Modern.az

İlahiyyatçının ölkədən getməsinə qadağa qoyulmasının SƏBƏBLƏRİ

İlahiyyatçının ölkədən getməsinə qadağa qoyulmasının SƏBƏBLƏRİ

Ədəbi̇yyat

5 İyun 2018, 11:27

İlahiyyatçı Elşad Mirinin ölkədən getmə hüququ məhdudlaşdırılıb. Bununla bağlı ilahiyyatçıya rəsmi məktub daxil olub.

 

Məsələ ilə əlaqəli Modern.az saytına açıqlama  verən Elşad Miri bildirib ki, ölkədən getmə hüququnun məhdudlaşdırılması vergilərlə əlaqəlidir:

 

“Rəhbərlik etdiyim Media Təqib Mərkəzi şirkəti  hər ay mütəmadi olaraq vergi borcunu ödəsə də, müəyyən miqdarda borcumuzun olduğu qeyd edilib. Vergilər Nazirliyi bank hesabımıza sərəncam qoyub və bu baxımdan bankdakı pulumuzu da istifadə edə bilmirik.  Borcla bağlı rəqəm çox olmalıdır ki, ölkədən çıxışa məhdudiyyət tətbiq edilə bilsin. Qarşı tərəf bildirir ki, əgər sizin qazancınız olmayıbsa, bu pulu hardan almısınız.  Lakin şirkətin qazancı olmasa, təsisçi - yəni mən ora əlavə  vəsait qoyuram ki, şirkətin digər işlərinin həyata keçirilməsində problem yaranmasın.  Mən bunu təzyiq növü kimi qəbul edirəm. Çünki bu, birinci dəfə deyil. Şirkətə aldığımız adi kağızlara belə əlavə dəyər vergisi ödəyib alırıq. Yəni vergi və ya başqa şeylə əlaqəli heç bir kənar hərəkət etməmişik. Ancaq bununla artıq iki dəfə Vergilər Nazirliyini məhkəməyə vermişik.

 

Bir dəfə məlum oldu ki, mənim yerimə qol çəkiblər. Ekspertiza təyin olundu və Vergilər Nazirliyini udduq. Lakin mən həmin adam haqqında cinayət işi açdırmadım. Bilirsiniz ki, rəsmi sənəddə saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı 3 ildən 7 ilə qədər həbs nəzərdə tutulur. Sadəcə olaraq məhkəməni qazandığımıza görə bir jest etdim. Bundan sonra yenə məhkəmə oldu və bu dəfə qismən udduq.   

Kitabımın qadağası ilə bağlı bir məhkəmədəyəm, vergilərlə bağlı ayrı. Mən gənc insan olaraq ömrümü məhkəmələrdəmi keçirməliyəm? Ölkədə sahibkar olaraq işimi düzgün qura bilməyəcəmmi? Və ya ilahiyyatçı olaraq ifadə azadlığından istifadə edib kitab yaza bilməyəcəmmi? “.

 

E.Miri hesab edir ki, bu məsələlərin kökündə duran  dini məsələlərə rəhbərlik edən şəxslərdir:

 

“Bu günə qədər  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini kitab qadağasına görə məhkəməyə verən olmayıb. Bircə Yehova şahidləri verib, onların da məhkəməsi deyəsən davam edir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə, təsəvvür edin, kitabı hələ Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə  verməmişdən əvvəl qurumun ekspertiza şöbəsinin müdürü bildirmişdi ki, onsuzda kitabına icazə verilməyəcək. Hətta  mənə deyilmişdi ki, kitabımın qadağasını istəyən Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ)  sədridir.

Halbuki  Azərbaycanda qadağan olunan kitabın Türkiyədə, Qırğızıstanda çap olunması hələ görülməyib”.

İlahiyyatçı qeyd edib ki,  Media Təqib Mərkəzinin müştərilərindən biri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi olub:

 

“Sadəcə olaraq biz məhkəməyə verən gün onlar müştəri olmaqdan imtina etdilər.  “Pulumuz yoxdur” deyərək maraqlı bəhanə gətirdilər.

 

Biz də təbii ki, anlayışla qarşıladıq.  Təəssüf ki, bu gün kitabla bağlı  sahədə ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi  ekspertiza  edə bilir. Ekspertizanı  BDU-nun ilahiyyat  fakültəsinə vermək istəyirlər. Amma hakimə müraciətimdə də bildirdim ki, BDU ilahiyyat fakültəsinin tələbələri də bu gün Dini Komitənin ekspertiza şöbəsində işləyənlərdir. Və ya oranın dekanı Vasim Məmmədəliyev  QMİ-nin sağ qoludur. Hər nə qədər o da vaxtilə müəllimim olsa da, çıxışlarımdan sonra onun da mənə qarşı əks yanaşmaları var. Bu gün elə bil, Vəlinin papağı Əlinin başındadır, Əlinki də Vəlinin... Digər tərəfdən  vəsatət qaldırdıq ki, məsələyə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin ilk  sədri Rafiq Əliyev rəy versin. Bu sahənin başındakı ən səlahiyyətli şəxs o olub.  Lakin proses qeyri-müəyyən vaxta qədər davam edir. Bu arada da işlərimə mane olmağa çalışırlar. Çünki faktiki olaraq mənim nəzərdə tutulan səfərlərim var”.

 

Qeyd edək ki, Dini Komitə Elşad Mirinin “İslamda yoxdur” kitabının yayımlanmasına qadağa qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır