Modern.az

“Nərimanovu qınayırlar ki, qırğınlardan sonra niyə Şaumyanla əməkdaşlıq edib...” - MÜSAHİBƏ

“Nərimanovu qınayırlar ki, qırğınlardan sonra niyə Şaumyanla əməkdaşlıq edib...” - MÜSAHİBƏ

9 May 2018, 17:07

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədovadır. Modern.az onunla söhbəti təqdim edir:

 

- Bildiyimiz kimi, Azərbaycan cəmiyyətində Nəriman Nərimanova həddindən artıq böyük maraq var. Öncə N.Nərimanovun gənclik illərindən, daha doğrusu, onun Tiflis həyatından və ailəsindən söhbət açardınız.


- Nəriman Nərimanov Tiflis şəhərində dünyaya gəlmiş çoxsaylı ziyalılarımızdan biridir. Tiflis mühitində Qafqaz canişinliyinin, Tiflis quberniyasının və digər idarəetmə orqanlarının mərkəzi burada yerləşirdi. Bu baxımından, təbii ki, Cənubi Qafqazın əksər bölgələrinə nisbətən daha mütərəqqi ab-havası olacaqdı. Belə bir mühitdə azərbaycanlı ziyalının öz fəaliyyətini daha da genişləndirmək imkanları böyük idi. N.Nərimanovun ailəsi mütərəqqi insanlar olublar. Nərimanovun xatirələrində xüsusi qeyd olunur ki, anası Həlimə xanım çox söhbətcil, mehriban insan olub. Həmçinin əmisi Əlimirzə qələm əhli kimi kifayət qədər tanınmış ziyalı idi. Xüsusən, böyük qardaşı Salmanın adını çəkə bilərik.


Nərimanovun ulu babaları Səfəvi və Gürcü knyazının sarayında qulluq sahibi insanlar olublar. Bu baxımdan, sənədlərdə Nəriman bəy Nərimanbəyov kimi yazılır. Yəni sənədlər Nərimanovu əsilzadə bir nəsildən olan şəxs kimi təqdim edir. Sənədlərdə bu, müraciət forması kimi yox, onun statusunu göstərən anlayış kimi yer alıb.


Kərbəlayı Nəcəf Nərimanovun atasıdır. Sonralar Nərimanov yeganə oğluna atasının adını verir. Böyük qardaşı Salman vəfat etdiyindən Nərimanov erkən yaşlarından ailənin bütün maddi və mənəvi yükünü üzərinə götürür.


Nərimanov məktəbə getməmiş Əlimirzənin, Salmanın yanında ilk mənəvi qidasını almışdı. 1870-ci ildə Tiflisdə dünyaya gələn Nəriman Nərimanov artıq 1879-cu ildə Qafqaz Şeyxülislamının nəzarətində olan altısinifli məktəbə daxil olur. Məktəbdə şəriət, ərəb və fars  dilləri də keçirilirdi. Bu məktəbdə oxuyarkən ciddi mütaliə ilə məşğul olduğu Nərimanın özünün və müasirlərinin xatirələrində əksini tapıb. Təbii ki, təhsilini davam etdirməsi üçün dəstək ailəsi və əmisi tərəfindən verilirdi.


Nərimanov 1885-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına daxil olur, 1890-cı ilin may ayında müəllimlik şəhadətnaməsini alır. Bu ocaq Cənubi Qafqaz müsəlmanları üçün çox mütərəqqi təhsil mühiti idi. Qori Müəllimlər Seminariyasının şəhadətnaməsini alan kimi, Nəriman yoldaşları ilə birgə “Kəşkül” qəzetinin mətbəəsinə gəlir. Bu barədə “Kəşkül” qəzetində dərc olunub: “Bunlardan biri də tiflisli N.Nərimanzadədir. Müəllimlik şəhadətnaməsi alanlar bu günlər mətbəəmizə dəxi gəlib, irəlidə vətən və əbnayi-vətənə xidmətlər edəcəklərini vəd vermişdirlər”. Bu artıq müsbət göstəricidir ki, Nərimanov və gənc yoldaşları tək müəllimlik şəhadətnaməsini alıb öz karyeralarını düşünmür və Vətənə xidməti özlərinin qarşısına məqsəd qoyurlar.


- Tanınmış ictimai-siyasi xadim Nəriman Nərimanovun pedaqoji fəaliyyəti bu gün də ziyalıların diqqətini cəlb edir. Bu kontekstdən Nərimanovun pedaqoji fəaliyyətindən söhbət açardınız. Həmçinin Nərimanovun pedaqoji fəaliyyətə başlaması ilə Tiflis həyatı sona yetir.


-1890-cı ilin sentyabrında Nərimanov Borçalının Qızılhacılı kəndinə təyinatla müəllim göndərilir. Təbii ki, Nərimanın bütün həyatı Qori Müəllimlər Seminariyasını başa çatdırana kimi Tiflis mühitində keçib. Bu dövrə kimi Nəriman Nərimanovun Tiflisi tərk etməsi haqqında tarixi sənədlərə rast gəlmirik. Nəriman Qori Müəllimlər Seminariyasında mükəmməl təhsil alaraq rus və Avropa yazıçılarının əsərlərini mütaliə etməyə meyilli insan olub. Lakin seminariyanı bitirməzdən 2 ay əvvəl qəflətən atası Nəcəf vəfat edir. Sonralar Nərimanov yazırdı ki, bu itki mənə çox ağır təsir etdi. Mən təhsilimi davam etdirmək arzusundan əl çəkdim.


Əlbəttə, Qızılhacılı kənd mühitində böyük amalla yaşayan bir gənc üçün çox çətin idi. Kənd mühiti Nərimanovda xalqının necə yaşadığını, daha çox xurafat içərisində olduğunu, hakim sinif tərəfindən istismar olunduğunu birbaşa gözləri ilə görməyə imkan verirdi. Bəlkə, Tiflis şəhərində yaşasaydı bu qədər təzadı görə bilməzdi. Qızılhacılı kəndi Nəriman Nərimanovun gələcək siyasi düşüncəsinin formalaşması üçün bir məktəb oldu. Özü də yazırdı ki, bəşəriyyətin geri qalmış hissəsinə bacardığım qədər kömək etmək fikri ilk dəfə burada - Qızılhacılı kəndində yaranmışdır. Nərimanovun kənddə insanları maarifləndirməsi, onların haqqını müdafiə etməsi yerli bəylər tərəfindən xoş qarşılanmır. Onların təqibləri Nərimanovun Qızılhacılını tərk etməsinə səbəb olur. 1891-ci ildə Nərimanov Bakıya gəlir.


- Firdovsiyyə xanım, N.Nərimanovun Bakıya gəlişi onun həyatında ciddi dönüşlər yaratdı. Bakı mühiti Nərimanovun yetişməsində misilsiz rol oynayır. İndi isə Nərimanovun Bakı həyatından söhbət açardınız.


- N.Nərimanov 1891-ci ildə Bakıda müəllim kimi fəaliyyətə başlayır. Sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsinə təyin olunur, eyni zamanda türk (Azərbaycan) dilini tədris edir. Nəriman Nərimanov müəllim kimi çalışanda hiss edirdi ki, Azərbaycan dili üzrə dərs vəsaiti çatışmır. “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabça yazır. Ruslar üçün Tatar dilini (yəni Azərbaycan dilini) və əksinə, azərbaycanlılar üçün isə rus dilini öyrənmək üçün kitabçalar (daha doğrusu, dərs vəsaitləri) nəşr etdirir. 1892-ci ildə Qoqolun “Müfəttiş” əsərini Azərbaycan dilinə tərcümə edir. Nərimanın həmin əsərə müraciət etməsi məqsədyönlüdür. Özü şəxsən bu əsərdə rol alaraq onun nümayiş olunmasına nail olmuşdu. Nərimanov xalqı oyatmaq üçün teatrı ən mühüm silah kimi görür və bu haqda ayrıca məqalələri də var.


- Azərbaycanda həmin dövrdə milli mətbuatın inkişafı üçün Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti mövcuddur. Xüsusilə də ilk dəfə milli qiraətxananın açılışında Nərimanovun xidmətləri misilsizdir. Oxucularımız üçün bu haqda məlumat verərdiniz.


- Nərimanov düşünürdü ki, xalqı maarifləndirmək üçün ana dilində mətbuata ehtiyac var. “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi qəzetlər həmin dönəmdə bağlanmışdı. Türkcə mətbu orqanı yox idi. Rusiya ərazisində İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetində tatarca, rusca məqalələr dərc olunurdu. Qəzet və jurnallar çap etmək üçün Nərimanov dəfələrlə hökumət qurumlarına müraciət edir. Nərimanov “yox” cavabı almasına baxmayaraq, ümidsizliyə qapanmır və növbəti bir addım atır. 1894-cü ildə Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası açır. Milli mətbuat açmaq baxımından təşəbbüsləri nəticə verməsə də, xalq qiraətxanası açması öz müsbət nəticələrini verir. Bu, maarifçilik tariximizdə izi olan bir hadisədir. Qiraətxanaya Şərq ölkələrindən qəzet, jurnal, kitablar gətirilirdi. Şərq ölkələrindən gətirilən əsərlərdə çar Rusiyası əleyhinə, panislamizm, pantürkizm kimi fikirlər yer alır və bunlar Nərimanovu narahat edirdi. O çalışırdı ki, bu fikirlərə görə xalqı bir əzabdan digərinə sürükləməsin. Bakının Qorçakov küçəsində açılan qiraətxananın yeri darısqal olduğu üçün Lalayevin mülkü kirayə edilir və qiraətxana buraya köçürülür. Qiraətxanada dövrün ziyalıları bir araya toplanır, teatr səhnələri təşkil edilir və toplantılar keçirilirdi. Göründüyü kimi, bura maarif ocağına çevrilmişdi. Mövcud hakimiyyət üçün təhdidə çevrilmə qorxusuna görə qiraətxananın fəaliyyəti dayandırılır.


Nərimanovun fəaliyyəti çoxşaxəli idi. Müəllimlik edir, publisistik fəaliyyətini davam etdirir, teatr tamaşaları göstərirdi. M.Ə.Rəsulzadə yazırdı ki, 1905-ci ilə qədər Azərbaycanda milli şüur milli mətbuat və milli məktəbdən irəli getməmişdir. Ziyalılarımız bu dövrdə mətbuat, teatr və məktəb səviyyəsində maariflənmə işləri həyata keçirirdi. Bunlardan başqa, onların real imkanları və çıxış yolları yox idi. Nərimanov da hesab edirdi ki, xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmaq olar.


Qeyd edək ki, 1894-cü ildən “Nadanlıq” əsəri ilə Nərimanovun bir yazıçı kimi fəaliyyəti başlayır. Bu dövr Nərimanın ədəbi yaradıcılığının intensiv dövrüdür. Bilirsiz ki, Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında “Nadir şah” əsəri ilə tarixi dram janrının əsasını qoyur. Sonralar çar senzurası “Nadir şah”ı zərərli bir əsər hesab etmiş, tamaşaya qoyulmasını qadağan etmişdir. Daha sonralar Nərimanovun yaradıcılığında publisistikanın ağırlıq etdiyinin şahidi oluruq. Bakıda dərc olunan qəzetlərdə silsilə məqalələri çap olunur. Məqalələri, əsasən, ictimai-siyasi mövzularda olduğu üçün həmin yaradıcılığı ictimai-siyasi publisistika kimi dəyərləndirə bilərik. Yazılarında təkcə Bakıda, Rusiyada baş verən proseslərlə kifayətlənmir, Avropada, Şərqdə baş verən hadisələri yerli məkanla uzlaşdırırdı.


-N.Nərimanov cəmiyyətdə ictimai-siyasi xadim, ədəbiyyat insanı ilə yanaşı, həm də gözəl həkim kimi tanınır. Onun həkimlik fəaliyyəti bu gün də müzakirə olunur. Oxucularımıza Nərimanovun tibbi təhsil almasından söhbət açardınız.


- 1896-cı ilin mayında Bakı realnı məktəbində ştatlı müəllim vəzifəsinə təyin olunmuş Nərimanov 1902-ci ildə Odessaya ali təhsil almağa gedir. Ali təhsil almaq onun böyük arzusu idi. O, 32 yaşında Odessada tibbi təhsilə başlayır . Maddi durumu çətin olan Nərimanov ən uzunmüddətli və çətin təhsil almaq yolunu seçir. Bununla o xalqın tibbi güzəranını yaxşılaşdırmağı və ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətə düşməməyi düşünürdü. Onun təhsili Hacı Zeynalabdin Tağıyevlə bağladığı müqavilədən irəli gələn təqaüdlə baş tutdu.


Odessa mühiti Nərimanovun siyasi fəaliyyətinə və bu dövrdən sonrakı dönəminə ciddi təsir etdi. Şübhəsiz ki, Odessa bir liman şəhəri idi. Bakı kimi Odessa da Rusiyada olan iri  bolşevik təşkilatlarının fəaliyyət göstərdiyi azsaylı şəhərlərdən sayılırdı. Burada inqilabi ovqat yüksək idi. Nərimanov maarifçilik missiyasını Odessada da davam etdirir. Odessada müsəlman gənclərin bir araya yığılmasında, tələbələrdən ibarət teatr səhnələrinin təşkil edilməsində müstəsna xidmət göstərir. Bir qrup tələbə ilə Baxçasaraya gedərək, orada teatr tamaşaları vermiş,  İsmayıl bəy Qaspralı ilə görüşmüşdür. Görüş haqqında yazırdı ki, “bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq”. Bu dərdlər, şübhəsiz ki, ictimai mövzulu söhbətlər idi.


1905-ci ildə Rusiyada baş verən hadisələr Nərimanovun siyasi baxışına ciddi təsir göstərdi. Biz artıq onu tələbələrin mitinqlərində mütləqiyyət qarşısında tələblər qoyan bir gənc kimi görürük və inqilabi çıxışlarına şahid oluruq. 1905-ci ildə respublika quruluşunun konstitusiya-monarxiya quruluşundan üstün olması haqqında məzmunlu mühazirə ilə çıxış edir.


- Bir müddətdən sonra təhsilini yarımçıq qoyan Nərimanov Bakıya qayıtmağa məcbur olur. Onun yenidən Bakı həyatı başlayır və biz yenə Nərimanovun sıx fəaliyyətini görürük...  


- Bəli, inqilabi hadisələrin təsiri ilə Novorossiya Universiteti müvəqqəti bağlanır və Nərimanov yenidən Bakıya qayıdır, sosial-demokrat “Hümmət” təşkilatına daxil olur. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlayır. 1906-cı ilin avqustunda Qafqaz müsəlman  müəllimlərinin I qurultayı Bakıda keçirilirdi. Nərimanov qurultayın təsis komissiyasına sədrlik etmişdir. Həsən bəy Zərdabi ilə həmin qurultayın keçirilməsinə də sədrlik edir. Şübhəsiz ki, bu, Nərimanovun Cənubi Qafqaz müsəlmanları arasında böyük nüfuza sahib olduğunu göstərirdi. Qurultayda siyasi məzmunlu çıxışlara sədrlik Nərimanova tapşırılır. Burada artıq biz Nərimanovun cəsarətli, müstəqil düşüncəli gənc obrazını görə bilərik.


Həmin qurultayda Nərimanovla Tağıyev arasında diskussiya yaranır. Maddi yardıma hədsiz ehtiyacı olduğu halda, “Qafqazın Allahı” hesab edilən qüdrətli H.Z.Tağıyevin maddi köməyindən imtina edərək mənəvi azadlığını mənfəət imkanından üstün tutmuşdur. Nərimanov sonralar ziyalılara müraciət edərək deyirdi ki, ziyalı olan bir şəxs öz müstəqil düşüncəli fikirlərini hər hansı bir altuna, qızıla, maddi vəziyyətinə görə satmaz. Daha sonralar Nərimanov yazırdı ki, “Hacı ilə aramda olan münaqişə şəxsi zəminli yox, ictimai məzmunlu münaqişə olmuşdur”. Sənədlər də göstərir ki, Nərimanov və Hacı arasında olan səmimi münasibət hər ikisinin həyatının sonuna kimi davam etmişdir.


- Tibbi təhsilini yarımçıq qoyan Nəriman Nərimanov artıq yenidən Odessaya qayıdır və ali təhsilini başa çatdırır. Bundan sonra Nərimanovun həyatında nələr baş verir? Xüsusilə də onun həbs edilməsi və Həştərxan dövründən danışardınız.


- 1906-cı ilin dekabrında Nərimanov yenidən Odessaya gedərək təhsilini başa vurur və 1908-ci ildə həkim diplomuna nail olaraq Bakıya qayıdır. Bu dövrdə İran milli demokratik hərəkatına kömək etmək üçün təcili Tiflisə göndərilir. İran inqilabına yardım göstərməkdə ittiham olunan Nərimanov 1909-cu ildə həbs edilir. Nərimanovun müdafiəsi üçün ziyalıların müraciəti faydasız olur. Həbs hökmü qüvvədə qalır, Nərimanov 7 ay Metex qalasında saxlanılır. Daha sonra iki il müddətinə Həştərxana sürgün olunur. Nərimanov Həştərxanda geniş ədəbi-bədii və elmi fəaliyyət göstərir. Həştərxan Xalq Universitetinin sədri, Həştərxan Şəhər Dumasının üzvü seçilmiş, orada yaşayan türk əsirlərinin birinci qurultayını keçirmişdi. Onun Həştərxanda maarifçilik, həkimlik, teatr fəaliyyəti geniş rezonans doğurur. Hətta bununla bağlı “Paris” qəzetində  məlumatda deyilirdi: “Həştərxan, Kazan və Ufa şəhərlərində mətbuat vasitəsilə müsəlman millətçiliyi qızğın təbliğ edilir. Bu işdə Xalq Universitetləri Cəmiyyətinin sədri N.Nərimanov görkəmli rol oynayır. Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında onun təbliğatı böyük uğur qazanmışdır”.

           
Nərimanovun sürgün müddəti bitdikdən sonra bir neçə ay Həştərxanda qalır. Onun Bakıya qayıdışına dərhal icazə verilmir və nəhayət, bir müddətdən sonra Nərimanov 1913-cü ilin iyulunda Bakıya qayıdır.

           
- Nəriman Nərimanovun sürgün həyatı başa çatdıqdan sonra yenidən Bakıya qayıdır. Artıq Birinci Dünya müharibəsi Nərimanovun fəaliyyətində ciddi dəyişikliklərə səbəb olur. Bu haqda söhbət açardınız.

           
- Nərimanovun xatirələrində yer alır ki, Birinci Dünya müharibəsi onun siyasi baxışlarına ciddi təsir göstərir. Müharibəyə qədərki ictimai-siyasi fəaliyyətini özünün həqiqi elmi nəzəriyyə axtarışı dövrü kimi xarakterizə etmişdir. Müharibə dövründə Nərimanov Lenin məramnaməsini qəbul edir. Nərimanovun özü bolşeviklərin məramnaməsini Birinci Dünya müharibəsi dövründə qəbul etdiyini yazıb. Səbəb kimi  elmi-mədəni tərəqqiyə çatmış Avropa ölkələrinin belə bir qanlı müharibədə təşəbbüskar və iştirakçı olmalarını göstərirdi.

           
Nərimanov məramnaməsini belə açıqlayırdı: “Mən insanın insan tərəfindən istismarına qarşıyam”. Lenin məramnaməsində də xalqların öz müqəddəratını sərbəst təyinetmə hüququ deyilən şuarı uzun müddət cəlbedici olmuşdur. Bütün bunlar Nərimanın siyasi baxışlarına ciddi  təsir göstərmişdir.

           
- Nərimanovun fəaliyyətində 1917-ci ildə və ondan sonra hansı dönüşlər baş verir?

           
- 1917-ci ilə kimi, çar hakimiyyəti devrilənə qədər Nərimanovun fəaliyyəti həkimliklə yanaşı, ictimai-siyasi publisistik fəaliyyətlə müşahidə olunur. Müxtəlif dövri mətbuatda fərqli  imzalarla çıxış edir. 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında Rəsulzadə, Topçubaşov və digər şəxslərlə birlikdə Nərimanov da yer alır, qurultayın rəyasət heyətinə seçilir. 1917-ci il iyul ayının 3-də artıq Nərimanov “Hümmət” qəzetini çap etdirir və onun redaktoru olur. Həmçinin bolşevik “Hümmət” təşkilatına  rəhbərlik edirdi. 1918-ci ilin iyul ayının 30-na qədər “Hümmət” qəzetinin 113 nömrəsi çap olunmuşdu. “Hümmət” qəzeti bir sosial-demokrat müsəlman təşkilatının platforması, siyasi tribunası idi.

           
Ümumiyyətlə, bu dövr siyasi proseslərin çox mürəkkəb dövrüdür. Siyasi baxımdan diferensiallaşmış təşkilatların tam olaraq yollarının ayrıldığı dövrdür. Buna qədər hədəf mütləqiyyətin devrilməsi idi. Mütləqiyyətin devrilməsindən sonra azərbaycanlıların hansı yolla irəliləməsi, arzuolunan mütərəqqi cəmiyyətə hansı proqramlarla çatılması qətiləşdi. Siyasi qüvvələr öz hədəflərinə çatmaq üçün proqramları uğrunda mübarizəyə başlamışdılar. İlk mərhələdə isə hədəf Ümumrusiya Müəssislər məclisinin qəbul edəcəyi qərarlara bağlı idi.

           
Bolşeviklərin 1917-ci ilin oktyabrında hakimiyyəti ələ alması yeni situasiya yaratdı. Nərimanov o dönəmdə sırf fəhlə-kəndli inqilabının nəticələrinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq olunması üçün mübarizəyə başlayır. Burada Nərimanovun beynəlmiləlçi, sosial-demokrat kursu yeritdiyini görürük.

           
- Nəriman Nərimanovun Nargin adasında olan türk əsirlərinin xilas edilməsi, onlara yardımları ilə bağlı fəaliyyəti aydın hiss olunur. Türk əsirlərinə hər cür yardımın göstərilməsi üçün Nərimanov böyük səylər göstərir. Bu barədə ətraflı məlumat verərdiniz.

           
- Nərimanov 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının üzvü seçilmişdi. 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Nərimanovun fəaliyyətində Nargin adasında olan türk əsirlərinin müdafiəsi üçün göstərdiyi təşəbbüsü xüsusi olaraq qeyd etmək lazımdır. 1917-ci ilin dekabrında Nərimanov hərbi əsirlərə yardım göstərilməsi üzrə xüsusi komitənin sədri təyin edilmişdir. Türk əsirlərinə böyük qayğı göstərmişdir. Bunlar həmin əsirlərin aqibətinə Nəriman Nərimanovun son dərəcə həssas yanaşdığını göstərir. Nəriman Nargin adasını bir ölüm cəzirəsi adlandırırdı. Nərimanov Nargin adasında olan türk əsirlərinin vəziyyətinin yaxşılaşdırılması üçün bir haray çəkirdi.

           
- Ümumiyyətlə, erməni və bolşevik birləşmələrinin xalqımıza qarşı törətdiyi milli qırğınlarda Nəriman Nərimanovun qəti, sərt mövqeyi yazılarında, tarixi sənədlərdə göstərilir. Bu dövrdə Nərimanovun fəaliyyəti bizim üçün maraqlıdır...

           
- 1918-ci ilin əvvəlindən başlayaraq Azərbaycanın milli qüvvələri, konkret olaraq Müsavat partiyası ilə Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin münasibətlərinin kəskinləşdiyi dövrdür. Nərimanov həmin dövrdə milli zəmində qarşıdurmanın baş verməməsinə maksimum dərəcədə səy göstərirdi. 1918-ci ilin yanvar ayında müsəlman diviziyasının başçısı general Talışinski həbs edilmişdi. Onun həbsdən azad olunmasında Nərimanov təşəbbüs göstərir və buna nail olur. Nərimanov Şaumyan və Çaparidzeni xəbərdar edirdi ki, heç cür silahlı qarşıdurmaya yol vermək olmaz, milli qırğınla nəticələnəcəkdir. Bu da 1918-ci ilin mart qırğınlarında öz təsdiqini tapdı.

           
Təzəpir məscidinin həyəti o dövr üçün siyasi tribuna məkanına çevrilmişdi. Bəzən Nərimanovu Şərq dünyasında məscid tribunasının yaradıcısı kimi dəyərləndirirlər. Çünki onun məscid həyətində siyasi məzmunlu çıxışlarla xalqı maarifləndirməyə çalışan çoxsaylı nitqləri olub. Təzəpir məscidi, İsmailiyyə binası, “Kaspi”, “Açıq söz” redaksiyaları milli düşüncəni formalaşdıran ocaqlar olub. Təsadüfi deyildi ki, 1918-ci ildə bu binalar təcavüzə məruz qalmışdı.

           
Nərimanov xalqı maarifləndirərək çalışırdı ki, heç bir təxribat törədəcək hadisə olmasın. 1918-ci ilin martında Evelina gəmisi tərk-silah olunanda Nərimanov səy göstərdi ki, silahlar “Hümmət” təşkilatı vasitəsilə geri qaytarılsın. Amma Şaumyan başda olmaqla bolşeviklər daşnaklarla iş birliyinə daxil olaraq Azərbaycan muxtariyyətinin qarşısının alınmasında mövqelərini konkretləşdirmişdilər. Buna görə də onlar ilk bəhanədən istifadə edib kütləvi qırğınlar törətdilər. Bəzən Nərimanovu qınayırlar ki, qırğınlardan sonra niyə Şaumyan və Bakı bolşevikləri ilə əməkdaşlığı davam etdirir və Bakı Xalq Komissarları Sovetinin tərkibində yer alır. 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti təşkil olunanda Nərimanov sovetdə şəhər təsərrüfatı üzrə komissar vəzifəsini tutur.


Nərimanov sosializm ideyalarına inananda və məramnaməsini qəbul edəndə onu hər hansı konkret şəxslər üzündən qəbul etməyib. Şaumyan və qırğını törədənlər Nərimanovun ideyalarının gerçəkləşməsində onun zəmanəti deyildilər. Qırğınlarla bağlı Nərimanovun 1918-ci il aprelin 1-də “Hümmət” qəzetində Şaumyana, Caparidzeyə ünvanladığı müraciətlər var ki, o, qırğınları kəskin olaraq ittiham edir. Nəriman Nərimanov bu qırğınları 1918-ci ildə Bakıdakı sovet hakimiyyəti üçün qara bir ləkə adlandırırdı. O, erməni silahlı birliklərinin buraxılmasını və şəhəri tərk etmələrini tələb edirdi. Təbii ki, bu hadisələr onun səhhətində ciddi problemlərlə nəticələndi. 1918-ci ilin iyununda xərəkdə onu Bakı limanından Həştərxana yola salırlar. Nərimanovun Stalinə “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubu var, bir neçə nüsxəsi arxivdə saxlanılır. Həmin məktubların birində belə bir cümlə yer alıb: “Mən Bakını kütləvi qırğınlara etiraz olaraq tərk etdim”. Nərimanovun Həştərxana getməyi Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinə bir etiraz kimi, məktubların birində yer almışdı. Onun Qafqazla bağlı baxışları bir proqram şəklində 1919-cu ilin fevralında “Qafqazın fəthinə baxış” adlı məruzəsində əksini tapmışdı. Bu artıq Nərimanovun siyasi bioqrafiyasının növbəti bir mərhələsidir.

             

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi