Modern.az

Jurnalist-ilahiyyatçı deputatı məhkəməyə verir  

Jurnalist-ilahiyyatçı deputatı məhkəməyə verir  

6 İyun 2018, 13:34

Araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli deputat Fazil Mustafanı məhkəməyə verir. Modern.az-ın məlumatına görə, bu barədə R.Mirhəşimlinin özü bildirib.

Jurnalistin sözlərinə görə, o, Fazil Mustafanın dinlə bağlı fikirlərini tənqidi yöndə şərh edəndən sonra deputat tərəfindən təhqir olunub və böhtana məruz qalıb:

“Əgər Fazil Mustafa mənim dediklərim barədə münasibət bildirib, dediklərimin yanlış, yalan olduğunu bildirsəydi, haqlı olmadığını bildiyim halda, yaşca məndən böyük olduğu üçün susardım. Ancaq dövlətin ali qanunverici orqanının təmsilçisi mənim şəxsiyyətimi hədəfə aldı. Şəxsiyyətimin alçaldılmasına yönəlmiş sözləri sosial şəbəkə və mətbuatda yaydığı üçün məhkəməyə müraciət edəcəm. Bu məsələ hüquqi həllini tapmayana qədər geri çəkilmək fikrində də deyiləm. Həyatımı ləyaqətlə yaşadım, tərcümeyi-halımda da qaranlıq bircə səhifə belə yoxdur. Kiməsə ləyaqətimi alçalda biləcək hərəkətlərə səbəb olmağa ömür boyu imkan vermədim, bundan sonra da kiməsə bu fürsəti tanımaram”.

R.Mirhəşimli deyib ki, Fazil Mustafa təhqir və böhtan dolu statusu ilə bir şeydə çox yanıldı.

“Məni heç bir şeydə ittiham etmək mümkün deyil, hansısa millətə militan olmaqda ittiham etməkdə isə əsla...
1992-ci ildə AXC hakimiyyətə gələndə çoxları vəzifə və isti kabinetlərdə oturmağı vacib saysalar da, mən Azərbaycan Ordusunun zabit mundirini bütün vəzifə və imtiyazlardan üstün tutdum, torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda fəaliyyətimi bütün fəaliyyətlərdən önəmli saydım.

Vətən sevdalısı olmağı, Türk ruhuma bağlılığımı, dini inancımı bütün dəyərlərdən ucada bildim.

Dini baxışlarıma gəldikdə isə demək istəyirəm ki, özümü heç zaman hansısa məzhəbə bağlı şəkildə təqdim etmədim. “Allah sizi müsəlman olaraq tanıtmaq istəyir” ayəsinin hikmətinə sığındım. Ətrafımda, dostlarım arasında sələfi, hənəfi, şafii, cəfəri məzhəbindən insanlar hər zaman olub, indi də var. Bizi bir dəyər birləşdirib dini əqidəmizdə və düşüncəmizdə. Biz Allah Rəsulunun (s) olmadığı dinin təbliğatçısı deyilik”.

Jurnalist deyib ki, Fazil Mustafadan fərqli olaraq, o, düşünmür ki, Azərbaycanın dahi şairi Məhəmməd Füzuli “cəhalətin təbliğatçısıdır”.

“Hesab etmirəm ki, Kərbəla şəhidlərinə yas tutmaq gerilik, cəhalət göstəricisidir. Allah Rəsulunun (s) Əhli-Beytini sevmək Quranın müsəlmanlara tövsiyə etdiyi ehkamdır”.


R.Mirhəşimli vaxtilə F.Mustafanı müdafiə etdiyini də xatırladıb:

“Uzun müddət qərar verə bilmədiyim bir məsələyə də toxunmaq istəyirəm. Fazil Mustafa Türkiyədən Azərbaycana döndükdən sonra 1998-ci ildə həbs olunmuşdu. O zaman jurnalistlər arasında Fazil Mustafanın həbsdə olduğunu diqqətdə saxlayan bir mətbuat nümayəndəsi kimi bu məsələni 20 il ərzində bir dəfə də olsun özünə demədim. Düşündüm ki, bu milli-azadlıq hərəkatının iştirakçısı, eyni partiyada təmsil olunduğumuz bir siyasətçi qarşısında mənəvi borcum olub. Edilən yaxşılığı xatırlamaq onun savabını azaldır, bilirəm. Lakin bir məsələni vurğulamaq niyyətindəyəm bu gün. O zaman mənəvi borc bildiyim məsələ məni təhqir etdiyin andan sənin üzərindəki haqqıma döndü, Fazil Mustafa. Etdiyin təhqir və böhtanlara görə ya üzr istəyib, bunu sosial şəbəkədəki səhifəndə eyni qaydada yazıb, bu məsələni məhkəməyə getmədən həll edəcəksən, ya da Allahın ədalətinə sığınıb, bu haqqı sənə Qiyamət günü belə halal etməyəcəm”.


Jurnalist məsələylə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət edib:

“Bir jurnalistin söz haqqını təhqir və böhtanla alçaltmağa yönəlmiş davranışın sədri olduğu qurumda müzakirə olunmasını, bu məsələnin diqqətdə saxlanmasını xahiş edirəm.

Məni tanıyan bilir ki, 25 illik jurnalistlik fəaliyyətimdə kimsənin şəxsiyyətini hədəfə almadım. Bu mənim həyatda və yaradıcılıqda əsas kredomdur, ömrümün sonunadək də dəyişməz olaraq qalacaq.

Milli Məclisin deputatı da hər şeydən və hamıdan əvvəl anlamlıdır ki, vətəndaşın şəxsiyyəti təhqir və böhtanlar üçün hədəf ola bilməz. Millət vəkili və bütün insanlar bu ölkədə bütün münasibətlərin hüquq çərçivəsində həll olunduğunu və olunacağını anlamalıdırlar...

...Sonda bir məsələyə də münasibətimi açıqlayım. Məlum statusda məni dünya və Facebook dostluğundan çıxardığını deyən Fazil Mustafaya xatırladım: Mənim ömür boyu Fazil Mustafa ilə dünya dostluğum olmayıb!".

 
Xatırladaq ki, Fazil Mustafa sosial şəbəkədə R.Mirhəşimli haqda bunları yazıb:


"Daha bir ilahiyyatçı peyda olub bizim mövqeyimizi axar.az saytında təftiş etməyə başladı. Doğrusu illərdir xalq hərəkatından tanıdığım, davranışlarına hörmət bəslədiyim Rəsul Mirhəşimlinin bu qədər cahil, geri zəkalı olduğuna üzüldüm və anladım ki, sektant düşüncəsinə qapılmış bu kimi insanlar artıq cəhaləti, nadanlığı, geriçiliyi müdafiə edəcək qədər itirilmiş məxluqlardır. Adam bir mətni oxuyub anlamayıb ki, biz inanc barədə bir kəlmə də fikir bildirməmişik, sədəcə ko
nkret bir şəxsin timsalında söyləmişik ki, sakit tərzdə mikrafonu götürüb, istədiyin qədər inancını, yanlışını və ya doğrunu təbliğ et, sakitcə gedib ibadətini et, ancaq İslam adına teatr düzənləyib insanların mənəviyyatını pozacaq bağırtılara, davranışlara yol vermə. Bu həm də təbliğ etmək istədiyiniz inancı, dini hörmətdən salır. Əvəzində isə adam mənə zəncirin fəzilətindən bəhs etməyə çalışıb. Maraqlıdır ki, bu adam Sabiri, Mirzə Cəlil oxuya-oxuya hələ də zəncir sevgisini itirməyibsə, demək ki, özünü itirib, yox edib. Rəsul Mirhəşimli adlı cahili, nadanı, fars militanını həm virtual, həm də dünya dostluğumdan qovuram, çünki cəhaləti dəstəkləyən, ona pirim verən hər bir insan Azərbaycanımız üçün, onun gələcəyi üçün potensial təhlükədir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir