Modern.az

Məşhurlarla görüşdən xatirələr - Komitə sədri: “Mən o səfərdə Heydər Əliyevi iman sahibi kimi gördüm” - FOTOLAR  

Məşhurlarla görüşdən xatirələr - Komitə sədri: “Mən o səfərdə Heydər Əliyevi iman sahibi kimi gördüm” - FOTOLAR   

Reportaj

10 May 2018, 09:23

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.

Modern.az saytının “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.

Budəfəki müsahibimiz uzun müddət - 1971-ci ilin əvvələrindən peşəkar siyasətdə olan, çalışdığı sahələrdə onlarla dünaya şöhrətli liderlər, tanınmış məşhurlarla görüşən saysız –hesabsız xarici səfərlərdə olan və ölkə rəhbərləri ilə görüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir.


Heydər Əliyevə oxşamağa çalışıb 

Komitə sədri uzun illərdir ki, bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşdüyünü  yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib. Amma onun üçün ən yaddaqalan və unudulmaz görüşlər dünya şöhrətli siyasi xadim Heydər Əliyevlə olub. Çünki Heydər Əliyev məktəbinin minlərlə yetirmələrindən biri də məhz Hadi Rəcəblidir. O, ulu öndərlə hər təmasdan dərs aldığını, peşəkar siyasətə bir az da yaxın olmaq imkanı əldə etdiyini xüsusi vurğulayıb. Hadi Rəcəbli hələ gənclik illərindən başlayaraq həmişə ona oxşamağa çalışıb, ondan öyrənib, onun qayğı və diqqətini hiss edib. Bir rəhbər işçi kimi yetişməsində Heydər Əliyevin danılmaz rolu olub.


Heydər Əliyevlə ilk görüş - birinci dərs
 

“İlk dəfə 1972-ci il iyulun 4-də ordu sıralarından yenicə qayıdan arıq, sarışın görkəmli, çox kasıb və sadə geyimli bir gənc kimi Heydər Əliyevin qəbulunda oldum. Bu ilk görüş məndə həyat fəaliyyətimin istiqamətini həmişəlik müəyyən edən çox böyük bir təəssürat yaratdı. Kimsəsiz bir ailənin övladı, vəzifədə heç bir qohumu olmayan, 24 yaşında bir gənc Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibliyinə tövsiyə olunmuşdu. Yüksək vəzifəyə təyinatımın sevinci nə qədər böyük olsa da, məni valeh edən heyrətli və ibrətamiz təəssürat Heydər Əliyev şəxsiyyətinin ecazkarlığı idi. Məni bu görüşə o dövrlərdə çox təcrübəli və yaşlı MK-nın təşkilat partiya işi şöbəsinin müdiri İsmayıl Əskərov hazırlayırdı, tövsiyələr verirdi. “Belə durarsan, belə danışarsan, gülməyəsən, cavabların qısa olsun” və s. və ilaxır. 
Düzü, əvvəlcə həmin qəbulun rəsmi, quru bir görüş olacağını düşünürdüm, lakin canlı, hətta doğma və sərbəst mühitdə keçən bir söhbətin şahidi oldum. Qəbulunda olan şəxslərlə, xüsusilə də gənclərlə, respublika rəhbəri vəzifəsinin ümumi xarakterik aurasından doğan sıxıntını dəf etmək, söhbəti sərbəst, lakin çox məhsuldar və işgüzar məcraya yönəltmək bacarığı onun nə qədər dərin psixoloji istedada malik olduğunun nümunəsi idi. Ulu öndər bir az tərcümeyi-halımdan, evdəkilərdən, təhsilimdən, dil bilməyimdən söhbət saldı, gərginliyi aradan qaldırdı. O görüşdə mənə verilən tövsiyələr, yaratdığı sərbəst şərait, mənim onunla fikir mübadiləsi imkanlarım Heydər Əliyev məktəbinin elə birinci dərsi idi. Bu dərslər mənim üçün sonradan dəfələrlə şəxsi görüşlərim, istər qurultay, plenum və konfranslardakı çıxışları, istərsə də verdiyi göstərişlər ömrüm boyu davam edən ibrətamiz həyat universiteti oldu.


Komsomol lideri olarkən üzərimdə Heydər Əliyev daimi gözəgörünməz qayğısı və diqqətini hiss edirdim. Mükafatlar, təltiflər alırdım, seçilirdim, sevilirdim, bunlarla yanaşı, daim çox gərgin məsuliyyət hiss edirdim.


Sonradan Bakı Ali Partiya Məktəbində oxumaq arzum ikinci təşəbbüsdən həyata keçdi. Qrup nümayəndəsi seçildiyim bu yüksək statuslu təhsil ocağını fərqlənmə diplomu ilə bitirdim. Təyinatımı Azərbaycan KP MK-nın orqanı olan “Bakinski raboçi” qəzetinə verdilər. Qəzet rus dilində nəşr olunduğundan həm Moskvada, həm də Azərbaycanın siyasi elitasında diqqətlə oxunur, yazılara o dəqiqə münasibət bildirilirdi. Burada çalışdığım iki il ərzində hər gün, hər an ulu öndərin sanki yazdıqlarımı sətir-sətir oxuduğunu, mənimlə daim maraqlandığını güman edir və üzərimdə daim və ardıcıl olaraq çalışırdım. Mənim üçün virtual olan bu gündəlik görüşlər və nəzarət, 1980-ci ilin avqust ayında yenə də gerçəkliyə çevrildi”.


“Heydər Əliyev bizim güvənc yerimiz idi”

“1980-ci ilin ortaları idi. Lənkəran Şəhər İcraiyyə Komitəsi sədrliyinə namizəd axtarırdılar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev irəli sürülən kadrların sırasından məni seçmiş, mənim üzərimdə dayanmışdı. Bakıya növbəti söhbətə dəvət etdilər. Bu idarəçilik tarixində çox nadir hadisə idi. Qəzet jurnalistini böyük bir şəhərə-Lənkərana rəhbər seçirdilər. Görüş zamanı uşaq kimi çox həyəcanlı və narahat idim. Bu gərgin vəziyyətdən məni böyük dövlət xadimi Heydər Əliyev ən doğma adamı kimi, səmimi söhbətlə yenə də özü çıxardı. Məni unutmamışdı-mühəndis olduğumu, sənaye müəssisələrində, gənclər təşkilatında, mərkəzi mətbuatda çalışdığımı bilirdi. İsti və sakit axarda keçən söhbətin baş xəttində mənəvi saflıq, düzlük və halallıq dururdu. O söhbət həyatımın sonrakı mərhələlərində də mənə böyük, möhtəşəm həyat dərsi oldu. Mən bir daha yəqin etdim ki, ulu öndərin tövsiyələrinə əməl edən insanlar, vəzifəli şəxslər, siyasi-ictimai qurumların başçıları daim xeyir görmüş, son nəticədə bütövlükdə cəmiyyət bundan faydalanmışdır.


Ötən əsrin 70-ci illəri Lənkəranın intibah dövrü idi. Rayonda tərəvəzçilik daha sürətlə inkişaf edirdi. El dili ilə desək, rayon ümumittifaq bostanına çevrilmişdi. Şəhərə daim Moskvadan, dünyanın bir sıra ölkələrindən nümayəndələr gəlirdi. Biz, bu bölgədə çalışan bütün siyasətçilər, təsərrüfat basçıları, istehsalat adamları Heydər Əliyevin diqqət və qayğısını daim öz üzərimizdə hiss edirdik. Zəhmət, fədakarlıq, halallıq, mənəvi saflıq heç vaxt itmir, həmişə yüksək qiymətləndirilirdi. Bu vəzifə görüşləri bəzən birbaşa bəzən isə tədbirdən-tədbirə olurdu.



“Heydər Əliyevin verdiyi mənzildə yaşayıram”

1981-ci il dekabrın son günlərində məni Azərbaycan KP MK-ya, Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi aparatın ən məsul şöbəsinə - təşkilat-partiya işi şöbəsinə inspektor vəzifəsinə irəli çəkdilər. Şöbənin əməkdaşları rayonlardan ulu öndərin işgüzarlıq kriteriyalarına, iş prinsiplərinə cavab verən, zəhmətkeş ailələrdən çıxmış, halal, təşəbbüskar, zirək və ağıllı gənclərdən komplektləşdirilirdi. Burada sağlam, işgüzar və saf mənəvi mühit hökm sürürdü. Şöbənin Bakıda mənzili olmayan 7 əməkdaşı Ali Partiya Məktəbinin yataqxanasında yerləşdirilmişdi.

Bir gün ulu öndərimiz Heydər Əliyev Moskvada çox yüksək vəzifəyə-Baş nazirin müavini postuna fərman alandan bir az sonra o dövrdəki şöbə müdirimiz, çox hörmətli Ramiz Mehdiyev bizi otağına çağırdı və gözləmədiyimiz şad xəbəri bizə verdi. Heydər Əliyev Moskvaya getməzdən öncə bizim hamımıza mənzil vermişdi. O düşərli mənzildə mən artıq 47-ildir ki, yaşayıram”.

“O görüşə mən də dəvət olunmuşdum”

“Sovet hökuməti dağılanda məni də Şəki şəhər partiya komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşdırdılar. O vaxt respublika Nazirlər Komitəsində ən aşağı işə götürdülər. Sonradan ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qaçqın və məcburi köçkünlərlə iş adlı ən əziyyətli və ağrılı şöbəyə müdir qoydular. Heydər Əliyev dühası burada mənimlə tez-tez təmasda olur, açığını deyim ki, daha çox mənə etibar edir və vaxtaşırı tapşırıqlarını verirdi.


1994-cü ilin fevral ayının ilk günlərinin birində, ölkədə mövcud olan qaçqın və məcburi köçkün krizisinin ən ağır dövründə Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının İslam “Nicat” Təşkilatının rəhbərlərindən biri, ölkəsində kral ailəsinə çox yaxın və təsiri olan Əbdül Həmid Dağıstanini prezident Heydər Əliyev qəbul edirdi. Protokolda nəzərdə tutulmadığına baxmayaraq, bu görüşə mən də dəvət olunmuşdum. Çox az tərkibdə nisbətən məxfi keçən bu görüşdən hər iki tərəf əhəmiyyətli divident qazanmaq istəyirdi. Prezidentimizin məqsədi dünyada geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınmış bu beynəlxalq təşkilatın böyük maliyyə imkanlarını Azərbaycan qaçqın və köçkünlərinə yönəltmək və nüfuzlu Səudiyyə Ərəbistanının siyasi dəstəyini qazanmaq, qarşı tərəfin məqsədi isə dünya şöhrətli Heydər Əliyev şəxsiyyətini İslam dünyası və dəyərləri ilə daha sıx bağlamaq idi”.



“Heydər Əliyev qonağa gözlənilməz sual verdi”


Söhbətə körpünü mənim ölkədəki qaçqın və köçkünlərin ağır durumu ilə bağlı qısa məlumatım və qonaqların yardımı məqsədləri ilə saldıq. Bir-iki cümləlik qarşılıqlı replikalardan sonra Heydər Əliyev qonağa gözlənilməz sual verdi: “Soyadınızdan görünür ki, Siz əslən qafqazlısınız?”. Qonaq əvvəlcə bir az tutuldusa da, söhbətin səmimi axarını hiss edərək açılışdı. Artıq cənab Əbdül Həmid Dağıstanini saxlamaq mümkün deyildi. O, babasından eşitdiyi, hələ ölkəsində belə açıqlamadığı əhvalatı Heydər Əliyevə danışdı. Aydın oldu ki, qonaq əslən Dağıstan azərbaycanlılarındandır. Ulu babası neçə on illər bundan öncə Məkkə ziyarətindən sonra Səudiyyə Ərəbistanında məskunlaşıb və övladlarına doğma yurdunun adını soyad kimi verib. Səmimi söhbət uzandıqca, qonaqda ölkəmizə olan məhəbbət anbaan artırdı. Artıq 600 ailədən ibarət Ağdam məcburi köçkünlərinin iki qəsəbədə məskunlaşması, ərzaq və ilkin tələbat malları ilə 100 faiz təmin olunması qərara alınmışdı. İndi artıq yardımların gələcəkdə daha da artırılacağı məsələləri müzakirə olunurdu.

Səmimi söhbətin sonuna yaxın Əbdül Həmid Dağıstani bir az qorxu və bir az da tərəddüdlə kafir kimi tanınan Sovetlər dövlətinin sabiq baş nazirinin birinci müavininə belə bir müraciət etdi: “Cənab Əliyev, əgər birdən bizim ölkənin kralı Sizi Məkkə ziyarətinə dəvət etsə, Siz buna necə baxarsınız?”. Heydər Əliyev mənim üçün də gözlənilmədən, çox ani olaraq dedi: “Çox yaxşı! Məmnuniyyətlə!”. Cavab elə bil ki, qonağı şok vəziyyətinə salmışdı. Sevincini gizlətmədən qonaq kral dəvətinin lap tezliklə olacağını bildirdi və fikrini birdən dəyişəcəyindən qorxurmuş kimi söhbətə yekun vurduğuna eyham olaraq ayağa qalxdı və xudahafizləşməyə başladı. Qucaqlaşaraq ayrılan müsafirlər hələ bir neçə dəqiqə də ayaq üstdə söhbət etdilər. Qısa müddətdən sonra ulu öndərimizə kral Fəhdin dəvət məktubu gəldi. 1994-cü ilin iyul ayında baş tutan Məkkə ziyarətində onu müşayiət edənlərin siyahısına böyük düha Heydər Əliyev mənim də adımı salmışdı. Unudulmaz səfər bütün maddi və mənəvi dəyərləri ilə yanaşı, iki tarixi hadisə ilə ölkəmiz üçün önəmli oldu: Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ölkəmizin səfirliyi açıldı. İslam “Nicat” Təşkilatının postsovet dövlətləri üçün mərkəzi ofisi Moskvadan Bakıya gətirildi”.


Məkkə ziyarəti...

Hadi Rəcəbli bildirib ki, həyatında ən böyük xoşbəxtliyi Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanında olmağı (1994-cü ilin avqustunda) və Məkkə ziyarətidir:

“Həmin səfər yaddaşımda Heydər Əliyev dühasını yeni çalarlarda, daha doğma, daha isti keyfiyyətdə kəşf etməyim üçün misilsiz rol oynadı. Havaya qalxandan bir az sonra Heydər Əliyev təyyarənin bizim üçün nəzərdə tutulmuş salonuna gəldi, adəti üzrə hamı ilə əl verib görüşdü. Təyyarədə o, hər birimizlə ayrı-ayrılıqda şirin söhbət edir, öz xüsusi hörmət və məhəbbətini bildirmək istəyirdi. Salonun ortasına gedəndə bir anlıq fikrə gedib söhbətə yenidən başladı: “Görürsünüz, biz hakimiyyətə gəldik və siz də mənim yanımdasınız. Sizin hər birinizin xidmətiniz olub, zəhmətiniz var və mən məhz elə ona görə də sizi özümlə Məkkə ziyarətinə aparıram”. 
Səfər boyu təyyarə havaya qalxandan geri dönənədək olan bütün bu müddət ərzində dahi şəxsiyyətlə bağlı onlarla təəssürat və müşahidələrim oldu.  Səudiyyə Ərəbistanının İslam “Nicat” Təşkilatının rəhbərliyi ilə Ciddə şəhərində görüş vaxtı qurumun rəhbərliyi mənim onlarla əməkdaşlığımdan ağızdolusu danışır, mənim adımı tez-tez çəkirdilər. Özümü çox pis hiss edirdim. Onları diqqətlə dinləyən Heydər Əliyev cənabları məni vəziyyətdən çıxartdı və dedi: “Hadi Rəcəblini çox təriflədiniz, elə bu işləri mən ona tapşırmışam. Odur ki, yenə də təşkilatınızla bağlı bütün məsələlərin həllini Hadi Rəcəbliyə tapşırıram”. Bu, mənim üçün – Nazirlər Kabinetinin şöbə müdiri üçün çox böyük etimad idi. Beynəlxalq səviyyəli prezident tapşırığının mənə verilməsi çox böyük əhəmiyyət və məna kəsb edirdi. Sonradan mərkəzi ofisi Moskvada yerləşən bu qurumu Azərbaycana gətirdik və onun postsovet məkanında ofisini Bakıda yerləşdirdik. Onlar üçün Əzizbəyov heykəlinin yanında bir neçə otaqdan ibarət geniş ofis ayrıldı”.

“Heydər Əliyev ibadətləri və ritualları dəqiq icra edirdi”

“Məkkə səfəri boyu hər an gözüm dahi öndərimizdə, kommunist dövründən yaxşı tanıdığım bu böyük insanda idi. Ziyarət prosedurlarına həssaslıq və incəliklə hazırlaşması, ibadətləri və ritualları dəqiq icra etməsi, üzündəki nurani cizgiləri diqqətimdən yayınmırdı. Bu dahi şəxsiyyətdən ötrü Kəbə qapılarını istisna hal kimi kralın tapşırığı ilə üzümüzə açmışdılar. Zəm-zəm suyu olan bulaqların mənbəyi, Mədinədə Məhəmməd peyğəmbərin məzarı önündə namaz, şəhərin iyirmi metrlik dərinliyindəki təhlükəsizlik, kommunikasiya sistemləri ilə tanışlıq ancaq ona görə mümkün idi ki, onun üçün nəzərdə tutulmuşdu.

Onu ibadət edərkən görmüşəm, Qarabağ dərdlərimizin həllini Uca və Qadir Allahdan diləyərkən dinləmişəm, müqəddəs Qara Daşı öpərkən müşahidə etmişəm, Şeyx Hacı Allahşükür Paşazadə ilə dini mövzularda dialoqlarının şahidi olmuşam. Mən bu səfərdə Heydər Əliyevi Allah Adamı, iman sahibi, ibadət bilicisi kimi gördüm, bu keyfiyyətləri ilə onu özüm üçün yenidən kəşf etdim”.

Yaddaşımda Heydər Əliyev dühası ilə bir sıra digər Avropa ölkələrindəki rəngarəng, maraqlı hadisələrlə dolu səfərlər də təzələnir. Nə edəsən ki, bu müsahibədə bütün bunlara yer ayırmaq imkanımız məhduddur”.



“Mənim Lənkəran üçün xidmətlərimdən ən böyüyü yetişdirdiyim Hadi Rəcəblidir”

Hadi Rəcəbli daha bir maraqlı, onun üçün çox qiymətli bir görüşü xüsusi bir məhəbbətlə xatırladı. 

“1999-cu ilin avqust ayında Heydər Əliyevin hakimiyyətə gəlişinin 30 illiyi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunurdu.

Vaxtilə özünün təşəbbüsü və rəhbərliyi ilə tikdirdiyi Əl Oyunları İdman Sarayında Heydər Əliyevin titanik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən bütün rayonların stendləri qurulmuşdu. Heydər Əliyev stendlərin yanında dayanır, həmin rayondan olan fəallarla görüşür, çoxlu xatirələr yada düşürdü. Lənkəran rayonunun stendinin qarşısından Heydər Əliyev nədənsə dayanmadan ötüb keçdi. Bizim stenddən təxminən 20 addım aralanandan sonra mənim xahişimlə Heydər Əliyevə çatdırıldı ki, əgər mümkünsə, Lənkəran rayonunun stendinə də yaxınlaşsın. Bizim xahişimiz ümummilli liderimizə çatdırılandan sonra Heydər Əliyev dönüb geri qayıtdı və Lənkəran stendinin yanında dayandı. Hamı ilə salamlaşandan sonra 70-ci illərdə Lənkəranın onunla bağlı şəkillərinə diqqətlə baxarkən ona ərk edib müraciətlə dedim: 

“Möhtərəm prezidentimiz! Lənkəran camaatının üzərində Sizin böyük haqqınız var. Sizin Lənkəranın o vaxtkı intibahında çox böyük xidmətləriniz olub. Siz o vaxtlar çox böyük işlər görmüsünüz, qurmusunuz, tikmisiniz, yaratmısınız, lənkəranlılar o vaxt inkişaf ediblər, vəzifələrə ucalıblar, artıblar, pul sahibi, ev sahibi olublar”.

Heydər Əliyev bir az geriyə çəkilərək əlini mənə uzatdı və dedi: “Mənim Lənkəran üçün etdiyim xidmətlərdən ən böyüyü yetişdirdiyim Hadi Rəcəblidir” və mənim tərcümeyi-halımı, bütün inkişafımı, zaman-zaman, kiçik detallarla hətta orduya getməmlə bağlı bütün xırda məqamlarla həvəslə danışdı. Heydər Əliyev təkcə mənim deyil, yetişdirib ərsəyə gətirdiyi, özünün siyasət məktəbinin məzunlarının hamısının tərcümeyi-halını detallarınadək yadda saxlayan dahi idi və həmin görüş bunun bariz nümunəsi oldu.

Yaddaşında bizi yaşadan bu alicənab bir şəxsi onun yetişdirməsi olan bizlər, ailə üzvlərimiz, nəvə-nəticələrimiz, bütün xalqımız heç vaxt unutmayacağıq. Bu, əbədiyaşar liderlərin həyatda qazandıqları ən böyük nemətdir. Onun siyasi liderlik məktəbi bundan sonra daha ətraflı öyrəniləcək, dünya idarəetmə metodologiyalarında və təcrübəsində hələ yüz illər də böyük müvəffəqiyyətlə istifadə olunacaq, nümunə göstəriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir