynində avtomatı “kökaltında” daşımır. Ola bilsin ki, uşağa coğrafiya, fizika lazımdır. Amma ermənini öldürmək üçün onun fiziki gücü olmalıdır. Sabah həmin uşaq düşmənlə qarşı-qarşıya gəlib “2x2” deyəndə erməni ona “4 edir” deməyəcək. Erməni ilə əlbəyaxa döyüşməyi bacarmaq  lazımdır. Heç kim mənim dərs dediyim fənnə aşağı baxa bilməz.


- Hazırda Azərbaycan cəmiyyətinin fiziki mədəniyyəti hansı səviyyədədir?


- Azərbaycan idmançıları hər zaman yüksək nəticələr göstərir. Bilirsiniz, bizim müxtəlif olimpiya , dünya, Avropa çempionlarımız var. Bunu heç vaxt danmaq olmaz. 10 milyonluq xalqın göstərdiyi nəticələri digər ölkələrlə müqayisə edəndə  cəmiyyətimizdə fiziki mədəniyyətin yüksək səviyyədə olduğunu demək olar. Bizim vaxtımızda dərnəklər var idi və müəllimlər, o cümlədən şagirdlər həmin dərnəklərə yazılırdı. Məcbur olduğu üçün uşaqlar da idmanla maraqlanmalı olurdu. Bu gün həmin ənənə yoxdur. Düşünümürəm ki, bunu bərpa etməyə ehtiyacımız var.

 

- Son zamanlar oğlanların, hətta qızların da bodibildinqə marağının artdığını müşahidə edirik. Amma maraqlıdır ki, bunu sona kimi davam etdirə bilmirlər və yarı yolda qoyurlar.

- Hər bir insandan güclü idmançı ola bilməz. Yüzlərlə insan bodibildinqə və ya başqa idman növünə başlayar və onun içindən yalnız bir-iki güclü idmançı çıxa bilər. Nəticə tərəfdən baxanda bu, belə də olmalıdır. Əslində hamı güclü olmasa belə, bodibildinqlə sona kimi məşğul ola bilər. Hazırda bütün dünyada fitnes zallarının sayı artıb. Bu baxımdan bu gün cavan, qoca – fərqi yoxdur - əksəriyyət idmanla məşğuldur və məşğul olmalıdır. İnsan  işlədiyi, yediyi kimi  bir-iki saat da olsa, idmana vaxt ayırmalıdır.

 

- Hər halda siz də müşahidə edərsiniz. Axır vaxtlar idmançılarımızın, xüsusilə də atletlərimizin dopinq qalmaqalında adları çox hallanır. Onları buna vadar edən nədir?

- Dopinq məsələsi böyük dövlətlərdən irəli gələn bir şeydir. Elə bilirsiniz, orada dopinqdən istifadə edən yoxdur?  Ümumiyyətlə, dopinq testin adıdır. Əgər iki stəkan kofe içsəniz, siz də dopinqə düşürsünüz. Bu gün dopinq  məsələsini o qədər qloballaşdırıblar ki... Bu barədə cəmiyyətə də düzgün açıqlama verilmir. Baxın, televiziyada hansısa tanınmış həkim proteindən danışır. Öncə deməliyəm ki, həkimlərin 90 faizi ilə yola getmirəm. Həkim insanlara “protein qəbul etmək cana zərərdir”-, deyir. Mən isə söyləyirəm ki, onu deyən şəxs yanlışdır. Yediyin çörəyin, toyuğun, yumurtanın ağının tərkibində protein var, necə canına ziyan ola bilər? Həkim  deyir ki, siqaret çəkmə, cana ziyandır. Ancaq öz dişi siqaret çəkməkdən saralıb. Buna baxmayaraq televiziyaya çıxıb yanlış informasiyalar verir. Sizin, bizim kimi adamlar da ona qulaq asıb narahatlıq keçirirlər. O həkim savadsızdır, mən ki savadlıyam. Protein qabının üzərində  onun tərkibi yazılıb axı. Bütün dünyada açıq satışdadır. O  cana zərərdirsə,  necə açıq şəkildə sata bilərlər? Sən Hippokrata and içmisənsə, bu millətə niyə doğru açıqlama vermirsən? Dəfələrlə valideynlər mənə zəng edib xahiş edirlər ki, oğluma ya qızıma protein verməyin. Ay anam, ay qardaşım, mən özüm ondan istifadə edirəm. 26 ildir, bu idmanın içindəyəm və şükür Allaha, heç bir problemim yoxdur.  Bizim insanlar onsuz da qorxaqdır. Hamısı da savadsızlıqdan irəli gəlir. Adi birini yol polisi saxlayanda o dəqiqə əli-ayağı əsir. Maksimum maşınını cərimə meydançasına aparacaqlar da, nədən qorxursan? Bunu ümumi misal kimi çəkdim. İnsan  hüquqlarını bilsə, istəyir yüzlərlə həkim danışsın, bildiyi düzə əməl edəcək.

 

- Həkimlərlə yola getmirsinizsə, yəqin, səhhətinizə özünüz nəzarət edirsiniz.

- Mənim də tibbi sənədim var. Bədən Tərbiyəsi və İdman Akademiyasında həkimlərin keçdiyi dərsi səthi də olsa öyrənmişəm. Onlar 6 il oxuyub, mən 3 il. Yəni anatomiyadan tutmuş kimyaya kimi hər birindən xəbərim var. İdmançılar var ki, çıxan çiynini yerindəcə sala bilirlər. Bu baxımdan səhhətimə özüm nəzarət edirəm. Demirəm ki, mənim ağrılarım, zədələrim yoxdur. Böyük idman böyük travma deməkdir. Əgər sən Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasını istəyirsənsə, çox şeylərə göz yummalısan. Bodibildinqdən danışırıqsa, siz insanın hansı pəhrizlərdən keçdiyini görməlisiniz. 1 aya 21 kq itirə bildiyimiz vaxtlarımız olur. Mən bunu həkimə deyəndə, absurd olduğunu  bildirir. Bilirsiniz, bu, anormal sağlamlıq sayılır. Hər kəsə  deyirəm ki, mən və mənim kimi atletlər normal insanlar deyil, anormaldırlar. Amma sözün yaxşı mənasında. Normal insan səhər duran kimi 10 yumurta yemir. Anormal olduğum  üçün bu, mənə lazımdır. İki cür anormallar var. Biz öz əzələmizə qulluq etmək üçün anormal oluruq.

 

- Qidalanmadan söz açdınız. Maraqlıdır, qida rasionunuz necədir?

- Mənim gündəlik rasionum bir az problemdir. Gizlədiləsi bir şey yoxdur. Sadəcə bahalı rasion sayılır. Hər gün səhər 10 yumurtanın ağını yeyirəm. Gün ərzində 1 kq toyuğun sinəsini, balıq, düyü, qarabaşaq, salat, meyvə və.s yeyirəm. Ümumi olaraq gündə 6 dəfə qidalanıram. Yalnız bu qədər qidalanan adamlar əzələni saxlaya bilər. Bəzi insanlar mənə deyir ki, yesəm də, əmələ gəlmirəm. Həmin insanlar yaşamaq üçün yeyir. Bir də var böyümək üçün yemək. Sizə səhər bir stəkan çay və hansısa şirni yemək bəs edər. Amma daş qaldıran adama bu, kifayət etməz.

 

- Adətən bodiqildinqlə məşğul olanlara qarşı  “dərman qəbul edib bədənini şişirdib”, ya da “iyrənc bədəni var” kimi yanaşmaların şahidi oluruq. Buna münasibətiniz necədir?

- Bu fikirləri səsləndirənlərin belə bədənə sahib olmağa gücləri çatmır. Həmin şəxslər  həyatda aciz olanlardır. Dünyada bu idmanla məşğul olan 10 minlərlə insan olsa da,  nə qədər çempion var?  Azərbaycanın çempionlarını götürsək, 10 milyon əhalinin içərisində 6-7 seçilmiş idmançının olduğunu görərik. Yüzlərlə atletimizin olmasına baxmayaraq, Azərbaycanın bayrağını beynəlxalq arenalarda yüksəldən 6-7 idmançı yoxdur. Hamı deyir ki, Vüqar Verdiyev dərman qəbul edir, iyrəncdir. Amma yanındakı oğlanın formasına baxan yoxdur. Tutduğu qolu biləyi boydadı. Baxın, hər bir qadın yanında cüssəli kişi olmasını istəyir. Həmin adam onun həm arxasıdır, həm də çiyinləridir. Sabah sənin yanındakı qadının ayağı qırılanda Vüqar Verdiyevə deməyəcəksən ki, qucağına alıb maşına apar. Yoldaşını maşına aparmaq üçün heç olmasa öz gücün olmalıdır.

 

- Əgər sirr deyilsə bir az da şəxsi həyatınızdan danışa bilərsiniz?

- Ailəliyəm, üç  övladım var: bir qız, iki oğlan. Allahdan hər bir insana belə bir ailə qismət etməsini arzu edirəm. Ailəm hər zaman mənim  arxam, dayağım olub. Mən bu idmanda ən gözəl nəticələrimi ailə qurandan sonra qazanmışam. Bütün nəticələrimi onlara borcluyam.

 

- Övladlarınızın  bodibildinqlə məşğul olmasını istərdinizmi?

- Böyük oğlum idmanla məşğul olur, əvvəl kikboksa gedirdi, indi isə üzgüçülüklə maraqlanır. Ümumiyyətlə, onlara sağlam həyat tərzini aşılamağa çalışıram.  Lakin hər bir bəndə savad qarşısında acizdir. Həyatda ən çox sevdiyim insanlar savadlı olanlardır. Haqqı deyən savadlı şəxslərə böyük hörmətim var. Quranda da yazılır ki, alimin gördüyü yuxu digər insanların gördüyü işlərdən fəzilətlidir və onun bir icadı bütün bəşəriyyətə kömək ola bilər. Bu baxımdan, hər zaman övladlarıma öncə  elmə önəm verməli olduqlarını deyirəm. Qaldı ki, idmanla məşğul olmağa, bu istiqamətdə onlara həmişə  kömək oluram.  Bilirsiniz, idmanla məşğul olan insanların əhatəsi də sağlam olur. Bir var kimləsə zalda tanış olursan, biri də var barda. Bunlar tamamilə fərqli yanaşmalardır. Ona görə zalda dost olan insanlar dəyərli olurlar. Övladlarımın bodibildinqlə məşğul olmasına isə “yox” demərəm, amma “hə” də demərəm. Bu idman növü çox çətindir və yüksək nəticə göstərmək üçün böyük xarakter, iradə lazımdır. Əgər iradən zəifdirsə, haradasa axsayırsansa, bodibildinqdə nəticə əldə edə bilməyəcəksən. Əgər övladlarım bu idman növünü mənim kimi sevəcəksə, mən onlara hər zaman dəstək verməyə hazıram.

 

- Adətən idmançılar kənardan  sərt və kobud  təsir bağışlayır. Sizin xarakteriniz necədir?

- Öz xarakterim barəsində heç bir zaman danışa bilmərəm, kənardakılar bu barədə nəsə deyə bilər. Ancaq mənim haqqımda hər zaman birinci kəlimə o olur ki, “Vüqar müəllim, sizə qıraqdan baxdıq, fikirləşirdik ki, yaxınlaşmasaq yaxşıdır”. Doğrusu, bu mənə gülməli gəlir. İnsanın xarici görünüşünə baxıb ona necə qiymət vermək olar? Ola bilər ki, mən məşq zamanı bir az sərt oluram. Açığı, həmin vaxt qışqıra da bilərəm. Buna görə  çox zaman  qız tələbələri götürmürəm. Səbəb isə xarakterlərinin zəif olmasıdır. Qızlar çox şey tələb edir, amma onlardan nə isə tələb edəndə əməl etmirlər.

 

- Tələbələrinizdən bu sahə üzrə ciddi addım atanlar var?

- Təbii ki, var, qızlar yox, oğlanlardır. Mayın 2 və 5-i Avropa Çempionatına yola düşəcəklər. Böyük komanda gedir. İnanıram ki, güclü nəticələrimiz olacaq.

 

- Siz də xarici ölkələrdə Azərbaycanı təmsil etmisiniz. Necə ki, valideynlər övladlarını ayıra bilmir, eləcə də idmançılara da bütün uğurları, nəticələri doğma olur. Amma maraqlıdır, hansı nəticəniz  sizin üçün unudulmazdır? 

- Elə bir nəticəm yoxdur ki, yadımdan çıxsın. İlk dəfə 1996-cı ölkə birinciliyində mütləq qalib çempionatında 3-cü oldum, o vaxta qədər medal vermirdilər. Mənə kiçik bir medal verdilər. O medal mənə çox əzizdir, bəlkə də medallarım içərisində ən sevdiyimdi. Kiçik olduğu üçün medallar arasında görünmür, ancaq mənim üçün çox dəyərlidir. Ümumiyyətlə, evimizdə muzeyə oxşayan otağımızda medallarımdan ibarət kolleksiya var. Bizə qonaq gələn insanlar çalışırlar ki, kuboklarla şəkil çəkdirsinlər. Bu mənə motivasiya  verir. Həmçinin, övladlarım qazandığım uğurlarla fəxr edir. Bax buna görə də bodibildinqə  sərf etdiyim 26 ilə dəyər. Yenidən doğulsaydım, yenə bu idman növünü seçərdim.  Bu sahəyə gəlir yeri kimi yox, sevgi ilə yanaşmaq lazımdır. Hər bir insan sevdiyi sahə ilə məşğul olsa, dağı dağ üstə qoyar.
 

- Belə başa düşdük ki, bodibildinq həm də gəlirli sahədir.

- Bu gün hər 5 nəfərdən 3-ü məşqçilik edir. Hər halda qazanclı sahə olduğu üçün bura üz tuturlar. Filankəs fitnes məşqçisi olur və  bunu  sosial şəbəkə hesablarında belə qeyd edirlər. Axı bu adam diş həkimi idi və ya taksi sürücüsü idi, birdən-birə necə məşçi oldu? Nəyə görə? Heç mən jurnalist oluram? Bəs nəyə görə jurnalist məqçi olmaq istəyir? Niyə kimisə aldadırsan? 5 manat artıq pul gələcək deyə? Axı sən bu idman növünü sevmirsən. Bu gün hamı diplomlu fitnes müəllimi olub. Təbii ki, bodibildinq üzrə müəllim ola bilməzlər, çətindir.

 

-  O zaman bu sahəyə nəzarət lazımdır...

-  Mütləq nəzarət lazımdır. Əgər belə davam etsə, sonu yaxşı olmayacaq.  Hamı öz işi ilə məşğul olmalıdır. Mənim yanıma 11 yaşında uşaqlar gətirirlər, mən qəbul etmirəm. Çünki bu düzgün deyil, o uşağın bədəni hələ formalaşmayıb. Pul xətrinə bütün yollara əl atırlar.

 

- Bodibildinqdə kifayət qədər uğurlar qazanmısınız. Maraqlıdır, reallaşdırmaq istədiyiniz arzularınız qalıbmı?

- “Mister Olimpiyada”da iştirak etmək istərdim. Bu yarış Amerikada keçirilir. Çox istərdim o səhnədə özümü görüm. Ən böyük nəticələrimdən birini Amerikanın Ohayo ştatında əldə etmişəm. Şəxsən Arnold Şvartseneggerin özü mənə kubok verib. “Mister Olimpiyada”da  olmaq üçün keçən il prokart aldım. Əgər mən o prokartı bir neçə il ərzində doğrultsam, ilk dəfə Azərbaycan da o səhnədə təmsil oluna bilər. Hər bir sahədə ilk olmuşam. Azərbaycanda bu idmanın tarixini yazanlardan biri mənəm. Həm Azərbaycanda, həm dünyada böyük uğurlara imza atmışam. Heç  bir nəticəmlə qürurlanmamışam, qürurlanmaq ancaq Allaha məxsusdur.  Çox istərdim ki, bundan sonra gələnlər məndən də böyük uğurlara imza atsınlar. Güman ki, buna vaxt lazımdır. Qısa vaxt ərzində əldə etdiyim nəticələri əldə etmək mümkün deyil.

 

- Qadınlardan bu idman növü üzrə Azərbaycanı təmsil edən varmı?

- Hazırda təzə bir yarış növü yaranıb: “Miss bikini”.  Gələn ay bizdə də yarış baş tutacaq.  Orada həm qadınlar, həm də kişilər təmsil olunacaq.

 

- Məşq etmək üçün tanınmışlardan kimsə sizə müraciət edibmi?

- 2008-in Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu Elnur Məmmədli məşq etmək üçün mənə müraciət edib.  Həmçinin, Azərbaycanın şahnat qroyssmesteri Şəhriyar Məmmədyarov,  boks üzrə Avropa çempionu Teymur Məmmədov, "ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov və bir çox tanınmışlar  zalımıza gəlib.

 

Günay Rəsulqızı

Qafar Ağayev

Foto+Video: İsmət Paşa

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi